Aktrisa Zemfira Əbdülsəmədova: “Rejissora görə serialdan imtina etmişəm”

<b>Aktrisa Zemfira Əbdülsəmədova:</b> <span style="color:red;">“Rejissora görə serialdan imtina etmişəm”
11 avqust 2017
# 16:10

Şəki teatrı, Gənclər teatrı, Musiqili teatr, Gənc Tamaşaçılar teatrı… Zemfira Əbdülsəmədova işlədiyi teatrların peşəkarlıq ənənələrini özündə birləşdirən aktrisadır. Siz onu “Üç bacı”, “Bacanaqlar”, “Cehizsiz gəlinlər”, “Pərdə”, “Hənnas” kimi filmlərdən tanıyırsız, mən ona Çexov hekayələrinin ağır-yüngül qadın qəhrəmanlarını yaraşdırıram…

Kulis.az aktrisa Zemfira Əbdülsəmədova ilə müsahibəni təqdim edir.

- Zemfira xanım, rol bölgüsü elan olunanda incikliyiniz olurmu?

- Baxır hansı əsərdir, hansı roldur və hansı rejissordur.

- Məsələn, elə indi gələndə Dürrenmattın əsərinin məşq olunduğunu eşitdim. Sizin rolunuz varmı burada?

- Yoxdur. Dürrenmatt sevdiyim müəllifdir. İstəyərəm onun əsərində oynayam.

- O vaxt Gənclər teatrı Gənc Tamaşaçılara birləşdirəndə bir məqam ortaya çıxdı. Hər üç truppanın (Bakı Kamera teatrı da Gənc Tamaşaçılar Teatrına birləşdirildi-red.) himayədar rejissoru var idi. Amma Gənclər teatrı rejissorsuz gəlmişdi. Aktyorlar tamaşalarda kənarda qalırdılar. İndi necədir vəziyyət?

- İndi elə bir şey yoxdur. Çünki Gənclər Teatrının potensialı güclüdür, burada da ona baxırlar. Əvvəllər ola bilər elə söhbətlər var idi. Amma yenə də hardasa o ögey-doğmalıq var.

- Teatr rollarınız azdır…

- Mən iki ildir gəlmişəm Gənclər teatrına. Seriallarla, filmlərlə məşğul idim, İncəsənət Gimnaziyasında dərs deyirdim, yəni, çox məşğul idim. Bəlkə də ürək eləmirdim. Amma sonra gördüm ki, çox darıxıram. Teatrsız mümkün deyil.

- Bioqrafiyanıza baxanda bir neçə teatrda işlədiyinizi gördüm. Şəki teatrında, sonra Musiqili teatrda, sonra Gənclər teatrında işləmisiniz. ..

- Hüseynağa Atakişiyev (Gənclər teatrının yaradıcısı, rejissor) Şəkidən Azdramaya gələndə mənim Şəki teatrında təyinat müddətim bitməmişdi. O, gedəndən sonra Şəkidə qalmaq istəmədim. O vaxt Vaqif İbrahimoğlu Musiqili Komediya Teatrının baş rejissoru idi. Orada bir müddət işlədim, iki ay xorda oturdum, illərlə xorda oturanlar var idi, keçirmirdilər aktyor heyətinə, amma mən ştata da keçdim. Bir-iki il işlədim. Vaqif İbrahimoğlu ilə işlədim, Hacıbaba Bağırov, Nəsibə Zeynalova ilə bir səhnədə oynadım. Sonra Gənclər teatrı yarandı və Hüseynağa müəllim məni ora çağırdı. Gənclər Teatrında işlədiyim müddətdə həyat yoldaşımla (aktyor Ədalət Əbdülsəmədov) tanış oldum. Evləndik. Sonra İstanbula köçdük. Bir az orada yaşayandan sonra qayıtdıq. Teatra qayıda bilməzdim, maaş az idi. Həm də mənə vaxt lazım idi, uşaqlara vaxt ayırmalı idim. Sonra gimnaziya, seriallar, filmlər...qalanını bilirsiniz.

-Hüseynağa müəllimlə nə qədər işlədiniz?

-3 il Şəkidə, “Gənclər”də də 5 il işləmişəm. Hüseynağa müəllim mənim həyata, sənətə gözümü açan insandı. Dünyanı onunla dərk etdim.

- Münasibəti necə idi aktyorlarla?

- Əvvəlcə yaxına buraxmırdı, o müddətdə, “qız” deyirdi adama, sonra adamın adını deyirdi. Rol verirdi, işləyirdi, inanırdı, sonra adını çağırırdı. O müraciəti haqq etməli idin. Biz nələr oynamamışıq… Şekspiri oynamışıq, “Romeo Cülyetta” ilə Moskvaya, Kazana festivala getmişik. Ayşad Məmmədov Romeonu oynayırdı, mən Cülyettanı… Hüseynağa müəllim böyük insan idi, böyük rejissor idi… O bizim əstafürullah, Allahımız idi…

- Yaradıcılığının son illərində, hansı ki, mən o vaxtı izləyə bilmişəm, Hüseynağa Atakişiyev bir-birinin ardınca tamaşalar təhvil verirdi. Zal dəhşətli soyuq olurdu, tamaşaçı iki cüt, bir tək gəlirdi, total bir laqeydlik var idi, amma Gənclər teatrında ayda bir premyera olurdu. Həmişə düşünmüşəm, onu bu qədər tamaşalar etməyə nə ruhlandırırdı?

- Teatra sevgi. Belə baxanda deyirdin çox həssas insandır, amma içində o qədər güc var idi. Təzyiqlərə davam gətirirdi, amma əlbəttə fiziki olaraq dözmək mümkün deyildi. Bilirsiz… Elə bil o tələsirdi, ona görə tamaşalar hazırlayırdı bir birinin dalınca…

- Bəs sizi aktyorları necə ruhlandırırdı o şəraitdə işləməyə?

- Heç kəs nəyəsə iddialı deyildi. Sevdiyimiz işlə məşğul idik. Ona görə teatr bu gün də mənim üçün məbəddir, yuxarıdadır. Əlbəttə, bu gün daha o teatr deyil. Amma o sevgi hələ də qalır. Əgər material varsa biz ürəklə, məhəbbətlə işləyirik.

- Mətn pis olanda nə edirsiz bəs?

- İki il müddətində burada oynadığım rollar potensialıma uyğun olub. Yəni, təsadüfi rolum olmayıb teatrda bu iki ildə.

- Bəs kinoda? Axı indi seriala, kommersiya filmlərinə çəkilən aktyorlar özləri də serialın keyfiyyətsizliyindən gileylənirlər. Amma sizin çəkildiyiniz seriallar nisbətən keyfiyyətlidir, hətta ümumən serial monoton olsa belə, sizin obrazlarınız fərqlənir.

- Repertuar və ya rejissor zəifdirsə, özünə teatr aktyoru deyən adam olaraq o rolu canlandırır, doldurur, yəni daha artıq işləməlidir. Bir az genişləndirir, psixoloji məqamlar yükləyirik.

- Bu iş prosesində müşahidəmi keçərlidir, yoxsa obrazın, qəhrəmanın təhlili?

- Əsas müşahidədir. Amma mütləq suallar qoyuram, bu kimdir, həyat tərzi nədir, məqsədi, arzuları nədir. Yaşı, daxili xüsusiyyətlərini nəzərə alınır. Və mənfi, ya müsbət planda təqdim olunmasından asılı olmayaraq mən onlara haqq qazandırıram. Pisə də, yaxşıya da haqq qazandırmaq. Pisdirsə niyə belədir? Mühitmi belə tərbiyə edib? Ya başqa məsələlər… Hüseynağa Atakişiyev mənimlə üst-üstə 8 il işləyib, amma 90 illik yük verib. Bax rejissor da odur. İndi rejissorlar var, danışır, danışır, danışır… Hüseynağa müəllim danışmırdı, rolun nüvəsini, özəyini izah edirdi bircə kəlmə ilə. Axtarmaq tapmaq, necə oynamaq artıq aktyorun işidir. Sualım varsa soruşurdum. Bax belə…

- Ştampdan qorumaq üçün aktyor nə etməlidir?

- Bayaq dediyim kimi. Hər obrazın əməllərinin daxili motivini tapmaq. Obrazın həyatında, mühitində tapmaq…

Biz bu günlərdə Qubada çəkilişdə idik. “Kəklik otu” adlanan tammetrajlı filmdə kiçik bir epizodda rolum var idi. Geyindikcə gözümün qarşısında bir kənd qadını dayandı. Əri Rusiyada olan qadın necə hərəkət edər. Bir anda mənə bəlli oldu o kimdir. Oynadığın obraza inanmaq lazımdı. İnanmasan, mümkün deyil. Məndə də bu iş alınır-sadəlövhəm. Mən həyatda heç vaxt Janna Dark ola bilmərəm, amma Janna Dark oynamaq istəmişəm. Elə o qətiyyətdə obrazlar da oynamışam. Çünki, mən inanmışam.

- Filmlərdən imtina etdiyiniz olub?

- Elə serial olub rejissora və bir də ssenariyə görə imtina etmişəm. Mən təklif edirəm ki, klassik əsərlərin motivləri əsasında yazsınlar, bunu çəksinlər. İndi əksər seriallar türk serillarının təkrarlayır. “Cehizsiz qızlar” da türk serialına uyğunlaşma idi deyə, bir az uğurlu oldu.

- Serialda aktyor öz mətninə dəyişiklik edə bilirmi?

-Yox. Pisi də budur ki, ssenari yazarları çox qısqanclıqla yanaşır mətnlərinə. Bəzən də rejissorlar diktə edir. Bir də görürsən, 30-cu seriyada deyir ki, bu seriyada ağlamalısan. Reytinqə görə deyirlər. Amma axı mən rolu bu qədər özününküləşdirmişəm, onu dəyişə bilmərəm; bu elə xarakterdir ki, hər vəziyyətə ağlamır. Deyirəm, o biriləri ağladın, orada başqa xəttlər var…

- Teatrda məişət yoxdur düşünürük. Belədirmi? Yaradıcı mühit varmı teatrda?

- Mənə mühit lazım deyil. Mən tək qalanda yaradıcı ovqatda oluram. Xüsusən axşamlar.

- Həyat yoldaşınızla eyni səhnədə oynamısız. Tənqid edirsiniz?

- Bir birimizi tənqid edirik. Və incimirik. Çünki, yalandan bir-birimizi tərifləmərik. Əslində, adam özü onsuz da harda falş etdiyini, alınmadığını əla bilir.

- Siz bir-birinizi yaradıcı şəxsiyyət kimi qəbul etmisiz…

-Əlbəttə. O gün mənə bir nəfər dedi ki, teatrda siz sanki ər-arvad deyilsiz…

-Bəs qısqanclıq olurmu?

- Onun məni qısqandığı olub. Qadın kimi yox. O, işimin çoxluğuna qısqanclıqla yanaşıb. İşlərim, çəkilişlərim çox olub və bunu qısqanclıqla qarşılayıb bəzən. Bu da kişi xislətindən irəli gəlir.

- Məişətlə bir qayda olaraq qadın məşğul olur. Bu mənada kişiyə yaradıcılıqla məşğul olmaq asandır. Bu sizi incidirmi?

- Əlbəttə. Amma bir məsələ var; Axı indi görmək istədiyin teatr yoxdur ki, özünü ona fəda edəsən?

- Mütaliə edirsiz?

-Əlbəttə. Nazim Hikməti lap tez-tez oxuyuram. Bir dəfə Hüseynağa müəllimə dedim ki, Dostoyevski çox darıxdırıcıdır. Amma sonralar onu kəşf etdim. Dostoyevskidə, Çexovda oynamaq istəyirəm. Çexov mənə həmişə maraqlıdır. Rus nəsrini çox sevirəm. Rasputini, Vampilovu çox sevirəm.

- Oynamaq istədiyiniz obraz varmı?

- Ekssentrik, çılğın bir obraz oynamaq istəyirəm. İçimdəki enerjini açmaq istəyirəm.

-Yerli ədəbiyyatı oxuyursuz-gənc yazarları?

- Oxuyuram. Aqressiya hiss edirəm mətnlərdə. Üsyankarlıq var, bu, əslində, çox yaxşıdır, amma üsyankarlığın sözdə olduğunu da hiss edirəm.

# 4485 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #