Bakıda kinofestival keçirən rejissor: "Maliyyəmiz yoxdu..."

Bir neçə illik fasilədən sonra Azərbaycan, nəhayət, yenə də peşəkar kino festivalına ev sahibliyi edəcək. Oktyabr ayında keçirilməsi planlaşdırılan “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalının özəlliyi yalnız tilsimi sındırması deyil. O, həm də tamamilə yeni formatda olacaq.

“DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalının ideya müəllifi və direktoru, rejissor İmam Həsənovla söhbətimiz də elə bu barədədir.  

 

 - İmam, festival keçirmək ideyası necə yarandı? Sizi buna nə təşviq elədi?

 

- Bildiyiniz kimi mən çoxlu xarici festivallarda oluram və hər dəfə tanış olduğum hər kəs məndən bizdəki kinofestivallar barədə soruşur. Mən də özümdən utana-utana deyirdim ki, bizdə festival yoxdu. Hərdən bu dialoq bir gecədə üç-dörd dəfə təkrarlanırdı. İkinci sualları da “niyə keçirmirsiniz?” idi. Cavab verirdim ki, yaxşı fikirdi, gərək keçirək.  Amma kim eləsin, necə eləsin? Hamı oturub bir-birini gözləyir. Ən əsası isə o festivallarda Azərbaycan filmləri iştirak eləmir. Məsələn, qonşu Gürcüstandan üç layihə olur, Ermənistandan iki, Azərbaycandan sıfır. Bütün ustad dərslərində, filmmarketlərdə niyə Azərbaycandan layihə olmadığı ilə maraqlanırlar. Ya da məsələn, Gürcüstanda Avropa ölkələrindən gəlib sənədli filmlə bağlı ustad dərsləri, treninqlər keçirirlər, onlarda Azərbaycandan bir layihə iştirak edir, ya etmir. Festival ideyası bütün bunların əskikliyinin yaratdığı bir ehtiyac idi və onu ödəmək lazım idi. Mən də fikirləşirdim ki, belə əli-qolu bağlı oturub nə qədər gözləyəcəm? Neçə illərdi gözləyirik. Bütün bu fikirlər içimdə yetişdi və bütün düşüncələrim bir istiqamətə yönəldi: mütləq sənədli film festivalı keçirmək lazımdı. Əlbəttə ki, bu bədii film festivalı da ola bilərdi, ancaq mənim getdiyim festivallar, tanış olduğum insanlar daha çox sənədli film sahəsi ilə əlaqəlidilər. Bir dəfə bu barədə prodüserimlə danışdım. Yəqin ki, o, məni dəstəkləməsəydi, ruhlandırmasaydı, mən də cəsarət eləməzdim. Soruşa bilərsiniz ki, bir əcnəbi niyə Azərbaycanda festival keçirmək istəsin? Çünki o da burda olub, vəziyyətlə tanışdı. Sadəcə bizdən fərqli olaraq xaricilər heç bir mənfəət güdmədən sənə yardım eləyə bilirlər, xüsusilə də mədəniyyət və incəsənətlə bağlı layihələrdə. Təbii ki, onların da müəyyən mənfəətləri var, bunu inkar eləmirəm. Amma bütün hallarda Azərbaycanda yeni bir şey yaranırsa, bu bizim üçün daha çox faydalıdı, nəinki onlar üçün. Adını Gürcüstanda festivalda olarkən fikirləşdik. Qərara gəldik ki, festivalın adı “DokuBaku” olsun. Poetik.. Elə o vaxtdan da bu ideya üzərində işləməyə başladıq.

 

- Layihəyə kimlər dəstək verir? Bildiyim qədərilə siz, mədəniyyət və turizm nazirliyinə müraciət eləmişdiniz...

 

- Festivalın keçirilməsi üçün icazə məktubu lazım idi. Onun üçün müraciət eləmişdim, uzun fasilədən sonra verdilər, amma verdilər, yenə sağ olsunlar, verməyə də bilərdilər. Maddi dəstək barədə soruşanda dedilər ki, büdcələri yoxdu və heç nə eləyə bilməzlər. Mən yenə soruşdum ki, bəlkə heç olmasa, qonaqların yolpuluna kömək edə bilərlər? Dedilər ki, mümkün deyil. Ümumiyyətlə isə bizim heç bir maliyyə dəstəyimiz yoxdu, sıfır büdcə ilə işləyirik. Sadəcə ətrafımızda yaxşı insanlar var. Beş-on nəfərdən ibarət komanda qurmuşuq. Onlar heç bir maddi mənfəət güdmədən bu işi görmək istəyirlər. Əksəriyyəti xaricdə təhsil almış gənclərdi və çalışırlar ki, burda da nəsə baş versin. Bu il yerli qısametrajlı sənədli filmlər üçün müsabiqə eləmişik ki, festivalda iştirak eləmək istəyən rejissorların film çəkməyə gücləri çatsın.  Heç bir mövzu məhdudiyyəti yoxdu. Xarici filmlərin isə yarısının müəllifləri Bakıya gələ bilirlər.

 

Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...

 

- Öz hesablarına?

 

 

- Öz hesablarına da gələn olacaq, bizim hesabımıza da. Bundan ötrü səyahət fondlarına, həmin ölkələrin burdakı səfirliklərinə müraciət eləmişik. Bir-ikisi razılıq verib. Həmçinin Avropa Birliyinin Bakıdakı nümayəndəliyi  ilə də görüşdük və məlum oldu ki, onlar da  burda festival keçirmək istəyirlər. Siyahılarında, təxminən, on altıya yaxın film var. Eləcə də ustad dərsləri, mühazirələr olacaq və məşhur rejissorlar iştirak eləyəcəklər. Onların festivalı “İmagine Euro Tolerance Festival” adlanır. Bir neçə gün əvvəl razılığa gəldik ki, əsas festival “DokuBaku” olsun. Çünki biz burda qalacağıq, hər il keçirmək istəyirik. Bizdə də ustad dərsləri olacaq. Məsələn, polşalı məşhur dokumentalist Pavel Lozinskini dəvət eləmişik. Onun sonuncu filmi ən məşhur festivallarda iştirak eləyib, çoxlu mükafatlar qazanıb.

 

- Və siz bütün bunları heç bir maliyyəniz olmadan eləyəcəksiz?

 

- Tanışlarımız, səfirliklər və səyahət agentliklərinin köməyi ilə... Məsələn, heç bir satış agenti sənə havayı film verməz. Bir filmi öz ölkəndə ilk dəfə göstərirsənsə, hardasa 200-300 avro ödəməlisən, filmlərin nümayiş hüquqlarını almalısan. Biz bu məsələləri tanışlarımız vasitəsilə həll eləməyə çalışmışıq. Sağ olsunlar, siyahımızda olan filmlərin prodüserlərinin heç biri bizə problem yaratmadı. Yalnız bir filmlə problem oldu, pul istədilər. Bax, belə bir şəraitdə işləyirik və hələlik davam eləyirik. Artıq gələn il üçün də planlar qururuq.

 

- Festival hansı bölmələrdən ibarət olacaq?

 

- İki əsas müsabiqəmiz olacaq: yerli və beynəlxalq. Beynəlxalq müsabiqədə 18 tammetrajlı film iştirak eləyir. Bunlar dünyanın müxtəlif festivallarında iştirak eləmiş əsərlərdi. Yerli filmlər üçün müsabiqədə qısametrajlı filmlər nümayiş olunacaq. Qalibə pul mükafatı vermək imkanımız yoxdu, əvəzində  Çexiyada keçirilən “Jihlava Internation Documentary Film Festival”ına göndərəcəyik, yolpulu bizlikdi. “Jihlava” bizim festival bitən kimi başlayır. Qalibimiz orda iki gün qalacaq, dincələcək, filmini göstərəcək, insanlarla tanış olacaq.

 

- Hər iki müsabiqəni eyni münsiflər dəyərləndirəcək, yoxsa iki münsif heyəti olacaq?

 

- Hələlik maliyyəsizlik ucbatından hər iki müsabiqə üçün eyni münsiflər heyətinin olmasını nəzərdə tutmuşuq. Ancaq ola ilsin ki, bu prosesi online şəkildə həyata keçirək. Yəni münsiflərin bura gəlməyinə ehtiyac qalmayacaq. Filmləri onlara göndərəcəyik, online baxacaqlar və qiymətləndirəcəklər. Münsiflərimiz xarici mütəxəssislərdi, amma yerli münsiflər də axtarırıq. Sənədli filmlə bağlılığı olan bir insan olmalıdı və istəyərdik ki, filmlər haqda resenziya, məqalələr yazmağı da bacarsın. Ola bilsin ki, mütəxəssis kimi kinoşünasları dəvət elədik. Məsələn, hər hansı bir filmin rejissoru gələ bilməyib. Onun əvəzində filmi tamaşaçılara mütəxəssis təqdim eləyir, fikirlərini paylaşır. Bizim üçün çox vacibdi ki, filmlərimiz həm də tamaşaçıları maarifləndirsin, onlarda suallar yaratsın və istədiklərini soruşa bilsinlər. Əgər filmin müəllifi yoxdusa, başqa mütəxəssislər, məsələn, kinoşünaslar onların suallarını cavablandırsınlar.  Tamaşaçıları, müzakirələri daha rahat eləmək, qeyri-rəsmi atmosfer yaratmaqdan ötrü filmləri publarda, kafelərdə göstərəcəyik. ... Həm də ona görə ki, kinoteatrlar bizdən çox pul istəyirlər.

 

Görüntünün olası içeriği: 3 kişi

 

- Deməli, “DokuBaku” anderground festival olacaq.

 

- Bəli. Insanlar rahat atmosferdə filmlərə baxıb, sonra da müzakirə eləyəcəklər, nümayişlərdən sonra konsertlər olacaq.

 

- Böyükmiqyaslı bir tədbir keçirməyi planlaşdırırsınız. Maliyyə dəstəyi olmadığına əminsiz?

 

- Doğrudan, yoxdu. Ancaq dost-tanışın köməyi ilə işləyirik...

 

- Deməli, belə tədbirlərə kömək eləmək istəyənlər var?

 

 

- Var və çox işıqlı, enerjili insanlardılar. Məsələn, Nazakət, Aysel, Ərtoğrul, Subhan və bir çoxları var ki, könüllü şəkildə bizə qoşulmaq istəyirlər. Əminəm ki, qoşulacaqlar da və bizim işıq dünyanı saracaq. Nazim Hikmət demiş:

Ben yanmasam,

sen yanmasan,

biz yanmasak,

nasıl çıkar karanlıklar aydınlığa...

Bu insanların kinemotagrafiya ilə heç bir bağlılığı yoxdur, amma nə olsun. Onların içindəki işıq, sevgi hər şeyi əvəz edir. Bu işıq və sevginin sayəsində bizə elə gəlir ki, böyük, faydalı, lazımlı işlər görürük.  Həm də  biz bu festivalla bünövrə qoyuruq. Bünövrə nə qədər möhkəm olsa, gələcəkdə onun üzərində daha dayanıqlı bina tikə bilərsən. Bu, çox vacibdi. İstəyirik, hər şey o qədər şəffaf olsun ki, heç kəs heç kəsdən şübhələnməsin. Yəni "Azerbaijan style"  işləmirik. Biz öz işimizi görürük və bunda çox qərarlıyıq.

 

 

- Beynəlxalq müsabiqə üçün filmləri özünüz dəvət eləyirsiniz. Bəs yerli müsabiqəyə filmlər hansı şərtlərlə qəbul olunur, seçim prosesi necə baş verir?

 

- Birinci onu deyim ki, hər il keçirilməsi nəzərdə tutulan “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı Azərbaycanda və onun xaricində yaşayan azərbaycanlı film istehsalçılarını qısametrajlı sənədli filmlərilə festivalda iştirak etməyə dəvət edir. Yerli müəlliflər tərəfindən göndərilən filmlər arasından seçilənlər festival çərçivəsində nümayiş olunacaq. Maraqlananlar filmlərin təqdim olunması ilə bağlı məlumatlarla facebook səhifəmizdə tanış ola bilərlər.

Şərtlərin bəzilərini sadalayım: Təqdim olunacaq filmlər 2015-2017-ci illərin istehsalı olmalıdı və uzunluğu 15 dəqiqədən artıq olmamalıdır. Mövzu sənədli film janrı çərçivəsində sərbəstdir. Filmlər Full-HD formatında və ingilis dilində subtitrlərlə təqdim olunmalıdır.

Filmləri dəyərlərləndirməyə təqdim etmək üçün rejissorlar festivalın saytındakı müraciət anketindən istifadə edə bilərlər. Həmçinin filmlər YouTube, Vimeo və s. kimi video paylaşım saytlarına yüklənib, link şəklində göndərilməlidir. Dəyərləndirmədə aşağıdakı kriteriyalardan istifadə olunacaq:

Mövzunun aktuallığı və sosial əhəmiyyəti və hekayənin vizual və orijinal həlli

Filmlərin təqdimatı üçün son tarix 10 Sentyabr 2017-dir. Dəyərləndirmənin nəticələri sentyabrın sonunda iştirakçılara email vasitəsilə bildiriləcək. Qeyd etdiyim kimi, Avropa Birliyi Nümayəndəliyi ilə də əməkdaşlıq edirik və mən bu barədə də məlumat vermək istərdim. “İmagine Euro Tolerance Festival”ının iki bölməsi var: “Foto-video” sərgisi və tammetrajlı sənədli filmlər bölmələri. Bundan başqa onlar da bizim kimi konsertlər, masterklasslar və leksiyalar keçirəcəklər. Biz yerli underground ifaçıları cəlb edirik, onlarsa Avropa və digər ölkələrin musiqiçilərini. “İmagine” bölməsindəki  peşəkar filmlər müsabiqədənkənar göstəriləcək. “Foto-video” bölməsi isə sırf yerli həvəskar rejissorlar üçün nəzərdə tutulub, yəni tələbələr, şagirdlər və sairə. Yəni kim istəyir, kimin həvəsi var, başlamaq istəyir, amma risk etmir və ya lazım bilmir, çəkinmədən işlərini bu bölməyə göndərə bilər. Hətta telefonla çəkdiyin videonu və ya fotonu müsabiqənin reglamentinə uyğun olaraq, göndərə bilərsən. Mövzu da tolerantlıq və müxtəliflikdir. Orda texniki keyfiyyətə, səsə fikir verilməyəcək. Bu bölmə insanlarda həvəs yaratmaq üçündü. Təşkilatçılar bunu dəstəkləyir və sonda qaliblərə  kamera və başqa hədiyyələrlə  mükafatlandıracaqlar.

 

 

 

- Festivalların ikisi də eyni vaxtda keçiriləcək?

 

- Bəli, paralel.  Məsələn, bir gündə üç film göstəriləcək. Ancaq yerli peşəkar kinematoqraflarçılar üçün keçirilən əsas müsabəqə “DokuBaku”dadır deyə - mən bunu yenidən qeyd etmək istəyirəm və heç bir festivalı bir-birindən ayırmadığımı vurğulayıram - elanlarda, afişalarda belə yazılacaq: “DokuBaku” və İmagine Beynəlxalq Sənədli Film Festivalı. Aşağıda da bölmələrin adları: “DokuBaku” əsas müsabiqə, “DokuBaku” qısa film  müsabiqəsi, “İmagine”, foto-video sərgisi və müsabiqədənkənar filmlərin siyahısı. Böyük bir proqram olacaq. Həm müsabiqədə, həm də müsabiqədənkənar filmlərin hamısı çox maraqlı insan hekayələrindən bəhs edir və bir çox "double  AA" festivallarda müxtəlif mükafatlar qazanıblar. İnanıram ki, bizim festivala qatılan hər bir tamaşaçı vaxtını hədər keçirməyəcək və çox vacib həyati məlumatlar əldə edəcək.

 

- Bu vaxta qədər Azərbaycandan nə qədər film qəbul eləmisiniz?

 

- Hələlik 15 film. Bədii film göndərən də var, sosial çarxlar da, sənədli filmlər də. Onların arasında üç-dörd film bizim şərtlərimizə cavab verir. Müsabiqədə iştirak edəcək filmləri festivalın proqram üzrə komitəsi seçəcək. Hər şeyin dürüst olması və qərəzli fikirlərin yaranmasına imkan verməməkdən ötrü festivalın direktoru olaraq düşündüm ki, belə daha yaxşı olar, yəni filmlərin seçilməsində mən özüm iştirak etməyəcəyəm. Dediyim kimi, hər şey şəffaf olmadır və olacaq da! Əminəm! Çünki şəffaflıq bizim alınyazımızdır.

 

- İmam, anladığım qədərilə “DokuBaku” Azərbaycan üçün ilk olan bir formatda olacaq. Festival oktyabrda keçiriləcək, amma siz artıq film nümayişlərinə başlamısınız. Bunlar festivalda iştirak eləyən filmlərdi, yoxsa...

