Zorlanmış qadınlar

Zorlanmış qadınlar
14 sentyabr 2017
# 15:37

Qədim qanunlarda zorlanmaya şəxsiyyətə təcavüz kimi baxırdılar. Hətta Roma qanunlarında da zorlanma fiziki təcavüz kimi xarakterizə olunur, seksual anlam daşımırdı.

Yəhudilərin qədim qanunlarında zorlanmış qadının hətta özü müqəssir hesab oluna, ölüm cəzasına məhkum edilə bilərdi. Ancaq bir şərtlə: əgər zorlandığı vaxt qadın qışqırsaydı, hadisə isə talada, meşədə, kimsəsiz bir yerdə baş versəydi, onda yalnız kişi müqəssir hesab olunub daş-qalaq edilirdi.

Yox, əgər qadına şəhər yerində təcavüz edilsəydi, fəryad etdiyini isə eşidən olmasaydı (belə hesab edilirdi ki, əgər qadın qışqırıbsa şəhərdə mütləq onun səsini eşidən biri olmalıydı), onda bu təcavüz yox, əxlaqsızlıq sayılırdı və təcavüzkara da, onun qurbanına da ölüm hökmü kəsilirdi.

Qadınlara qarşı birmənalı olmayan fikirlər bizləri daha ayıq-sayıq olmağa səsləyir.

Demək olar ki, hər gün zorlanma haqqında xəbərlərə rast gəlirik. Belə xəbərlərdən sonra onsuz da gərilmiş əsəblərimiz bir az da tarıma çəkilir, hətta ətrafımızdan belə çəkinməyə, ehtiyat etməyə başlayırıq. İstər-istəməz psixoloji narahatlıq keçiririk, müqavimət göstərmək üçün mübarizə planları düşünürük.

Məsələn, iş yoldaşlarımdan biri ağır idman növüylə məşğul olurdu və hər gün işdən sonra məşqlərə qaçırdı. Bu zərif qızın belə ağır idmanla məşğul olması mənə qəribə gəlirdi, sonra öyrəndim ki, o, təcavüzkarlardan qorunmaq üçün belə sərt idman növünü seçib.

“Elə olur ki, qaş qaralandan sonra evə dönürəm. Evə çatana qədər stress keçirirəm. Oğlanlar söz atır, arxamca düşüb tanışlıq təklif edirlər. Belə hesab edirlər ki, əgər gənc qız qaş qaralandan sonra hələ küçədədirsə, ona nalayiq təkliflər etmək olar. Bu qızın işdən, ya hansısa tədbirdən gələ biləcəyini düşünəcək qədər intellektual deyillər.”

Əslində qızın söylədikləri mənim üçün yenilik deyil. Mən də qadınam, bu hissləri mən də keçirirəm. Rəfiqəmin tanımadığı insanlara hesabat vermək istəyini də anlayıram. Çörəyini daşdan çıxaran zavallı qızın cəmiyyətə qarşı kiçik mübarizəsinin özülündə toplumdan qorunmaq cəhdi durur. O toplum ki, mühakimə etməyi sevir. O toplum ki, əgər sabah bu qız belə bir olayla üzləşsə, onun üzünə durub deyəcək ki, günahkar özünsən, niyə o saatda qayıdırdın, niyə filan geyimdəydin, niyə başağı gəlmirdin və s.

Belə çıxır, qadın olduğumuz üçün bizim azadlığımız məhdudlaşdırılmalıdır. İnsan hüquqlarının məgər biz qadınlara aidiyyatı yoxdur? Biz insan deyilik? Niyə axı biz lüzumsuz yerə stress yaşamalıyıq? Hansısa təcavüzkara rast gələ biləcəyimizi düşünüb ağır idman növləriylə məşğul olmalıyıq? Qaranlıq küçələrdən qorxaraq keçməliyik? Axı bu travmalar bizə bəzən həyatımız bahasına başa gəlir. Bu travmaları həyatımızdan silmək üçün bəzən bir ömür sərf edirik.

Amma kaş ki, bunu etmək deyildiyi qədər asan olsa.

Digər bir rəfiqəm də belə bir olayla rastlaşıb. Təcavüzkardan son anda qurtula bilib. Amma keçirdiyi stressdən qurtula bilmir. Üç ildir ki, müntəzəm psixiatra gedir, əsəb dərmanları qəbul edir. Yəni təcavüzdən qurtula bilənlər belə bu stressi asanlıqla adlada bilmir.

Və rəfiqəm kimi minlərlə qadın var.

Bəs cinsi zorakılıqla necə mübarizə aparaq? Bəlkə baxışlarımızı dəyişməklə başlayaq? Çünki nə qədər ki, qədim yəhudi qanunlarındakı kimi təcavüzə uğramış qadınları günahkar görməkdə, “asıb-kəsməkdə” davam edəcəyik, cinsi təcavüzlərin sayı azalmayacaq.

Zorlanan qadınların çoxu el-oba qınağından çəkinib şikayət etmir, müqəssiri ələ vermir, bu da təcavüzkarlara qol-qanad verir. El içində bir söz var: “Dana göz eləməsə, buğa sıçramaz”. Belə bir atalar sözünün bol-bol işləndiyi bir mühitdə zorlanmış qadına nə dərəcədə anlayış göstərərlər?

Adətən təcavüzə məruz qalan qadınlar cəmiyyətdən təcrid olunur, qapalı həyat sürürlər. Əslində biz onları təcrid edirik. Bizim bitməyən mühakimələrimiz, lüzumsuz və gecikmiş məsləhətlərimiz, qınayıcı baxışlarımız və s. Çox vaxt bu qadınlar mühakimələrdən xilas olmaq üçün yaşadığı ərazini, iş yerlərini və s. dəyişirlər. Amma çox vaxt bu da kömək etmir. Çünki zorlanan qadın özünü onsuz da qismən günahkar hiss edir və bu hiss onu illər boyu təqib edir.

Əgər bu qadın emosionaldırsa, yaşadıqlarını unutmaq daha çətin olur. Özünü yarımadam-yarımqadın hesab edir, qadınlıq hissindən məhrum olduğunu düşünür, özünü robot kimi hiss edir, qarşı cinslə əlaqə qurmaqda çətinlik çəkir.

Bir qadın danışırdı ki, ərimi özümə yaxın buraxa bilmirdim, mənə toxunduqca öz-özümə deyirdim ki, bax bu hərəkəti məni zorlayan adam da edirdi, bax bu jest də onu xatırladır...

Və ərimlə intim həyat dözülməz həddə çatırdı...

Sonra mən frigid olduğumu bəhanə edib onu uzaqlaşdırırdım...

Həmin qadın 25 kilo kökəlmişdi, elə bil bədəni seksə qarşı müqavimət göstərirdi.

Zorlanan qadınların tarixçələri bəşəriyyətin üzqarasıdır. Belə çıxır, bəşəriyyətin indiyə kimi yaratdıqlarının bir mənası yoxdur. Bir qadının yaşadıqlarının yanında bütün bəşəri dəyərlər puç və yalandır.

Əgər bir qadın ağlayırsa, onunla birgə bütün bəşəriyyət ağlayır...

# 4275 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #