Berqmanın avtobioqrafik filmi hansı imiş?

Kulis.az Samirə Əşrəfin “İnqmar Berqmanın özü ilə üz-üzə qalan qəhrəmanı...” essesini təqdim edir.

 

İsveçli rejissor İnqmar Berqman uşaqlıq ağrılarına, zədələrinə dərindən bağlı qalan, onları sənət əsəri üçün xammala çevirən rejissor kimi tanınır. Elə bu səbəbdəndir ki, bir çox kino tənqidçiləri Andrey Tarkovskinin “Güzgü”, Federiko Fellininin “Səkkiz yarım” və İnqmar Bergmanın “Çiyələk talası” filmlərini uşaqlıq xatirələri üzərindən çəkilmiş ən yaxşı filmlər hesab edirlər. İnqmar Berqmanın digər həmkarlarından fərqi öz uşaqlıq illərini, atasının despotizmi nəticəsində anasında yaranan get-gəlli soyuqluğu, ailədə baş verən ard-arda intihar təşəbbüslərini, baş götürüb qaçmaları öz filmlərində davamlı olaraq göstərməsidir. Berqman bu barədə öz gündəliyində həddindən artıq səmimidir. O, hətta uşaqlıq və yeniyetməlik illərində atasına, qardaşına, bacısına olan nifrətini, anasına qarşı aşırı dərəcədə baş qaldıran sevgisini də qələmə almağı bacarıb.

 

“Çiyələk talası”, “Pıçıltılar və qışqırıqlar”, “Fanni və Aleksandr”, “Payız sonatası”, “Üz-üzə” və.s. filmlərində Berqmanlar ailəsinin və onların üzvlərinin aktyorlar tərəfindən təqdim olunmuş obrazları ilə tanış ola bilərik. Bu filmlərin hamısında müxtəlif obrazlarda Berqmanın özü də tez-tez nəzərə çarpır, gözə dəyir.

 

Bu baxımdan rejissorun “Üz-üzə” filmini bir çox cəhətlərinə görə bioqrafik film hesab etmək olar.

 

Film 1976-cı ildə lentə alınıb. Rejissor filmin ssenarisində dəfələrlə dəyişiklik etsə də sonuncu çəkilən versiyanın üstündə dayanmağa üstünlük verib. Amma çəkilişlərin üzərindən bir neçə il keçəndən sonra rejissor filmi bəyənməyərək onu istədiyi kimi təqdim edə bilməməsini özünə bağışlamayıb. Bunun üçün ədəbi təcrübənin azlığından şikayətlənən Berqman filmi yarıtmaz halda ortalığa çıxardığı üçün özünü axmaq adlandırıb.

 

Qısa bir xatırlatmanı qeyd edim; bu filmin çəkilməsindən on il sonra Andrey Tarkovski də müəyyən oxşarlıqlarla sonuncu “Qurbanvermə” filmini lentə alıb. Həmin filmdə baba və nəvə, elm adamının olması, onun xüsusən də havalı kimi gəzib dolaşması, evlərin quruluşu, hətta rənglərin oxşarlığı belə Tarkovskinin “Üz-üzə” filmindən təsirlənməsi faktını aşkar edir.

 

Berqmanın qəhrəmanı Yenni İsaksson ruhi xəstəxanada psixiatr işləyir. Onun həyat yoldaşı və bir qızı var. Həyat yoldaşı işlə bağlı bir neçə aylıq başqa ölkəyə getməli olur. Yenni isə müvəqqəti olaraq uşaqlıqda böyüdüyü evə nənə və babasının yanına köçür.

 

O, elə pilləkəndəcə başında qara örtük olan qara paltarlı qadınla rastaşır. Naməlum qadının ilk kadrlardan matəm geyimində görünməsi ölümü simvolizə edərək, filmdə baş verəcək əhvalatlar barədə ilkin mesajları ötürür. Yenni uşaqlığını keçirdiyi evə çatdıqda nənəsi onun gəlişinə çox sevinir. Baba isə ağır xəstədir.

 

Похожее изображение

 

Lakin, elə ilk gündən Yennin psixoloji vəziyyətində narahatlıqlar başlanır. O, gecə qorxulu yuxular görür, pilləkəndə rastlaşdığı qadının xəyalı tez-tez onun gözünə görünür.

 

Yenninin xəstəxanada da işləri qaydasında olmur. Onun xəstəsi Mariyanı qaçıraraq Yenninin istifadə olunmayan evinə aparıb zorlayırlar. Yenni başına gələ biləcək istənilən qorxulu hadisəni nəzərə alaraq Mariyanı xilas etmək üçün evə gedir. Lakin, elə ilk həmlədə Mariyanı zorlayan adam onu zorlamaq istəyir. Digər kişi isə Yenninin çantasındakı pulları götürüb gedir. Baş verən hadisə Yennini sarsıtsa da, o, dərhal telefona tərəf qaçıb xəstəxanaya zəng vurur.

 

Ard-arda yaşadığı mənəvi böhranların, zədələnmələrin gətirdiyi psixoloji sarsıntılar Yennini intihara sürükləyir.

 

Filmdəki qara paltarlı, bir gözü şüşə olan qadın elə rejissorun öz keçmişindən yadigar qalan obrazdı. Berqman gündəliyində yazırdı: “1934-cü ildə ailəm məni altı həftəlik Almaniyaya göndərdi.  Ailə tanışlarının evində bir neçə gün qonaq oldum. Ordan qayıtdıqdan bir müddət sonra ailənin qızı Klara mənə uzun bir məktub yazdı. Klara məktubunda öz taleyindən, ağrılarından, xəstəliyindən (bir gözü şüşə olur) gileylənirdi. O, son olaraq bunları yazmışdı “Məktubu sənə yazarkən ağlayıram. Şüşə gözüm də ağlayır…”

 

Fikir versək, görərik ki, şüşə gözlü Klaranın xatirəsi xəfif bir sıçrayışla Berqman tərzinə xas formada 1976-cı ildə “Üz-üzə” filmində özünə yer edir. Amma şüşəgözlü qadının bu filmdə yaşlı obrazda verilməsi uzun illərdən sonra Klaranın da artıq yaşlanmasına, həm də xatirələrin saralmasına işarədir. İlk kadrlardan şüşə gözlü qadın dəhşətli, qorxulu formada nəzərə çarpsa da sonda Yennini ölümün ağuşundan xilas edən obraza çevrilir.

 

Valideynlərinin ölümündən sonra nənəsinin sərt qaydaları ilə böyüməyə məcbur olan Yenni qaydalara əməl etməyəndə nənəsi tərəfindən şifonerə salınırmış. Nəvazişdən uzaq, qatı intizamla böyüyən Yenniyə yenidən həmin evə qayıtmaq və yaşamaq əzab verir.

 

 

Yuxu ilə həyat arasındakı qarabasmalar, çarpışmalar intihara cəhddən sonra da davam edir.

 

Rejissor xüsusən də “Pıçıltı və qışqırıq”, “Persona”, “Payız sonatası”, “Səssizlik” filmlərində qaldırdığı ailə dramlarından yaranan insan münasibətlərindəki problemləri bu filmdə də qabardırır. O, insan xarakterində baş qaldıran sevgini, nifrəti, psixoloji situasiyaları hissələrə bölüb təhlil edərək tamaşaçıya göstərir.

 

Berqman Yennin yuxuları vasitəsi ilə həm də həyatda baş vermiş hadisələr arasında əlaqələr yaradır. Gündəlik həyatda yaşananlar insanın şüuraltına hoparaq ordan da yuxu dünyasına keçid edir. Eləcə də yuxugörmənin bir müddət sonra real həyatda çin olması, həqiqətə çevrilməsi istər yuxu dünyasının, istərsə də fiziki olaraq yaşadığımız dünyanın paralel inkişafından və davamlı olmasından xəbər verir.

 

Bütün filmlərində olduğu kimi Berqman bu filmdə də öz üslubunun qeyri-adiliyini Yenninin yuxuları vasitəsi ilə təqdim edir. İntihara cəhddən sonra yenicə tanış olduğu həmkarı Tomas onu xəstəxanaya çatdırır. Yenni isə yuxular, bəlkə də nağıllar aləmindədir. Hətta əynindəki qırmızı plaş və başındakı qızılı saplarla işləməli qırmızı papaq “Qırmızı papaq” nağılı ilə də assosiasiya yaradır. Yenni qırmızı papaq kimi nənəsinin evinə gəlir, lakin, nənəni canavar yeməyib, nənə sanki, uşaqlıq illərindən onun yaddaşında canavar obrazı kimi qalıb. Hətta filmin sonlarına yaxın Yenni Tomasa uşaq vaxtı anasının atasını acılamasından zövq alan nənəsinin simasını insan siması kimi yox, nəsə bədheybət və dəhşətli formada təsvir edir. Yuxuda da nənə qorxulu nağıl oxuyur. Yenni bu nağıldan ürpənib digər otağa qaçır.

