Asim Mollazadə: “Leninin əsərləri plagiatdır”İŞDƏN KƏNAR

<b>Asim Mollazadə: “Leninin əsərləri plagiatdır”</b> – <span style="color:red;">İŞDƏN KƏNAR
19 sentyabr 2017
# 09:00

Kulis.az “İşdən kənar” layihəsində Demokratik İslahatlar Partiyasının rəhbəri, millət vəkili Asim Mollazadə ilə müsahibəni təqdim edir.

- Asim müəllim, demək olar ki, yay tətili bitib, yeni iş dövrü başlamaq üzrədir. Gərgin iş rejimi olan adamlar isə adətən yazı-pozu, mütaliə ilə yay tətilində məşğul olmağa imkan tapırlar. Sizdə necədi, bu yay mütaliə baxımından səmərəli keçdimi?

- Sizə deyim ki, mənim üçün mövsümün fərqi yoxdu. Çalışıram hər gün oxuyum. Hal-hazırda özümü xoşbəxt hesab edirəm. Çünki yeni texnologiyalardan yararlanmağı bacarıram. İndi elə imkan yaranıb ki, dünyanın istənilən elektron ədəbiyyatını əldə etmək asandı. Cavanlıqda Sovet İttifaqında dərc olunan ədəbiyyatdan başqa kitab əldə etmək çox çətin idi. İndi dünya dəyişib. Son illərdə əslində ədəbiyyatın insanlara çatmağında da formal olaraq böyük dəyişikliklər olub. Söhbət multi-media kitablarından, kitabların yeni formatda təqdimatından gedir. Bu özü-özlüyündə çox müsbət məqamdır. Bununla yanaşı həyat da çətinləşib. İnformasiyanın kəmiyyəti və axını çoxalıb. Bir neçə saniyədə dünyanın istənilən yerində baş verən hadisə barəsində məlumat ala bilər, səbəbini öyrənə bilərik. Demək olar ki, bu texnoloji informasiya inqilabı da özü-özlüyündə dünyanı çox dəyişdirib və müəyyən mənada artıq kitab da ənənəvi formada deyil, daha çox elektron formada qəbul olunmağa başlayıb. Bu ilk növbədə gənc nəslə aiddir. Gənc nəsil öyrəşib ki, kitab da fərqli formatda təqdim olunsun. Artıq dünyanın çox ciddi kitab şəbəkələri ciddi problemlər yaşayır, bir neçəsi iflasa uğrayıb.

- Elektron kitabla rəqabətə davam gətirə bilmir?

- Bəli, rəqabətə davam gətirə bilmirlər. Çünki insanlar artıq kitabı kağız formatında deyil, məhz yeni formatda oxumağa çalışırlar.

- Siz də bu formatdan istifadə edirsiz.

- Mən də bu formatdan istifadə edirəm. Ənənəvi kitabxanamla yanaşı artıq çox nəhəng elektron kitabxanam var. Bu dediyim dəyişikliklər təkcə kitab sahəsində baş vermir, qəzetlər də artıq elektron formada çıxır. Bundan başqa müasir dövrdə bu texnologiyalar ilə yanaşı vaxt qıtlığı da artıb. Bəzən elektron kitabları belə vərəqləməyə vaxt olmur. Ancaq bizim söhbətimiz ədəbiyyat barədədirsə təəssüflə qeyd etməliyəm ki, ədəbiyyatın da çox ciddi hissəsi kommersiyalaşmağa məruz qalıb. Kitablar, yeni nəşrlər özü-özlüyündə yüngül pop formatında çıxır və bu mənə elə gəlir onunla bağlıdır ki, yaradıcılıq da artıq kommersiya tərəfindən daha çox idarə olunur və daha çox kommersiya tərəfindən uğur qazana biləcək əsərlərə üstünlük verilir. Bu da ciddi ədəbiyyat üçün problem yaradır.

- Asim müəllim, son oxuduğunuz bədii əsər hansıdır?

- Mən daimi oxuyuram. Demək olar ki, yaşayan bütün böyük yazıçıların əsərlərini oxumuşam. Çox vaxt ingilis və rus dillərində oxuduğuma görə bu kitabları əldə etmək mənə çətin deyil.

- Ad çəkmək istəmirsiz?

- Demək olar ki, hamısını, kimi ki, siz tanıyırsınız, hamısını oxumuşam.

- Birini deyim, Orxan Pamuk.

- Təbii, bütün əsərlərini oxumuşam. Orxan Pamukun yaradıcılığına müsbət yanaşıram, maraqlı yazıçıdır.

- Pamuka sizin yazıçınız demək olarmı?

- Xeyr. Nevrologiyada bir sindrom var, dejavü adlanır. Pamukun əsərləri də mənə dejavü kimi gəlir. Elə bilirəm onun yazdıqlarını hardasa görmüşəm, o hissləri yaşamışam. Bununla yanaşı kifayət qədər istedadlı və maraqlı yazıçıdır. Onun bir çox əsərlərində bəhs etdiyi keçmiş İstanbul mənim üçün maraqlıdır.

- Bir Şərq insanı kimi sizin üçün yeni deyil?

- Mən özümü təkcə Şərq insanı hesab etmirəm. Ona görə məndə bu istiqamətdə konflikt yoxdur. Azərbaycanın mədəniyyətini, ənənələrini sadəcə Şərq mədəniyyəti, Şərq ənənəsi kimi qəbul etmirəm. Azərbaycan mədəniyyəti, ədəbiyyatı böyük dünya ədəbiyyatı üzərində qurulub və onun böyük bir parçası olub. Azərbaycan fikrinin yaranmağında Rusiya yazarlarının, Avropa yazarlarının təsiri olub. Ona görə Azərbaycan da böyük bir dünyanın hissəsidir, Azərbaycanı sadəcə Şərqlə bağlamaq olmaz. Azərbaycanın Şərqlə yeganə bağlantısı ondan ibarətdir ki, Azərbaycan hər zaman Şərqin lideri olub. Azərbaycan ilk dünyəvi dövləti ona görə qura bilib ki, hər zaman öz mənəvi dəyərləri ilə yanaşı dünyanın bəşəri dəyərlərini əks etdirə bilib. Azərbaycanın inkişafı əslində Azərbaycan dahilərinin zamanında Avropanın, Rusiyanın ən böyük universitetlərində təhsil almaları sayəsində olub. Azərbaycanın İslam dünyasında birinci dünyəvi fikri ortaya qoyması məncə gələcəkdə Atatürkün Türkiyə Cümhuriyyətini qurmasında da böyük rol oynamışdı. Azərbaycan tarixən Şərqin lideri olub. Səbəb? Bu, biliklə bağlı olub. Mən fəxr edirəm ki, İslam və Şərq dünyasının birinci qızlar məktəbi Azərbaycanda açılıb. Şərqin birinci kinematoqraf aktrisası azərbaycanlı olub, birinci balet, birinci opera müğənnisi azərbaycanlı xanım olub. Bu özü-özlüyündə Azərbaycanı tək Şərqin deyil, bütünü dünya ədəbiyyatının tərkib hissəsi olduğunu göstərir.

- Asim müəllim, ilk qızlar məktəbinin adını çəkməklə ötən əsrin əvvəllərinə qayıtdıq. Yeri gəlmişkən elə o illərdən bəhs edən “Əli və Nino” bu suallar başlayır ki, Azərbaycan Şərq ölkəsidir, yoxsa Qərb ölkəsi. Sizin cavablarınızdan belə çıxır, Azərbaycan Qərb ölkəsidir.

- Xeyr. Azərbaycan dünya ölkəsidir. Azərbaycanın dünyada yeri və rolu çox maraqlıdır. Azərbaycan bəşəriyyətin mədəniyyət palitrasına öz rənglərini gətirən ölkədir. Azərbaycan dünya mədəniyyət ilə öz mədəniyyətinin sintezini yaradaraq yeni nümunələr həyata gətirə bilib. Üzeyir bəy dünya simfonik sisteminə Azərbaycan muğamını gətirə bilib, Vaqif Mustafazadə dünya caz xəzinəsinə muğam cazını bəxş edib. Bu özü bizim mədəniyyətimizlə dünya mədəniyyətinin sintezidir və yeni bir məhsulun ortaya çıxması deməkdir. Bu gün Azərbaycanın gənc yazıçılarının da, təcrübəli yazıçılarının da əsərlərini oxuyanda görürsən ki, dünya ədəbiyyatından nə qədər təsirləniblər. Lap Azərbaycanın klassik mədəniyyətini də nümunə gətirmək olar. Mən çox fəxr edirəm ki, Cəlil Məmmədquluzadənin əsərləri urdu dilinə tərcümə olundu və qısa müddətdə Pakistanda bestsellerə çevrildi. XX əsrin əvvəllərində yaradılan bu əsər Pakistan üçün müasir kimi qəbul olundu. İslamabad universitetində olanda şahidi oldum ki, oranın tələbə və müəllim heyəti Cəlil Məmmədquluzadənin əsərlərini çox yüksək dərəcədə qiymətləndirirlər. Mənə elə gəlir ki, bu gün dünyada gedən proseslər Mirzə Ələkbər Sabir aktuallığını dünyaya gətirə bilər.

- Bu əsərlərin tərcümə olunmağının tərəfdarısınız.

- Çətin məsələdi. Tərcümədə çox vaxt mahiyyət itir. Ələlxüsus poeziya məsələsində. Ona görə də məsuliyyətli işdir. Mən çox sevinirəm ki, bu gün Türkiyədə Sabir çox populyarlaşır. Bəlkə də Türkiyədə gedən proseslər buna təsir edir və Türkiyədəki bir çox insanlar anlayırlar ki, XX əsrin əvvəllərində türk və İslam dünyasında böyük məfkurəni yarada bilən insanlar bizim dahilər olub.

- İlin əvvəlində Mahsun Kırmızıgülün “Vəzir barmağı” adlı filmi çıxdı. Orda Sabirin “Qorxuram” şeiri oxunurdu.

- Əlbəttə, mənə elə gəlir ki, bu özü Azərbaycan xalqının böyük dəyəridir. Lakin onlar da bunu boş yerə yaratmayıblar. Bizim dahilərin formalaşmağında Avropa, rus azad fikri öz təsirini göstərib. Yəni bizim dahilərin Qərb mədəniyyətinə yaxınlaşmağı bizim mədəniyyətin dirçəlməsinə gətirib çıxardı. Halbuki XIX əsrin sonları, XX əsrin əvvəllərində informasiya axını çox məhdud olduğu üçün bu çətin məsələ idi. İndi isə siz canlı yayımda Texasdakı fırtınanı görə bilərsiniz, siz Myanmada qətlə yetirilən uşaqları görə bilərsiniz. Mənə elə gəlir ki, bu informasiya zənginliyi yaradıcı fikri də zənginləşdirir. Bugünkü yaradıcı sistem çox intensiv informasiya prosesləri ilə bağlıdır. Onun üçün də yaradıcılığın formaları da dəyişib. Və gələcəkdə də bu dəyişikliklər artacaq. Tosltoyun “Hərb və sülh” romanını oxumağa bəlkə vaxt da olmayacaq.

- Sizcə bu yaxşıdırmı?

- Mən bunu deyə bilmərəm, qiyməti tarix verəcək.

- Yaponiyada artıq belə edirlər. “Hərb və sülh” ixtisarla çap olunur. Düşünürlər ki, yaponların o əsəri bütövlükdə oxumağa ehtiyacları yoxdu.

- Bu proses Amerikada da getmişdi, necə deyərlər yumşaq formatda çap olunmuş kitabların xülasəsi. Bu daha çox böyük klassik yazarlarla tanışlıq məqsədi ilə həyata keçirilirdi. Ancaq başqa bir şey də var ki, hər şey zamanında oxunmalıdır. Boşluqları sonradan doldurmaq mümkün olmur. Mən xoşbəxtəm ki, uşaq vaxtı evimizdə böyük kitabxanam olub və mən gəncliyimdə dünya klassikləri ilə tanış ola bilmişəm.

- Qəbul otağınızdakı rəfdə xeyli kitab düzülüb. Fikir verdim, Dikkensin, Çexovun külliyyatları idi.

- O kitablar gənclərin oxuması üçün qoyulub. Kitablarımın çox az hissəsini özüm üçün saxlamışam, qalanını gənclərə bağışlamışam, həmin kitablar indi məndə elektron formatda var. Yaşlaşdıqca elektron kitabdan oxumaq çətinləşir, elektron kitab daha asandır.

- Otağınızda da yeni nəşrlər var.

- Bu nəşrlər də məni sevindirir, yaxşı layihədir.

- Yəqin əksəriyyətini oxumusuz.

- Əlbəttə bunları oxumuşam. Sadəcə təzə nəşrləri də əldə etdik ki, əgər kimlərsə oxumaq istəsə əldə edib oxusun. Oxunması vacib olan bir neçə yüz əsər var ki, gənclər onları mütləq oxunmalıdırlar.

- Bu yaxınlarda Vasif Talıbovun sərəncamı “Tövsiyə olunan 30 əsər” adlı siyahı hazırlanmışdı, yəqin xəbərdarsız.

- Əslində bu çox müsbət qərar idi. Bəlkə ora hansısa kitabın düşüb-düşməməyini mübahisə etmək olar, ancaq ümumilikdə təqdirəlayiq işdir. Biz də siyasi partiya olaraq bu sahədə bəzi işlər görməyə çalışmışıq. Kitab təqdimatları təşkil etmişik. Özü də bunu Qərbdə qəbul olunan formata uyğun olaraq kitab dükanlarında həyata keçirmişik. Bu format Azərbaycanda ilk dəfə bizim təşəbbüsümüzlə həyata keçib. Kitabsız bir xalqın gələcəyi yoxdur, hər bir xalqın inkişafında ən əsas amil kitablardır. Söhbət təkcə bədii ədəbiyyatdan getmir, bura ixtisas ədəbiyyatları da daxildir. Məsələn, mən həkim olduğuma görə elmi ədəbiyyatı hər zaman izləyirəm, baxmayaraq ki, uzun illərdir həkim işləmirəm.

- Asim müəllim, bir vaxtlar “Alma” qəzetini himayə edirdiniz. “Alma” qəzeti də yenilikçi gənclərin, yazarların toplandığı məkan idi.

- Məni hər zaman bir şey narahat edir. Gənclərə də çox zaman deməyə çalışmışam ki, asan yol axtarmasınlar. Bir əsərin kommersiya xarakterli, epotaj xarakterli olması, hələ onun ciddi ədəbiyyat olması demək deyil.

- Ancaq “Alma”da epotaj var idi.

- Gənclər üçün bəlkə bu məqbuldur. Ancaq gəncliyin də bir məhdudiyyəti var.

- “Alma” sizi qane edirdi?

- İstedadlı adamlara dəstək verməyə çalışırdım. Mən hər zaman buna çalışmışam. Çox istəyirəm ki, Azərbaycan gəncləri dünyada gedən rəqabətə hazır olsunlar. Mən dünyanın bir sıra universitetlərində olmuşam. Çox vaxt o universitetlərdə tələbələrin işıqlı gözlərini görəndə bizim universitetlərin sönük gözlü “dərs qurtarsın, tez gedim evə” düşüncəli tələbələrini xatırlayıb məyus oluram.

- Yəqin bizim tələbələr təhsilə adekvatdır.

- Bəlkə cəmiyyətin mədəni mühitinə adekvatdılar? Hər bir ölkənin gücü onun təhsil və mədəni səviyyəsi ilə bağlıdır. Azərbaycanın bu barədə böyük potensialı var. Hətta büdcənin müzakirəsi vaxtı mən deyirəm ki, büdcənin böyük bir hissəsini təhsilə xərcləyək. Neft, başqa sərvətlər keçicidir, ancaq təhsil, mədəniyyət daimidir və gənclərin də bu istiqamətdə marağı olmalıdır.

- Asim müəllim bayaq bizim klassiklərin dünya ədəbiyyatından təsirlənmələrindən danışdınız. Bilmirəm Həmid Herisçi bu fikirləri ilə tanışsınızmı, o, demişdi ki, “Ölülər” təsirlənmə yox, plagiatdır.

- Belə çıxışlara qiymət vermək istəmirəm.

- Ümumiyyətlə, mətbuatda da adınız qalmaqallı məsələlərlə bağlı hallanmır.

- Bilirsiniz, bu bilavasitə mədəniyyətlə bağlıdır. Mənə elə gəlir ki, Azərbaycanda siyasi mədəniyyət də, məişət mədəniyyəti də inkişaf etməlidir. Dedi-qodular deyil, ciddi fikirlər müzakirə olunmalıdır. Özümü təsdiq etmək üçün özümdən əvvəlki dahiyə çamur atım, mən belə şeyləri qəbul etmirəm. Bu mədəniyyətə zidd amildir.

- Asim müəllim, Leninin siyasətçi ilə yanaşı tənqidçi obrazı da var. Dünyada gedən ədəbi-mədəni proseslərə anında qiymət verir, bu barədə məqalələr yazırdı. Ancaq bizim siyasətçilərin belə vərdişləri yoxdur.

- Zəmanə çox dəyişib. Söhbət Lenindən gedirsə o, yarımçıq təhsil almış adam idi. Onun əsərlərinə baxsanız görərsiniz ki, müəyyən qədər plagiatdır. O fəlsəfədən öz siyasi məqsədləri üçün istifadə edirdi. Əslində Lenin Vermaxtın planı idi və o planın nəticəsi olaraq nəhəng bir ərazi islah əmək düşərgəsinə çevrildi, insanların bir sıra təməl hüquqları əlindən alındı. Leninin ən güclü davamçısı yoldaş Stalin idi, arxivlər açılandan sonra gördük ki, onun öldürdüyü insanların sayı Hitlerin öldürdüyü insanların sayından çoxdur.

- Belə çıxır Stalinin ədəbiyyata münasibəti barədə deyilən fikirlər əfsanədir?

- Bu fikirlər gülüncdür. Stalin ədəbiyyatdan öz siyasi məqsədləri üçün istifadə edirdi. O, cəmiyyətə özünün ziyalı imicini sərgiləmək istəyirdi, əslində isə onun yazdıqlarına baxanda görürük ki, bisavad adam olub. Ancaq Lenin ona baxanda savadlı idi, bir neçə dil bilirdi.

- Sürgündə olanda daim mütaliə edirmiş.

- Guya da. Arxivlər hələ açılmayıb, siz dediyiniz Sovet İttifaqının yaratdığı miflərdir.

- Yəqin ki, gənclik dövründə Leninin əsərlərini oxumusunuz.

- Əksər əsərləri çiy və mənasız idi. Məqsəd insanı alçaldaraq bolşevik ideologiyasının təsiri altına almaq idi.

- Asim müəllim ixtisasınız nevrologiyadır. Əlamətlərə baxanda insanın hansı psixi pozuntusunun olduğunu müşahidə etmək olur, eləmi?

- Bəli.

- Bədii əsər oxuyanda hansısa qəhrəmanın əlamətlərindən onun hansı psixi pozuntu yaşadığını müəyyən edə bilirsinizmi?

- Deyə bilərəm ki, hələ heç bir tibbi əsərdə epilepsiya Dostoyevskinin onu “İdiot” əsərində təsvir etdiyi səviyyədə yazılmayıb. Çünki o, ədəbi üsullarla epilepsiyanın xüsusiyyətini verə bilib, xəstəliyin klinik simptomatikalarını nümayiş etdirib.

- Bəs yazıçılara belə diaqnoz qoya bilərsinizmi?

- Yazıçılara diaqnoz qoymaq düzgün deyil, onların əsərlərini müzakirə etmək lazımdır.

- Misal üçün Conatan Sviftin psixoloji pozuntusu var idi, balaca əşyaları böyük, böyük əşyaları balaca görürdü. Və bu xüsusiyyət də “Qulliver”i yaratdı.

- Təkcə Sviftdə deyil, bir çox yazıçıda belə xüsusiyyət vardı. Əslində əksər yaradıcı adamların beynində baş verən kimyəvi proseslər onların düşüncəsini elə dəyişir ki, dünyaya baxışları da fərqli olur. Bu xüsusiyyət ən çox rəssamlarda baş verir.

- Dahiliyin simptomları var?

- Dahilik hər zaman normadan fərqli olur. Onlar sıravi insandan fərqli olurlar.

- Xarici səfərlərdə tez-tez olursunuz? Bu səfərlər zamanı muzeyləri ziyarət edirsiniz?

- Mən çox xoşbəxtəm ki, dünyanın əksər muzeylərində olmuşam. Təəssüf ki, bir dəfəyə o muzeyləri gəzmək olmur, adam yorulur.

- Asim müəllim, bayaq qeyd etdik ki, hələ “Alma” qəzeti zamanı gənc yaradıcı adamlara dəstək göstərirdiniz. Bəs gənc yazarlardan kimləri oxuyursunuz?

- Oxuyuram, ancaq heç kəsin xətrinə dəymək istəmirəm, buna görə də ad çəkib qiymət verməyəcəm. Oxuduqca təəssüflənirəm ki, bir çox gənclər dünya mədəniyyəti ilə hələ yetərincə tanış deyillər.

- Ümumi mənzərə necədi, ümidvericidirmi?

- Çox iş görmək lazımdır. Azərbaycan xalqının böyük potensialı var. Mən inanıram ki, gələcəkdə də böyük yazarlarımız, böyük bəstəkarlarımız olacaq.

# 3040 dəfə oxunub

Oxşar xəbərlər

"Lənətli kitab"  açıqlacaqmı?

"Lənətli kitab" açıqlacaqmı?

10:11 18 aprel 2024
"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

18:30 17 aprel 2024
"Loki"  ilham mənbəyini açıqladı

"Loki" ilham mənbəyini açıqladı

18:00 17 aprel 2024
“Retro” mövzusunda poeziya yarışı keçirildi

“Retro” mövzusunda poeziya yarışı keçirildi

17:30 17 aprel 2024
Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

17:00 17 aprel 2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

16:50 17 aprel 2024
#
#
# # #