Qızları fırladıb-atmaqdan həzz alanlar

Qızları fırladıb-atmaqdan həzz alanlar
5 sentyabr 2017
# 09:53

Bəzi gənc oğlanların fəxrlə işlətdikləri və xüsusilə həzz aldıqları ifadələr var.

Bu qeyri-etik ifadələr həmin insanın mahiyyətini də açıqlayır.

Məsələn, “filan qızı fırlatdım, atdım”. Özü də həmin gənc bu sözləri xüsusi şəstlə deyir, elə bil həqiqətən dəyərli bir iş görüb.

Səhv etmirəmsə, “fırlatmaq” gənclərin jarqonunda “vaxt keçirmək”, “istifadə etmək” mənasındadır. Yəni bir qızı aldatdım, evlənəcəyimizə söz verib atdım. Bir qızla vaxt keçirdim, sonra isə bir kənara atdım.

Amma düşünmürlər ki, bu qız da sabah kiminsə həyat yoldaşı, uşaqlarının anası olacaq.

Və “filan qızı fırladıb atdım” deyən oğlan bəlkə də sabah özü bilmədən kiminsə “fırladıb atdığı” qızla ailə quracaq. Axı eyni mühitdə yaşayırıq. İstər-istəməz maraqlarımız, baxışlarımız toqquşur və nəinki maraqlarımız, baxışlarımız, elə biz özümüz də hansısa körpülərdə üz-üzə gəlirik.

Əgər özümüzə hörmət tələb ediriksə, bu hörməti başqalarına da göstərməliyik. Özümüz üçün təmiz ailə arzulayırıqsa, onda özgəsinin ailəsinə də ləkə vurmayaq, çünki o ailədən çıxan qız gələcəkdə kiminsə, bəlkə elə sizin doğmanızın, bəlkə də elə öz ailənizin bir üzvü ola bilər.

Belə bir ifadə “müəllifinə” xüsusilə həzz verir: “Mən ata-anamın seçdiyi qızla evlənəcəyəm”.

Ata-ananın seçdiyi qız da aydan gəlməyib, o da bizim cəmiyyətin bir fərdidir. Təbii ki, onun da kiməsə qarşı duyğuları olub, çünki “ata-ananın seçdiyi qız” hissiyyatsız robot olmur ki. O da insandır, qadındır, yaşıdlarının yaşantıları onun üçün də keçərlidir.

Yəni “ata-ananın seçdiyi” qız da “kiminsə fırladıb atdığı” sevgilisi ola bilər.

Bir də görürsən, sosial şəbəkələrdə cavan oğlanlar tanış qızları təsvir edirlər: “Makiyajı belə idi, ayaqları əyri idi, gözləri çəp idi”.

Yad adamların içində bir qadını müzakirə etmək nə dərəcədə etikdir? Axı o qadındır! Belə fikirlər yürüdən gəncin sabah öz həyat yoldaşına qarşı tələbləri nə olacaq? Necə davranacaq? Öz qadınının mənfi cəhətlərini də müzakirəyə çıxaracaqmı? Yəni qadınlar haqqında mənfi rəyə malik gəncin sabah quracağı ailəyə münasibəti mənim üçün maraqlıdır. Bu münasibətdən o gəncin gələcəyi asılıdır.

Çünki uzaq və qeyri-müəyyən gələcəyimizdə bizə ən yaxın və ən konkret görünən nəsnə - ailəmizdir.

Bəzən belə olur; hər hansı bir gənc “ata-ananın seçdiyi” qız ilə evlənir, onu evin bir küncünə həbs edir, özü isə nikahdan əvvəlki münasibətlərini davam etdirir. Söz düşəndə də deyir ki, hər birinin öz yeri var: arvadın da, məşuqənin də.

Amma “sandıqda saxlanan qadının” nələrə qadir ola biləcəyini nəzərə almırlar. Belə bir nağıl vardı; bir kişi hər gün arvadını sandığa kilidləyib gedir, qadın isə nə hünər edirmişsə sandıqdan çıxıb öz bildiyini edirmiş.

Belə nağıla oxşar gerçək olaylar real həyatımızda kifayət qədərdir.

Yaxud cavan oğlanların keçmiş sevgililəri barədə işlətməkdən həzz aldıqları başqa qeyri-etik ifadələr var. Elə ifadələr ki, olayları çılpaqlığı ilə sərgiləyir. Əslində ifadə müəllifinin məqsədi də elə budur.

Görəsən o, bu ifadələrdən nə həzz alır?

# 1727 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #