Rüstəm Behrudi ŞEDEVRİ

<b>Rüstəm Behrudi <span style="color:red;">ŞEDEVRİ </b>
12 sentyabr 2017
# 10:17

Bu gün Rüstəm Behrudinin 60 yaşı tamam olur. Kulis.az bu münasibətlə şairi təbrik edir və “Günün şeiri” rubrikasında onun “Salam, Dar ağacı!” şeirini təqdim edir.

Yolumu gözlədin hər səhər-axşam,

Salam, Dar ağacı!

Əleyküm-salam.

Əcəllə ölməyə doğulmamışam,

Salam, Dar ağacı!

Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?

Yüz adla bölündü, yenə də birdir!

Məni hüzuruna bu dərd gətirdi,

Salam, Dar ağacı!

Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm,

Gördüm can üstədir, yaralı gördüm.

Tanrını bəndədən aralı gördüm,

Salam, Dar ağacı!

Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının,

Turan kölgəsində budaqlarının.

Rəngi bayrağımda yarpaqlarının,

Salam, Dar ağacı!

Əleyküm salam.

Əvvəlin axırı, sonun əvvəli

Buymuş, bilməmişəm bunu mən dəli.

Qorxum yox! Nə olsun boyun göy dəlir?!

Salam, Dar ağacı!

Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə?

Boynumda ağ kəfən, dilimdə tövbə...

Dərsini tərs bilən, mənimdi tövbə!

Salam, Dar ağacı!

Əleyküm-salam!

Səni mən əkmişəm...Mənə sən qənim,

Səni suvarmağa halaldı qanım;

Yarpağın rəng alsın qanımdan mənim,

Salam, Dar ağacı!

Əleyküm-salam!

Ey darın ağacı! Kimdən kəməm, kəm?!

Ya səni yendirrəm, ya sənə yennəm.

Ya da budağında yarpağa dönnəm,

Salam, Dar ağacı!

Əleyküm-salam.

Qırğızam, özbəyəm, qazax, türkmənəm,

Başqırdam, kərkürəm, elə görk mənəm.

Sənin gözlədiyin qərib türk mənəm!

Salam, Dar ağacı!

Əleyküm-salam.

Qəbul et, növbəti qurbanın mənəm,

Mənim canım səndə, bil, canın mənəm.

Elə qürrələnmə, hər yanın mənəm,

Salam, Dar ağacı!

Əleyküm-salam.

# 1639 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #