Çexovun dəli qəhrəmanları – Samirə Əşrəf yazır

 

Kulis.az Samirə Əşrəfin “6 nömrəli palata” - cəmiyyətin kiçildilmiş modeli...” yazısını təqdim edir.

 

Cəmiyyətdə dəlilərə, əqli qüsuru olan şəxslərə qarşı əzilmişlik sindromu daşıyan insanlar tərəfindən həmişə amansız münasibət olub. Bu sindromun daşıyıcıları nə zamansa təhqir olunan, alçaldılıb əzilən, xaraktercə zəif adamlar olurlar. Onlar ağıldankəm insanları ələ salmaqla özlərinə qarşı baş verən təhqirlərin əvəzini çıxaraq müəyyən dərəcədə rahatlıq və təskinlik tapırlar. Alçalmışlardan fərqli olaraq güclü insanlar heç vaxt xəstə, zavallı, köməksiz adamları lağ hədəfinə çevirmirlər. Zədəli fərdlərə qarşı rəhmli və anlayışlı olurlar.

 

Digər tərəfdən isə ruhi xəstələrin statusu ağıllarını itirən andan müəyyənləşdiyindən onlara olan münasibət də dərhal özünü büruzə verir. Ortaq düşüncə isə bundan ibarət olur. Ruhi xəstələr istər fiziki, istərsə də mənəvi cəhətdən heç nəyə yaramırlar. Onların küçədə, parkda, zibilxana ətrafında gəzmələrini ətrafa zərər vurmadıqda qəbul etmək olar. Əks təqdirdə ölənəcən çırpmaq lazım gəlir.

 

Dəlilik mövzusu dünya ədəbiyyatında ciddi şəkildə işlənmiş mövzulardandır. Fyodor Dostoyevskinin “İdiot”, Mixail Bulqakovun “Master və Marqarita”, Ken Kizinin “Ququ quşu yuvası üzərindən uçarkən” Haruki Murakami “Norveç meşəsi” romanları ruhi pozğunluq mövzusunda fərqli forma və üslublarda işlənmiş romanlardan hesab olunur.

 

Çexovun “6 nömrəli palata” hekayəsi bu mövzuda yazılmış ən güclü əsərlərdən biridir. İlk baxışda palata sözünün özü xəstəxana ilə təbii assosiasiya yaratdığından oxucu istənilən xəstəxana palatasında baş verə biləcək əhvalatı və ya hadisəni təsəvvüründə canlandırmağa başlayır. Bir müddət sonra isə hekayənin ağır dramatizmi oxucunu hadisələrin gedişatına daha möhkəm bağlayır. Palatanın ümumi atmosferi, xəstələrin keçmiş və sonrakı taleyi, onların davranışına qarşı yaranan rəftar qaydaları ətrafında suallar yaradır. Hekayə ilə tanış olan hər kəs həmin palatada olmadığı üçün özünü xoşbəxt hesab edir.

 

Çexovun hekayəsində kənar heç kimsə yoxdur. Yazıçı qəhrəmanlarının hamısını cəmiyyətin içərisindən seçib götürür. Bu səbəbdən də “6 nömrəli palata” cəmiyyətin kiçildilmiş modeli rolunu oynayır. Əslində isə “6 nömrəli palata”da olmadığı üçün özünü xoşbəxt hesab edən hər bir kəs hekayədə baş verən əhvalatları diqqətlə izlədikdə oradakı obrazların hərəkətlərində, davranışlarında, sevinc və kədərlərində, hətta dəliliklərində belə özlərindən nələrsə görə bilərlər.

 

Hekayəyə nəzər salanda görürük ki, əvvəldən axıra qədər yazılan bir söz, bir cümlə belə boş yerə istifadə olunmayıb. Həmin sözlər, cümlələr mütləq şəkildə ətrafın və obrazların hərtərəfli təsvirinə, hadisələrin inkişafına, insanların daxilində gedən ruhi proseslərin öyrənilməsinə, xarakterlərin açılmasına xidmət edir.

 

Ümumilikdə isə dəlilik mövzusu çox ağrılı, toxunulması çətin olan mövzulardan biri bəlkə də birincisidir.

 

Hekayə xəstəxananın həyətindəki figelin (balaca tikili) təsviri ilə başlayır. Məkanın izahındaca yazıçı hekayədə baş verəcək gələcək hadisələrin, oradakı insanların yaşayış tərzinin öyrənilməsinə, qavranılmasına xidmət edən nəqlə üstünlük verir:

 

“Xəstəxana həyətində ayıpəncəsi, gicitkən və çətənə kolluqları ilə bürünmüş kiçik bir fligel vardı. Fligelin dəmir damı paslanmışdı; su novçası yarıyadək sınıb tökülmüşdü, artırmasının pillələri çürümüş və qıraq-bucağında ot bitmişdi, evin suvağından təkcə iz qalmışdı. Fligelin qabaq tərəfi xəstəxanaya, dal tərəfi isə çölə baxırdı. Fligeli çöldən, üstünə çoxlu mıx çalınmış xəstəxana hasarı ayırırdı. Bu, ucları yuxarı sancılmış mıxlar, hasarın və fligelin özü, yalnız xəstəxana və həbsxana tikililərinə məxsus kədərli və çox pis bir görünüşdə idi.”

 

Xəstəxananın həyətindəki fligel baxımsız, lazımsız köhnəlmiş tikili kimi təsvir olunur. Fligeli çöldən ayıran hasarın üzərinə sancılmış mıxları vurğulamaqla yazıçı dəlixananı həbsxana ilə müqayisə etməyə tutarlı səbəb tapır. Üst-başı nimdaş, tör-töküntü, səliqəsiz olan bir dəli obrazını gözümüz önündə canlandırıb fligellə müqayisə etsək, görərik ki, yazıçı elə fligelin kənardan olan görüntüsünü qeyd etməklə həm də dəlilərin ümumiləşmiş obrazını verir.

 

Fligelin içərisindəki dəlilər yaşayan otaq haqqında bəhs edərkən Çexov otaqdan gələn qarışıq qoxunun yaratdığı təəssürata əsasən oranı otaq yox heyvanxana ilə müqayisə edir.

 

Çexov mətnlərində insan şəxsiyyətinə qarşı etik davranan yazıçılardandır. O, sözlə olsa belə insanın təhqir olunmasının, qiymətdən düşməsinin əleyhinədir. Cəmiyyətdə baş verən çirkinlikləri nə qədər qabartsa da, onları kiçik əhvalatlarla mətnə gətirib böyük mətləblərə toxunaraq insanın həmin toxunmalarda itib-batmasına, yox olmasına, alçalmasına razı olmur. Bu səbəbdən də “6 nömrəli palata” hekayəsinin elə başlanğıcında dəlini heyvana bənzətmək kimi imkan qazanan yazıçı bu yola getmir, insanı heyvanla eyniləşdirmək istəmir. Hətta həmin otaqda insanlara qarşı olan heyvani münasibəti də bildirməyə dili gəlmir. Bu fikrini o, otağın təsvirindəki qoxunun yaratdığı assosiasiyada vurğulayır. “Döşəmə bozarmış və köhnəlmişdir. Otaqdan turş kələm, əsgi yanığı, taxtabiti və ammonyak qoxusu gəlir, bu qoxu ilk dəqiqədə sizə elə təsir bağışlayır ki, elə bil heyvanxanaya girmisiniz.”

 

Çexov ixtisasca həkim idi. Onun yaşadığı dövrdə həkimlik ixtisasına yiyələnmək yüksək savad və zəhmət tələb edirdi. O, isə bədii zövqünü formalaşdırmaqla yanaşı elmlə də mütəmadi olaraq məşğul olurdu. Universiteti bitirdikdən sonra Çexov heç bir dövlət qulluğunda həkim kimi işə düzələ bilməsə də ömrünün son günlərinə qədər xəstələri evində qəbul edərək onları müalicə edir. Xüsusən kasıb, köməksiz kəndlilərə pulsuz müalicə yazırdı. Qardaşına yazdığı məktubların birindəki cümlələr diqqəti cəlb edir: “Bu yay yüzdən çox xəstə qəbul etdim. Qazancım isə cəmi bir manat olub.”

 

Bu sözləri yazarkən yazıçı özü də artıq vərəm xəstəsi idi. Davamlı olaraq qan qusurdu. Lakin, o, xəstəliyini ciddi-cəhdlə ailə üzvlərindən, xüsusən də anasından gizlədirdi. O, ehtiyat edirdi ki, anası onun xəstəliyini bilsə, göndərdiyi pulları qəbul etməz. Digər tərəfdən isə özünün ağır xəstəliyi və ailəsinin maddi ehtiyacları olmasına baxmayaraq Çexov qəbul etdiyi xəstələrdən heç bir halda pul, bəxşiş qəbul etmirdi. Dolanışığını yalnız yazdığı yazılara verilən çox cüzi qonorarla ötüşdürürdü.

