Dünyadan bir insan azalan zaman - Şəmsi Vəfadarın şeirləri

 

Kulis.az Şəmsi Vəfadarın şeirlərini təqdim edir.

 

Özümü sözdən asacam

 

Tam yox dərdin tamı kimi,

Bu tam zəhər camı kimi,

Daha mən də hamı kimi

Pərdəni gözdən asacam.

 

Yanan yanmış, sönən sönmüş,

Günüm, ayım ilə dönmüş,

Qəzəbindən külə dönmüş

Qəlbimi közdən asacam.

 

Soyuluram diri-diri

Ürək-dirək vermə kiri

Səndən uzaq günün biri

Özümü sözdən asacam…

 

 

Ey sevgili bayrağım

 

Neçə-neçə şəhidin qanından yoğrulmusan,

Bütün aləm bilir ki, sən haqdan doğrulmusan,

İllərin atəşinə dözmüsən, qovrulmusan,

Üstündəki ay-ulduz yolumdakı çırağım.

Ey sevgili bayrağım...

 

Sən harda dalğalansan ora nura bələnər,

Səni hara taxsalar ora uğur ələnər,

Sən olduğun yerlərə nur, bərəkət çilənər,

Sənə yaraşıq verir elim, obam, torpağım.

Ey sevgili bayrağım...

 

Dünyada ən qiymətli qızılımsan, dürümsən,

Sən mənim qibləgahım, sən mənim and yerimsən,

Sənə səcdə edirəm, ocağımsan, pirimsən,

Sən harda varsan ora mənim yurdum, oylağım.

Ey sevgili bayrağım...

 

Arzum budur dalğalan hər şəhərdə, hər kənddə,

Təbrizdə, Zəngəzurda, Borçalıda, Dərbənddə,

Qarabağda, Şuşada, Xocalıda, Xankənddə,

Dəyməsin torpağıma bir də düşmən ayağı.

Ey sevgili bayrağım...

 

Əgər qurbanın olsam onda xoşbəxt olaram,

Əgər kəfənim olsan yeri cənnət olaram,

Mən səni enən görsəm saralaram, solaram

Gəlir ellər, obalar səcdənə axın-axın.

Ey sevgili bayrağım...

 

Mən bilirəm ki, səni vəsf etmək çox çətindi,

Səni yenilməz edən ölməyən qüdrətindi,

Sən harda dalğalansan ora bu millətindi,

Zirvələrdə ucal sən, qoy yayılsın sorağın.

Ey sevgili bayrağım...

 

2 noyabr 2015-ci il.

 

 

O gün

 

Qönçələr çiçək olacaq,

Bir gün görərsən - görərsən.

Yuxular gerçək olacaq,

Bir gün, görərsən - görərsən.

 

Bu sərhədlər söküləcək,

Xudafərin tikiləcək,

Təbrizə yol çəkiləcək,

Bir gün, görərsən - görərsən.

 

O tay, bu tay bir olacaq,

Qara tikanlar solacaq

Qonşular çaş-baş qalacaq,

Bir gün, görərsən - görərsən.

 

Araz çəpər olmayacaq,

Təbriz qəhər olmayacaq.

Dünya belə qalmayacaq,

O gün, görərsən - görərsən.

 

 

Qarabağ

 

Dünya bilir, köksümdə

Qarabağın dağı var.

Göynədir hər an məni,

Bu çalın-çarpaz dağlar.

 

Qaçqınlar sevgisiylə

Sığallayır bu sözü,

Elə bil görmür bunu,

Kordu dünyanın gözü.

Qarabağa can vermiş,

Gör nə qədər şəhid var!

 

Onların ruhu belə

Hər gün üsyana qalxar.

Balaca körpələr də

Bu kəlmənin başından

Durub dünyaya baxar.

 

Qarabağın naləsi

Anaların ahıdır.

Ürəkləri sızladar,

Saçlara qar yağdırar.

 

Hər şəhid oğul ilə

Qarabağ şəhid olub.

Qarabağ yarasıyla

Dünya saralıb-solub.

 

Açılan çiçəklər də

Qalxar güllə səsinə,

Elə bilər çəmənə

Sevən cavanlar gəlib.

Axan qırmızı qanla,

Sanki yer kürəsinin

Çiçəkləri dərilib.

 

Hər addımda igidlik,

Alın yazısı kimi...

Yaşar ana yurdumun

Şirin arzusu kimi.

 

 

Yollar tanıya məni

 

Havada çiçək aça,

Ruhuma bir dad gələ.

Su yarıla, yer qaça,

Sulardan bir at gələ.

 

At gələ, qanad gələ,

Minəm, qaçıra məni.

Ruh kimi, xəyal kimi,

Alıb uçura məni.

 

El ellə  qucaqlaşa,

Qollar tanıya məni.

Baxmaya dağa, daşa,

Yollar tanıya məni.

 

 

Vədəsiz xəzan

 

İnsanların naləsi,

Göylərə bülənd oldu.

Sevgisi, məhəbbəti

Özünə kəmənd oldu.

 

Haray çəkdi Xocalım,

Necə ay səhər-axşam,

“Viran olacağam mən

Gedəcək əldən Şuşam!”

 

Amma eşitmədilər.

Şairlər tərif yazdı,

Müğənnilər oxudu

Çoxları yolun azdı

Yada düşmədi Şuşa

Onların nə vecinə,

Təki gəlsinlər xoşa.

 

Xocalı qan içində,

Bircə dostu olmadı

O gün cahan içində...

Yağış yağır, yuyulmur.

Göylər sınmır, tökülmür,

Allahsızdı yer üzü,

Yer üzü bunu bilmir.

 

Ümidlər ildırım tək

Çox keçirdi ürəkdən.

Burda kömək umurdu

Adamlar gül-çiçəkdən.

 

İndi mənim qəlbimdə

Olubdu dağ Xocalı.

Vədəsiz xəzan vurdu,

Solubdu bağ Xocalı.

 

Dostlarımız nə qədər,

Dil tökdülər kənardan

Gəlmədilər köməyə.

Belə dostları necə

Oxşatmayım fələyə?!

 

 

Söhbət yeri

 

Deyirlər dünyanın səfi pozulur

Dünyadan bir insan azalan zaman.

Nida - başdaşıdı, misra - qəbirdi,

Dərd olur torpağa yazılan zaman.

 

Payız erkən gəlir, yarpaq tökülür,

Yarpaq kəfəninə bahar bükülür.

Sanki torpağın da beli bükülür,

Köksündə hər qəbir qazılan zaman.

 

Kim  deyir dərd yeri, möhnət yeridi,

Bu da bir yaşayış, ibrət yeridi,

Ölüm mələyiylə söhbət yeridi,

Qəbrinə çiçəklər düzülən zaman...

 

 

Çadır şəhərciyi

 

Çadır şəhərciyinin,

Göyləri bulud-bulud.

Dan yeri qızıl-qızıl,

Sökülür umud-umud.

 

Çadır şəhərciyində,

Sevənlər ney

ləsin bəs?!

Məktubu necə yazsın,

"Çadır-telefonu"na

O necə zəng eləsin!

 

 

Qəlbimizdəsən, Allah!

 

Necə çiliklənərmiş,

Adam necə yanarmış?

Haqq necə gec gələrmiş,

Ürək necə sınarmış?

 

Allah, bizə kömək ol,

Yol yoxdu səndən özgə.

Kim bizi düşünər ki,

Sənin tək, səndən özgə.

 

Əllərimiz açılı,

Hər axşam-səhər sənə.

Milyon-milyon ağızdan,

Dualar gələr sənə.

 

Əlimizdə Quran var,

Qəlbimizdəsən, Allah!

Qayıdaq yurdumuza,

Bir də təzədən, Allah.

 

 

Dua etdim

 

Yolumdakı qaratikan,

Neyləmişəm axı, sənə?

Ürəyimdə yara tikan,

Neyləmişəm axı, sənə?

 

Yollarıma yağan yağış,

Ömür yolum bircə qarış.

Ay bəxtimə düşən qarğış,

Neyləmişəm axı, sənə?

 

Son ümidi üzmək olmur,

Bu dünyadan bezmək olmur,

Görürsən ki, dözmək olmur,

Neyləmişəm axı, sənə?

 

Həsrət uzun, ömür gödək,

Dərdə necə dözsün ürək.

Taleyimə əsən külək,

Neyləmişəm axı, sənə?

 

Qəlbimdə yer yox yaradan,

Boya yox, artıq qaradan.

İnsaf eylə, ey Yaradan -

Neyləmişəm axı, sənə?

 

 

Allah

 

Bir sədaqətli bəndənəm,

Məni yana atma, Allah!

Günahsızam, günahlılar

Cər

gəsinə qatma, Allah!

 

Boyuma biçilir kəfən,

Gözlərimdən süzülür qəm.

Qalanıram alova mən

Sən də oda çatma, Allah!

 

Bilmirəm nədir günahım,

Göyləri bürüyüb ahım.

Açılmayınca sabahım,

Məni də unutma, Allah!

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017