Ata-anası ölməsin deyə nəzir dedi, amma... – Mirmehdi Ağaoğludan YENİ HEKAYƏ

<b>Ata-anası ölməsin deyə nəzir dedi, amma... – Mirmehdi Ağaoğludan</b> <span style="color:red;">YENİ HEKAYƏ
28 avqust 2017
# 11:06

Kulis.az Mirmehdi Ağaoğlunun “Salfetka” adlı yeni hekayəsini təqdim edir.

Anam, oğlum, bacoğlum, bibim atamın köhnə maşınında rayon yerinə hüzrə getmişdilər. Günorta anamla danışanda demişdi hüzr yerindən çıxmışıq, qayıdırıq. Açığı onların belə tez qayıtmağına sevindim, dedim nə yaxşı, vaxtında şəhərə yetişərlər. Atamın maşını nasazdı, qorxurdum yolda qoyar. Ancaq axşamüstü işdən çıxa-çıxda zəng vuranda telefonu götürən olmadı. Maraqlanırdım görüm Bakıya çatıb-çatmayıblar, ona uyğun da işimi qurum.

Üstündən bir az keçdi, yenə anamı yığdım, götürmədi. Atamı yığdım, götürmədi, təzədən anamı yığdım, götürmədi. Ey dadi-bidad, lap atamın o sınıq-salxaq maşınıyla olsa belə bu vaxta çatmalıydılar axı? Görəsən salamatçılıqdımı? Təzədən anamı yığdım, götürmədi, atamı yığdım, götürmədi, bu dəfə bibimi yığdım, o da götürmədi. Evimizi yığdım, orda da götürən olmayanda dedim vəssalam, bunların başında iş var. İndi artıq dayanmırdım, bu üç nömrəni dalbadal yığırdım, ancaq cavab verən yoxdu. Ağlıma min cür fikir gəlir, özümü qoymağa yer tapmırdım. Həyəcanım iş yoldaşıma da sirayət eləmişdi.

İşdən çıxandan sonra yolda gedə-gedə dalbadal həmən nömrələri yığdım. Yenə cavab yox idi. Metroya çatanda ümidim az qalsın kəsilmişdi. Deyirdim, vəssalam, kül olacaq təpəmə. Anamgildən başqasına da zəng vurmağa qorxurdum, birdən camaatı panikaya salaram. Həm də deyirdim sonra məlum olar ki, hər şey qaydasında imiş, ara yerdə adım küyçüyə çıxar.

Metronun ağzına yetişəndə daha səbrim çatmadı, həyəcanımı ötüşdürmək üçün neçə vaxtı tərgitməyimə baxmayaraq köşkdən bir siqaret aldım. Siqaret həm də metronun ağzında ləngimək üçün bəhanəydi. Yenə zəng. Yenə cavab verən yoxdu. Özü də daha qulaqlarıma etibarım qalmamışdı, ya nəydisə telefonu yığıb qulağıma qoymaqdansa ekranına baxırdım, cavab verən olsa o dəqiqə görüm.

Əlacım kəsildi, dedim, ay Allah, təki salamatçılıq olsun, qarşıma çıxan ilk dilənçiyə bir manat verərəm. Doğrusu pulum az idi, ona görə cüzi məbləğ demişdim, həm də nəzir də sevgi kimidi, azı-çoxu olmur.

Artıq cürbəcür ssenarilər qururdum, ağlıma axmaq-axmaq fikirlər gəlirdi, gözümün qabağında dəhşət filmi canlanırdı. İndi onları burda yazmaq nədi, heç xatırlamaq istəmirəm, düşər-düşməzi olar. Bilmirdim oğlum üçün üzülüm, yoxsa atam üçün, yoxsa anam üçün, yoxsa bacım oğlu üçün, yoxsa bibim üçün.

Eskalatorda enə-enə fikirləşəndə ki, qatar tunelə girəndə telefon heç tutmayacaq, həyəcanım ikiqat artırdı. İlahi, qatar növbəti stansiyaya çatana qədər necə dözəcəm! Bu narahatlıqla çarpışa-çarpışa bir daha anamı yığdım. Ay Allah...xəttin o üzündə səsini eşidəndə elə bildim ölüydüm, dirildim, komadaydım, ayıldım, cadar-cadar olmuş çay yatağı idim, sel gəldi, yarpaqları qurumuş ağac idim, tumurcuqladım. Mənim bu boyda həyəcanımın, ölüb-dirilməyimin qarşılığında anam çox rahat, şirin-şirin danışıb dedi Bayılda bibingildəydik, onu evinə düşürürdük, başımız söhbətə qarışdı, ləngidik. Telefonları da maşında unutmuşduq deyə zəngindən xəbərimiz olmayıb, çıxdıq, evə gəlirik.

Bundan sonra əhvalım tamam dəyişdi, oldum əvvəlki adam, yenə iş yoldaşımla deyib-gülməyə başladım.

Qatara minəndə iş yoldaşım soruşdu fikrini dəyişməmisən, dilənçiyə pul verəssən, ya vaz keçdin? Onun sözü bir əhvalatı yadıma saldı, gülmək məni tutdu. Dedim fikirləşirsən dulusçunun gününə düşərəm? Lap “Min bir gecə nağılları”nda olduğu kimi, iş yoldaşım maraqla soruşdu ki, o necə əhvalatdır? Mən də ona həmən əhvalatı danışdım, onsuz yolumuz uzundu:

“Bir dulusçu düzəltdiyi saxsı qabları eşşək arabasına yükləyib bazara satmağa aparırmış. Çay kənarına çatanda görür ki, sel körpünü yuyub aparıb, məcburən sudan keçməlidir. Dulusçu qorxuya düşür ki, birdən eşşək çaya girməz, ya da ürküb arabanı aşırar, ancaq başqa yol da yoxdu, ya çaydan keçməli, ya da evinə qayıtmalı idi. Dulusçu əllərini göyə qaldırıb dua edir: “Ay Allah, bu çayı salamat keçim, arabadakı ən böyük kuzəni kəndin məscidinə bağışlayaram.” Bunu deyib "çö-çö" eləyə-eləyə eşşəyi çaydan keçirir. Çayı o üzə sağ-salamat adlayan kimi düşüb arabadakı saxsılara göz atır, görür, şükür Allaha, heç birinə xətər dəyməyib. Əhd elədiyi kimi ən böyük kuzəni ayırıb özünə yaxın yerə qoyur, arabaya minib yola düzəlir. Bir az getmişdi ki, ağlına nə gəlirsə çönüb nəzir dediyi kuzəyə baxır, görür çox iridi, onu bazarda babat qiymətə sata bilər. Elə bu yekə kuzəyə görə bazara çıxıbmayıbmı, onu da satmayıb nəzir verəcəkdisə ta niyə bu qədər yol gəlirdi? Yaxşısı budur, ən yekə kuzənin yerinə bir az balacasını nəzir versin. O cür də edir, ən iri kuzəni qaytarıb yerinə qoyandan sonra bir az balacasını çəkir yanına.

Xeyli yol getmişdi, ancaq ağlı kuzənin yanından getməmişdi, arabir geri qanrılıb kuzəyə baxır, deyir bu da yekədi, bazarda buna filan qədər verərlər, heyifdi, gəlsənə bunun yerinə məscidə piti qabı nəzir verim. Ehsanda-zadda gərək olar. Şeytan dulusçunun qəlbində özünə yer edib axı, buna görə dulusçu dinc dayana bilmir. Deyir, yox piti qabını da alıcılar göydə qapır, özü də bu dəqiqə mövsümüdü, məsciddə neynirlər piti qabını. Nə vaxt görülüb ki, ehsanda piti bişirsinlər, hər yerdə plov dəmləyirlər də. Bəs məscidə nə versin, nə versin?...

Dulusçu arabada xeyli eşələnib balaca bir çıraq tapır, deyir elə bunu verərəm məscidə, məscidə piti qabındansa çıraq lazımdır, əhyə gecələrində qaranlıqda oturası deyillər ki. Ancaq çırağı satlıq mallardan ayırmaq istəyəndə bir o tərəfə baxır, bir bu tərəfə baxır, sonra göyə baxır, sonra təzədən çırağa baxır, fikirləşir ki, çıraq olanda nə olar, axı onun da müştərisi var. Sata bilsə çırağın pulu ilə bazarda ürəyin istəyən kimi nahar edər: “Onsuz çayı salamat keçmişəm, mənim niyyətimdən Allahın nə xəbəri. Vabşe heç nə verən deyiləm məscidə.“

Bu tapıntısına necə sevinirsə biixtiyar papağını göyə tullayıb, eşşəyə ürəkdən bir “çö” eləyir. Eşşək yazıq papağı görəndə çaşıb qalır. Eşşək nə bilsin papaqdı, deyir göydən daş yağır, ürkdüyündən ildırım sürəti ilə yerindən götürülür. Daha baxmır ki, düz yoldu, daşlıqdı ya nədi, nəfəsi kəsilənə qədər qaçır. Dulusçu nə qədər edirsə eşşəyi durdura bilmir. Bir də baxır ki, arabadakı saxsıların hamısı çilik-çilik olub.”

Əhvalatı danışandan sonra öz kefim də açıldı. Atamgilə çatanda daha əvvəlki həyəcanımdan əsər-əlamət qalmamışdı deyə onlara mənə yaşatdıqları nigarançılıqdan bəhs etmədim, unutdum getdi.

Bir də səhər işə gedəndə yadıma düşdü ki, veriləsi nəzirim var. Onu da “Koroğlu” metrosu tərəflərdə qaraçı uşağı görəndən sonra xatırladım. Dedim yox qaraçılar dilənçi sayılmır, dilənçilik zatən onların peşəsidi. Necə ki, mən səhər evdən çıxıb işə gedirəm, onlar da evdən çıxıb dilənməyə gedirlər. Yaxşısı budur, manatlığımı ehtiyacı olana verim, əsl dilənçiyə.

Bu qənaətlə yeraltı keçidin pilləkənlərini təzəcə düşmüşdüm ki, gördüm uzaqdan yalvarış səsi gəlir, kimsə yanıqlı səslə elə ağı deyir, elə bil irəlidə mafə qurulub. Gözüm alaqaranlığa alışanacan bir az da qabağa gəlib gördüm qarayanız bir anadı, qabağında da uşağı, əlil arabasında. Portmanatdan bir manat çıxardım. Yaxınlaşıb pulu dilənçi ana-balaya vermək istəyirdim, gördüm onlara çatmamış yaşlı bir qadın da dayanıb, ana-bala kimi qara-qışqırıq salmır, astadanca deyir: "Ehtiyacım var, salfetkalar, üçü bir manata." İndi belə dilənçilər şəhərdə çoxalıb. Bilmirsən dilənməkdən xəcalət çəkdikləri üçünmü, yoxsa daha çox diqqət cəlb etmək üçünmü, ya hər nəyçünsə əllərində bir neçə cib salfeti tutub “üçü bir manata salfetka al, balam acdı” deyə-deyə yoldan keçənlərə az qala yalvarırlar.

Ağlıma belə şər-şamata fikir gəldi: o ana-balalar da bayaqkı uşaq kimi qaraçıdılar, qadın uşağını qəsdən şikəst edib ki, onun hesabına pul qazansın. Nə qədər belə əhvalat eşitmişik.

Ümumiyyətlə gərək qaraçılara pul verməyəsən, qudururlar. Yaxşısı elə bu yaşlı qadındı. Həm nəzirimi verərəm, həm də salfetka qazanmış olaram. Ancaq yaşlı qadına yaxınlaşanda əlində tutduğu salfetkalara baxıb fikirləşdim ki, üç dənə salfetka nəyimə gərək. Mənə uzağı biri lazımdı, həm də insafən, baha satır axı, üçü bir manata salfetka olar? Dükanda bunun biri iyirmi qəpikdi. Möhtəkirlik baş alıb gedib. Belə edirsiz ölkə düzəlmir, onunçün bu günə qalmışıq. Sən Allah, üçü bir manata da salfetka olar, bunu elə iyirmi qəpik alaq də...

Sən demə bunları ağlımdan keçirmək əvəzinə salfetkasatan arvada deyirmişəm. Salfetkasatan da utandığından ona uzatdığım iyirmi qəpiyi götürüb bir ədəd salfetka verdi. Daha dodağının altında mızıldanmağına əhəmiyyət vermədim, işə gecikirdim, çıxıb getdim. Üstəlik keçid də yaman isti idi, elə bil buxarla dolu nəhəng borunun içindən keçib gedirdin.

Qatara minəndə gördüm dayana bilmirəm, üzüm tərdən puçur-puçur, futbolkam curumbur sudu, elə bil hamamdan çıxıb yaş bədənə geyinmişəm köynəyi. Yaxşı ki, bu salfetkanı aldım, yoxsa nə edərdim? Tez cığaranı açıb içindən birini çıxardım, nam-naziklikdə tüldən seçilmirdi, tərli üzümə toxunduran kimi islanıb ovuldu. Belə də salfetka olar! Nə keyfiyyətsiz şeydi. Düz deyirlər də, gərək əldən heç nə almayasan, mağazadan alasan. Görəsən salfetkanın qırıntıları üzümə yapışıb qalmayıb.

Əlimi bir-iki dəfə salavat çevirirmiş kimi üzümə çəksəm də arxayın olmadım. Qapı tərəfə keçdim ki, şüşədə özümə baxım, üzümdə salfetka qırıntısı qalıbsa təmizləyim, camaatdan ayıbdı.

Ancaq diqqətlə baxanda şüşədə qapqara sifətdən başqa heç nə görmədim. Üzümdə kiçicik salfetka qırıntısı boyda belə bəyazlıq yox idi.

14.08.17-27.08.17

# 1134 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #