Atamın xəyanətini anama deməyim AYXAN AYVAZ YAZIR

 

Uşaq vaxtı anama daha çox bağlı olmuşam. Atamla elə də aram yox idi, həm də açığı bir az da qorxurdum ondan. Hərdən çığırıb-bağırmağı, anama xox gəlməyi məni qorxudurdu. Anamı vurmaq istəyəndə qabağına keçmişdim bir dəfə, gözlərini ağartmışdı mənə. Onda dizlərini qucaqlamışdım anamın.

 

Sevirdim anamı. Bu uşaq sevgisi deyildi. Həyatımda gördüyüm ilk qadın idi anam və mən hər dəfə ona vurulurdum. Halbuki anam mənim dünyaya gəlməyimi istəməyib. Mənə hamilə olanda gizli saxlayıbmış, üstü açılanda da atamla davası düşüb, gedib dədəsi evinə. Boşanmaq istəyib, amma o vaxt bir kənd qadınının bu cür inqilabı bağışlanmazdı. Ər evi gor evidir axı. Anam abort masasında atamın qəzəbli baxışlarını və “səni öldürəcəm” təhdidini xatırlayıb üzüsulu qayıtmışdı.

 

Mən doğulanda isə ən sevimli uşağı oldum, belinə şələləyib gəzdirirdi. Ayrıla bilmirdim ondan. Arvadlar deyirdilər ki, bu yekə oğlan olub, hələ də anasının südündən ayrıla bilmir. Axırı döşünü öz şalı ilə boğub anam, o gündən süd üzünə həsrət qalmışam. Amma anamın yanından da ayrıla bilmirdim. İçimdə atama nifrət oyanmışdı. Axı gecələr bu qadın onun yanına gedirdi. Hərdən aralarına girməyə cəhd eləsəm də uşaq başımı aldadıb öz otağıma göndərirdilər. Mənim isə içim içimi yeyirdi. Atama hirslənirdim, deyinirdim öz-özümə, ağlayırdım. Anamı sevirdim və bu kişiyə onu qısqanırdım.

 

Mən bu qadına aşiq olmuşdum, bir rəsm əsərinə baxan kimi baxırdım ona. Atam isə bu rəsm əsərinə həmişə kölgə kimi düşürdü və qarabaqara izləyirdi məni. Sonra bu rəsm əsəri yuxularıma daşınırdı, hövlnak oyanıb qışqırırdım. Səsimə ilk anam yetişirdi, məni köksünə sıxıb əzizləyirdi.

 

Atamın gündəliyi vardı, hər gün nəsə yazırdı. Maraq məni götürmüşdü: əcəba, o gündəlikdə nələr yazılıb? Məktəbdə oxuyurdum, hər dəfə gizlicə gəlib o gündəliyi oxuyurdum. Bir gün gündəliyin ən dəhşətli yerinə gəlib çıxdım. Atam başqa bir qadınla... Özü də yerli-yataqlı yazmışdı hamısını. Əsl yazıçı kimi. Utandığımdan gündəliyi tez yerinə qoydum.

 

Məni fikir götürmüşdü. Orda yazılanlar həqiqətdi, ya uydurma? Anam onu görsə nə edərdi? Yəqin ki, üzünə baxmazdı atamın, çıxıb gedərdi.

 

Ağlıma şeytanlıq gəldi. Gündəliyin o yerini açıb masanın üstünə qoydum. Anam bir dəfə, iki dəfə, üç dəfə masanın yanından keçdi, görmədi.

 

- Mən çay istəyirəm. – dedim. – Şirin çay.

 

Dinməz-söyləməz çayı masaya qoyanda gündəlik gözünə sataşdı, əlinə aldı, yerinə qoymaq istədi deyəsən, sonra birdən dayandı.

 

Get-gedə gözləri böyüməyə başladı. Plan baş tutmuşdu, axşama konsert var idi.

 

Mən onların axşamkı söhbətini qapı arxasından dinlədim. Qulağıma “xəyanət” sözü dəydi, baş açmadım ki, bu nə deməkdi. Bibim də bizdə qalırdı onda, yaxınlaşıb soruşdum:

 

- Xəyanət nə deməkdi?

 

Bibim elə bil xəyanəti görən biri kimi əlini ağzına tutdu:

 

- Boy! O nə sözdü sənin dilində? Kimdən öyrənmisən?

 

- Kitabdan oxumuşam. – yalan satdım.

 

- Hələ sən uşaqsan, eləcə oxu keç, sonra bilərsən.

 

Təzədən atamgilin otağına qayıtdım, qulağımı dirədim. Ölü sükut vardı içəridə. Fırtınadan sonrakı səssizliyi xatırladırdı. Ya da hələ ki, kirimişlikdi, fırtına bir azdan başlayacaqdı.

 

Mən istəyirdim ki, anam bu adamı evimizdən qovsun. Çünki bu kişi hər dəfə məni sevdiyim qadından ayırırdı. İndi də pis iş tutmuşdu. Bibim o sözü mənə izah eləmədiyi üçün hiss elədim ki, atam anamın yaman xətrinə dəyib.

 

Səs gəldi:

 

- Əşşi, cavanlıqdı da.

 

- Sənin uşaqların var, evlisən.

 

- Çoxdan olub e... Onda uşaqlar yox idi.

 

Anamdan səs çıxmadı. Atam onu dilə tuturdu. Addım səsi eşitdim, qapı açıldı və anam çıxdı. O necə qapıdan çıxmaq idi, necə baxış idi! Təsvir etməkdə acizəm.

 

Onun soyuqluğu yavaş-yavaş evə yayıldı. Bibim də duyuq düşmüşdü. Anam üç gün danışmadı, dinmədi, kimsəylə bir kəlmə kəsmədi. Eləcə dinməz-söyləməz işini görürdü. Axşamlar da otaqlarından sükutun səsi gəlirdi.

 

Planım baş tutmuşdu. Atamı artıq yaxına buraxmırdı. Ancaq belə olmağı heç ürəyimcə olmadı. Anam evdə ruh kimi dolanırdı, heç biz tərəfə baxmırdı, yalnız içinizdəki özüylə danışırdı, başqa səsləri eşitmirdi.

 

Sonra bir gün getmək istədi. Gedə bilmədi.

 

Anam mərd qadınıydı, dözümlüydü. Babam yatağa düşəndə onun yanında təkcə anam varmış. Yazıq kişinin əli, ayağı olubmuş.

 

Anam getsə, evimiz də gedəcəkdi, yeməyimiz də. Kim idi bizim qayğımıza qalan? Özü də onun kimi yeməyi kim bişirəcəkdi?

 

- Dayı, - bizə gələndə soruşmuşdum. – Xəyanət nədir?

 

Onunla aramız yaxşıydı, bilirdim məni cavabsız qoymayacaq.

 

- Yeməyin ola-ola başqa yeməyə tamah salmaq. – dayım dedi. – Sən öz qabağındakı yeməyi görmürsən, gedib camaatın yeməyini yeyirsən. Öz yeməyin isə min dəfə dadlıdı.

 

Anam mətbəxdə yemək bişirirdi. Yenə buz kimiydi.

 

O axşam qapının ağzında onların söhbətinə qulaq asanda anamın bir cümləsi beynimdə ilişdi:

 

“Səni bağışlayıram. Amma heç vaxt yadımdan çıxmayacaq. Uşaqlarından utan”.

 

Atama yazığım gəldi, istədim içəri girib onu qucaqlayım.

 

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017