“Nə oldu sənə, nə oldu belə” – Səbuhi Məmmədli yazır

 

56 yaşı vardı. Amma deyərdin 70-i haqlayıb. Çox təzadlı, təzadlı olduğu qədər də maraqlı, ən əsası, istedadlı adam idi. Həm də koloritli. Elə, şirin Bakı ləhcəsi və koloritiydi onu sevdirən.

 

Düzü, meyxananı sevməmişəm. Çatmayıb mənə. Nə disklərin yığmışam, nə də bir vaxtlar efiri başına götürmüş meyxana şoularını izləmişəm. Bir vaxtlar hətta Rusiya teleməkanını belə başına alan “Tı kto takoy, davay do svidaniya” xitinin belə, niyə bu qədər sevilməsini anlamamışam.

 

Amma QULAQ yaddaşı deyilən bir şey də var axı. Zaman-zaman metro çıxışlarında, kafe və barlarda hər dövrün meyxana xitlərinə qulaq asmaq məcburiyyətində qalmışıq. Lap elə, “O səs kimin səsiydi, onun rəfiqəsiydi” düşük rəvayətindən tutmuş, “iki dənə canan götürüb Nabrana gedək” marazmatik söz yığınına qədər, hamısına. Amma bir də görürdün, dost-tanışın maşınında, lap elə həmin o kafe şantanlarda xırıltılı səslə meyxana deyən, ya hansısa toyda açılan bir qafiyəyə deyişən birisinin səsi eşidilirdi. Hə, yadıma düşdü, bax, mən o səsi lap uzaqlardan xatırlayıram. Qulaq yaddaşım var ha, o köməyə gəlirdi. Yadınızdırmı bir türk popuna parodiya? “Nə oldu sana, nə oldu belə…”. Bu, Bayram Kürdəxanılı idi. Hə, idi. İndi Bayram yoxdu. O xırıltılı və şirin səslə getdi torpaq altına.

 

“Ora elə bir bağlı yerdi ki, insan qapının açılmağını gözləyir”. Türmə barədə demişdi bunu. Sanki elə bu günü üçün demişdi. Qapı açıldı və əbədiyyən də getdi.

 

Bayram bir neçə dəfə həbsdə yatmışdı. Hətta sovet dövründə belə. Rusiyada iki il həbsdə olmuşdu. Bir dəfə də elə burada, Azərbaycanda. Bir neçə il əvvəl. Narkotik gəzdirdiyinə görə. Etiraf etməsə belə, hamı gözəl bilirdi, bayırda o zəhrimarsız dayana bilmirdi. Amma bununla belə, bir həqiqət də vardı; Bayram onun xəstəhal olacaq qədər aludəsi deyildi.

 

**

 

Çox az adam bilir ki, Bayramın atası Məşədi Məmmədqulu onun meyxana deməsinin qəti əleyhinə olub. Qardaşı Nəcəfqulu ilk dəfə kəşf edib onun istedadını.

 

“Böyük qardaşım rejissorluğu qurtarmışdı, babam isə güclü axund idi. Özümün isə ədəbiyyata, tarixə marağım böyük olub. İstərdim ki, təhsil alım. Qardaşım öləndən sonra həvəsdən düşdüm. Amma bir dəfə Mədəniyyət və İncəsənət Universitetinə sənədlərimi vermişdim. Kino-dram aktyorluğuna 12 nəfərlik yer var idi. Dörd müəllim haradan sual verirdisə, cavab verirdim. Elə suallar olurdu ki, özləri bilmirdi, başqasından cavabı zəng vurub öyrənirdilər. Sonra mənə dedilər ki, 12 nəfərlik yer dolub. Daha sənədlərimi vermədim, meyxana deməyə başladım”.

 

Hə, bəlkə də həyatı başqa məcrada davam edə bilərdi. Bu da bir tale imiş…

 

Onun taleyində bir məqam da qırmızı xətlə keçir. Adam ailə qurmamışdı. Bu barədə suala isə belə cavab vermişdi:

 

“Tüfeyli həyata düşmüşdüm, şəxsiyyətimə sığışdırmırdım ki, kiminsə balasını bədbəxt eləyim. Evlənmədiyimə görə peşman deyiləm”. Bu, onun ən böyük etirafıydı… Bayaq baxdım, sonuncu deyişmələrindən biri bu qafiyəyləydi: “Dostum bilər, mən bilərəm”. Bu gün, bir qədər əvvəl dostları onu son mənzilə yola saldılar… Allah rəhmət eləsin…

 

Nə oldu sənə axı, niyə yoldan çıxmırdın…

 

 

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017