Nimdaş sifətli ölümün iç üzü - Səfər Kəlbixanlı yazır...

Nimdaş sifətli ölümün iç üzü - <span style="color:red;">Səfər Kəlbixanlı yazır...
12 sentyabr 2017
# 15:34

Akif Məmmədovun əziz xatirəsinə

Allahın sevdiyi insanlar var. Onlara həmişə həsəd aparmışam. Bir də sevilməyən, daha doğrusu heç kim tərəfindən qəbul olunmayan insanlar var. Yaşayırlar özləri üçün. 50, 60 ,70 bir az çox, bir qədər az. Sonra da ölüb gedirlər. Üç gündən sonra da unudulurlar. Hamı tərəfindən. Heç doğmalarının da yadlarına düşmürlər. Axı nə etdilər ki, yadda da qalsınlar. Nə birinin xeyrində-şərində göründülər, nə də birinin dar ayaqda yanında oldular. Araz aşıqlarından, Kür topuqlarından oldu onların. Bax belə adamlara həmişə paxıllığım tutub. Dünyanın ən bəxtəvər insanları saymışam onları. Bəlkə də, elə belə yaxşıdır. Heç nəyi vecinə almadan yaşa, daha doğrusu, günü yola ver, sonra da öl. Niyə də yox. Onsuz da hamı ölür. Xalqına, millətinə, elinə-obasına yanan da ölür, belələri də.

...Görəsən Akif sağ olsaydı, bu yazıda nəyi saxlar, nəyi çıxarardı? İndi ən çox qorxduğum onun ruhunu incidə biləcəyimdir. Axı, məni yazı-pozu aləminə (bu ifadəmə görə ustadlardan üzr istəyirəm) o gətirmişdi. Elə-belə dediyim fikirləri də o qədər təmtəraqla təqdim edərdi ki, adam lap məəttəl qalardı. İndiki kimi yadımdadır. Bir dəfə oturub dünyanın gələcəyindən-gedəcəyindən söhbət edirdik. İkimizin də “dərd əlindən dağa çıxan” vaxtlarımız idi. Axşama heç nə demirəm, az qala çörək almağa qara qəpiyimiz yox idi. Birdən qayıtdı ki, “sənin çox qəribə təhkiyə üsulun var, bir özünü sına, görək yazın necə alınar. Amma inanıram ki, hər şey yaxşı olacaq”. Əvvəl elə bildim zarafat edir. Hətta incidim də. Amma bir də təkid edəndə susdum. Ayrıldıq, o dərsə getdi. Mən öz işimə davam etmək istədim. Nə etdimsə, alınmadı. Akif sanki əfsunlamışdı. Qulağımda ancaq onun sözləri cingildəyirdi. “Yanlış da bir naxışdır, gəlsənə özümü yoxlayım”, - deyə bayaqkı fikirlərimi qələmə almağa başladım. Qəribəydi, alınırdı. Ən azından qələm əlimə dolaşmırdı. Həm də, yazdıqca içim rahatlaşırdı. Zəng vurulana kimi yazını bitirdim. İndi onun gəlişini gözləyirdim. İlk dəfə imtahan (onu da deyim ki, mən o vaxt tələbə deyildim, indiki Bakı Slavyan Universitetində müəllim işləyirdim) verən tələbə kimi həyəcandan özümə yer tapa bilmirdim. İçəri girən kimi məndəki dəyişikliyi hiss etdi. Elə bil bayaqdan heç yerə getməmişdi, elə başımın üstündə dayanmışdı. ”Ver, görüm” . ”Nəyi?” - deyə özümü bilməməzliyə vurdum. ”Yazını”, - dedi . Əllərim əsə-əsə masamın üstündəki yazını ona verdim. Birnəfəsə oxuyub “elə belə də bilirdim” dedi. ”Adını nə qoydun?” - deyə soruşdu. Susdum. Hələ də inana bilmirdim ki, yazı xoşuna gəlib. ”Ciddisən?” - deyə bu dəfə mən soruşdum. “Tam ciddiyəm. Çox yaxşı yazıdır, ən əsası da odur ki, ürəklə işləmisən, səmimi, pafosdan uzaq və son dərəcə aktual. Publisistikaya bundan artıq nə lazımdır ki? İndi qalır ad fikirləşmək. Mən növbəti dərsdən gələnə kimi onu da fikirləş, aparaq redaksiyaya”.

Akifin yazıma verdiyi bu qiymət aldığım qiymətlər içərisində ən dəyərlidir. Elə həmin gün işdən sonra redaksiyaya yollandıq və ertəsi gün yazı artıq çap olunmuşdu. Təbii ki, onun sayəsində.

Sonradan o, məni nəsrə ruhlandırdı. Bir neçə kitabıma redaktor oldu. Hər sözümün üstündə əsim-əsim əsdi, bəzən iradlar da bildirdi, yazdığım bütöv bir yazını zibil qutusuna da atdı, amma zərrə qədər də olsun nə o məndən incidi, nə də mən ondan. Tək bir şeyə təəssüf edirəm: Akifin son xahişini yerinə yetirə bilmədim.

Daha doğrusu, gücüm çatmadı. Bir dəfə məni yanlayıb “bir mövzu var, əsil sənlikdir, çox istəyirəm ki, onu işləyəsən”, - dedi. Sonra ürək yanğısıyla erməni əsirliyində olmuş gənc bir azərbaycanlı qızın başına gətirilən müsibətləri mənə danışdı. Tüklərim biz-biz oldu. Söz verdim ki, mövzuya qayıdacağam. Amma bir müddət sonra başa düşdüm ki, mövzu son dərəcə ağır olduğundan bunu edə bilməyəcəyəm. Yalnız ölümündən sonra bildim ki, məndən xəbər çıxmayınca baş vermiş bu hadisəni özü qələmə alıb. Son nöqtəni qoyunca da hönkür-hönkür ağlayıb. Bunu mənə dəfndən bir neçə gün sonra Akifin ömür-gün yoldaşı danışdı. Heç nə deyə bilmədim. Əslində deyiləcək bir şey də yox idi. Başqalarının dərdini özününkü bilən Akif son nəfəsində də özünə sadiq qalmış, tükürpərdici bu hadisəni gələcək nəsillərə çatdırmaq istəmişdi.

Mən heç vaxt Lerikdə olmamışam. Akifin doğulduğu kəndi də görməmişəm. Amma mənə elə gəlir ki, bu kənd dünyanın ən gözəl, axarlı-baxarlı kəndidir. Çünki Akif bu kənddən danışmaqdan doymurdu. Sözünün əvvəli də, axırı da dünyaya göz açdığı bu kənd idi. Azacıq boş vaxtımız olan kimi minirdi xəyal quşunun qanadlarına, baş götürüb gedirdi həmən yerlərə. Allah, Allah, adam öz elinə-obasına nə qədər bağlı olarmış.

Akif Bakıda yaşasa da, kəndiylə nəfəs alırdı. Uşaqlığını keçirdiyi o yerlər haqqında o qədər danışırdı ki, adamın lap paxıllığı tuturdu. Arada mənə elə gəlirdi ki, heç yer üzündə elə bir kənd yoxdur, Akif onu özündən uydurub, daha doğrusu, doğulduğu kəndə xəyallarının şirinliyini qataraq bir qədər də şirinləşdirib, doğmalaşdırıb. Körpəliyindən tutmuş son günlərinə qədər xatirələrinə bələdiyi kəndin hər kolu, kosu, cığırı Akifi özünə elə bənd etmişdi ki, son vaxtlar heç özündə-sözündə deyildi. Təsəllisi ancaq şəkillər idi. İmkan düşən kimi kəndlərinin müxtəlif guşələrini əks etdirən şəkillər paylaşırdı.

Yadımdan çıxmamış onu da qeyd edim ki, Akifdə əsil fotoqraflara xas olan çox gözəl bir duyum var idi. Feysbuk səhifəsində paylaşdığı şəkillərin demək olar ki, hamısının müəllifi özü idi və mənim qəti qənaətimə görə onların hər biri mükəmməl bir sənət əsəridir. İndi o şəkillərə baxdıqca Akifin iç dünyasını bir daha özüm üçün kəşf edirəm. O kəndin hər qarışı Akif üçün doğma və əvəzsiz olub. Bapbalaca uşaq kimi qoyun-quzu otardığı örüş də, çırpı dalınca getdiyi cığır da, ot biçdiyi biçənək də onun üçün əlçatmaz zirvəydi və həmişə də o zirvəyə can atırdı. Təəssüf ki, son illər canından artıq sevdiyi kəndə də doyunca getməyə səhhəti imkan vermirdi.

Az öncə qeyd etmişdim ki, Akif mənim bir neçə kitabımın redaktoru olmuşdu. Və təbii ki, bu xüsusda yadda qalan xeyli maraqlı əhvalat baş vermişdi. Bu əhvalatlardan birini indi də unuda bilmirəm. “Sənsiz günlərim” adlı bədii-publisistik kitabım üzərində işləyəndə maraqlı (mənim fikrimcə) bir ifadədən istifadə etmişdim. Həmişəki kimi ilk görüşümüzdəcə həmin hissəni oxuyub fikrini öyənmək istədim.

Xeyli gülüb “o sözü çıxar ordan, biabıçılıqdır”, - dedi. Çox pis oldum. Dilim tutar-tutmaz “niyə, bu ki tapıntıdır”, - dedim. Xeyli mübahisə etdik. Axırda qələmi acıqla masanın üstünə tullayıb “özün çıxart, - dedim, - mən heç nəyə dəyən deyiləm”. Bir başqası yəqin ki, inciyib çıxıb gedərdi. Akif isə heç nə olmamış kimi qələmi götürüb həmin ifadəni çıxardı. Elə yaxşı da etdi. Üstündən bir xeyli keçəndən sonra başa düşdüm ki, mənim az qala tapıntı adlandırdığım həmin ifadə son dərəcə bayağı və yersiz imiş. Onu da qeyd edim ki, illər sonrası özüm də redaktor kimi Akifin bu təcrübəsindən dəfələrlə istifadə etmişəm və hər dəfə də müəlliflə aramızdakı fikir ayrılığına məhz Akifsayağı son qoymuşam. Mükafatım isə müəlliflərin “çox sağ ol”u olub.

Daha bir məqam. İnanıram ki, bu barədə hələ çox danışılacaq. Mənsə bu yazıda Akifə tələbələrinin və şagirdlərinin bəslədiyi sonsuz məhəbbətdən yalnız bəzi ştrixləri çatdırmaq istəyirəm. Əvvəla onu qeyd edim ki, Akif son dərəcə ciddi müəllim idi. Amma bu ciddilik hər zaman ədalətə söykənərdi. Heç vaxt düzü əyriyə qurban verməz, haqqı, ədaləti unutmazdı. Onu tanıyanların və hətta tanımayanların qəlbində o həmişə belə qalacaq. Çünki elin gözü tərəzidir və hamı kimin kim olduğunu çox yaxşı bilir.

Akifin ölüm xəbərindən kədərlənən tələbələrinin axıtdıqları göz yaşlarını görən adam kimi tam məsuliyyətimlə deyə bilərəm ki, Akif Allahın seçilmişlərindən idi. Yoxsa onun üçün bu qədər göz yaşı axıdılmazdı.

Sosial şəbəkələrdə, internet resurslarında ayrı-ayrı fərdlər, qruplar tərəfindən gedən çoxsaylı yazılar fikrimin bariz nümunəsidir. Akifə keçmiş şagirdlərinin münasibətiylə bağlı bir epizodu danışmamaq günah olar. Dəfnin ertəsi günü işdə fikirli-fikirli oturmuşdum. Heç cür onun yoxluğuyla barışa bilmirdim. Bu ara universitetimizin hüquqşünası içəri girdi. O dəqiqə hiss etdi ki, nəsə olub. Pərvizin Bakı Slavyan Universitetinin humanitar liseyinin məzunu olduğunu bilirdim. Amma Akif müəllimin ona dərs dediyini bilmirdim. Nə üçün üzgün olduğumu soruşdu. Dedim. Akif müəllimin adını çəkər-çəkməz “nə danışırsınız, elə şey olmaz”,- dedi və hönkürtüylə ağlamağa başladı. Azacıq sakitləşib “Akif müəllimin mənim boynumda haqqı çoxdur, - dedi. Bu günüm üçün mən ona borcluyam. Heç bilirsiniz atama nə qədər zəng edib şikayət edərdi”. “Niyə?” - bu dəfə mən soruşdum. Azacıq gülümsünüb” heç, uşaqlıq edib tez-tez dərsə gecikər, ya da dərsə hazırlıqsız gələrdim. O da dərhal atama zəng edərdi. Tək mənim yox, oxumayan bütün şagirdlərin valideynləriylə əlaqə saxlardı. İndi, maşallah, hərəmiz bir yerdə işləyirik, hamımız da ali təhsilliyik. Heyf ondan. İndi belə müəllimləri barmaqla saymaq olar. Onun yoxluğunu hələ çox hiss edəcəyik”.

