Qızlarla şəkil çəkdirməyə gələn yazarlar – Kitab Sərgisindən REPORTAJ

Qızlarla şəkil çəkdirməyə gələn yazarlar – <span style="color:red;">Kitab Sərgisindən REPORTAJ
28 sentyabr 2017
# 15:24

Payız qəfil gəldi və biz qızınmaq üçün kitabın istisinə yığışdıq. Bakıda Beynəlxalq Kitab sərgisi açıldı. Düz üç gün kitabların qonağı olacağıq.

Biz də, xaricdən gələnlər də!

Tədbir başlamazdan əvvəl marş sədaları ucaldı. Müxtəlif alətlərdən çıxan gur səsin arxasında həzin mahnılar gedirdi. Yavaş-yavaş içəri dolurdu.

Bu dəm Çingiz Əlioğlunun əli qoynunda təkbaşına kənarda dayandığını gördüm. Yaxınlaşdım, görüşdük, ordan-burdan danışdıq. Çingiz müəllim rəsmi qiyafədə deyildi.

- Siz çıxış etməyəcəksiniz?

- Yox, mən kuratoram. Nə ehtiyac var çıxışa? – dedi gülümsəyərək və gecə bağ evindəki işığın sönməsindən danışdı. Dediyinə görə, yaman dilxor olub. Mərdəkandan bura gəlib çıxmalıymış. Qaraj da elektriklə işləyir. Fikir onu götürübmüş ki, birdən tədbirə yetişə bilməz.

Tanış simaları görürəm. Rəşad Məcid, bizim böyük yazıçımız Cavid Zeynallı. Xalq yazıçısı Elçin Əfəndiyevi eynəyindən tanıdım. Sonra cənab nazir gözə dəydi.

Mikrofon tək-tənha dayanmışdı. Ona yaxın duran yox idi. Qıraqda boynunu bükmüşdü. Birdən rəqs çalındı. Bir az irəlidə balaca qızlar qol qaldırıb oynadılar.

Kimsə məni dürtmələdi.

- Necəsən? Oxuyuram yazılarını... – İltimas Səmimi idi və səmimi fikirlərini söyləyirdi.

- Çox sağ ol, qardaş.

Gülümsər çöhrəsi ilə uzaqlaşdı.

Nazir Əbülfəs Qarayev bu an tənha qalmış mikrofona yaxınlaşdı, qonaqları salamladı və çıxışına başladı.

Pəncərədən o tərəfdə külək atını çapırdı.

- Kitab bizim biliyimizin, mənəviyyatımızın mənbəyidir.

Alqışlar.

Elçin Əfəndiyev ikinci çıxışçı idi. Və o da Əbülfəs müəllimin fikirlərini dəstəklədiyini dedi, kitabın insan həyatındakı önəmindən danışdı.

Bundan sonra heç kim mikrofona yaxınlaşmadı və mikrofon küskün-küskün başını aşağı əydi.

Biz daha geniş məkana keçdik. Hər tərəfdə kitab stendləri. Dünyanın 40 ölkəsindən gələn nəşriyyatlar. Yad dildə özünü qərib hiss edən kitablara baxıb müdrik bir poza aldım və düşündüm ki, əslində bütün kitablar eyni dildə danışır. Onların bircə vətəni var: rəflər.

Gəzinə-gəzinə bir nəşriyyat diqqətimi çəkdi.

- “İdrak”?

- Bəli.

Öz-özümə düşündüm ki, nə ağır adı var.

- Bizdə ancaq dini kitablardır. – deyir satıcı.

Bir az qabaqda Tahir Əmiraslanovu gördüm. Onu bığlarından tanıdım. Güləndə bığları yana dartılır və üzündə xoşməramlı qırışlar əmələ gəlir.

- Xoş gördük. Deyəsən, bu stentdəki kitabların hamısı sizə məxsusdur.

- Mənim kitablarımdır.

- Azərbaycan kulinariyasını təkbaşına çiyinlərinizdə daşıyırsınız demək.

- Yox, qanadlarım da var. – deyir və qadınları bizə təqdim edir. – Bu kitabları bir yerdə yazmışıq. Qızlarım mənə kömək edib.

Kitabın adına baxıram: “Azərbaycan kulinariyasında dolmalar”

- Dolma sevdiyim yeməkdi.

Ağlımdan keçirirəm: “Dolma indi kitaba çevrilib”. Kafkanın “Çevrilməsi”. Burda nəsə intertekstuallıq var.

Bu yerdə şair Qisməti görəndə mistikadan ağzım açıq qalmazmı? Mənə əl eləyirdilər. Yaradıcılıq Fondunun stendini gördüm.

- Nə az kitab var... – sərgiyə gələnlərdən biri soruşdu.

- Hələ bir ildir də. Nə gözləyirdiniz? – Qismət gülə-gülə cavab verir və sonra əlavə eləyir: - Bizdə hər bölgədən kitab var.

Sonra zarafatla deyir: "Namiq Mənanın da kitabını çıxarmaq istəyirik. Bu haqda düşünürük".

Kitab stendində almalar gözümə dəyir. Kənarda, balaca bir stentdir. Bir hicablı xanım və orta yaşlı qadın var.

- Alma da verirsiniz?

- Hər kitab alana bir alma!

- Nə maraqlıdır.

Əlimə bir kitab götürürəm: Məlahət Həsənova. “Leykoz”.

- Mənim kitabımdı. – orta yaşlı xanım deyir. – Bu qızımdı.

Sonrası?

Sonrası kədərli bir hekayədir.

Nərmin adlı bir qızları varmış. Sağlığında 7-8 kitaba redaktorluq edibmiş. Onun vaxtsız vəfatından çox kədərlənən ailəsi qızın arzularını yerinə yetirmək üçün xatirəsinə “Nərmin yayın evi” açıblar.

Leykoz xəstəliyindən əziyyət çəkən Nərmin xanım 22 yaşında dünyadan köçüb. Qızın məzarının yanına kitab rəfi də qoyublar.

- Hər həftə onun Şirvan qəbiristanlığındakı məzarını ziyarət edirik və rəfə kitablar qoyuruq. Kitablar hər dəfə azalır, biz də yenisini qoyuruq.

Kədərli ovqatla növbəti stendə yaxınlaşırıq. Rasim Qaraca tək-tənha dayanıb. Bura “Alatoran” yayınlarıdır.

- Nə qədər kitab olar, Rasim bəy?

Başlayır saymağa:

- Bir, iki, üç, dörd... Təxminən 50-yə yaxın.

- Endirim var?

- 50 faiz endirim var.

Bu yerdə Dayandur Sevgin söhbətimizi dayandırdı, özü də dayandı. Rasim bəylə görüşüb hal-əhval tutdu.

- Məncə, siz burda çox dayanmayın – dedim Dayandur müəllimə.

Gülümsədi.

Bir xanım yanladı mənə.

- Sizdən kitab qazanmışdım, verməmişdiniz.

- Necə? Anlamadım.

- “Qarabağ”ın Çempionlar liqasına...

- Hə, bildim.

Çantamda bircə kitabım vardı və çıxarıb imzaladım. Xanım istədi tarixə düşsün. Bir şəkil də çəkdirdi.

Norveçdən gələn nəşriyyat da yaxınlıqdaymış. Sarışın, yaşlı bir qadın bu mənzərəni görüb gülümsədi.

- Knut Hamsun! – elə bildi, özümü təqdim edirəm.

- What?

- Sizin yazıçınız...

- Oo... – deyib gülümsədi və təkrar əlini uzatdı.

Xanım bizə norveç, ingilis və rus dillərində bir kitab göstərdi: Nizami Gəncəvinin aforizmləri...

- Norveçdə çıxıb?

Məlum oldu ki, Bakıda çap olunub, sadəcə norveçli xanımın da nəşriyyatda dəstəyi var. Öz adını göstərib gülümsədi.

- Nizamiyə maraq hardandır?

- Onun tədqiqatçısıyam.

- Nə gözəl! Uğurlar sizə!

Gözəl bir rus xanımı bir az irəlidə əyləşib. Tarkovskinin bir kadrıdır sanki. Stendin üzərində də: “Kinoizdatelstvo” yazılıb.

- Bu muzeydir. – deyir xanım və bizə təqvimlər göstərir.

“Halal” adlı stendin yanından keçəndə ayaq saxladım.

- “Halal”niyə?

- Poliqrafiyayıq biz.

- Heç nə onda.

“Qanun” nəşriyyatının qarşısında Sabir Rüstəmxanlı və Şahbaz Xuduoğlu ilə görüşürük. Bu yerdə qardaşım Oğuz Ayvaz da gəlir. Bütün qardaşlar bir yerdə.

- İkiniz bir yerdə yazırsınız reportajı? – Şahbaz bəy deyir.

- Sən hardan çıxdın? – qardaşıma baxıb gülümsəyirəm. – Qəfil rastlaşdıq. Yəqin məndən istedad əkişdirmək istəyir.

İndi qardaşımın yazısında bu dialoq necə gedəcək, bilmirəm. Hər halda onun reportajından xəbərim yoxdur.

Şahbaz bəyin dediyinə görə 25 min kitabla sərgiyə qatılıblar.

- Hələ ki ən çox kitab burdadır, deyəsən...

- Bizdə hər il bu qədər olur, ya da daha artıq. Bu arada... Sənin kitabının da imza gününü eləyək. Amma kitab bizdə yoxdu.

- Məndə 30 kitab qalıb.

- Elə ayın 30-u eləyək.

Və Şahbaz bəy kağıza qeyd eləyir.

- Səni Ramiz Rövşənlə bir günə salırıq. Oxucularla görüşə.

- Ramiz Rövşəndi, mənəm... Bizim böyük oxucu kütləmiz... – deyəndə Şahbaz bəyi gülmək tutur.

- Mənə elə gəlir, Ramiz Rövşənin oxucularını paylamaq lazımdı. Əsas hissəsini də sənin yanına göndərmək lazımdır.

Bayaqdan gəzirik və indi hiss edirəm ki, bir üzüyün içinə atılmış kimi eyni yerdə vurnuxuruq. Tez-tez də Qismət gözə dəyir. İntellektualların əlindən tərpənmək olmur.

“Kaspi” yazılan stendə gəlib dayanırıq. Gözəllər burdadır: Aysu Kərimova və Cahan Xanım.

Çingiz Əlioğlu gəlir. Dedim, tarixə düşün, qızlarla şəkil çəkdirin. Çəkdirdi. Qismət də elə. Qan Turalı da elə. Rəşad Məcidə deyəndə cavab verdi ki, qızların özü istəsə tarixə düşərəm.

Və bu gözəl xanımların yanında başımız söhbətə qarışdı...

# 976 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #