Şeyx Sənan necə komsomol oldu?BİR TAMAŞANIN TARİXÇƏSİ

 

Kulis.az Atababa İsmayıloğlunun “Şeyx Sənan necə “komsomol” oldu yaxud bir cümlənin hikməti” yazısını təqdim edir.

 

Görkəmli dramaturq Hüseyn Cavidin pyesləri içərisində səhnəyə ən çox çıxarılan «Şeyx Sənan»dır. Xüsusən ötən əsrin 20-ci illərində və 30-ci illərin əvvəllərində «Şeyx Sənan» dönə-dönə tamaşaya qoyulmuşdur.

 

Həmin illərdə onun səhnə yozumu Abbasmirzə Şərifzadə, Aleksandr İvanov, Aleksandr Tuqonov, Əlihüseyn Rzayev və başqaları tərəfindən verilmişdir. «Şeyx Sənan»ın bu illərdəki quruluşları bir çox təhriflərə uğramış, əksəriyyəti də müəllifin amalı ilə səslənməmişdi.

 

Bunun da müəyyən səbəbləri vardı, çünki, Aleksandr Aleksandroviç Tuqanov Azərbaycan Dövlət Dram Teatrına baş rejissor təyin olunana kimi hər əsər bir neçə dəfə məşq edildikdən sonra tələm-tələsik səhnəyə çıxarılır, bir neçə dəfə oynadıldıqdan sonra ömrünü bitirirdi. Ehtiyac olduqda yenə aktyorlar bir yerə yığılır pyes başqa bir quruluşda hazırlanırdı. Belə tələm-tələsik hazırlanmış tamaşa ilə “Şeyx Sənan” kimi pyesin fəlsəfi siqlətini bədii vasitələrlə açıb tamaşaçıya təqdim etmək qeyri-mümkün idi.

 

Aleksandr Tuqanov baş rejissor təyin olunandan sonra da teatr tamaşaları bir çox hallarda dramaturqların istəyinə tam cavab vermirdi. Bu dövrdə marksizmi üzdən öyrənən, dərinliklərinə vara bilməyən Azappçılar, proletkultçular özlərini hökumətin təəssübkeşi kimi aparır, ədəbiyyatı və sənəti siyasiləşdirirdilər. Azərbaycan Dövlət Dram Teatrında 1932-ci ildə hazırlanan «Şeyx Sənan»ın tamaşası da müəllifin qarşıya qoyduğu məqsədə, əsərin qayəsinə müvafiq deyil, zamanın, dövrün konyükturası üzərində qurulmuş, siyasiləşdirilmişdi. Ümumiyyətlə, bu növbəti quruluş repertuara salındığı gündən Hüseyn Cavidin narahatlığı özünə büruzə vermişdi. Bu da səbəbsiz deyildi. Çünki, teatr «Şeyx Sənan» üzərində eksperiment aparmaq qərarına gəlmişdi. Belə ki, «Şeyx Sənan»ın səhnə yozumu, hər rejissor bir pərdəni hazırlamaq şərtilə dörd nəfərə – Rza Darablıya, İsmayıl Hidayətzadəyə, Rza Təhmasibə və Ələsgər Şərifova tapşırılmışdı. Onların arasında Ələsgər Şərifov istisna olunarsa digər üç rejissor dövrünün tanınmış sənətkarları idilər. Bu üç rejissoru sənət cəhətdən bir-biri ilə birləşdirən məqamlar olsa da ayrılan cəhətlər də az deyildi. Ələsgər Şərifov isə hələ gənc idi. Moskvada məşhur rejissor Vsevolod Meyerholdun yanında təcrübə keçmişdi. Meyerhold zəmanəsinin ən tananmış rejissorlarından biri olsa da onun şərtiliyə, rəmzlərə üstünlük verən üslubu Azərbaycan Dram Teatrının ənənəvi yolu ilə uzlaşmırdı. Elə Hüseyn Cavidin də narahatlığı, Krılovun məşhur təmsilində deyildiyi kimi, bu rejissorların hər birinin pyesin qayəsini bir tərəfə çəkməsindən idi. Digər tərəfdən o dövrün səhnə sənəti üçün ən böyük təhlükə rejissorların qoyduğu pyeslərin mahiyyətini açmaq, yazıçıların tarixi mövzularda yazdığı pyesləri araşdırmaq əvəzinə onları dövrün dəbinə uyğunlaşdırmağa daha çox üstünlük verməsi idi. Hüseyn Cavid yaradıcılığı isə dövrünün fövqündə durub böyük sənətin tələbləri üzərində bərqərar olmuşdu.

 

Dövrün dəbi isə bu gün nə qədər gülünc görünsə də faciəvi idi; Keçmişi inkar etmək, klassikləri danmaq, əsərləri «müasirləşdirib» qəhrəmanları inqilabçı  kimi danışdırmaq bu dəb üçün xarakterik idi. «Daloy tar» kimi şüarlar irəli sürülur, Cəlil Məmmədquluzadə tək dühalara hücum edilir, klassiklər təftiş olunurdu. Hətta keçmişə nifrət rəmzi olaraq qəbiristanlıqların üzərində rəqs meydançıları, təhsil ocaqları salınırdı. Məscidlərin, kilsələrin, sneqoqların tarixi abidə olduğu belə nəzərə alınmır, uçurub dağıdılırdı. Proletar mədəniyyətini yaratmaq istəyənlər belə düşünürdülər ki, keçmişdən qalma nə varsa hamısını söküb yerində yenisini quracaqlar. Bu təşəbbüskarlar Kommunist Partiyasının rəhbərlərinə, sovet hökumətinin başçılarına məktublar yazıb özlərini yeni qurulan dövlətin təəssübkeşi kimi göstərir, mədəni irsi danmaq istəyirdilər. Hətta Sovet İttifaqına başçılıq edən İosif Stalin yazıçı Bill-Beloserkovskiyə yazdığı cavab məktubunda onu təmkinli olmağa çağırırdı. O məktubunda deyirdi ki, qeyri-proletar əsərlərini tənqid etmək hər şeydən asandır. Lakin ən asan şeyi ən yaxşı şey hesab etmək olmaz. İş qadağan etməkdə deyil, iş ondadır ki, proletar ədəbiyyatından olmayan köhnə və yeni «tör-töküntünü» yarış qaydası ilə, bu «tör-töküntünü» əvəz edə biləcək əsl, maraqlı, bədii sovet pyesləri yaratmaq yolu ilə addım-addım səhnədən sıxışdırıb çıxarasan.

 

«Şeyx Sənan»ı 1932-ci ildə tamaşaya qoyan rejissorlar da dövrün abı-havasını udmuşdular. Amma bu rejissorlar içərisində Hüseyn Cavidin ən çox güvəndiyi və inandığı Rza Təhmasib idi. Çünki onunla hələ yeniyetməlik dövründən dost idilər. Əsərlərinin ilk variantlarını ona oxumuşdu. Şübhəsiz ki, onların yaradıcılıq söhbətləri zamanı «Şeyx Sənan»dan da söz düşmüş, dramaturq öz aktyor və rejissor dostuna pyesdə nə demək istədiyini bəyan etmişdi. Amma dövrün adı-havası Rza Təhmasibdən də yan keçməmişdi.

 

Nəhayət eskizlərində şərtiliyə üstünlük verən rəssam Rüstəm Mustafayevin tərtibatı ilə adı çəkilən tamaşa 1932-ci il noyabr ayının 28-də baş tutur. Sonralar Rza Təhmasib xatirələrində etiraf edirdi ki, quruluşda biz bir qədər konstrikvizmə yol vermişdik.

 

Aktyor oyununda isə dörünün pafosu, ritorikası üstünlük təşkil edirdi. Hər rejissor hazırladığı pərdədə teatr sənətinin elementlərindən istifadə edərək sovet ideologiyasına sədaqətini sübut etmək istəyirdi. Pyesin payına düşən hissəsini hərə öz istəyi tərzində qurmuşdu. Tamaşa üçün üslubların çarpazlaşması, qarısıqlıq, eklektika xarakterik idi.

 

Teatr sənətindəki psixoloji məktəblə şərtilik üz-üzə dayanmışdı, daha dəqiq desək bir-birinə qarışmışdı. İki qoçun başı girə bilmədiyi qazana dörd qoçun başını soxmuşdular. Qatmaqarışıq bir tamaşa alınmışdı. Bu qarışıqlığın içərisindəki ideoloji istiqaməti böyük Cavid hiss etməyə bilməzdi.

 

Cavid sakit oturub tamaşaya baxır, daxilən əsəbləşsə də zahirən özünü təmkinli aparırdı. Nəhayət tamaşa bitir. Hüseyn Cavid səhnə arxasına keçir. Rza Təhmasib böyük iş görmüş kimi ona yaxınlaşır, belə düşünür ki, tamaşanın hazırlanmasına nəzarət ona tapşırıldığı üçün Hüseyn Cavid ona təşəkkür edəcək, nəinki tamaşanın bədii rəhbəri Yakov Varşavskiyə, yaxud əsəri başqa pərdələrini hazırlamış digər rejissorlara.  Həqiqətən də Hüseyn Cavid üzünü Rza Təhmasibə tutur, razılığını da, narazılığını da bir cümlə ilə izar edir: “Şeyx Sənanı da komsomol elədiniz”.

 

Nədənsə, Rza Təhmasib Cavidin bu sözünü tamaşadan razılıq kimi başa düşür. Çünki o dövrdə komsomol kəlməsi zamanın qəhrəmanları üçün işlədilirdi. Komsomolçular özlərini qurub-yaradan insanlar kimi aparırdılar, onlar partiyanın və dövlətin əsas sosial qüvvəsi, vuran əlləri idi.

 

Aydın məsələdir ki, dörd rejissorun qoyduğu «Şeyx Sənan»  uzun müddət repertuarda qalmır.

 

Bu tamaşanın zəifliyi, quruluşun Cavidin istəyincə olmaması barədə institutda oxuyarkən Azərbaycan teatr tarixi müəllimimiz, görkəmli teatrşünas, Hüseyn Cavidin qızı Turan xanım da bizə dönə-dönə söhbət açırdı. Görkəmli teatrşünas Cəfər Cəfərov da teatr tariximizə dair yazdığı kitablarında bu quruluşun zəifıiyi barədə dəfələrlə yazıb, bu zəifliyin səbəblərini elmi cəhətdən aydınlaşdırıb.

 

Zaman keçir… Hüseyn Cavid repressiya olunur. Uzaq Sibirdə əbədiyyətə qovuşur. Artıq teatr Hüseyn Cavidin heç bir əsərinə müraciət edə bilməzdi. «Şeyx Sənan»ı yenidən tamaşaya qoymaq istəyi ilə Rza Darablı və İsmayıl Hidayətzadə də dünyasını dəyişirlər. Ələsgər Şərifov isə Hüseyn Cavid bəraət alandan sonra – 1956-cı ildə «Şeyx Sənan»a yenidən quruluş verir. Amma Meyerhold üslubunda yox, Azərbaycan teatrının ənənələrinə müvafiq. Bu tamaşada müəyyən zəiflik olsa da Cavidin amalına və istəyinə daha yaxın idi.

 

Rza Təhmasibi isə ömrü boyu bir məsələ narahat edir. Hüseyn Cavidin tamaşadan sonra ona dediyi «Şeyx Sənanı da komsomol etdiniz» kəlməsi.

 

Günlərin bir günü isə, yəni 1970-ci ilin may ayında bu istehzanın mənası ona əyan olur. Qələmi əlinə alıb həmin tamaşa haqqında xatirələrini yazır. Arxasını yerə verməyib quruluşu tərifləsə də özü də bilmədən yadında saxladığı  bir cümlə ilə Hüseyn Cavidin sənəti siyasiləşdirmək istəyənlərə qarşı münasibətini açıqlayır.

 

Bizcə «Şeyx Sənanıda komsomol etdiniz» cümləsinin arxasında böyük aforizm, hikmət, məna gizlənirdi. Əslində bu kəlmənin arxasında o zamankı Azərbaycan, onun nümunəsində isə sovet teatrı səhnə üçün bir nigarançılıq vardı.  Sovet dövründə Azərbaycan dramaturgiyası və teatrı inkişaf etsə də, sanballı pyeslər yazılıb tamaşaya qoyulsa da , bayağı, dövrünün ritorikası və konyukturası üzərində yaranan əsərlər də kifayət qədərdir.

 

Bəlkə də Cavidin sözləri vaxtında anlaşılsa idi səhnə sənətimiz daha böyük uğurlar qazanardı. Bəlkə də əks nəticə verər, qurbanların sayı daha çox olardı. Axı İ.Stalinə məktub yazaraq, dünya səhnə sənəti üçün nümunə olan  Moskva Bədaye Teatrını bəyənməyən, klassikləri atəşə tutan, sənəti inqilabiləşdirən, proletar «mədəniyyəti» yaratmaq istəyən Bill-Beloserkovskilərin Azərbaycanda da kopiyaları, ekvivalentləri az deyildi. Elə Cavidin böyüklüyünü də sovet tənqidi on illər keçəndən sonra  tədricən başa düşməyə başladı. O ki, qaldı Azapp-çılara,  proletar ədəbiyyatı və mədəniyyəti yaratmaq istəyənlərə onların özləri də, ideyaları da elə sovet hakimiyyəti illərində tarixin məsarlığına kömrüldülər.  

 

Ədəbiyyat qəzeti

 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017