Bu yara dərindir! – Məşhur tarixçidən “26-lar” açıqlaması

Azərbaycan Yazıçılar Birliyi tərəfindən icarəyə verilmiş “26” adlı kafenin bağlanmasından sonra Sabunçu rayonunda “26 Bakı Komissarı” küçəsinin də adı dəyişdirilərək, “2 aprel” qoyulub.

 

Kulis.az məsələnin aktuallığını nəzərə alaraq tarixçi-alim Altay Göyüşovdan münasibət öyrənib.

 

Altay müəllim bu məsələdə ümumi bir qayda olmadığını və ölkədən-ölkəyə dəyişdiyini söyləyib:

 

- Məsələn, Fransada XVI əsrdəki dini toqquşmaların hər iki tərəfinə aid abidələr var. Yaxud inqilabdan sonra Parisin mərkəzindən götürülmüş kral heykəllərini qaytarıb qoyublar yerinə.

 

Tarixçi-alimin sözlərinə görə, Amerikada konfederasiya tərəfdarlarının heykəlləri götürülüb:

 

- Bu məsələ zamanla orada mübahisə mövzusu olub. Hətta konfederasiya məsələsində məğlub olmuş tərəfin bayraqlarını gəzdirənlər var idi. Dövlət bu heykəllərin götürülməsi istiqamətində çox ciddi hərəkətlər etdi. Bir sıra ştatlarda yığışdırırlar.

 

Analoji hadisələri yada salan Altay müəllim daha sonra əlavə edib:

 

- Hər bir xalqın öz tarixini qiymətləndirməsi unikal məsələdir. Burada ümumi qaydalar yoxdur. Demək olmaz ki, fransızlar kimi etmək lazımdır, ya amerikalılar kimi. Vaxtilə Stalinin heykəlini anadan olduğu Qori şəhərindən götürmüşdülər, indi bilmirəm qaytarıblar yoxsa yox. Yenə deyirəm, bu cəmiyyətin içində gedən prosesdir.

 

A.Göyüşov açıqlamasında tarixə qısa ekskurs edib:

 

- Sovet dövründə 26-ları bizə əsas qəhrəmanlar kimi təqdim edirdilər. Onlar milli qüvvələrə qarşı mübarizənin təcəssümü idi. Sovet hökuməti yıxılandan sonra faktlar üzə çıxdı ki, “26-lar” 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi qırğının əsas təəssübkeşidir. Və münasibət də tədricən dəyişməyə başladı. Bu, ölkənin içində gedən transformasiyaların nəticəsidir. Siz bilirsiniz ki, “26-lar”ın başçısı Stepan Şaumyanın yubileyi də keçirilirdi. Mən hesab edirəm ki, mövcud konflikt şəraitində bu yara dərindir. Bunun qiymətləndirilməsi bir müddət keçəndən sonra tariximizə necə yanaşmağımızdan asılı olacaq.

 

A.Göyüşov bu cür abidələrin hardasa toplanıb tarixdən iz kimi saxlanması variantına da münasibət bildirib:

 

- Belə bir təcrübə var; heykəlləri bədii-tarixi dəyərinə görə muzey kimi qoruyurlar. Bu da yanaşmadan asılıdır. Konkret tarixi şərait və məsələnin aktuallığı həmişə nəzərə alınmalıdır.

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017