Azərbaycanca elan verən ilk stüardessa: "İndi təyyarəyə minəndə məni ağlamaq tutur" - MÜSAHİBƏ

Kulis.az ilk azərbaycanlı stüardessa Zemfira Məmmədəliyeva ilə müsahibəni təqdim edir.

 

- Zemfira xanım, stüardessa olmaq tarixçəniz necə başladı?

 

- 1966-cı il idi. Mən köhnə bankla üzbəüz “Hədiyyələr” mağazası vardı, orda satıcı işləyirdim. Servis xidməti göstərən işçilərin Moskvada birinci qurultayı keçirilirdi. Təyyarə, qatar, gəmi bələdçiləri, aeroakassa işçiləri, satıcılar iştirak edirdi. Orda stüardessaları gördüm, boy-buxunlu, qəşəng. Onda dedim ki, mən mütləq stüardessa işləyəcəm. Xüsusən də onların formaları xoşuma gəlmişdi. Sonra mağazadan çıxdım. Bizim bir qohum vardı, aerokassada məlumat bürosunda işləyirdi. Qohumumuz biləndə, iş axtarıram, təklif elədi ki, aeroportda baqajı təhvil verən şöbədə işləyim. Əvvəllər beləydi ki, sərnişinlərin baqajlarını yığardılar avtobusa, sən gərək onları aparıb aeroporta təhvil verəydin. Razılaşdım ki, təki o formanı geyim. Səhəri gün işə çıxdım. Amma işləsəm də ürəyimcə deyildi. Təyyarə bələdçisi olmaq istəyirdim. Qohumumuz onda dedi ki, təyyarə bələdçisi seçmək üçün kastinq gedir. Qızları yığırlar, istəyirsən sən də iştirak elə. O vaxt da otuz-qırx nəfər gəlirdi, ancaq bir nəfəri seçirdilər. Mən də gəldim kastinqə. İdarəyə girdim, dayandım bir küncdə, bilmirəm hara gedim. Uşağam da, utancaq, kasıb ailənin qızı, Kömürçü meydanında böyüyən... Gördüm ikinci mərtəbədən ucaboylu, yaraşıqlı kişi pilləkənlərlə enir. Mən də boynubükük dayanmışam. Yaxınlaşdı mənə ki, qızım burda niyə dayanmısan? Dedim, işə düzəlmək istəyirəm, stüardessa olmaq istəyirəm. Amma bilmirəm kimə müraciət edim. Əlbət, məni götürməzlər. Bir qapını göstərdi, dedi, orda Məşədi Məmmədov var, onun yanına get. Deyərsən, Nurəddin Məcidoviç göndərib, səni götürsün işə, özü də tibbi baxışdan keçirtsin. Mən də bilmirəm bu kimdir. Qapını döyüb içəri girdim, dedim, məni Nurəddin Məcidoviç göndərdi ki, işə götürəsiz, həm də tibbi komissiyadan keçim. Beləcə işə götürdülər. Sonra bildim ki, Nurəddin müəllim mülki aviasiyanın rəhbəridir (Nurəddin Əliyev SSRİ-nin əməkdar təyyarəçisi, polkovnik olub. Stalinqrad döyüşündə faşist təyyarələrinə qarşı vuruşub. Azərbaycan Mülki Aviasiya idarəsinin rəisi olmuşdu. 1991-ci ildə vəfat edib - S.S.) Mat qaldım. Şəxsən özü məni işə götürdü. Komissiyadan keçdim. Göndərdilər məni Zabrata, orda təlim  keçirdilər. Bir ay oxudum.

 

- İlk uçuşunuz hara oldu?

 

- Bir aydan sonra ilk uçuşa çıxmalıydım. Və ilk təcrübə kimi peşəkar stüardessa ilə Odessaya uçmalıydım. Forma aldım, gəldim evə. Geyindim anam da elə bilir, baqaj aparıram. Bir aydan sonra bildi ki, təyyarə bələdçisiyəm.

 

 

- Necə reaksiya verdi?

 

- Anam da, atam da biləndə danışmadılar. Onda da mən yaxşı maaş alırdım, ailəni dolandırırdım. Özümü aparmağı bacarırdım.

 

- Niyə azərbaycanlı qızlar bu sahəyə getmirdi?

 

- Çünki ailələrimiz mühafizəkar olduğu üçün yaxşı qarşılanmırdı. Ona görə rus qızlarını daha çox götürdülər. Onlar da çox gözəl idi. Ümumiyyətlə, Sovet İttifaqında ən gözəl təyyarə bələdçiləri Azərbaycanda idi. Mən gedəndə çoxu mat qalmışdı ki, azərbaycanlı necə gəlib stüardessa olub.

 

- Sizə qısqanclıq oldumu?

 

- Yox. Həm də mən əvvəllər balaca təyyarələrdə Azərbaycan rayonlarına gedirdim; Zaqatala, Şəki... Onda da tək bələdçi mən idim. Beş-altı aydan sonra da hökumət nümayəndələrinin uçduğu təyyarələrə keçirtdilər. Heydər Əliyevlə, maliyyə naziri Qurban Xəlilovla, başqa hökumət nümayəndələriylə, bütün məşhur sovet aktyorlarıyla uçmuşam - Marqarita Terexova, Vitaliy Solomin, Lyudmila Zıkina...

 

 

- Aktyorlarla bağlı maraqlı nəsə yadınızda qalmayıb?

 

- Aktyorlar gələndə içirdilər, başlarını qoyub yatırdılar. Bəzilərini də elə sərxoş gətirirdilər.

 

- Səhv eləmirəmsə, siz həm də Azərbaycan dilində məlumat səsləndirən ilk stüardessa olmusunuz.

 

- Bir-iki ay uçandan sonra rəhbərlikdən izn almadan məlumatları Azərbaycan dilində səsləndirdim, özüm də tərcümə elədim. O vaxt məlumatlar ancaq rusca deyilirdi. Bunu edəndə də heç kəsə demədim. Heç özüm də bilmədim necə baş verdi. Azərbaycanlıyıqsa, niyə rusca səslənməliydi? Söhbət Nurəddin müəllimə çatanda demişdi ki, bundan sonra Azərbaycanca səslənsin. Bunu hökumət nümayəndələrinin istifadə elədiyi təyyarədə səsləndirmişdim.

 

- Həmin təyyarələrdə xidmətin adi sərnişin təyyarələrindən fərqi vardı? Məsələn, yeməklərin?

 

- Orda hökumət nümayəndələrinə xüsusi yemək verilmirdi. Adi sərnişinlər üçün nə hazırlanırdısa onlar üçün də eləcə... Toyuq ya ət langeti, keks, cem, yağ, çay... Bir dəfə hökumət nümayəndələri ilə uçanda çayı unutmuşduq, götürməmişdik. Eşitmişdim ki, qəndi yandıranda ondan çay dəmləmək olar. Sobalar vardı, orda qəndi yandırdım, tüstü hər yanı bürüdü. Nurəddin müəllim gəldi ki, neynirsən, tüstü nədir. Dedim çayı unutmuşuq, dedi onda vermə. Elə bildim çıxardacaqlar işdən, amma ötüşdü.

 

 

- Qəza vəziyyətinə düşdüyünüz olub?

 

- Bir dəfə qəzalı vəziyyət yarandı. Bir komandirimiz vardı, Kapitonov... O niyəsə rəhbərliklə uçanda həyəcanlanırdı. Rəhbərliklə də az-az uçurdu. Başqa düyməni basmışdı həyəcandan, təyyarə sürətlə yerə doğru gedirdi. Mexanik özünü itirməmişdi, son anda o xilas elədi. Gördüm, Nurəddin müəllim gəldi, rəngi ağarmışdı ki, gedirdik. Dedim, ölərdik, on nəfər sizin qəbrinizə gül qoyanda biri də mənimkinə gül qoyardı. Kişi nə qədər güldü. Amma heç vaxt qorxum olmayıb uçuşdan. Sevirdim işimi. Qəribədir ki, təyyarədə qorxu hissim olmasa da, üçüncü mərtəbədən artıq yüksəkliyə çıxanda qorxum olur. Bayaq qəza dediniz, yadıma bir əhvalat düşdü. 1970-ci illərdə təyyarəmiz Novosibirskidən gələndə qəzaya uğramışdı. Bütün sərnişinlər ölmüşdü. Bu bizim aviasiyada yeganə qəzaydı. 

 

- Sərnişinlərlə probleminiz olurdu?

 

- Heç vaxt, mümkün deyildi. Şikayət etsəydilər, cəza kimi rayonlara uçan balaca təyyarələr göndərirdilər, iki-üç aylıq. Ora kimsə istəmirdi. Bir də gündə iki reys edirdi Yerevana, ona davam gətirmək olardı? Böyük təyyarələrdə üç bələdçi uçurdu, birinci briqadir idi, ikinci mətbəxə cavabdeh idi, üçüncü baqaj qəbul edirdi. Təzə gələnlər baqaj qəbul edirdilər. Mən baqaj qəbul edirdim, həm də birincinin yerində salonda işləyirdim. Salonda da çoxu işləmək istəmirdi. Çünki sərnişinlərin hərəsinin bir cür xasiyyəti var, çətin idi. Bu peşədə işləmək üçün əsas təmkin, dözüm tələb olunur. Amma mən ümumiyyətlə, insanları sevirəm. Bir dəfə də müsabiqə oldu. Təyyarə bələdçiləri arasında. Səməd Vurğun adına klubda keçirilirdi. İkinci yeri tutdum. Birinci yeri tutanı Moskvaya yollayırdılar finala.

 

- Müsabiqədə nə tələb olunurdu?

 

- Boş xəritə çəkirdilər. Orda şəhərlərin harda yerləşdiyini göstərib haqqında danışmalıydın. Sərnişinlərə hansı vəziyyətlərində necə xidmət göstərirsən, necə davranmalısan. Bundan başqa nə bacarırsan göstərməliydin, şeir oxumaq, rəqs, mahnı oxumaq...

 

 

- Azərbaycanlı qızların bu sahəyə axını nə vaxtdan başladı?

 

- Mən işləyəndən iki il sonra. 1969-cu ilin axırından 76-ya qədər işlədim. 1976-cı ildə ərə gedəndən sonra çıxdım. Yoldaşım hərbçi olduğu üçün Almaniyaya getdim, uzun müddət orda yaşadım.

 

- Təyyarəyə minəndə hansı hissləri yaşayırsız?

 

- Ağlamaq tutur. Gənc qızlara baxıb həsəd aparıram.

 

 

 

 

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017