Fuad Poladov kimdən üzr istəmişdi?

<b>Fuad Poladov kimdən üzr istəmişdi?</b>
25 sentyabr 2017
# 12:47

Sevda Sultanova

Xəbəri eşidən gündən vaxtaşırı beynimdə var-gəl edən sual rahatlıq vermir: mən sıradan bir yazar, bir vətəndaş kimi Fuad Poladov qarşısında borcumu necə ödəyə bilərəm?

İctimai-siyasi, sənət sferasında adamlar var ki, onlar qarşısında özümü borclu hiss edirəm. O adamların bir qismini şəxsən tanımasam da. Heç bəlkə mənim varlığımdan xəbərləri belə yoxdur. Amma onlar qarşısında duyduğum mənəvi borc hissi həmişə mənimlədir.

Nə gizlədim, yalan söyləməyin yeri yoxdur, Fuad bəyin oynadığı tamaşalara getməmişəm. Onun aktyor kimliyi ilə televiziya tamaşalarından və oynadığı filmlərdən tanışam. İndi yazsam ki, onun pərəstişkarı olmuşam, yalan söyləmiş olaram. Rahatlıqla yazıram bunu. Çünki əminəm ki, Fuad bəy də bunu rahatlıqla qəbul edər.

Amma Fuad Poladov mənim üçün həmişə sənət aləmində müstəsna şəxsiyyət olub. Çünki nadir adamlardandır ki, sənətin çirkaba bulaşdırıldığını, eqoların ön, peşəkarlığın önəmsiz plana keçdiyini görəndə GETMƏYİ bacarıb. Özü də mütəvazi, addımını qəhrəmanlığa çevirmədən, plakatlaşdırmadan. Vicdanlı davranışını heç kimə minnət kimi sırımadan. Axı, indi dəbdir, fürsət düşəndə vicdanlı davranışlarını da toplumun başına nə cürsə qaxınc edirlər.

1980-ci illərdə Azdramadan o cür getmişdi. Avtoritetinə, maddi imkanlarının gücünə arxalanan məşhur rejissorlardan biri tamaşa sonrası aktyorlara təhqiramiz münasibət bəsləyəndə, o aktyorlar bunu rahatca udanda, Fuad Poladov udmamışdı, əyilməmişdi. Və tərzinə, xarakterinə uyğun şəkildə GETMİŞDİ.

Azdramadan Hikmət Rəhimova edilən haqsızlığa görə də o cür GETMİŞDİ. Hikməti azdan-çoxdan tanıyıram. Və Fuad Poladovun Hikmətə görə getməyi normaldır. Çünki Hikmətin özü də əyilmədən getməyi bacarır.

Fürsət düşdükcə, bu hadisəni danışmağı sevirəm.

İsrafil İsrafilovun “Tofiq Kazımovun rejissor dərsləri” kitabında oxumuşam. Azdramada “Vassa Jeleznova” tamaşasının məşqləri gedir. Vassa rolunun ifaçısı Mərziyə Davudova məşqə gecikir və heç nə olmamış kimi davranır. Cavan, təcrübəsiz Tofiq Kazımov Mərziyə xanımı məşqdən azad edir və onun yerinə başqa aktrisanı təyin edir. Tofiq Kazımovun gözlənilməz addımından hamı heyrətlənir və teatrın aparıcı aktrisalarından birindən əks həmlə gözləyirlər. Amma aktrisanın cavabı daha heyrətamiz olur. Qos-qoca Mərziyə xanım növbəti məşqlərin birində otağa daxil olur, bütün aktyorların gözü qarşısında cavan rejissordan üzr istəyir. Birmənalı şəkildə peşəkar davranış...

Təxminən belə bir hadisə Fuad Poladovla baş verib. Məşq zamanı o, rejissora kömək məqsədilə gənc aktyora yüngülvarı məsləhətini verib. Rejissor onun bu məsləhətinə korrekt şəkildə narazılığını bildirir və o anda Fuad Poladov əfəndicə davranaraq üzrxahlıq eləyir. Bunu eşidəndə Fuad Poladov gözümdə daha da böyüdü.

Yuxarıda yazdığım kimi peşəkar davranışdır. Bizdə neyçünsə peşəkarlığı dar anlamda qavrayırlar. Yəni peşəkarlıq, işə perfeksionist münasibət deyil təkcə. Peşəkarlıq sözü müxtəlif komponentlərin sıx hörgüsünə dayanır: dünyagörüş, mürəkkəb münasibətlər sistemində - özünə, sənət yoldaşlarına, peşəyə vicdanlı davranmaq, səhvini görə bilmək, özünə tənqidi yanaşmaq... bu sözün bütöv anlamıyla şəxsiyyət ola bilmək.

Və Fuad Poladov bu mənada DƏYƏRDİR.

Susaraq, əfəndicə getməsi onun individual etiraz formasıdır. Və deyim ki, bu cür gediş ona çox yaraşır.

Bayaqkı suala qayıdıram: sıradan yazar, vətəndaş kimi Fuad Poladov qarşısında borcumu necə ödəyə bilərəm?

Bu yazıyla sevgili Fuad Poladova ən müsbət emosiyalarımı, sevgimi, ehtiramımı, dualarımı yollayıram.

# 1254 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #