Cəmilə, nə olar, icazə ver, əlimi əlinə vurum – Murad Köhnəqala yazır...

Kulis.az Murad Köhnəqalanın “Ölü arxamca gəlirdi” hekayəsini təqdim edir.

 

Sizi bilmirəm, mən uşaq olan vaxtları bizim kənddə adam öləndə molla-zad olmazdı, cənazəni qəbristanlığa qəmli musiqinin müşayiəti ilə aparardılar. Adətən, klarnetçi və ona züy tutan qarmonçu camaatın qarşısında gedərək qaboyçu Kamil Cəlilovun çaldığı qəmli bir havanı ifa eləyərdi. Klarnetin səsi kəndimizin üzərinə bir yas pərdəsi çəkərdi. Qəbristanlığa tərəf yeriyən kənd əhlinin arasında ölənin doğmaları ağlaşa-ağlaşa gedərdi. Belə mənzərələrdən qorxsam da maraq məni boğar, pəncərənin pərdəsini aralayıb yola baxan böyük bacımın yanında izdihama nəzər salmaqdan özümü saxlaya bilməzdim. Çiyinlərdə gedən cənazəni görən kimi məni mifik bir vahimə basardı.

 

O vaxtın adamları yalnız  qocalıb ölərdi. Bir gəncin ölməsi çox nadir hallarda baş verərdi. Bəzən subay ölən gəncin cənazəsi önündə anası, bacısı havalı kimi qol götürüb qəmli musiqiyə oynayardılar da. Yəni, toyunda oynamaq fürsətini əllərindən aldığına görə, tanrının acığına yasında oynayırdılar. Bu ayinə, “filankəs tərs oynadı” deyərdilər. Düzdü, mən bu ayini görməmişdim, ancaq dəfələrlə eşitmişdim ki, filankəsin dəfnində anası tərs oynayıb.

 

Mən nəinki yas yerlərinə gedər, hətta o həndəvərlərə yaxınlaşa bilmirdim. Çünki qadınların xorla ağlaşmasından ətim ürpəşir, tüküm biz-biz olardı. Nə vaxtsa  məcburən qəbristanlığın yanı ilə keçəsi olsaydım qorxudan qəbirlərə tərəf baxmazdım.

 

Nə vaxtsa cənazə aparılan küçədə qaranlıq vaxtı gəzməyə ürək eləməzdim. Bu vahimə bəzən aylarla davam edərdi. Hətta gündüzlər məktəbə gedərkən yas yeri olmuş evin yanından keçəndə belə, ürpənərdim. Bağımızın qaranlıq tərəfində yerləşən tualetə gecələr təkcə gedə bilmirdim. Böyük qardaşım bu xəstəliyimi bildiyinə görə mənimlə həmişə məzələnərdi. Mən gecə həyətə çıxan kimi kənddə son zamanlar ölmüş adamların adını arxamca çəkib məni qorxudardı:

 

“Ayə, qaç, Məsim kişi gəlir!”

 

Belə hallarda mənə elə gəlirdi, doğrudan da  bir qoca kişinin meyiti arxamca çataçatdı. Düzdü, bilirdim ki, ölən adam yeriyə bilməz, basdırılan adam geri gələ bilməz, ancaq yenə də vahimədən bağrım yarılırdı.   

 

Belə vaxtların birində, evləri bizdən iki ev aralı olan dayımgilə getmişdim. Dayım təzə nərd almışdı. Mən onlara gedib dayım uşaqları ilə dalaşa-dalaşa nərd oynamağı öyrənirdim. Dayımoğlu Famillə eyni, 7-ci sinifdə oxuyurduq.

 

Başımız qalmaqallı nərdə o qədər qarışdı ki, bir də baxdım, qaranlıq düşüb. Vay-vay-vay, bəs mən evə necə gedəcəm? Düşündüm ki, gecələr vahimələndiyimi Famil bilsə sabah bütün sinfə yayacaq. Ona görə, heç nə olmamış kimi, bizdən iki yaş kiçik olan dayıoğlum Nazimə dedim, gedək məni qapıdan ötür. Nazim durub mənimlə küçə  qapısının ağzına qədər gəldi. Mən maraqlı söhbət eləyib başını qataraq onu öz evimizə qədər aparmalı idim.

 

Nazim üçün maraqlı olan mövzudan, yəni qız istəməkdən danışa-danışa küçəyə çıxıb evimizə tərəf yön aldım. Mənimlə eyni sinifdə oxuyan Cəmiləni sevməyimdən basıb-bağladıqca Nazimin marağını çəkirdim. Biz artıq birinci evin yanından ötəndə Cəmiləyə sevgi məktubu göndərdiyimi ona söyləyirdim. Nazim dərhal maraqla soruşdu: “Bəs məktubu kiminlə göndərdin?”

 

Bildim ki, dayıoğlum sevdiyi qıza məktub göndərmək üçün təcrübə toplamaq istəyir. Dedim, məktubu yazıb Cəmilənin xalası qızı Elnarəyə verdim. Nazimi işıqlı bir maraq bürüdü:

 

“Bəs qorxmursan, birdən Elnarə məktubu açıb oxuyar?”

 

Dedim, oxusun daa, onsuz da onlar mənim məktubumu birgə oxuyurlar.

 

Nazim hər şeyi ətraflı bilmək istəyirdi:

 

“Sən canın, məktubda nə yazmışdın?”

 

Dedim, neynirsən nə yazmışdım, nəsə yazmışdım daa.

 

Nazim əl çəkmirdi:

 

“Sən canın nə yazmışdın, qağamın canıyçün heç kimə demərəm, de görüm nə yazmışdın?”

 

Dedim, yazmışam ki, Cəmilə, mən səni sevirəm, nə olar, icazə ver sabah sinifdə əlimi sənin əlinə vurum. Altından da iki dənə də yaxınlaşan qırmızı ürək şəkli çəkmişəm.

 

Nazimi təzədən maraq bürüdü:

 

“Uy daa! Bəs sabah nə oldu, sən canın, əlini vura bildinmi?”

 

Artıq ikinci evi keçib bizim evə tərəf yaxınlaşırdıq. Dedim, hə. Nazim səbirsizliklə soruşdu:

 

“Necə elədin, necə?”

 

Dedim, tənəffüsdə ondan “Cəbr” kitabını istədim, o da dərhal çantasından çıxarıb mənə uzatdı, mən də götürəndə kitabın altından əlimi əlinə vurdum, bir xeyli belə qaldıq.

 

Nazim yenə soruşdu:

 

“Bəs birinci əlini kim çəkdi?”

 

Dedim, o çəkdi.

 

Artıq gəlib bizim çöl qapımızın ağzında dayanmışdıq. Nazim məni yenə suala tuturdu:

 

“Demək, qız razıdı, həə, sənə? Əlindən tutanda utanırdı, neynirdi? Özün necə olurdun, nətəri oldu, mən ölüm, danış daa bir az!”

 

Dedim, hə, ikimiz də özümüzü itirmişdik.

 

Artıq mən evə çatdığıma görə Nazimə dedim, ta gecdi, sən qayıt, evdəkilər narahat olar, qalanını sonra danışaram. Nazim qayıdıb mənə nə desə yaxşıdı?

 

“Sən nə danışırsan, tək evə qayıdamı bilərəm? Qadan alım, məni geri, evimizə qədər ötür”.

 

Gülüb dedim, a tanrısız, mən səndən də betərəm, bəs, səni bunun üçün çağırmışdım daa.

 

İkimiz də xeyli güldük. Bir az fikirləşib dedim, onda gəl, belə eləyək, səni yarı yola qədər ötürüm, sonra hərə öz tərəfinə qaça-qaça getsin. Nazim dedi, hə, belə yaxşı olar, həm də evə çatana qədər bir-birimizi çağırıb səs eləyərik, yaxşımı.

 

Biz birgə qayıdıb təxminən yolun yarısına çatdıq. Sonra dərindən nəfəs alıb qorxa-qorxa:

 

“Davay, qaçdıq!”- deyərək, hərəmiz öz evimizə tərəf götürüldük. Qaranlıqda yalnız ayaqlarımızın şappıltısı eşidilirdi. Bir az aralanmışdıq ki, Nazim qışqırdı:

 

“Ay Murad, ordasanmı?”

 

Mən qaça-qaça onun bu səsindən xeyli ürəkləndim. Əvəzində onu ürəkləndirmək üçün:

 

“Ay Nazim, qorxma, burdayam!” deyə, qışqırdım.

 

Bir az keçməmiş Nazim yenə səsləndi:

 

“Ayə, mən çatdım evə!”

 

Onun səsi qaranlıqda işıq saçırdı. Mən qapıdan girməmiş ona tərəf qışqırdım:

 

“Mən də çatdım, ay Nazim, gecən xeyirə qalsın!”

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018