 

Yuxu davam edir. Növbəti otaqda qadın ölmüş ata və anası ilə rastlaşır. Valideynləri ondan qorxurlar yaxınlaşmaq istəmirlər. Bu həm də o dünyaya gedənlərin artıq o dünyanın yaxşı yer olmadığına, sonsuzluqdan sakitlikdən ibarət olmasına və qızlarının intihar cəhdinə olan təəccüblərindən əmələ gəlir. Yuxuda belə valideynlərinin onu tərk etdiyini görən Yenni ağlayanda onlar qapını açırlar, amma bu dəfə Yenni onları döyərək qovur. Çünki doqquz yaşında onların avtobus qəzasında həlak olmasını, özünün tək və travmalı həyat şərtləri ilə böyüməsini şüuraltı da olsa valideynlərinə bağışlamır.

 

Daha sonra otaqda gözləyən xəstələr və onların öz dərdlərini müxtəlif vasitələrlə izah etməsi rejissor tərəfindən sürreal üslubda təqdim olunur. Bir qadın öz xəstəliyini ağzından çıxan şparqalka formalı kağızda yazılanlarla bildirir. Digər xəstənin ruh vəziyyəti onun üz dərisinin soyulub altdakı yaralı dərinin görünməsi ilə nəzərə çarpır. Yenni onun üzünün dərisini soymaqla sanki qadının üzündəki maskanı dartıb çıxarır. Altdakı yaralı üz həm də obrazın daxili dünyasının necə olmasından xəbər verir. Rejissor bu kadrlarla ətrafımızda nə qədər üzü, qəlbi yaralı insanların olmasına işarə edir. Həmin daxili aləmin yaralarını, ağrılarını gizlətmək üçün böyük çoxluq gündəlik və müvafiq maskalardan istifadə edir.

 

Xəstələr olan otaqda Yeninin qızını görməsi və onun anasından qaçarcasına, sürətlə uzaqlaşması ananın, ailəsi, əri və qızı ilə bağlarının qopmasına işarədi.

 

Sonuncu yuxuda Yenni özünün uzandığı tabuta yaxınlaşır. Əsil üzləşmə, filmin mövzusunun mahiyyəti məhz həmin kadrlarda qabardılır. O, öz nəşinə sevgiylə yanaşır, onun əlindən sürüşüb düşmüş güllərini səliqəyə salır, daha sonra isə qapının yanına çəkilib tabutun qapağının mismarlanmasına və özünün qışqırıqlarına qulaq asır. Yenni bu qışqırtıdan və daxilindəki ikiləşməni yaradan özündən xilas olmaq üçün tabuta od vurub yandırır. Beləliklə də o, mənfiliklərlə dolu olan, nifrətlə əhatələnmiş digər Yennini öz əli ilə odlayıb ondan xilas olur.

 

Картинки по запросу Лицом к лицу (фильм, 1976)

 

Filmdəki Tomas obrazı Yeninin ağrılarını hiss edən, ona kömək etməyə çalışan dost kimi təqdim olunur. Yenni ilk əsəb tutmalarına Tomasın evində yaxalanır. Bundan sonra Tomas sanki onun yuxularının və mənəvi dünyasının bələdçisi kimi təqdim olunur. Onun gey olması, həmkarı Stromberqi sevməsi tamaşaçıda ilk anda təəccüb doğursa da, lazımi traktovkadır. Berqmanın Toması bu cür təqdim etməsi onun Yenni ilə arasında hələlik heç bir sevgi münasibətinin olmamasına xidmət edir. Çünki, Tomas bir il əvvəl onu tərk edən kişini hələ də unutmur. Hətta bu səbəbdən ölkəni tərk də edir. 

 

Yenninin durumunda olan qadın üçün əlbəttə ki, güclü cinsin sevgisi gərəklidir. Amma Berqmanın məqsədi tamam başqa və bəşəri istiqamətdədir. O, burada qadının sevgidən güc alaraq ayağa qalxmasını, həyatına sevgi ilə davam etməsini, daha sonra isə gec-tez bu sevginin tənəzzülə uğramasını və bunun da yeni sevgi axtarışlarına yol açmasını yox, insanın özünü dərk edərək, həyatda baş verən bütün uğursuzluqlara qalib gəlməsini göstərməyin, insanları məhz bu yöndə həyata adaptasiya olunmasının tərəfdarıdır. Rejissor filmdə də bu faktı vurğulamağa cəhd edir ki, yaşamaq, mübarizə aparmaq üçün insan birinci öz köməyindən istifadə etməlidir. Berqman həm də insanın qüdrətli bir varlıq olmasını və mübarizə əzminin güclü olmasını da bu nüansla vurğulayır. Məhz bu səbəbdən də Tomas bu filmdə geydir, o, Yenniyə öz dostluğunu təklif edə bilər. Əslində Yenniyə də sevgidən çox dostluq, insani sevgi, kömək lazım olur.

 

Həyatın elə məqamları olur ki, sevgili rolunu ifa edən kəs tam anlamıyla insana mənəvi dünyasında baş verən zəlzələlərin dağıntıları altından çıxmağa kömək etmir. Çünki qarşılıqlı sevgi zamanı insanların bir-birlərindən gözləntiləri çox olur. Bir-birlərinə verdiklərinin qarşılığını və əvəzini almağa çalışırlar. Sevən şəxslərdən biri ağır vəziyyətə düşdükdə, xüsusən də bu durum şəxsin öz ruh aləmi, daxili dünyası ilə bağlı olduqda digər tərəf dərin məyusluq yaşayır. Heç bir sevgili havalanmış və ruh pozğunluğuna aparıb çıxaran, intihar təşəbbüsünə meyl edən insanla  birlikdə yaşamaqdan, onunla həyata davam etməkdən rahatlıq duymaz. Mütləq şəkildə həmin sarsıntıdan sonra sağlam düşüncəyə sahib olan tərəfdə soyuqlaşma, yadlaşma faktoru baş qaldırır. Qeyd etdiyim kimi bu məhz sevən şəxslərin bir-birlərinə olan gözləntilərinin puça çıxması, məhv olması ilə bağlıdır.

Beləliklə Bergman da bu filmdə qəhrəmanına sevgilinin lazım olmadığını hiss edir.

 

Картинки по запросу Лицом к лицу (фильм, 1976)

 

Yenninin qızı ilə görüş səhnəsi çox təsirli idi. Qızının yanına gələndə o bütün kənar duyğularından arınmış anaya çevrilir. Lakin, özündə baş verən proseslər nisbətən yumşaq və qapalı formada qızının mənəviyyatına da köçür. Qızı anasının ona qarşı olan soyuqluğundan şikayətlənir. Və bu soyuqluğu, sevgisizliyi anasının onu düşünmədən intihara təşəbbüsü ilə əlaqələndirərək anasının sevgi nəvazişindən imtina edir. Burada Yenni zaman-zaman öz əkdiklərini də biçməli olur. Vaxtilə qızının böyük adamlar kimi ağlamasından əsəbiləşib onu boğmasını, ondan zəhləsi getdiyini Tomasa etiraf etsə də, qızına etiraf edə bilmir. Lakin, qızı baş verənlərin fərqindədir. Və o, anasının ona olan sevgisizliyinə anasına ən lazım olduğu məqamda onu tərk edib getməklə cavab verir.

 

Filmin sonunda Yenni xəstəxanadan çıxıb evə gəlir. Nənəsi onu görməsinə sevinir, o, da artıq nənəsini uşaqlıqda ona yaşatdığı qorxulara görə bağışlayıb. Yenni artıq öz həyatı və yaşantıları ilə barışıb. Keçirdiyi mənəvi zəlzələlər onu yorsa da zəif salmayıb, əksinə gücləndirib. Bu səbəbdən də o, insanlarla, hətta onun  keçmişində ağır izlər qoyan nənəsi ilə də barışıq vəziyyətdədir.

 

Əslində nənə bu filmdə vasitədir. Berqman nənə obrazını filmə daxil etməklə Yenninin daxilində baş qaldıran insan sevgisinin içərisinə nifrəti əlavə edir. Nənəsinin ona qarşı tətbiq etdiyi ağır qaydalardan yaranan travmalar nəticəsində Yenni həm müsbət, həm də mənfi xarakterin daşıyıcısıdır. Nifrəti və ya sevgini seçməyi isə rejissor qəhrəmanın öz ixtiyarına buraxır. Yenni isə daxilində ikiləşmiş tarazlığı pozur. O, daxilində gedən katarsislərdən bütün gücü ilə sıyrılıb, ayağa qalxır. Ətrafındakı bütün insanların onu tərk etməsinə baxmayaraq nənə və babasının yanına qayıdaraq nifrəti yox, sevgini seçir. Filmin sonunda Yenni nənəsinin iflic olmuş babasına qayğı və məhəbbətini görəndə mütəəssir olur. O, birdən-birə nənəsinin daxilindəki insani sevginin şahidi olur. Bu sevgi onun həyatına qaldığı yerdən başlamasına, özünü həyata adaptasiya etməsinə güc verir.

 

Rejissor insan həyatında nə baş verir, versin insanın bağışlamağı bacaran, hətta daxili yapısıyla buna məhkum olan varlıq olması fikrini tamaşaçıya çatdırır. Berqman bütün hallarda nifrətin, onun gətirəcəyi əsəbin, hikkənin və düşmənçiliyin əleyhinə olan dahi sənətkar olmasını bu filmdə böyük ustalıqla göstərir. Və bu göstəriş onun dahiliyini sübuta yetirir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017