 

Bu kimi bioqrafik məlumatlarla tanış olduqdan sonra məlum olur ki, yazıçını həkimlik ixtisasına gətirib çıxaran səbəblərdən biri də elə insana qarşı alicənab hisləri və sevgisi olub. Məhz buna görə də Çexovun yazdığı bütün mətnlərdə yazıçı ilə yanaşı həm də bir həkim qəlbinin döyüntüləri əks-səda verir. Çexov insan orqanizminin həkimi olmaqla yanaşı həm də insan qəlbinin, mənəviyyatının həkimi idi.

 

O, insanları təmənnasız şəkildə qəlbdən sevir, onların dərdinə yanır, yazıçı kimi isə insanlığın təəssübünü çəkirdi. 

 

“6 nömrəli palata” hekayəsindəki otağın təsvirində də yazıçı ləyaqətli düşüncə tərzinə, insana qarşı olan məhəbbətinə sadiq qalaraq qeyd edir ki, insan nə qədər əzilsə də, alçaldılsa da, hətta ruhi müvazinətini itirib ömürlük dəlilik həyatına məhkum olunsa da bütün hallarda o yenə insandır, onu heyvanla müqayisə etmək sarsıdıcıdır. Lakin, burada “heyvanxana” sözü də hədər yerə işlənmir. Bu həm də oxucunun diqqətini hekayədə baş verəcək gələcək əhvalatların mahiyyətinə doğru istiqamətləndirir. Əgər otaq heyvanxana ilə müqayisə olunursa, deməli oradakı xəstələrə yaxşı münasibətin olmasından söhbət gedə bilməz. Belə olan halda Çexov məhz palata məsələsini, xəstə, cəmiyyətdən təcrid olunmuş, azadlıqlarını itirib bir palataya məhkum olunmuş xəstələrə göstərilən qeyri-insani münasibətin səbəblərini araşdırır. Çexovdan sonra bu mövzunu Azərbaycan ədəbiyyatında ən aydın şəkildə işıqlandıran Cəlil Məmmədquluzadə olmuşdur. Ədibin 1926-cı ildə qələmə aldığı “Dəli yığıncağı” pyesi də o dövrdə baş verən qeyri-insani, əxlaqdan kənar hərəkətlərin ifşa olunmasına xidmət edib. Çexovdan fərqli olaraq Cəlil Məmmədquluzadənin qəhrəmanları qapalı məkanda deyillər, onlar azaddılar. Küçələrdə gəzirlər, adamların içərisindədilər. Lakin, bu gəzinmələr, adam içinə çıxmalar onlara baha başa gəlir. Molla Abbas, Pırpız Sona, Farmasyon Rüstəm, Sərsəm Heydər və başqa dəlilər xəstəliklərinə qədər tanıdıqları tanışları, qohum-qonşuları tərəfindən döyülüb, söyülürlər. Sağlam insanlar onlara qarşı həmişə hücum mövqeyində dayanırlar. “Dəli yığıncağı” pyesindəki ən ağrıdıcı məqam isə ondan ibarətdir ki, oradakı dəlilərə qarşı onların öz qohum-əqrəbaları da əks hətta düşmən mövqe tuturlar. Dəli olan kişilərin öz doğmaca qardaşları onların arvadları ilə siğə vasitəsi ilə nikaha girirlər.

 

Çexov isə sanki öz xəstələrini bu cür amansızlıqlardan az da olsa qorumaqdan ötrü onlar üçün qapalı məkan-palatını seçir və cəmiyyətə həmin palata vasitəsi ilə ayna tutur.

 

Növbəti abzasın sonunda isə Çexov otaqdakı xəstələri oxucuya təqdim edərkən heyvanxana sözünün inamla müqayisəsindən uzaqlaşaraq heç bir güzəşt etmədən yazır: “Bunlar dəli idilər”.

Çexov burada dəliliyin insana xas olduğunu bildiyindən onun üçün bu fikirdə hansısa qəbahət görmür. Həmin üç sözlə ifadə olunan cümləyə heç bir yumşaqlıq, bəzək-düzək qatmadan birbaşa oxucunun ixtiyarına vermək qərarına gəlir. O, həm də sanki xırda təsvirlərdən yorulur və qəflətən “bunlar dəli idilər” cümləsini mərmi kimi mətnin içərisinə ataraq insanı dəli olmasına, öz ruhunu zəifliyə, qorxuya, xəstəliyə təslim etdiyinə görə qınayaraq insanlığı, cəmiyyəti həmin cümlə ilə cəzalandırır.

 

Ümumiyyətlə Çexovun hekayələri ilə şöhrət qazanmasında ən böyük hünəri də hekayənin içərisindəki əhvalatı, ovqatı bir cümlə, hətta sözlə ifadə etməsidir.

 

“Otaqda döşəməyə vintlənmiş çarpayılar vardı. Bu çarpayılarda göy xəstəxana xalatı geymiş və başlarına qədim dəbli qalpaq qoymuş adamlar oturur və yatırdılar. Bunlar dəli idilər.”

 

Burada yazıçı otaqdakı çarpayıların yerə vintlənməsindən tutmuş əyinlərinə geydikləri xəstəxana paltarlarına, başlarına qoyduqları köhnə dəbli qalpağa qədər üçcə cümlə sərf etsə də, əslində hekayənin bütün sirrini açır. Çarpayıların döşəməyə vintlənməsi artıq otaqdakı insanların təhlükəli olması ilə yanaşı həm də onların azadlığının döşəməyə qədər ömürlük məhdudlaşmasını bizə göstərir.

 

Dəliliyi yaradan səbəblərin birincisi insanın azadlığa doğru can atması, sərbəst yaşamaq, heç kimdən asılı olmamaq istəyidir. Lakin, cəmiyyət həmin insanın azad olmasına imkan vermir, hər addımda onu məhv etməyə, zərərli böcək kimi əzib suyunu çıxarmağa hazırdır. Azadlıq aşiqi olan insanlar bir qayda olaraq ətrafda baş verənlər haqsızlıq və bu kimi hallarla barışa bilmədiklərindən dəliliyə düçar olurlar. Azadlıq ehtiyacı uğrunda başlanan mübarizə insanı dəliliyə, məhdudiyyətlərə doğru sürükləyir. Nəticə isə palata, məhrumiyyətlər, dəli paltarı, əl-qolun bağlanması, zəncirlənməsi, çarpayıların yerə vintlənməsi, yalnız bir palata uzunluğu qədər gəzişmələrdən ibarət olur. Məsələnin ən ağrılı və dəhşətli tərəfi ondan ibarətdir ki, bütün bunlar bir insanın ömrünün sonuna qədər davam edir.

 

Axı insanın çarpayısı niyə döşəməyə bərkidilsin? O, hansı günahın yiyəsidir ki, onu həm taleyi, həm də insanlar belə qəddar formada cəzalandırırlar? Bəs əyinlərindəki xəstəxana paltarları, başlarındakı köhnə dəbli qalpaq? Axı yazıçı hələ hekayənin başlanğıcında fligelin xəstəxanadan ayrı olduğunu vurğulamışdı. Elə isə xəstələrin əynindəki göy xəstəxana xalatı hardandır? Deməli məlum olur ki, əslində ruhi xəstələr fligeldə yox, elə xəstəxanada müalicə olunub, normal insani münasibət görməlidilər. Lakin, sən demə bu bədbəxtlər hətta xəstəxanadan da təcrid olunub uçuq-sökük, yararsız fligelə sıxışdırılıblar. Onlar üçün fiziki həyat davam etsə də, mənən sağlam ruhi psixoloji varlıq kimi heçə endiriblər. Həmin dəlilərin palatadakı həyat və yaşayışları oturmaqdan və yatmaqdan ibarətdir. Çexov bir insan həyatının lazımsızlığını, heçliyini, onun palatadakı oturmağa və yatmağa əbədi məhkum olunmasının amansızlığını məhz “oturur və yatırdılar” sözləri ilə oxucuya çatdırır. Həmin cümlənin sonuna yeyib, içib, gəzirdilər kimi sözlər də əlavə olunsaydı, palatanın atmosferi, oxucunun xəyalındakı təsvir tamamilə dəyişəcəkdi. Və bu dəyişiklik şübhəsiz ki, tamam başqa əhval yaradacaqdı.

 

Bu səbəbdən də Çexovun dahiliyi onun sözlərdən zərgər dəqiqliyi ilə istifadə etməsində, seçməsindədir.

 

Palatadan seçilib oxuculara təqdim olunan ilk xəstə iyirmi il əvvəl papaqçı dükanı yandığına görə havalanmış yəhudi Moyseykadır. Xəstələrdən bircə o, hər gün bayıra çıxır. Küçələrdə dilənir, gəzir, insanlarla ünsiyyətdə olur. Palataya qayıtdıqda isə gözətçi Nikita onun bütün pullarını əlindən alır. İlk baxışda Moyseka palata yoldaşlarına qarşı çox diqqətli və qayğıkeşdir. Lakin, bu qayğıkeşlik insani xüsusiyyətlərdən irəli gəlmir. O, nəcib keyfiyyətləri özündə əks etdirən palata yoldaşı Qramovu təqlid edir. Fikir versək görərik ki, Moyseka dünya malına hərisliyi ucbatından ağlını itirib. Onun papaqçı dükanı yanıb. Məhz bu yanğın Moysekanın dəli olmasına kifayət edib. Bundan sonrakı illərdə onun xasiyyətində müsbət heç nə baş verməyib. Yazıçı onu təkcə palata yoldaşını təqlid edən biri kimi təqdim edir. Onun dəli olma səbəbi kifayət edir ki, yazıçı bu obrazın üzərində o qədər get-gəl edib özünü zəhmətə salmasın. Moyseka kimi adamlar dəli olmasalar belə mənalı və əhatəli ömür sürmə ehtimalından uzaqdılar. Moyseka da maddiyyat ucbatından baş verə biləcək istənilən uğursuz hadisədə ağlını itirəcək milyonlarla insandan biridir.

 

İvan Dmitriçin timsalında isə Çexov bir insanın yuxarı pillədən tədricən aşağılara, dəlixanaya qədər yuvarlanmasını, pillə-pillə enməsini göstərərək həm də onu vurğulamaq istəyir ki, dəlilik elə psixoloji haldır ki, hətta yüksək cəmiyyət insanın da başına gələ bilər.

 

Doğrudur, burada həyat şərtlərinin, İvanın başına gələn ailə faciələrinin, valideynlərini qardaş itirməsinin də rolu çoxdur. İvan otuz üç yaşında artıq kimsəsiz və hər şeyini itirmiş adam olur. Müəllifin də İvan Dmitriçin xarakterində vurğuladığı incə  xüsusiyyətlər, onun vasvasılığı, cəmiyyətdəki qanunsuzluqlarla barışa bilməməsi faktı İvanın çox həssas adam olmasını aşkar edir. Lakin, xarakterdəki bu zəifliklər birbaşa həm də onun ruhuna sirayət edir. İvan ruhən də incə və həssas insan olduğu üçün ailəsində baş verənlər, rastlaşdığı həyat çətinlikləri ilə bacarmır. Fiziki cəhətdən su və çörəklə dolanmağı bacarsa da, ruhən bunun öhdəsindən gələ bilmir. Tükənib zəifləməyə başlayır. İnsanlardan qaçaraq tənhalaşır və təqibetmə qorxusuna tutularaq dəlixanaya düşür.

 

Mətndə Çexov qəhrəmanın tənhalıq axtararaq adamlardan qaçmasını nahaq yerə vurğulamır. Yazıçı bununla tənhalığın insan üçün gərəkli olduğu qədər insanlarla ünsiyyətdə olmağın da vacibliyinə işarə edir. Diqqətlə nəzər yetirəndə görürük ki, İvanın düşüncələrində özünə yer edən vəsvəsə, qorxaqlıq, hədsiz həssaslıq nevroz xəstəliyinin əlamətidir və bu zaman-zaman bir çoxumuzun başından gəlib keçmiş məsələdir. Həmin gəlib keçmişlik bizi dəlixanaya qədər ona görə aparıb çıxarmamasının bir səbəbi də insanlarla ünsiyyətimiz olub. Həmin ünsiyyət bizə ac yalavac hüceyrələrimizi doyuzdurmağa imkan yaradıb. Düzdür bu bir az da özünü aldatma prinsipinə xidmət edir. Ancaq ömür həm də özünü aldatmaqdan ibarət deyilmi?

 

Başqa tərəfdən isə insanlar dərdi bölüşə biləcək həmdərd tapa bilmədiklərindən dəli olurlar.

 

Çexovun ən kədərli hekayələrindən biri olan “Qüssə” hekayəsində oğlunu itirən faytonçu İonna öz dərdini heç kimə deyə bilmir. Çünki heç kim onu dinləmək istəmir. İnsanlardan mərhəmət və diqqət görməyən ata sonunda oğlunun ölümünü öz atına nəql edib ağlayır.

 

Bununla da Çexov bəyan edir ki, insanlar həm də ünsiyyətsizlikdən, dərdi bölüşə bilməməkdən dəli olurlar. Şüuraltında qalmış zədələr isə sindromlaşır və heç nə itib getmir.

 

Bu səbəbdəndir ki, Çexov öz əsəri ilə insanları bir-biri ilə ünsiyyətə, sosiallaşmağa səsləyir. İvan öz qarabasmaları, qorxuları barədə bir kimləsə bölüşsəydi, ətrafında özünə yaxın insanları doğmaları olsaydı bəlkə də dəlixanaya düşməz, ruhi müvazinətini itirməzdi.

 

(ardı var)

 

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017