Tanınmış tərcüməçinin qızı: “Atam siqaretin alovunda yandı”

Tanınmış tərcüməçinin qızı: <span style="color:red;">“Atam siqaretin alovunda yandı”
21 sentyabr 2017
# 09:00

Kulis.az “Atamın xatirəsi” layihəsindən tanınmış tərcüməçi Natiq Səfərovun qızı Günel Natiqlə müsahibəni təqdim edir.

- Əvvəlcə, ənənəvi bir sualla başlayaq. Bura gələndə atanız haqqında ilk yadınıza düşən nə oldu?

- Onun haqqında çox yazmışam. Ona görə indi xüsusi olaraq nəyisə xatırlamaq çətindir. Fədakarlığını xatırlayıram ilk növbədə. Hamıya, dostlarına, ailəsinə qarşı fədakarlığı. Özünü qurban verən adam idi. Dostları üçün iş düz-qoş edə bilərdi, amma özü üçün ağlına belə gəlməzdi.

- Natiq müəllim ailənin sonbeşiyi idi. Dörd qardaş olublar... Qardaşlar arasında seçilirdi yəqin ki.

- Çox fərqlər vardı aralarında. Atam dünyaya gələndə böyük qardaşının 20 yaşı tamam idi, “Naxçıvan” qəzetində işləyirdi. Jurnalist Əsgər Səfərov. İkinci qardaşı Abbas Səfərov Yaltada sanatoriyada işləyirdi. Hətta sanatoriyanın direktoru vəzifəsinə qədər yüksəlmişdi. O da düzgün adam olmağı ilə bağlı olmuşdu. Ümumiyyətlə, mənim ailəm düzgün adamlardan ibarətdir. Ədalətli yaşamaq, haqqın arxasınca getmək. Üçüncü qardaşı Sabir Səfərov məhkəmə eksperti idi. Sonra da atam dünyaya gəlmişdi. Onlar bir-birindən tamam fərqlənirdilər. Birinci qardaşı Əsgər Səfərov atam dünyaya gələndə utandığından çölə çıxa bilmirdi. Hörmətli jurnalistin balaca qardaşı dünyaya gəlmişdi, aralarında 20 yaş fərq vardı. Sonra Natiq ailənin əziz xələfinə çevrildi. Atam bu üzdən bir az ərköyün idi. Amma ərköyün olmağına baxmayaraq, çox zehinli uşaqdı. Ümumiyyətlə, qardaşların hamısı savadlıydı. Atam məktəbdə çox yaxşı oxuyurdu. Özü danışırdı ki, bir də gördün qapı açılır, iki qolu zorlu uşaq gəlib onu götürür, başqa sinfə aparırdılar. Bu cür oxuyan uşağı hərə bir yerə dartırdı, siniflər arasında dava vardı. Rus dilini də öz-özünə öyrəndi.

Image result for natiq Səfərov

- Atasını heç vaxt bağışlamadı. Anasından ayrıldığına görə...

- Babam işlədiyi yerdə o qadınla tanış olmuşdu, sevmişdi onu. Özünə söz veribmiş ki, onunla evlənəcək. Çünki o qadın ailə qurmamışdı. Babam da özünə baxan adam idi. Atam əyninə bir şey almağa qıymazdı, son tikəsini də bizə verərdi. Amma babam özünü sevən, bir az eqoist, ağayana, ağbəniz, deyilənə görə, göyçək kişi idi. Hər gün səhər tezdən qaçırdı, idman eləyirdi, bağçasında xüsusi güllər saxlayırdı, bir sözlə həyatdan zövq almağı bacarırdı. Yəqin ki, bu cür aktiv həyatında o qadını özünə yaraşdırırdı. Babam da həmin qadını seçdi. Ailəsini unutmadı, amma zaman keçdikcə bu ayrılıq dərinləşdi və demək olar, bütün əlaqələr kəsildi. Atam da onu heç vaxt bağışlamadı.

- Anasının, yəni sizin nənənizin yazdığı məktub da var: “Mən Natiqimə üzülürəm, axı o əsgərliyə üçcə manatla getdi...”

- Ata gedəndən sonra kasıbçılıq çəkdilər. Babam Naxçıvana vəzifəyə getdi, sonra Bakıya qaytarıldı. Həyatı Naxçıvanla Bakı arasında gedib gəlirdi. Atam da nənəmlə qalırdı. Vəziyyət o qədər yaxşı deyildi. Müharibədən sonrakı həyat idi. Babam əvvəlki kimi ailəyə diqqət, qayğı göstərmirdi. Maddi yardım da edə bilmirdi. Atam bu barədə danışmağı sevməzdi. Mən bunları məktublarda öyrənmişəm. Bir-birilərinə məktub yazmağı hədsiz sevərlərmiş. Bu məktublar onların ailəsinin tarixi idi. Atam o məktubları göz bəbəyi kimi qoruyurdu.

- Natiq müəllimin anası da savadlı qadın olub deyəsən...

- Bəli, ilk təhsil alan qadınlardan olub. O vaxt qızlar oxumurdu. Nənəmin atası Mirzə Məmmədqulu dövrünün ziyalısı idi, qızlar məktəbini açmışdı, xeyriyyəçi bir adamdı. Və mənim atam da anasının atasına, öz ulu babasına daha çox oxşayırdı.

- İlk dəfə Azərbaycan radiosunda işləməyə başlamışdı...

- Elədir. Əsgərlikdən qayıdandan sonra orda işə başlamışdı, texnik kimi. Sonra institutu bitirir, “Gənclik” redaksiyasında işləməyə başlayır. Redaksiyada az bir vaxtda özünü göstərmişdi. İndi də mənə deyirlər, Natiq orda professorlara elə suallar verirdi, elə müzakirələr açırdı ki, savadına, istedadına heyran qalırdılar. Atam çox qürurlu idi. Küsməyi də vardı. Neçə dəfə küsüb ərizəsini yazmışdı, işdən getmək istəyirdi, amma sədr ərizəsini cırıb atmışdı. Çox dəyər verirdilər ona, heç yerə getməyini istəmirdilər. Sonra Əkrəm Əylisli “Azərbaycan” jurnalına getdi, ətrafına da ən yaxşı mütəxəssisləri topladı. Natiq Səfərovu da tərcümə şöbəsinin müdiri kimi işə dəvət etmişdi.

- Gələcək xanımı ilə “Gənclik” redaksiyasında tanış olub deyəsən...

- Anam Zümrüd “Son xəbər”də işləyirdi. Atam institutun filologiya, anam isə jurnalistika fakültəsini bitirmişdi. Kurs işlərini yazmaqda atam anama kömək edirmiş. Anam deyir ki, gəlirdi yanıma, başımı sığallayırdı (gülür). Diqqət, qayğı göstərirmiş. Deyirdi, mən onu heç bəyənmirdim.

- Hətta deyib ki, mənimlə evlənməsən özümü tramvayın altına atacam...

- Hə, bəyənmirmiş atamı. Atam da ona çox aşiq olmuşdu. Anam isə çox ciddi, həddindən artıq mühafizəkar qadındı. İndinin özündə belə... O vaxt da çox ciddiydi və atamın bu ciddilik, özünü ağır aparmağı, oturuşu-duruşu xoşuna gəlirdi. Həm də xarici görünüşü. Xarici görünüşə çox önəm verirdi atam. Arxasınca düşürdü, anam da razı olmayanda başlayırdı onu hədələməyə ki, özümü atacam tramvayın altına. Sonra yavaş-yavaş buzlar əriməyə başlayır...

Image result for natiq Səfərov

- Neçə yaşı vardı evlənəndə?

- Evlənəndə atamın 27 yaşı vardı. Anam ondan 4 yaş balacaydı. Hətta atam yaşını az deyibmiş. Cavan görünmək üçün.

- İki qızı oldu...

- Bəli, mən, bir də böyük bacım Sevinc. Atam duyğusal biriydi. Danışırdı ki, mənə deyəndə qızın olub, özümü itirdim. Yolla gedirmiş, qarşısına bir adam çıxıb, soruşub ki, nə olub. Atam da “qızım olub” deyib ağlayıb. O vaxt “Sevinc” adında futbol komandası varmış. Atamın da gözünə sataşıb, elə adını da Sevinc qoyublar.

- Daha çox hansınızla ünsiyyət qururdu?

- Mənnən ünsiyyətdə olurdu. Bacımın xasiyyəti anamın xasiyyətinə oxşayırdı. Çox söhbətcil, deyib-gülən, pozitiv bir qız idi. Mən isə atam kimi öz hücrəmə qapılan adam. Çox bədbin uşaq idim. Və məni yalnız atam anlayırdı.

- Natiq müəllim necə biri idi? Qapalı?

- Əslində çox dostları vardı, ünsiyyətcil idi. Dəyişik xarakter vardı atamda. Ya çox açıq olurdu adamlara, ya da əksinə. Çox maraqlı həmsöhbət idi. Onunla bir dəfə söhbət edən yenə danışmaq istəyirdi. Pozitiv idi, pozitiv enerji verirdi insanlara. Sadə və mürəkkəb mövzulardan elə gözəl danışırdı ki, insanlar onu sevməyə bilmirdilər.

- Qısqanc deyildi ki?

- Qısqanc idi, çox qısqanc. Onların mübahisə etdiyini eşitmişdim. Qısqanclıq üstündə mübahisələri olurdu.

- Bəs qızlarına münasibəti? Qadağalar qoyurdu?

- Mənə qadağa qoymurdu. Çünki mən balaca idim, oğlan kimi böyümüşdüm, onun əziz xələfi idim, etibar etdiyi adam idim. Atamın ağlına belə gəlməzdi ki, mən nəsə pis bir hərəkət eləyərəm. Mən də onun etibarını doğruldurdum. Saat 6-dan sonra evə gəlməyim yadıma düşmür. Mən özəl həyat haqqında düşünmürdüm, ancaq oxuyurdum. Bəlkə də xarakterimi bildiyindən mənə qadağa qoymurdu. Bacıma da etibar eləyirdi. Ancaq bacım daha qəşəng idi, daha çox diqqət cəlb edirdi. Ona görə də bacım bir balaca bəzəkli geyinəndə acığı tuturdu. İstəyirdi ki, biz sadə geyinək. Deyirdi, siz ziyalı qızısınız, ziyalı qızı sadə olar. Bir dəfə bacım təzə kofta almışdı, üstündə ilan şəkli vardı. Bunun üstündə dava düşdü.

- Atanızla daha çox nədən söhbət edirdiniz?

- Daha çox idmandan danışırdıq. İdmanı çox gözəl bilirdi. Bütün idman növlərini. Kim neçənci ildə nə nəticə göstərib. İdmançılar haqqında dəftərlər tutmuşdu. İdmana, futbola marağı atam yaratmışdı məndə.

- Anasını çox istəyirdi. Öləndə içməyə başlamışdı...

- Anasını itirəndə 42 yaşı vardı. Ondan qabaq, 35 yaşlarında əsəb xəstəliyi baş qaldırır onda. Çünki çox həssas adamdı, ruh adamıydı. Dərman qəbul edir, xeyli vaxt işdən ayrı düşür. Özü hərdən zarafata salıb danışırdı bunu. Dostları yığışıb yanına gəlirlərmiş. Tanınmış ədəbiyyatçı Vidadi Məmmədovla atamın dostluğu vardı. O adam da çox məzəli biri idi. Deyirmiş ki, siz yenə o Xəstə Qasımın yanına gedirsiz (gülüşmə). Atam deyirdi, adımı Xəstə Qasım qoymuşdu. Gülərək xatırlayırdı bu xatirəni. Hə, əsəb xəstəliyindən əziyyət çəkirdi, çoxlu dərmanlar içirdi. Ona məsləhət görürlər ki, Moskvaya getsin. Yəhudi həkim psixoloq atamla söhbətləşir. O reseptə baxır və atama deyir ki, bütün dərmanları tulla. Bir neçə saat danışırlar, atam özünü yaxşı hiss edir, sağaldığını duyur və dərmanların hamısını tullayır. Və beləliklə, atam təzədən həyata qayıdır.

Image result for natiq Səfərov

- O vaxtlar heç içmirdi?

- Yox, heç dilinə də vurmurdu. 42 yaşında nənəm rəhmətə gedəndə ilk dəfə içki içir. Zaman keçdikcə səhhəti pisləşir, depressiyaya düşür, işdə problemlər yaranır. İlk dəfə dilinə içki vurandan sonra davamlı içməyə başlayır. Özü də içəndə yemək yemirdi. Bədəni də zəif idi, orqanizmi içkini qəbul edə bilmirdi. Anam həmişə ona bədənini möhkəmləndirmək üçün müalicə olunmağı məsləhət görərdi. O isə həkimlərdən qaçırdı. Həkimə getməyi xoşlamırdı. Pis xəbər eşitməkdən qorxurdu.

- Millətçi idi... Özünə ən qədim türk deyirdi...

- Hə, ən qədim türk. Onun üçün türk söhbəti sarı simə toxunmaq idi. Qeyri millətdən dostları da vardı. Amma hərdən qeyri millətdən olanlara deyirdi ki, sən niyə türk deyilsən (gülüşmə). Deyirdi, qədim türklərin ən son nümayəndəsiyəm. Məhz buna görə də tək qalmışam. Heç kim mənim xarakterimdə deyil deyirdi. Həm də qəribə tərzdə rəqs eləyirdi, əllərini irəli apararaq... Deyirdi, mən intuitiv hiss edirəm ki, qədim türklər məhz belə rəqs edərlərmiş. Çox qəribə fantaziyaları olurdu. Qeyri-adi adam idi. Tərcümə mərkəzində işləyəndə onu falçı, öncədən görən adam kimi tanıyırdılar. Özü isə gülürdü buna.

- Səfər Alışarlı bir dəfə dedi ki, Natiq Səfərov siqaret qutusunun üzərindəki yazıya da ədəbi məhsul kimi yanaşırdı. Markesi, Riçard Kiplinqi, Şukşini doğma dilimizə çox mükəmməl səviyyədə çevirib. Sizin gözünüzdə tərcüməçi Natiq Səfərov necə görünürdü?

- Ədəbiyyatla nəfəs alırdı o. İş olmayanda depressiyaya düşürdü. Onun içkiyə qurşanmağına səbəb də buydu. Onun üçün ədəbiyyatdan kənar həyat yox idi. İş olanda havalara uçurdu, qanadları çıxırdı. O zaman deyirdi ki, ədəbiyyat mənim üçün uçuşdu. Deyirdi, mən gözəl bir tərcümə, gözəl bir ifadə tapanda uçuram. Özünə “trudoqolik” deyirdi, ruslarda həddindən artıq işləyən adama deyirdilər. Demək olar, bütün günü işləyirdi. Gecədən səhərə, səhərdən gecəyə qədər. Cəmi üç saat yuxu yatırdı. Bu işdən zövq alırdı. Ədəbiyyat onun üçün hər şey idi.

- Siqaret də çox çəkirdi...

- Hə, çox çəkirdi. Çox.

- Siqaretin yaratdığı alovda da dünyadan köçdü...

- Hə, siqaret divana düşdü və yandı...

- Siz onda evdə yox idiniz?

- Biz Türkiyədə idik, bacımın yanına getmişdik. Bacım bura gələ bilmirdi və anam ondan nigaran idi. Biz deyəndə ki, gedəcəyik Türkiyəyə, atam sarsıldı. Hər şeydən narahat olan adam idi. Tək qalmaqdan da qorxurdu. Bizi yola saldı. İğdıra çatanda mən atama zəng elədim. Soruşdu ki, İzmirdəsiniz. Dedim, yox İğdırda. Danışığında içkili olduğunu hiss etdim. Getmədən əvvəl söz vermişdi, demişdi, hər şey yaxşı olacaq, içməyəcəm, təzə bir işə başlayacam. Kimləsə mübahisələri düşübmüş, qan qaraçılıq olubmuş. Bizdən də çox nigaran qalmışdı. Gecə evə gələndə dostu onunla qalmaq istəyib, razılaşmayıb, deyib sən gedə bilərsən. Təzə divan almışdıq onda. O da tez alışan material idi. Mən həmişə təəssüflənirəm ki, kaş köhnə divanımız qalsaydı, çünki o çox işlənmişdi, taxtası qalmışdı ancaq gec yanardı. Yuxuya gedib, siqaret də düşüb divana. Yandığını hiss eləməyib. Alışmağa başlayanda durub yuxudan. Özünü atıb vannaya. Sonra adamları çağırmağa başlayıb. Sonra adamlar təcili yardım çağırıblar. Təcili yardımdakılar onu köhnə çarpayıya uzadıblar. Elə biliblər ki, heç kimi yoxdu, kimsəsizdi. O da deyib ki, mənim yoldaşım var, qızım var. Sonra səhər oyanıb özünə gələndə ondan nömrə istəyiblər. O da Şahbaz Xuduoğlunun nömrəsini verib. Şahbaz bəy də əmim qızına zəng eləyib. Qohumlar tökülüşüb gəliblər. Əllərindən gələn köməyi ediblər. Ancaq... Çox dəhşətli faciə idi. İnsan həyatının ən dəhşətli faciəsi... Anam gecə-gündüz başının üstündəydi. Hərdən Ramiz Rövşənin “Qara paltarlı qadın” şeiri yadıma düşür anamın atamın başının üstündə “keşik çəkməyini” gözümün qabağına gətirəndə. Əli ilə ona yemək yedirtməyi... Çox dəhşətli idi. Sağalması üçün çoxlu dərmanlar lazım olurdu, bizim də o qədər pulumuz yox idi. Elə olurdu, aptekə gedəndə özümü saxlaya bilməyib ağlayırdım. Hər gün 1000 manata yaxın pul lazım olurdu. 200-300 manat qazanan adam bunu necə tapsın? Öz-özümə düşünürdüm ki, bunun axırı nə olacaq.

- Atanızın son anını necə xatırlayırsınız?

- Atam anama çox güvənirdi. Çox sevirdi onu. Hərdən deyirdi ki, mənim başqa qadınla yaşamağa halım yoxdu. Anamın gecə-gündüz yanında olması, yatağın başından ayrılmaması ona çox kömək olurdu, özünü çox güclü hiss edirdi. Sonuncu gün atam anamdan “qlazok” bişirməyini istədi. Biz buna çox sevindik. Məni bircə şey rahatladır, nə yaxşı ki, həmin anlarda mən atamın yanındaydım. 10 dəqiqə gec gəlsəm, görməyəcəkdim onu, narahat olacaqdım, özümü bağışlaya bilməyəcəkdim... “Qlazok” istəməyinə sevindik, dedik ki, artıq atamız özünə gəlməyə başlayır. Atam “qlazok”u yedi. Hər şey çox yaxşı görünürdü. Birdən pristupu tutdu. Anama dedi, Zümrüd, mən burdan çıxmayacam. Mən də şoka düşmüşdüm, oturub baxırdım eləcə. Sonra xalam gəldi. Həkimlərə dedi, nəsə eləyin, tez olun. İynə vurdular, nəsə elədilər. Ancaq artıq geriyə yol yox idi. Xəstəxananın həyətinə qaçdım. Həmin gün də nəsə partlayış olmuşdu, hər yerdə adamlar ağlayırdı. Belə bir dəhşətli gün idi. Mən də həyətdə çökmüşdüm, ağlayırdım, yanımda xalam oğlu var idi. O məni sakitləşdirirdi, deyirdi, yaxşı olacaq. Mən də deyirdim, yox, yox, o getdi, getdi, bir də gəlməyəcək. Çünki çox yaxın idim atama. Hər şeyi atamdan görüb götürmüşdüm. Bir də adam hər gün gördüyü, toxunduğu adamı itirəndə dəli olar axı.

# 3499 dəfə oxunub

Oxşar xəbərlər

“Sərhədsiz Puşkin”  adlı konsert keçiriləcək

“Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

13:30 19 aprel 2024
“Fotolarda canlanan tarix”  sərgisi başa çatdı

“Fotolarda canlanan tarix” sərgisi başa çatdı

13:00 19 aprel 2024
Kağıza çəkilmiş kvadrat  201 min dollara satıldı

Kağıza çəkilmiş kvadrat 201 min dollara satıldı

12:30 19 aprel 2024
İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

12:00 19 aprel 2024
Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

11:27 19 aprel 2024
Xoakin Feniksin perfomansı tənqid olundu

Xoakin Feniksin perfomansı tənqid olundu

11:01 19 aprel 2024
# # #