İndiki kimi yadımdadır, Akiflə son yazışmam may ayının 17-də saat təxminən altıya işləmişdən başlamışdı. Bu gün onun ad günü idi. Səhər tezdən zəng edib təbrik etmiş, xoş əhval-ruhiyyə arzulamışdım. Nə biləydim ki, bu onun sonuncu ad günü, mənim də son təbrikimdir.

Axşamtərəfi məni narahat edən bir məsələylə bağlı yenidən ona mesaj yazdım. O zaman ortaq dostumuz Fəttah İngiltərədə idi və oradakı muzeylərdən birindən xırda bir paylaşım etmişdi. Bu paylaşımda növbəti tarixi saxtalaşdırmadan söhbət gedirdi. Adamın tüklərini biz-biz edən, hiddətləndirən saxtalaşdırmadan. Təsəvvür edin: xəritə verilir və burada Gürcüstan, Rusiya və hətta həyasız qonşularımız özünə yer alır, Azərbaycanın isə, ümumiyyətlə adı çəkilmirdi. Azərbaycanın ərazisi boş və kimsəsiz yer kimi işarələnirdi. Təbii ki, paylaşımı alan hər kəs bu saxtakarlıqdan danışırdı. Biz də Akiflə bu məsələ ətrafında xeyli söhbət etdik. Həmişəki kimi mübahisəsiz də ötüşmədik. Amma nə o məni inandıra bildi, nə də mən onu. Axırda yarızarafat, yarıciddi qayıtdı ki, sənin işin-gücün yoxdur, get işinlə məşğul ol, qoy mən də ad günümü qeyd edim. Beləcə sağollaşıb ayrıldıq. Bilsəydim bu mənim onunla son söhbətimdir, heç qulaq asmazdım.

Son günlər Akif o qədər yazırdı ki... Mövzu müxtəlifliyi, üslub rəngarəngliyi. Heç bilmirdin hansı fikrinin dalınca qaçasan. Səmimi olacam. Bəzən mənə elə gəlirdi ki, Akif bir mövzudan o birisinə keçməkdə tələsir. Amma nə biləydim ki, onu tələsdirən tələsdirirmiş. Bu mövzular içərisində ən çox diqqətimi çəkən isə şəhidlərimizə və qazilərimizə həsr etdiyi yazılar idi. Desəm ki, Akif bu yazılara bütün varlığını, canını, qanını qoyurdu, bu çox az olmuş olar. Akif bu yazılarla özünü əritdi, gilə-gilə, xırda-xırda. Və bir də onda baxdıq ki, Akifin özü də yazılarıyla bərabər tarixə qovuşdu.

Onun bu yay cəbhə bölgəsinə etdiyi səfərdən sonra qələmə aldığı ən təsirli yazılarından biri başlanğıcını əzəli türk torpaqları olmuş, indi düşmən tapdağı altında inləyən, dərddən, ələmdən, axıtdığı göz yaşlarından suyu qurumuş xırda bir çaya həsr olunmuş yazı idi. Və o yazını elə-belə, hissiz, həyəcansız, birnəfəsə oxumaq mümkün deyildi. O yazı Akifin son harayıymış. Nə yazıqlar olsun ki, onda biz bunu başa düşməmişdik.

Akiflə bağlı bu kiçik yazımı onun ömür-gün yoldaşıyla bitirmək istəyirəm. Mənə elə gəlir ki, bu xəstəliklə Akifin iyirmi ilə qədər yaşamasının əsil səbəbkarı göydə Allah, yerdə o idi. Hər kəsə bəllidir ki, illərlə xəstə adamın qulluğunda durmaq, onun nazıyla oynamaq hər adamın işi deyil. O isə Akifə təkcə ömür-gün yoldaşı olmadı. Ən yaxın dostu, həkimi oldu. Gecələr sübhə qədər hamıdan və hər kəsdən xəbərsiz keşiyini çəkdi. Təki Akif rahat olsun deyə min əzaba qatlaşdı. Bunu yalnız O edə bilərdi. Allahın seçilmişi olan Akifin qadını...

Ölüm niyə sevinir ki? Onsuz da Akif bizimlədir, bizimlə də olacaq. Amma Akifi aparmaqla yamanlıq ona qaldı. Daha dəqiqi ölüm Akifi öldürmədi, özünü öldürdü. Elə hamının gözündə.

Bu dünyanın dadı-duzu heç qalmayıb. Akif yoxdu axı...

P.S. Görəsən yazım xoşuna gəldimi, Akif?

# 860 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #