Bəy gəlini və qayınatasını döydü - Toy operatorunun HƏYAT HEKAYƏTİ

<span style="color:red;">Bəy gəlini və qayınatasını döydü  - <b>Toy operatorunun HƏYAT HEKAYƏTİ</b>
19 sentyabr 2017
# 13:20

Kulis.az “Həyat içindən” layihəsində Ayxan Ayvazın "Toy operatoru" yazısını təqdim edir.

O da elə atası kimi bəstəboydur. Qəşəng gülümsəməyi var, təbəssümü üzündə dalğa-dalğa yayılır. Elə bil suya daş atırsan, üzərində halqalar yaranır.

Atasını soruşursunuz? Hə, atası aktyordur. Bəlkə də görmüsünüz onu. Yaddaşınızı ələk-vələk eləsəniz, bəlkə də bəstəboy, gülərüz simalı bığlı kişini projektor işığına çıxara bilərsiniz. Tanıdınız? Natiq Fərzəliyevdən söhbət gedir. Komik aktyor Natiqdən.

Onun oğlunu şadlıq saraylarının birində gördüm. Elə bildim, bir almanı yarı bölüblər. Bircə Natiq müəllimin özünəməxsus bığı oğlunda yox idi.

Gülümsəyən, sakit bir oğlan durub qarşımda. Danışmağa da çəkinir.

- Sən Natiq müəllimin oğlusan?

- Bəli. – deyir, sanki məktəbə gələn yoxlamaya verilən cavab kimi...

- Niyə bu qədər utancaqsan? Axı aktyorun oğlu belə olmaz. – qəsdən onu danışdırmağa çalışıram.

- Nə bilim... – çiyinlərini atır gülümsəyərək...

- Adın nədir?

- Kənan...

- Yaşın çox az olar...

- Hə, 1995-ci ildənəm...

2012-ci ildə atası əlindən tutub gətirib peşə məktəbinə. Kənan zəif oxuyurmuş, 9-cu sinifdən çıxarıb peşə məktəbinə girib ki, bir peşəsi olsun.

- Məcburi gətirdi atam məni. Operator olmaq istəmirdim.

Ağa deyir sür dərəyə, sür dərəyə... Peşə məktəbini bitirəndən sonra praktika başlayıb. “Qaynana” serialında praktika keçib. Düz 4 ay kameranı çiynində daşıyıb...

Sonra yol onu şadlıq saraylarına gətirib...

- Aktyor olmaq istəyirdin?

- Hə, istəyirdim. – deyir gülümsər çöhrəsiylə... – Marağım var idi...

- Bəs niyə getmədin arxasınca?

- Atam razılaşmadı. Dedi, aktyorluq pul gətirən sənət deyil. Özü 220 manat filan alır. Çətin yaşayışa görə operator olmağımı istədi. Aktyorluqdan bir şey çıxmazmış...

- Nə vaxtdan marağın var idi?

- Bu maraq atama görə yaranmışdı məndə. Atam tanınırdı, istəyirdim mən də tanınım. Sonra elə oldu ki, alınmadı. Bu sənət aclıqdı, pul gətirən deyil. Axırı razılaşdım operator olmağa.

- Atanı aktyor kimi bəyənirsən bəs?

- Əlbəttə. Tamaşalarına getmişəm. İndi işnən bağlı gedə bilmirəm, düzü. Ancaq getmişəm əvvəldən.

- Seriallarda görünmür atan...

- Hə... Çağırmırlar... Çağıranda da özü getmir, qonorarı azdı deyə...

“Kabelşik” kimi başlayıb işləməyə. Elə indi də “kabelşik”di, arada bir kameranı götürüb çəkməyi də olur. Çiyni balacadı deyə kamera onu əzir, sanki dünyanın yükünü daşıyırmış kimi hiss edir özünü. Toyların birində çiyini kameranın ağırlığına dözməyib...

- Çökdüm yerə... – gülür. – Dözə bilmədim. Hamı da mənə qəribə-qəribə baxırdı.

Utancaqlığı ucbatından “çayavoy” almağı bacara bilmir. Bu günə qədər toylarda olub, amma yadına düşmür ki, kimsə cibinə pul basıb.

- Yaxşı baxmıram elə şeyə. Halal haqqım deyil. Heç vaxt kiməsə yaxınlaşıb “çayavoy” istəməmişəm. Verən verər, verməyən də özü bilər. Mən yaxınlaşıb pul istəməkdən xoşum gəlmir. Bircə dəfə “kabelşik” işləyəndə operator mənə dedi ki, nə alsam, 20 faizi sənindi. O da birindən 10 manat aldı, 2 manat mənə verdi, sonra da heç nə vermədi.

Üzündə dalğalar əmələ gəlir, dişlərini ağardır. İndi onun beynində bir-birini qovalayan toylar yanıb-sönür.

- Bir toyda operatorluq eləyirdim. Kişinin biri girdi ortaya, başladı oynamağa. Elə də qəribə oynayırdı ki, bütün toy əhli ona baxıb gülürdü. Çox içmişdi. Az qala yıxılacaqdı. Mənə də deyir, çək məni, çək, klipə çək məni. Gülməkdən düz-əməlli çəkə də bilmirdim. Kişi axırda ağzı üstə yerə yıxıldı. Gəlib qaldırdılar.

Gülüşmə...

- Kənan, bu cür komik videolar olur Youtube kanalında. Toyda çəkilən... Onlar necə sızır Youtube-a?

- Ya operator özü üçün çəkib saxlayır, sonra qoyur Youtube-a. Ya da ki, qohumlardan kimsə götürüb çəkir, yayır internetə. Maraq üçündü.

- Heç sən çəkib yaymısan internetə?

- Yox... Mən elə şey eləmərəm.

- Çox utancaqsan. Yəqin toyda xoşuna gələn qıza da nömrə verməzsən. Bəzən operatorlar eləyir axı.

- Olmayıb məndə heç... Marağımda deyil.

- Yəqin çox gəncsən ondandı. Operatorlarda olur axı, bir də görürsən ki, xoşuna gəldiyi qızı çəkir elə, toyun yarısı o qız çəkilir.

- Hə, elələri var. Amma məndə olmayıb. Kim deyir ki, məni çək, mən də onu çəkirəm.

Toyların birində yenə əlində kamera gəzinirmiş. Artıq toyun sonlarıymış. Yavaş-yavaş camaat pul yazdırıb gedirmiş. Bu vaxt meydana iki qoca çıxır, biri qadın, biri kişi, başlayırlar “medlenni” rəqs etməyə.

- O qədər komik görünürdü ki...

- Maraqlı kadr tapıb kef eləyirdin ha...

- Hə... Camaat yavaş-yavaş gedir, mən də bunları çəkirəm. Düz-əməlli oynaya bilmirdilər. Gəlib gedənlər bunlara baxıb gülürdülər. Onların heç vecinə deyildi. Elə hey oynayırdılar. Birdən qadın qəfildən qocaya şillə vurdu. Aləm dəydi bir-birinə.

- Vay-vay...

- Çox davalar görmüşəm e... Hələ o gün biri var idi. Toyun axırına yaxın bəy-gəlin mübahisə edirlər, mən də çəkirəm. O qədər başları qarışıb ki, heç məni görmürlər. Ağızlarına gələni bir-birinə dedilər. Gəlin yekə bir qadın idi, bəy də arığın biri. – gülür. – Heç yaraşmırdılar bir-birilərinə.

- Aha. Nə oldu sonra?

- Heç nə... - əlini ağzına aparıb qaqqıldayır. – Bir də gördüm bəy birini çəkdi gəlinə, o boyda gəlin tir-tap yerə sərildi. Gəlinin atası gəlib bunun yaxasından yapışdı. Bəy də dedi ki, arvadımdı, özüm bilərəm, istəyərəm, döyərəm, istəyərəm, söyərəm. Birini də ilişdirdi ataya...

- Denən, toy vaya dönüb ki...

- Hə, dəhşət toy idi... Nə gün idi e...

- Heç toyda işləyəcəyin ağlına gələrdi?

- Yox, əslində... Mən peşə məktəbində oxuyanda düşünürdüm ki, televizorda işləyərəm. Bizi praktikaya aparanda da televizora çəkilişə aparırdılar. Sonra kamera ala bilmədim, baha idi kamera. Şadlıq evlərinə yol göründü. Təzə-təzə çəkəndə xoşuma gəlmirdi, sonra yavaş-yavaş öyrəndim. İndi xoşuma gəlir şadlıq evində işləmək...

- Ən çox nə çətinliyin olur?

- Kabelləri qoluma dolayanda çətinlik çəkirəm. Ağır olur... – üzündə yenə həmişəki dalğalar...

Toy səsi gəlir, bəylə gəlinin gəlməyinə az qalıb. Kənan ora-bura vurnuxur. Amma təbəssümünü əldən buraxmır...

# 2390 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
# # #