 

- Yox, deyil. Biz bu nümayişləri  tamaşaçılarımızı yoxlamaq, qüsurlarımızı aradan qaldırmaqdan ötrü başlamışıq. Nəzəri olaraq bilirik, amma bu yolla həm də təcrübədə yoxlayırıq. Məsələn, artıq biz də bir problemlə üzləşdik, nümayişin keçirildiyi kafenin sahibi də. Bildi ki, bu işə qoşulmaqla ziyan eləyəcək, ya əksinə. Ancaq əsas məqsədimiz tamaşaçının diqqətini cəlb eləmək, ona sənədli filmin nə oldğunu göstərmək, bir növ bu istiqamətdə tərbiyələndirməkdi. Bir sözlə, tamaşaçını festivala hazırlayırıq. Istəyirik ki, artıq bu barədə söhbət eləsinlər, müzakirə aparsınlar. Yəni festival onların  gündəlik həyatına daxil olsun. Bunun üçün də hər həftə filmlər göstəririk. Avqust ayının filmləri artıq hazırdı, sadəcə məkan sahibləri ilə danışmalıyıq. Bu filmlər festivaldan kənardı. Məsələn, ilk göstərdiyimiz film Venesiya festivalının “ən yaxşı sənədli film” nominasiyasında “Qızıl şir” qazanıb.  Əslində bunun tamaşaçılar üçün heç bir əhəmiyyəti yox idi, amma mənim üçün vardı. Qəhrəmanın həyat haqqında, uşaqlığı haqqında danışdıqları, keçdiyi yol, gördüyü işlər və s.  Filmdən çıxan nəticə çox vacib idi.  Bu bizim tamaşaçılarla ilk kontaktımız idi. Onların arasında sadəcə kino həvəskarları yox, pivə içmək üçün bara girmiş sadə insanlar da vardı.  Ancaq onlar da filmə diqqətlə baxırdılar. Hər halda mənə elə gəlir ki, bu film onların həyatında nəsə bir iz buraxdı. Bu nümayişlər biletsizdi. Amma festivaldaxili nümayişlərin biletli olmasını planlaşdırmışıq. Qiyməti 5 manat olacaq.  Festivalın hazırlıq işlərinə yardım eləyən könüllülər üçün güzəştlər nəzərdə tutmuşuq. Məsələn, bir biletlə iki nəfər baxa bilər. Üstəlik bilet alanlar üçün bir içki də pulsuz olacaq. Bundan başqa biletlə birlikdə kuponlar verəcəyik.  Əlavə hədiyyələr vermək barədə də fikirləşirik.  Məsələn, üzərində “DokuBaku” və "İmagine"nin logosu, yaxud “Mən kinonu sevirəm”, ya da hansısa məhşur bir rejissordan sitat və s. yazılmış t-shirtlər, kepkalar. Onu da deyim ki, “Park Cinema” da bizim tərəfdaşımızdı. Məsələn, festivaldan öncə keçirəcəyimiz online kino müsabiqəsində qaliblərə, “Park Cinema”da yayımlanan filmlərə iki pulsuz bilet və başqa hədiyyələr təqdim edəcəyik. Festivalın bağlanış mərasimində kuponlarla lotereya kimi bir oyun keçirəcəyik, beş, ya da on nəfər “ən yaxşı tamaşaçı” seçəcəyik və onlara hədiyyələr bağışlayacağıq. Bunların hamısı ruhlandırıcı hədiyyələrdi: həm bizə dəstəkdi, həm də tamaşaçılarımıza. Əgər filmlərimiz çox olsa, yəqin ki, festivala qədər həftədə bir dəfə yox, daha tez-tez nümayişlər təşkil elədik və bunu festivaldan sonra da davam edəcəyik.

 

Görüntünün olası içeriği: 1 kişi, yazı

 

- Dediniz ki,  nümayiş olunan filmlər beynəlxalq festivallarda iştirak etmiş, müxtəlif mükafatlar almış və hüquqları qorunan filmlərdi. Onları necə əldə eləyirsiz?

 

- Bu sahə üzrə işləyən adamlar var - "sales agent"lər (satış agentləri - red). Onlarla əlaqə saxlayırıq. "Sales agent"lər razı olmasalar, rejissor dostlara müraciət edirik vən onlar bizim dadımıza yetişirlər. Deyirik ki, nümayiş üçün ödəməyə pulumuz yoxdu, çünki birinci dəfədir və maliyyə baxımdan sıfırdayıq. Kinosevərlər, dostlar bizə  yox demirlər, çünki rejissor həmrəyliyi və kino sevgisi var.  Sadəcə bir problem var: çox istəyərdim ki, festivaldan öncə göstərdiyimiz filmləri Azərbaycan dilində subtitrlərlə göstərək. Ancaq maliyyəsizlik ucbatından onları tərcümə eləyib yaza bilmirik və ingilis subtitləri ilə göstərməyə məcbur oluruq. Ona görə də birinci nümayişimizdə ingilisdilli insanlar da vardı. İtalyan filmi olduğuna görə Bakıdakı İtalyan mərkəzindən -"Centro İtalia"-dan də gəlmişdilər. Hətta onlar bizim "event"-i bölüşmüşdülər və bizə dəstək olmuşdular. Əslində, bu çox yaxşı haldı. Çünki o gələnlər də bizə öz bildikləri maraqlı filmləri təklif eləyirlər, belə-belə çərçivə genişlənir. Biz həm tamaşaçı, həm də insan qazanırıq, həm onlar bizim rəğbətimizi qazanırlar, həm də biz onların rəğbətini. Elə filmlər var ki, toxunduqları problemlər bizim ölkə ilə səsləşir. Onları gətirməyə çalışırıq ki, tamaşaçıya baxmaq maraqlı olsun.  Alındıra bilsək, filmlərin rejissorları ilə online dialoq qurmaq, ya da filmlərdə qaldırılan mövzular üzrə mütəxəssislər dəvət edib müzakirələr təşkil etmək istəyirik.

 

- Söhbətimizin əvvəlində dediniz ki, festival çərçivəsində ustad dərsləri də olacaq. Pavel Lozinskidən başqa kimlər dəvət olunub?

 

- Pavel Lozinski sənədli filmlər haqqında danışacaq.  Ondan başqa Berlin Film Festivalının münsiflərindən biri, həm də Dünya Film Fondunun əməkdaşı İsona A. Font olacaq. İstəyirik ki, bu, həm Dünya Film Fondunun təqdimatı olsun, həm də fondla bağlı mühazirə. Onun özünə də çox maraqlıdı. O dərəcədə ki, biz maliyyə tapmasaq, öz hesabına gəlmək istəyir. Çox güman ki, bir də beynəlxalq  Doc Alliance Films platformasının şöbə müdiri, çexiyalı Diana Tabakovun  mühazirəsi olacaq. Paralel olaraq “İmagine” bölməsində ustad dərsləri keçiriləcək, performanslar göstəriləcək. Cüzeppe Tornatore ilə işləmiş səs dizayneri filmlərdə səsdən istifadə haqqında danışacaq. Başqa mütəxəssislərin mühazirələri də nəzərdə tutulub. Hələlik danışıqlar gedir.

 

- Əməlli başlı kino bayramı hazırlayırsınız.

 

- Bəli, bu bayramdır. İstəyirik, nümayişlərdən sonra konsertlər olsun, underground qruplar, ifaçılar çıxış eləsinlər.

 

- Festivalla bağlı demək istədiyiniz başqa nəsə varmı?

 

- Demək istədiyim... Heç kimdən əl açıb kömək istəmirəm. Sadəcə bacaran hər kəs dəstək olsa, sevinərik.  Və əlbəttə, istərdim ki, yerli rejissorlar öz filmlərini göndərsinlər, bu barədə daha çox insan xəbər tutsun, iştirak etmək istəyənlər daha çox olsun. İstərdim ki, peşəkar rejissorlarımız büdrəməyimizi, yıxılmağımızı gözləməsinlər. Əgər bacarırsınızsa, dəstək olun. Həyatdı, başımıza hər şey gələ bilər. Nə qədər ki sağıq, nə qədər ki, içimizdə bu sevgi var, bir-birimizə mütləq dəstək olmalıyıq. Oturub gözləsək ki, kimsə gəlib bizim üçün festival keçirəcək, ya yaxşı kino çəkəcək, ya yaxşı kinoşünas olacaq, ya yaxşı tamaşa quracaq, mədəniyyəti inkişaf etdirəcək, heç vaxt heç nə olmayacaq.  Əslində bunu hər kəs özü bilir, ancaq bir dost kimi xatırlatmaq istədim.  Və nəhayət, komandamızdakı insanların hər birinə öz təşəkkürümü bildirmək istəyirəm. Nə yaxşı ki, belə işıqlı insanlar var. Onların arasında sən daha çox işıq saçmağa başlayırsan, çünki onlar var. Bu, çox vacibdi.  Mən bu işığı bütün insanlardan gözləyirəm.

 

Görüntünün olası içeriği: 2 kişi, oturan insanlar ve sakal

 

- İmam, festival çox gözəl bir təşəbbüsdü, amma siz həm də yaradıcı insan, sənədli filmlər çəkən rejissorsunuz. Film layihələrinizlə vəziyyət necədi? Bildiyim qədər “Səbət” adlı yeni bir layihəniz vardı.

 

- Əslində bu layihəyə çox həvəslə başlamışdım, uğur işartısı da vardı. Məsələn, “Hubert Bals Fund” adlı kino fondunun müsabiqəsində 202 layihənin içindən seçilib on beşliyə düşmüşdü. Ssenari üzərində işi (development-red) davam etdirməkdən ötrü vəsait ala bilmək üçün səkkizliyə düşməliydi, keçmədi. Ya prodüserim kifayət qədər yaxşı deyildi, ya da mən hardasa səhv buraxmışdım. Yaxud prodüserim inkişaf etmiş ölkələrin birindən olsaydı, bəlkə layihəyə daha çox diqqət yetirərdilər, çünki xaricdə adlar çox vacibdi. Bir alman xanım prodüseri vardı. Bütün işlərimiz yaxşı gedirdi, amma mən ona aşiq oldum və deyəsən, bir az ağ elədim. O da dedi ki, burda dayansaq, yaxşıdı. Əməkdaşlığımız da dayandı. Yəni ssenari orda ilişib qaldı, mən də ilişdim, depressiyaya düşdüm. Zaman, məkan, yaşadıqlarımız... Vaxt keçir və sən heç nə eləyə bilmirsən, heç nəyin yoxdu. Indi rumıniyalı rejissor-ssenarist dostumla işləmək istəyirəm, qoy, səhvlərim varsa, düzəltsin. Əslində, doğru zaman, düşüncə yetişməlidi ki, “aha, vaxtı çatdı, başlayım” deyəsən, ya da hansısa filmdən, yaxud elə adi həyatdan, ya da aşiq olub, sevdiyin qadından ilham alasan. Yəqin ki, mən hələ o layihəni işləməyə tam hazır deyiləm. Ancaq başqa ssenarilərim var. Hazırda bir ideya üzərində işləyirəm. Nə olduğunu deməyəcəm, amma çox incə və əcaib bir mövzudu. Bəlkə bütün dünyanı şoka salacaq bir şeydi, özüm eşidəndə sarsıldım. Mənə kömək eləyəcək adamı gözləyirəm, gələn kimi gedəcəyik kəşfiyyata. Maliyyəmiz yoxdu, ancaq hər şeyimi meydana qoyub, kamera, səs avadanlıqları tapıb çəkəcəm. Sonra da fondlara müraciət eləyib borclarımı qaytaracam. Bir də “Əsa” teatrında tamaşa qoymağa hazırlaşıram. Sentyabr üçün hazır eləmək istəyirik. Hələki belə.. Mən əlimdən gələni eləyirəm, həyat nə göndərsə, sürpriz olacaq. Vim Vendersin “Palermoda çəkiliş” adlı bir filmi var. Orda da baş qəhrəman eyni problemləri yaşayır, həyatın mənasını axtarır, üstəlik ölüm də onu izləyir. Sonda ölümlə üzbəüz qalır. Ölüm ona deyir ki, insanlar məni çox eybəcər təsvir eləyirlər, qorxurlar, halbuki mən elə sizin simanızdayam, içinizdəyəm. Ölümdən qorxmaq lazım deyil, sadəcə rahat yaşamaq lazımdı. Onda görəcəksən ki, zaman necə yavaş keçir. Çox gözəl filmdi. Ona baxandan sonra fikirləşirəm ki, doğrudan da, vaxt daraldıqca adam özünü itirir, gələcək, daha doğrusu, ölüm üzərimizə ox kimi gəlir, bizə nə vaxt sancılacağını, öldürəcəyini heç kim bilmir. Ona görə də sadəcə rahat yaşamaq lazımdı. Qoy, zaman rahat keçsin. Həyatdan zövq alaq, filmlərə, tamaşalara baxaq.  /Aygün Aslanlı/ xeber365.com/

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017