Abdulla Güllə görüşən bakılı saatsaz – REPORTAJ

<b>Abdulla Güllə görüşən bakılı saatsaz – <span style="color:red;">REPORTAJ </b>
12 sentyabr 2017
# 09:00

Məşhur yazıçı, məşhur aktyor heç... Bəs saatsaz? Heç eşitmisiniz, Azərbaycanda məşhur saatsaz var? Özü də o qədər məşhur ki, səsi dünyanın dörd tərəfindən gəlir.

Onda bu məşhur saatsazın on beş yaşı olarmış. Günəşli günlərin birində atasının saatını qoluna taxıb yollanıbmış dənizə. Cavanlıqdı da, çimib çıxanda görür ki, paltarlar yerindədir, amma saat yağlı əppək olub göyə çəkilib. Ora saat, bura saat, heç yerdə gördüm deyən olmayıb.

Atasının köhnə saatı qoluna yaraşıqmış. O yaraşıq itib bir tərəfdə quyruğunu qısıb. İndi gəl saatın itməkliyi haqqında atana danış görüm, necə danışırsan. Ən yaxşısı düşüb axtarmaqdır.

Gələcəyin məşhur saatsazı saatı axtara-axtara atasınınkını yox, başqa bir saatı tapır, qoluna taxıb yollanır evə. Atasına deyir ki, hal-qəziyyə belə, söhbət də bağlanır. Amma o saat... Yoldan tapdığı köhnə, işləməyən saat. Onun içi nə böyük möcüzə daşıyır. Sanki zamanın beyninə səyahətdir: balaca çarx, dəmir-dümür, əqrəb, rəqəmlər.

Sonra o saat yuxularına da girir, qarabaqara izləyir onu, hara gedir saat görür, saatın içinə səyahət edir, saatın əsrarəngiz səsi qulaqlarında cingildəyir. Və o, bu saat dünyasının qəribəliyinə heyran qalır.

Onda hələ nə yaşı vardı, düşmüşdü saat sevdasına. Amma səy saydığını say, gör evdəkilər nə deyir.

Dayısı Əmrulla kişi uşağı qabağına qatır, yollanırlar məişət xidməti direktoru Katlovun yanına. O zaman vəzifədə imiş. Xoş-beş on-beşdən sonra sahə inspektoru işləyən, sayılıb seçilən Əmrulla kişi Katlovu məsələdən agah eləyir.

Katlov uşağa baxıb gülümsünür:

- Ay Əmrulla kişi, bu balaca uşaqdı, kimdi buna baş qırxdıran? Gəlsənə bunu dərzi qoyaq. Nə deyirsən?

- Nə bilim... – Əmrulla kişi deyir. – Duxu-muxu vurmaqdan bəlkə xoşu gələr...

İdarəylə üzbəüz bir saatsaz varmış. Pəncərədən baxanda görünürmüş. Uşaq dillənib ki, saatsaz olmaq istəyirəm. Təbii ki, burda Katlov “yalan danışma, heç kim saatsaz olmaq istəməz” deməyib, onu desə o üzbəüzdəki saatsaz deyərdi. Uşağın ürəklə istəyini deməyi Katlovun xoşuna gəlir, tapşırıq verir ki, onu şagird kimi bir yəhudi ustasının yanına qoysunlar.

Yetim, kasıb uşaq hər gün yəhudi ustanın dükanına gedir. Gedir e getməsinə, ancaq yəhudi qəsdən ona çətin, düzəldilə bilməyən saatlar verir ki, öyrənə bilməsin. Yəqin ürəyində deyirmiş, havayı öyrədirəm də, nəyimə lazımdır. Amma qəlbində saatların dünyasına böyük məhəbbət bəsləyən uşaq ustasının laqeydliyini əlinin tərsi ilə özündən uzaqlaşdırır və söz verir ki, bu sənəti yaxşı-yaxşı öyrənəcək. Və hər dəfə xarab saatı açıb onun iç dünyasına səyahət edəndə gözləri parıldayır, o parıltının işığında həmin saatı bir göz qırpımında düzəldir. Bu minvalla yavaş-yavaş sənətin incəliklərinə yiyələnir və hər dəfə də onun saat düzəltdiyini görən yəhudi təəccübünü gizlədə bilmir.

Vaxt-vədə yetişir, uşaq gəlir dayısının yanına ki, bəs artıq mən bu sənəti öyrəndim. Dayısı onun əlindən tutub təkrar məişət xidməti idarəsinə aparır və orda deyir ki, bu uşağa ərizə yazın, gedib təkrar 6 ay oxusun. Uşaq 6 ay oxumuşdu, bir də 6 ay oxumaq hardan çıxdı? O zaman dayısı uşağa deyir ki, eşit və qulaqlarında sırğa elə: “Pul qazanmaq həmişə olar, sən sənətini yaxşı öyrən”. Və bu söz onun qulaqlarında həmişə sırğa tək sallanır...

Yenə həmin yəhudi ustasının yanına qayıdış. Təzədən bir də 6 ay get-gəl. Günlərin birində gəlib görür ki, usta tərin içində bir saatı yığa bilmir. Artıq şagirdlik bitibmiş, o, bu sənətə yiyələnibmiş. Yəhudi ustasının çarəsiz halını görüb deyib ki, mən bu saatı yığaram. Və heç gözünə böyüdücü taxmadan tez-tələsik saatı yığıb qoyub ortaya. Yəhudi usta qocalmış gözlərini ona zilləyib mehriban səslə deyib: “Mənim çox şagirdim olub. Amma sənin kimisi azdı. Halal olsun sənə”.

- Maraqlı hekayədir. Uşaqlıqdan saata sevgi...

- İnanırsan, mən gecələr durub alətlərimi yığırdım stola. Öz-özümə deyirdim ki, mən saatsaz olacam, mənə usta deyəcəklər. Sevinirdim...

- İndi elə bil saatdan uzaqlaşırlar. Telefonlar saat əvəzi olub.

- Yox... Mən Azərbaycanda düzəlməyən bahalı saatların ustasıyam. Bir saat gətiriblər mənə, zəngin adamdır, o saatın qiyməti olar bir 40 min manat. Hara aparıb təmir edə bilməyiblər...

- 40 minə saat alan var?

- Əşşi, 40 min nədir ki? Mən 100 min, 200 minlik saat düzəltmişəm. Saatı sevən, sevən nədir, onun xəstəsi var e...

Saatsaz Hacıyla bu yerə çatanda öz hekayəmi danışdım. Daha doğrusu, köhnə sevgilimin saat hekayəsini. Biz hər dəfə görüşəndə onun qolunda saat olardı, cürbəcür rəngdə saatlar, özü də qalın. Bir gün görüşə saatsız gəlmişdi, qolunu tərsinə çevirəndə cızıq gördüm.

- Saat cızığı deyildi. Özünü doğrayırmış.

- Sağa taxırdı saatı?

- Sevgidən ona fikir verməmişəm. Saatla öz yarasını gizlədirdi. İndi mən ondan sonra saat taxa bilmirəm. Kimdə də saat görəndə elə bilirəm onun altında intihar xətti var.

- Nə oldu bəs? İntihar elədi?

- Yox. Ayrıldıq. Daha doğrusu o ayrıldı.

- Heç olmasa sağdı. Şükür!

- Qol saatına travmam qaldı amma…

Saatsaz Hacı saatların arasında danışırdı. Deyirdi ki, bir vaxtlar böyük bir sərgi keçirilib, yüzdən çox sənətkarın içində o da varmış. Milan şəhərində televiziyaya çəkiblər onu, əl işlərinə baxıb heyran olublar.

Sözünü yarıda kəsib deyir:

- Sən bahalı saat taxsan ürəyin açılar. Vərdiş eləyəndən sonra qolundan çıxarmazsan… Sənə bir şey deyim… - boğazını arıtlayır - Məndə 500-ə yaxın saat var, amma özüm taxmıram.

- Niyə?

- Taxmıram da, nə bilim. Ya da elə saat taxıram ki, qeyri-adi olsun. Sözüm ondadır ki, insan yaxşı saat taxanda əhvalı da yaxşılaşar.

- Yəqin siz xoşbəxt adamsınız. Saatların içindəsiniz. Deyirlər, saatda yaxşı vaxt gedir. Mən bir saat kolleksionerinin evindən reportaj eləmişdim. Adam hüzur içindəydi.

- Adı Ramiz deyildi?

- Hə…

- Tanıyıram onu. Amma o saat dolu evində olmamışam.

- O evə girəndə elə bildim ki, içəridə yağış yağır… Sakitləşdim, dincəldim.

- Saat elədir də... Dincəldir...

- Hacı, o qədər məşhursunuz ki, hətta sizdən film də çəkiblər...

- Hə...

- Orda sizi sanki saatsaz kimi yox, məşhur aktyor kimi göstəriblər. Kostyum, qalstuk taxıb işə gedirsiniz. Bu mənə qəribə gəldi.

- Mən onlara dedim ki, belə eləməyək, sadə geyimdə olum. Amma onlar dedilər, sən elə-belə saatsaz deyilsən, məşhursan. Mənim yetişdirdiyim şagirdlər də var. Amma biri var... fırıldaqdı, camaatı aldadır.

- Yəqin şagirdlikdən çıxarmısınız onu?

- Çoxdan çıxartmışam. Saatsaz gərək xalqı aldatmaya. Ramiz Bayramov adında bir şagirdim var. O, saatın atasıdır. Bax bu şagird başqa məsələ. Gözəl sənətkardı. Sənətkar gərək fırıldağa, pul qazanmağa getməsin. Elə saat var ki, hələ onun sökülməyini öyrənmək lazımdır. Mənim başıma gəlib beləsi. İnternetə girirəm, ordan öyrənirəm. Elə işlərdə olmuşam, elə əziyyətlər çəkmişəm, danışsam dastan olar...

O vaxtlar, hələ Saatsaz Hacı təzə-təzə bu sənət yollarında addımlayarkən dükanın qabağına vurulan “Düzəlməyən saatların təmiri” cümləsinə gülürlərmiş, gəlib-keçən ona lağ eləyirmiş. Hacı da inada düşüb, deyib ki, düzəldə bilmədiyim saat olsa, üstündə 100 dollar verirəm. Bu elanı qəzetlər, televiziya züy tutub, bir anda Hacıya diqqət yaranıb. Əvvəl-əvvəl beş manat, üç manat qazanıb, müştəri çəkib özünə, sonra da sel kimi müştəri axışmağa başlayıb.

- Məşhurların da yolu bura düşdü...

- Məni prezidentin dostu elan elədilər. Allah ondan razı olsun. Mən ölkənin ən məşhur saatsazıyam. Amma görürsünüz, balaca bir yerim var. Daha geniş yerim olsa, nə gözəl olardı. İnanıram, prezident xəbər tutsa, mənə o yeri verəcək. Utanıram deməyə. Amma həqiqətən mənim kimi sənətkara bu boyda yer çox balacadı.

- Hə, darısqaldı. Hətta məşhurlarla şəkillər belə sığışmır.

- Çox məşhur gəlib bura. Fəxrəddin Manafov o gün deyir ki, hər dəfə burdakı şəkillərimizə baxanda deyirəm ki, nə yaman qocalmışam. Bax, Türkiyə prezidenti Abdulla Gül. – şəkli göstərir. – Mənə dedi ki, sizi tanıyorum, saati geriye çeviriyorsunuz... Gəl sənə bir əhvalat danışım.

Saatsaz Hacı Rusiyadaymış, bir xanım dostunun saatı xarab olur, deyir ki, Hacı, gedək bunu düzəltdirək.

- Özümü mağaza müdiri kimi təqdim eləmişdim. O vaxt saatsaz aşağı sənət sayılırdı.

Gəlib çıxıblar saatsaz olan yerə. Qadın saatı göstərib, saatsaz alıb əlinə, deyib bir aydan sonra gəlib götürərsiniz.

- Nə? Bir ay? – Hacı əsəbiləşib. – Burda nə var e? Mən onu 20 dəqiqəyə həll edərəm.

Rus saatsaz mısmırığını sallayıb:

- Düzəldən idin, düzəldərdin.

- “İnstrument”lərim olsa, düzəldərəm.

- Gəl, bura, gəl – saatsaz onun qolundan yapışıb. – Mən sənə “instrument” verəcəm, görüm necə düzəldəcəksən.

Nə başınızı ağrıdım, Hacı girib əlüstü saatı düzəldib uzadıb xanıma. Saatsaz dükanında da növbəymiş. Bunu görənlər Hacını alqışlamağa başlayıblar. Rus saatsaz dərhal məsələdən halı olub:

- Ax, ax... Sən saatsazsan...

- Yox... Mağaza müdiri. – Xanıma dediyi yalanı deyib.

- O vaxt bu qədər məşhur saatsaz olsaydınız, yəqin ki, yalan danışmazdınız.

- Məni hamı tanıyır e... Bax burdakı məşhurlara bax. Məsələn, Siyavuş Aslanov. Mənə kağız da yazmışdı ki, adam göndərirəm, saatımı göndər, özüm bulvardayam. Bax, o Tokay Məmmədov. Koroğlunun heykəlini düzəldən. İndi gəlir, görürəm əlləri əsir. Mübariz Tağıyev heç vaxt bura gəlməyib, amma sən demə saatlarını göndərirmiş. Orda-burda mənim adımı çəkirmiş ki, əla sənətkardı. Bax, Ədalət Şükürov tez-tez yanıma gələnlərdəndi...

- Vəzifəlilərlə də şəkilləriniz var, onlar da gəlib burda saatlarını düzəldiblər.

- Hə... Prezident demişdi ki, Aparatda hamı səndən danışır... Amma bilirsən necədir? Mənə hörmət edən vəzifəlilər çoxdur. Adam da var, bundan istifadə edir. İşi düşəndə deyir ki, sən canın ona denən, mənim filan işimi aşırsın. Mən cəmi bir dəfə ağız açaram. Ondan sonra yox. Amma bezdirənlər olur.

Saatların çıqqıltısı eşidilir. İllərdir Hacının yanında köməkçi işləyən Mehriban xanım da sakitcə, təbəssümlə söhbətimizə qulaq asır.

- Adınız kimi mehribansız deyəsən.

- Mənim adım Brilliant idi. Sonra dəyişdik. Hacı dəyişdi. – deyir gülümsəyərək. Hacının məşhurluğu, vəzifəlilərlə tanışlığı xanımın işinə də yarayıb, mehriban çöhrəsinin təsdiqi kimi adını dəyişib Mehriban eləyib.

Dükana bir qadın girir, təmirə saat gətirib. Bizə mane olmamaq üçün keçib kənarda oturur, deyir, mən Montindən bura gəlmişəm, neçə ildir ustanın müştərisiyəm, ondan başqasına saat göstərmərəm, evlərindəki işləməyən saatları həyata qaytaran da Hacı olub.

- Hacı, - deyirəm. - bir şair dostumuz var.

- Aha... – usta gözündə böyüdücü xanımın gətirdiyi saata baxır.

- O yazmışdı ki, bizim evdə 1 aydır saat doqquzdur.

Qadın gülümsünür.

- Sizi tanısaydı çox güman o misranı yazmazdı, saatı gətirib düzəltdirərdi.

- Əlbəttə, düzəldərdim.

Qadın da təsdiqləyir: “Düzəldər. Sənətkardı...”

Tərsinə işləyən saat asılıb divarda, əqrəb doğru gedir, saniyə əksinə.

- Deyirəm, usta, kaş zamanı da tərsinə döndərə bilərdin, tərsinə işləyən saatlar kimi... O keçmiş sevgilimi də qoymazdım əlini doğramağa. Əksinə saatı sevərək taxardı, yarasını gizlətmək üçün yox.

Qadın gözlərini bərəldir, təəccüblə mənə baxır.

- Onda nə var idi ki... – ustanın səsidir. - Zaman qabağa gedir həmişə.

Qadın “eh” deyib əlini sallayır, gözlərində sual işarəsi mənə baxır. Düşünürəm ki, bu saat Hacı qalxıb mənə qəşəng bir saat verəcək, qoluma taxacaq, mən də baxıb görəcəm ki, orda əqrəblər tərsinə işləyir, zaman geriyə axıb gedir...

# 2001 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #