Ceyms Coysun Allah olmaq iddiası – İradə Musayeva yazır...

Ceyms Coysun Allah olmaq iddiası – <span style="color:red;">İradə Musayeva yazır...
3 avqust 2017
# 17:42

Bir neçə söz

Bu gün Azərbaycan ədəbiyyatı və ümumən mədəniyyəti, ədəbi- intellektual düşüncəsi sahəsində dərin bir boşluq var. Dünya ədəbi-mədəni estetikasının, səviyyəsinin meyarları ilə ölçəndə böyük ədəbiyyat nümunəsi kimi təqdim edə bilməyəcəyimiz bədii nümunələrin bu durumda olmasının əsas səbəblərindən biri də ədəbiyyatşünaslıq sahəsindəki durğunluqdur. Ədəbiyyatşünaslığımızın N qədər problemi var. “Ədəbiyyatın inkişaf sürətini qabaqlamaq” kimi bir vəzifəsi olduğunu unudan bu kateqoriya (ədəbiyyatşünaslıq) konsepsiyasız, paradiqmasız, təkamül planı, proqramı, hətta normal ədəbiyyatşünaslıq dərslikləri belə olmayan, zamanın qlobal informasiyalı ədəbi-nəzəri qanunlarından xəbərsiz bir elm yox, məhz prinsiplərsiz məşğuliyyət sahəsinə çevrilməkdədir. Ədəbiyyatşünaslıq sahəsində zəif, təqlid xarakterli bədii nümunələrin qeyri-elmi və qeyri-obyektiv təhlilləri baş alıb gedir. Hamı bir-birinə, belə demək mümkünsə, “tərif şarkıları” oxuyur. Ortada isə əsil ədəbiyyatın obrazı görünmür. Akademiklərin, professorların şəxsi bioqrafiyasına və çoxcildliklərinə baxanda düşünürsən ki, yəqin bu boyda həcmlə kitabxanalara meydan oxuyan bu müəlliflərin hər biri bir ədəbi-nəzəri məktəbin banisi, öndəridir. Və onları bizə belə təqdim edən monoqrafiyalar, mədhnamələr də artıq cild-cild yazılır. Amma praktik olaraq işimizə yarayacaq material iki-üç faizi təşkil edir...

Bu sahədə diqqəti cəlb edən boşluqlardan biri də dünya ədəbiyyatı nümunələrinin məqsədəuyğun şəkildə seçilib yüksək keyfiyyətlə tərcümə olunmaması məsələsidir. 100 ildir dünyada bir Ceyms Coys ədəbiyyatı və onun “Uliss”i var, amma Azərbaycan oxucusu bu əsəri öz dilində oxumaq şərəfinə nail olmayıb. Ədəbi söhbətlərini, müzakirə və müsahibələrini dünyaşöhrətli ədəbi adlarla (və yalnız ad çəkmələrlə) “bəzəyən” ədəbiyyatçılar “Kafka-Kafka, Coys-Coys, Hemenquey-Hemenquey, Markes-Markes...” tutuquşuluğu ilə əslində, ədəbi düşüncəmizə heç nə vermir. Hələ müasir dünya ədəbiyyatının paralel olaraq ədəbiyyatşünaslığımızda dəyərləndirilməsi, təbliği, tədrisi məsələsindəki qeyri-normal vəziyyəti qoyuram bir kənara. XX əsrin birinci yarısının belə dünya ədəbiyyatını filoloq tələbələrimizə normal şəkildə tədris etmək üçün bizim öz sistemli tədqiq edilən ədəbiyyatşünaslıq materiallarımız yetərli deyil və yox dərəcəsindədir. Ən yaxşı halda bir səhifəlik ümumi məlumatlar görəcəksiniz, ya da bu adlarla bağlı xarici müəlliflərin, ədəbiyyatşünasların kiçik həcmli məqalələrinin, müsahibələrinin tərcüməsini... Əlbəttə, istisna məqalələr, dissertasiyalar, monoqrafiyalar və tək-tük metodik vəsaitlər bu boyda geriqalmanın, ayaqlaşmamanın müqabilində çox azdır.

Mən, E.M.Remark (“Remark və remarkizm”), C.Oruel, Q.Q.Markes (“Publisistikanı udan ədəbiyyatlar), S.Aleksieviç (“Müharibə qadınının ədəbiyyatı”), Ə.Şəfəq (“Müasir türk ədəbiyyatıənda erməni məsələsi”), F.Kafka (“Kafka, Kafka... Axı siz nəyi dəyişmək istəyirsiniz?”) və başqa dünya yazarları haqqında irihəcmli, silsilə xarakterli məqalələrimi məhz bu boşluğu bir misqal da olsa azaltmaq niyyəti ilə yazdım. Bu gün I hissəsini təqdim etdiyim C.Coysun “Uliss” əsəri haqqındakı silsilə məqalələrin yazılması da bu tələb və zərurətdən meydana gəldi. “Uliss”i bizə daima oxunması və izahı mümkünsüz bir mücərrədlik, anlaşılmazlıq kimi təqdim ediblər. Fəqət, bu belə deyil. Coys bu əsəri yadplanetlilər, cinlər və ruhlar üçün deyil, adi, özü və bizim kimi ədəbiyyat, söz, fikir adamları, oxucuları üçün yazıb. Biz isə nəinki Coys kimi yazmaq, onun kimi düşünə bilmək, hətta onun adi oxucusu, təhlil və təbliğçisi, tədrisçisi olmağa belə ehtiyat edirik...

Çox arzu edərdim ki, biz bu mövzunu genişləndirib polemik, sistemli analitik təhlillər arenasına gətirə bilək. Bu zərurətdir artıq... 1 əsrlik gecikmədən sonra belə...

Ceyms Coysda Dublinin allahı olmaq iddiası

I məqalə

Ruhlarımız günahlarımızın utancıyla yaralı, gənə

kimi yapışır bizə. Sevgilisindən yapışan

bir qadın kimi... Yenə, yenə, yenə...

Maraqlıdır ki, C.Coysun “Uliss” əsərini oxuya-oxuya Coysun yox, elə hey Allahın qüdrətinin sonsuzluğu və insana bəxş etdiyi “şüur” boyda səxavətliliyin müqabilini necə ödəyə bilmək sualının cavabını düşünürdüm...

İrlandiyada doğulub (1882-ci il) ömrünün böyük bir hissəsini Avropada mühacir kimi yaşayan Ceyms Coys 1941-ci ildə İsveçrədə ölüb. Dünya ədəbi-estetik düşüncəsini çaşdıra bilən, öz “yenisi”ni, fərqli baxış bucağını XX əsrin birinci yarısı kimi fundamental modernizm dövründə və mühitində, o mühitdə ki M.Prust (1871-1922), F.Kafka (1883-1924), V.Vulf (1882-1941), daha sonralar U.Folkner (1897-1949), E.Hemenquey (1899-1961), E.M.Remark (1898-1970) və bu ağırlıqlarda ədəbi çəkisi olan başqaları yaşadı, bir-birindən fərqli estetik-intellektual paradiqmalar, meyarlar, baxış və sənətkar yanaşmaları nümayiş etdirirdilər, sanki C.Coys həmin yerə gəldi və dedi: Hər şeyi şüurun ixtiyarına, axınına buraxın, görəcəksiniz ki, zaman 1 gündən (16 iyun 1904), bəşəriyyət 1 insandan (Leopold Blum), dünyanın ərazisi Dublin adlı bir məkandan, ədəbiyyat 1 əsərdən (“Uliss”) də ibarət ola bilər... Müəllif elə bir həyat parçası seçib ədəbiyyatlaşdırdı ki, zaman və məkan yadlığı hiss etmədən romana oxucu kimi daxil olub, əsərin qəhrəmanı kimi çıxa bildik.

“Uliss”i çevirmək də bir yolçuluqdur, heç bitməyəcək. O sirli labrintdə zalım divlərlə vuruşdum, dənizqızlarıyla oynaşdım, Dublin insanlarıyla nə oyunlar oynadım, küçələriylə yoldaş oldum. Coysun Ulissini dinlədim də dinlədim, sonda bir Mister Blum olub çıxdım...” (Nevzat Erkmen)

Əsərin baş qəhrəmanı Şüurdur. Allahın bizə bütün canlılardan fərqli üstünlük nişanı kimi bəxş etdiyi şüur. Dünya bütün təbiəti, bitkiləri, heyvanları, ayı-ulduzu, daşı, torpağı , eləcə də insanın özünün keçmişi, indisi və gələcəyi ilə bu Şüur obrazının inhisarında, iradə və idarəsində, tabeliliyindədir. Şüur kainata meydan oxuyur. Və bu şüur sahiblərinin (obrazların) heç biri də qeyri-adi hünər, fəlsəfə, elm və idrak sahibləri deyil. Orta əsrlər şərq intibahının yeni fəlsəfi düşüncə nümayəndələrindən biri olan Nəsiminin “mən Allaham, Allah məndədir”-fəlsəfəsinin qərb modernizmindəki nəsrlə ifadəsini qavramaq o qədər də çətin olmamalıdır. Klassik ədəbiyyatı sufi fəlsəfəyə söykənən azərbaycanlı oxucuya bu idrak modeli yad deyil, əslində...

İrlandiyanın Dublin şəhərinin sakini, əslən yəhudi olan Leopold Blum 16 iyun 1904-cü ildə səhər saat 8-dən gecə saat 3-ə qədərki həyatında (Coys gələcəkdə evlənəcəyi Nora Barnakla həmin tarixdə qarşılaşıbmış ) yaşadığı halı, düşüncəsini, yaddaşını, uşaqlığını, xatirələrini, “gələcək” və “keçmiş” adlı anlayışların bir nöqtədə, “bu gün”ün sərhəddində birləşdirən məntiq, fəlsəfi qənaətləri ilə bizə anlatdı ki, 1 günə yer üzünün şəklini az qala bütün rəngləri, bütün sifətləri, bütün detalları, hətta az qala bütün tarixi ilə yerləşdirmək olur. 1 gün? “Qurani-Kərim”in “Möminlər” surəsində bu mənanı ehtiva edən bənzər “1 gün” işarəti yadımıza düşür... “Allah qiyamət günü kafirlərə belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!” – deyə cavab verəcəklər. Allah buyuracaq: “Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır)”.

Coysun yeddi ilə yazdığı amma bircə günə həsr edilmiş “Uliss” romanı ədəbiyyat tarixində “darıxdırıcı”, “oxunması mümkünsüz”, XX əsrin 30-cu illərinə qədər Böyük Britaniyada “əxlaqsızlığı təbliğ edən kitab” kimi qadağan edilən, amma həm də 100 ildən çox bir müddət ərzində ədəbi sual, həm də ədəbiyyatın əbədi sualı kimi var olmaqdadır. Karl Qustav Yunqun “Uliss” əsəri ilə bağlı Coysa məktubunda oxuyuruq: “Əsəriniz bütövlükdə mənə nəhayətsiz iztirablar bəxş etdi, üç il boyunca – özümü kitabın içinə girməyə məcbur edənə qədər, bu əsər haqqında qara-qara düşündüm. Ancaq deməliyəm ki, sizə olduğu kimi, əsərinizə çox borcluyam, çünki mənə çox şey öyrətdi. Sözün düzü, kitabınızı bəyənib-bəyənməməyimdən heç vaxt sözün tam mənasında əmin olmayacağam, çünki o mənim üçün həddindən artıq əsəbi effektlər və boz tonları ehtiva edir. Amma eyni zamanda, “Uliss” haqqında yazdıqlarımı sizin də bəyənib-bəyənməyəcəyinizi bilmirəm, çünki mən onu oxuyarkən nə dərəcədə darıxdığımı, nə qədər donquldandığımı, nə qədər maraq göstərdiyimi və nə qədər heyran qaldığımı bütün dünyaya ifadə edə bilmədim. Kitabın axırında 40 səhifəlik nöqtəsiz-vergülsüz monoloq həqiqi psixoloji mükəmməllikdir. Elə bilirəm ki, şeytanın nənəsi, bir qadının həqiqi psixoloji dünyası haqqında məndən çox şey bilir”.

K.Q.Yunqun işlətdiyi “şeytanın nənəsi” ifadəsinin məna qatındakı acı, heyrətli və bir az da qəzəbli münasibəti “Uliss”dəki yazıçı rassionalizmini tənqid edən Riçard Oldinqtonun münasibətində də görə bilərik.Lakin indi mənə aydındır ki, nahaq yerə ümid eləmişəm -“Uliss” cənab Coysun indiyəcən yazmış olduqlarının içərisində ən dəhşətlisi, ən iyrənci, ən qəddarı və ən ziyanlısıdır. Bu, bəşəriyyət üçün bir iftiradır; bunu təkzib etməkdə mən acizəm. Ancaq bunun iftira olduğu da məndə şühbə doğurur. “Uliss”də gülüş var, ancaq bu, Rablenin “qros rires”indən (qəhqəhəli gülüşündən-İ.M) çox-çox uzaq olan nifrətedici və qəddar bir gülüşdür. Mən bu fikirdəyəm ki, böyük istedad sahibi olan cənab Coys bu istedadın gücünə bizi insanlığa nifrət etməyə yönəldəndə bütün bəşəriyyətə şər atmaqla məşğul olur”.

Təbii ki romanda heç bir “insanlığa nifrət təlqini” yox idi. Bu etirazı təhlil prosesində əsaslandırmağa çalışacam. Çünki Coys istehzası və kədəri daha böyük və dərin fəlsəfəyə əsaslanırdı.

Üç hissədən, on səkkiz epizoddan ibarət olan roman ilk dəfə 1922-ci ildə Fransada işıq üzü gördü. Və “Uliss” romanı, sözün həqiqi mənasında, E.Baturun da dediyi kimi, təkbaşına “mədəniyyət çevrilişi” yaratmış oldu.

C.Coys “Uliss” əsəri ilə sübut etdi ki, həyat özü ədəbiyyatdır. Heç bir ədəbi növ, janr, süjet, kompazisiya, forma, məzmun, “izm” və s. bu kimi nəzəri qanunların meyarlarını, qəliblərini nəzərə almadan belə həyatı ədəbiyyatlaşdırmaq olar. Və Coys bütün ədəbi-nəzəri qanunların sərhəddini dağıtdı. Bir az da dəqiq təsvir etsək, “Uliss düşüncəsi”nin hökmü dağıtdı bu qəlibləri - süjet, kompazisiya hədlərini, dil-üslub məhdudiyyətlərini, “başlanğıc-son” oxu üzrə hərəkət edən istiqamət bəsitliyini, “izm” estetikasının tezislərini... Uliss real qəhrəman deyil, fövqəldünya və fövqəlşüur aktıdır. Bir Ulisslik nəzəriyyəsi, fəlsəfəsi, düşüncəsi var mətndə. Odisseylə müqayisə olunan, paralellər və əksliklər müqayisələrində yenə fövqə (hətta Odisseydən də fövqə) qalxan Uliss illüziyası... Zamanın Odisseyi necə olardı?-sualı ilə yola çıxır müəllif. XX əsr Odisseyi də antik mətndəki Odissey kimi özünün-öz “mən”inin, insanının kainatdakı yerini arayır. Hər iki əsərdə məkan oxşarlığı var. Dənizlər, dəryalar, heyvanlar aləmi, tarix, ilkinliyi arama iddiası, başlanğıca varma sevdası... XX əsr Dublinindən dünya siyasətinə, fəlsəfəsinə, tarixinə boylanma nəzəriyyəsinin “izm”i də çox zaman postodisseylik estetikasından qaynaqlandı.

İstər klassik, istərsə də müasir dünya ədəbiyyatında insanın, eləcə də onun arzu və istəklərinin, qlobal suallarının mahiyyətini fəlsəfi, irfani yöndən açmaq üçün müəlliflər qəhrəmanlarını səyahətə çıxarır. Bizim klassik ədəbiyyatda da bu cür “səyahətnamələr” çoxdur. M.Servantesin Don Kixotunun, Kueylonun “Kimyagər” əsərindəki Santyaqonun səyahəti kimi onlarla misallar çəkmək olar. Odisseyin və real varlıq kimi mövcud olmayan Ulissin səyahəti isə daha möhtəşəmdir. “Uliss” adı “şüur axını” anlayışına bərabər görünür. Şüurun səyahəti... Odissey İtakadan çıxıb dünyanı təkcə ayaqları ilə deyil, həm də düşüncəsi və ruhu ilə fəth edir. Amma yenə ilkinliyinə-çıxdığı nöqtəyə, məkanına-İtakaya qayıdır. “Nə qədər göyə, yüksəkliyə tullansan da, yenə yerə düşəcəksən”-məntiqi çözülür... “Uliss” əsərindəki “ruh köçümü” ifadəsinin tez-tez səslənməsində də bu ideyanın rüşeymləri var. Ölüm və uzaq səfərlər, səyahətlər yoxdur, insanın şəklini, cildini dəyişmə nəzəriyyəsi var Uliss düşüncəsində. Həyat sanki Sizif əməyi kimi təkrarlanır cisimlərdə...

Amma ən böyük fəlsəfi kəşf Coysun insanı öz içindən az qala ayaqlarının ucu ilə təpikləyib durquzması, oyatması təşəbbüsü ilə bağlıdır. Ruhları oyatmaq, düşüncə selini uzaq səfərlərə göndərmək, şüurunda yenidən doğulmaq, və yenidən özünü doğmaq, kəşf etmək və s. Bu kəşf kədərli və sarsıdıcı da ola bilər. (Elə də olur) amma sənin əldə etdiyin nəticə yox, cəhdin və mücadilən alqışa layiqdir. Coys bunu bacardı və hətta o qədər bacardı, özünə, şüur qüdrətinə (əslində Allahın bəxş etdiyi qüdrət nişanəsini öz qazancı kimi qəbul edərək ) o qədər inandı ki, asi, üsyançı oldu, bütün kainatı və Allahı şüurunun bir detalı, bir elementi kimi kiçik və istehzalı şəkildə tanıtmaq istədi. Nəsiminin insana üz tutub dediyi “bütün kainat səndədir, özünü dərk et” - fikri, “Ey özündən bixəbər qafil, oyan!”- misrasının məramnaməsi Coysun modern üslubunda bir az ateistcəsinə təzahürünü tapır. Amma lap diqqətlə oxuyanda mətni Coysun birtərəfli mövqeyi olmadığını görürük. Deays Stivenlə söhbət edəndə onun Allaha inanmadığını görür və deyir ki, sənə bu düşüncə ilə yaşamaq çətin olacaq. Sən müəllim kimi fəaliyyətində də uğur qazanmayacaqsan, çünki öyrətmək və öyrəncilik, bilik qazanma təvazökarlıqla olar. Sənin təkəbbürün, asiliyin imkan verməyəcək uzağa gedəsən, asilik şeytani təkəbbürə bərabərdir... Romanın gedişatında da bu xəbərdarlıq özünü göstərir. Coysun qəhrəmanları tez-tez azır. Özündən o qədər naməlum uzaqlığa baş alıb gedir ki, qayıdışı müəmmalı olur. Ulissin özü itir və qəhrəmanlar Ulissdə bəşəriyyət, kainat başlanğıc- son qütblərini müəyyənləşdirə bilmir. Dairəyə qapanır, şüur azması labrintliliyinə məruz qalırlar.

Tam fərqli bir roman təfəkkürü ilə yazılan mətnin süjeti sırf “şüur iradəsi”, “şüur mexanizmi” kontekstində yerbəyer edildi. Şüur diktəsi öz idarəedici funksiyasını əsərin əvvəlindən sonuna qədər qoruyub saxladı. Şüur elə bir ilahi güc aktıdır ki, onun hardan gəlib hara getdiyi, axışı bəlli olmaz. İlahi qüdrət nişanlılığı var burda. İtalyan renesansının baxışlarına görə, insana şüurun verilməsi onun Allahla surət, sima, şəkilcə eyniləşməsidir”. (M.Holl)

Advertisements

Məşhur “Zaman və azad iradə” əsərinin müəllifi, XX əsrin əvvəllərində modernizmin fəlsəfi əsasları ilə bağlı ciddi məramnamələri olan Anri Lui Berqson şüuru “həyəcanlar axını” kimi əsaslandırırdı. Maddi, materiya dünyasına qarşı daha fəal, daha çevik və dəyişkən, axıcı, inkişafda olan “şüur” anlayışını “həyəcanlar axını” ifadəsi ilə ekvivalentləşdirirdi.

Hisslərin ədəbiyyat yaradan estetikası, cazibəsi şüuru hərəkətləndirir. “Uliss” əsərində də həmin həyəcanların, hiss və düşüncələrin şüur axını prosesinə qoşulub dünyaya, kainata qarşı iddialı şəkildə qoyuluşunu gördük. İnsanın şüuru dünyanı həzm edir, çözür, silkələyir, hətta tarixə, gedişata istehza edə-edə özünü, “mən”ini, əqli, hissi, zehni mövcudluğunu müxtəlif təqdimatlarda ortaya qoyur. Romanda hadisələrin deyil, şüur axınının süjetini izləməli oluruq. “Şüur hərəkəti”nin ekspozisiyası, kuliminasiyası, finalı...

Modernizmin klassik nümunəsi hesab edilən “Uliss” əsərinin oxunuş prosesində insan şüuru sel kimi açılır, arada kuliminasiya həddində daşqınlar olur, enir, durulur bu şüur seli, arıtlanır, büllurlaşır və yenə, yenə coşur... Bütün əsər boyu bir insanın (əslində C.Coysun) müxtəlif xarakter və tiplərə paylaşılan daxili təbəddülatları, beyin fəaliyyəti bizi öz təsirinə salır və biz özümüzü böyük bir dünyada( realdan real, amma illüziyalar, mifik- irreal, xəyali və daha çox hissi dillə haqqında bəhs edilən dünyada) hiss edirik. Şüur axını səni özü aparır, qayıq kimi... Sel, coşqun dalğalar üzərindəki saman çöpü kimi yüngül hiss edirsən özünü... Coysun şüur seli idimi bu təkcə? Əlbəttə yox! Burda bizim də beynimizin, düşüncə, hiss və şüur, qavram fəaliyyətimizin rolu var. Coysu dərk edə bilən oxucuların... Düşünə, görə, dərk edə və şüur, düşüncə ifadəsindəki əbədi yaşaya bilmək potensialının. O, zamansızlığın, məkansızlığın, bəşəri və ölməz olmanın şüur aktı imkanlarında mövcudluğunu təqdim etdi... Bizi bütün canlılardan fərqləndirən, hətta mələklərdən də üstün məqama qaldıran şüur, iradə və nitq vəhdəniyyətində özümüzü bulmamıza köməklik göstərdi Coys... Biz şüurda, nitqdə, sözdə və aqibəti bəlli olmayan ruhumuzda mövcuduq... “Ruh, olduğu hər şeyin biçimindədir”. Leopold Blum “ruh köçümü” anlayışını izah edir uzun-uzadı. Blumun oğlu çoxdan, uşaq ikən vəfat edib, amma onun qanında, genetikasında və yaddaşında həmin uşağın bir mövcudluq kimi obrazı canlanmaqdadır daima. Həmin oğlan uşağı onun varlığında təkrar yaşayır... “Bəzi adamlar deyir ki, insan öldükdən sonra həyatımızı başqa bir canlıda davam etdiririk. Buna “ruh köçümü” deyirlər. Hamımız min illər qabaq da başqa canlılarda yaşamışıq. İndi deyirlər ki, bunu unutmuşuq. Amma məsələ ondadır ki, keçmiş həyatlarının xatirələrini yada salanlar da var...”

Roman çox sadə, heç bir mürəkkəb məcazlar sistemindən istifadə olunmadan adi məişət görüntüsünün real cizgili təsviri ilə başlayır. Burada “giriş” formatı, “müqəddimə” qəlibi yoxdur. Sanki qəflətən bir həyat şəklinin, mənzərəsinin tən ortasına düşürsən və baxmağa, dinləməyə, düşünməyə başlayırsan... Buck Mulligan əlində üzqırxan sabunun köpüyü olan tas və güzgü pilləkənin başındadır. Şux bir ovqatla mahnı oxuyur. “Bax, budur, ey əziz dostum, gerçək efkaristiya: Bədəniylə, ruhuyla, qanıyla, yarasıyla... Musiqinin səsini azaldın, lütfən. Gözlərinizi yumun, bəylər və xanımlar! Bir saniyə...” Mulligan İsa peyğəmbərin acılarını, çarmıxa çəkilməsi və dirilməsi mərasimində (efkaristiya) onu yad edən, anan adamlara xas bir sükut tələb edir. Sonra sanki hər kəlmə, ifadə və cümlə vasitəsi ilə tarixin, kainatın, bəşər düşüncəsinin dindən, fəlsəfədən tutmuş ən xırda məişət detalına qədər hər küncünə baş vuran şüur seli, axını içərisinə düşürük. Və daha sonra N. Erkmen demiş, bir “Blum olmağa” başlayırıq... Amma kitabın Leopold Bluma qədərki bir xeyli səhifəsində sanki “hazırlıq işi” aparılır. Bluma kimi başqaları ilə maraqlı bir yol gedirik...

Blum əvvəllər mürəkkəbqurudan kağız sataraq dəftərxana ləvazimatı işində çalışan Vizdom Helinin köməkçisi olub, amma indi reklam agenti kimi tək fəaliyyət göstərir. Onun uğursuzluqla nəticələnən iş fəaliyyəti romandakı bütün digər hadisələrə, dünyanın özü kimi sonu bəlli olmayan, qaranlıqlara gedib dirənən bənzər bir aqibət nişanəsidir. Gəzəri, səyyah, “qovulmuş”, köçəri bir yəhudi olan Leopold Blumun həyatının yox, düşüncələrinin axarına qoşulub getmək, əslində yeni oxu, yeni oxucu tipi yaratma işində C.Coysun ədəbiyyata böyük xidməti idi həm də... Coys öz yəhudi qəhrəmanını Quranda təsvir edilən sifətlər əsasında obrazlaşdırıb: Allahla ilahi əhdi-peymanı pozan, yer üzündə təkəbbürlə gəzib dolaşan, özlərini hər kəsdən üstün sayan, inkarçı və hər nüansa, gördüyü, eşitdiyi hər şeyə istehza ilə yanaşan “qovulmuş”, məkansız, gəzəri, narahat ruh sahibləri kimi...

Mövzuya Buck Mulligan, Stiven Dedal və Hainesin söhbətlərindən yol alırıq. Stiven Dedal romanın əsas ideyadaşıyıcı fiqurlarındandır. Onun obrazı haqqında rus tənqidçi-yazarı V.Nabokov maraqlı açıqlama verir: “Stiven Dedalın soyadı antik Kritin məşhur şəhəri Knossedəki labirintin əfsanəvi yaradıcısının adıdır – başqa şeylər icad etməklə yanaşı, özünə və oğlu İkara qanad düzəltmiş olan Dedal. Stiven Dedal məktəb illərində yezuitlərin sərt intizamına məruz qalıb və indi bu təhsilə şiddətlə qarşı çıxır, amma mahiyyətcə metafizik xarakterli, iyirmi iki yaşlı Dublinli gənc müəllim, araşdırmaçı və şairdir. Bir az dalğındır, sərxoş olanda belə ehkamçıdır, eqo-sentrik (mən-mərkəzçi) düşüncə adamı, qısa aforizm ustası, fiziki olaraq çəlimsiz və müqəddəslər qədər gigiyenadan uzaqdır (axırıncı dəfə oktyabrda çimib, indi isə iyundur). O, iynəli sözləri olan və dəymədüşər bir cavandır – oxucu əsla onu tam şəkildə təsəvvür edə bilməz. O, sənətkar fantaziyasının yaratdığı isti varlıqdan çox, yazıçı zehninin əks olunmasıdır. Tənqidçilər Stiveni Coysun cavanlığı ilə eyniləşdirməyə meyllidirlər, amma bunun məsələyə dəxli yoxdur. Harri Levinin də dediyi kimi: “Coys imanını itirdi, amma kateqoriyaları qorudu”, bu Stivenə də aiddir”.

Get-gedə iştirakçılar şəbəkəsi genişlənir. Südsatan qadın və onlarla başqaları qoşulur Dublin həyatının film süjetinə... Az qala bir ordu yarada biləcək obrazlar axını ... Romanda bədiilik şərtləri də orijinal üslubla reallaşır. Hadisə, düşüncə və təsəvvür, xəyal assosasiyaları adamı çox uzaqlara aparır. Assosiativ təfəkkür tərzi ilə bu paralelləri aydınca görmək olur. Məsələn, elə romanın əvvəlindəcə rənglər və hadisə, ölüm, xəstəlik, təbiət mənzərəsi, psixoloji sıxıntı ortamı kədərli, lirik, romantik tonla deyil, əyləncəli, sürətli təsvir ladında əks olunur. Müəllim Stiven Dedalın anası ölüb. O qəhvəyi kəfəndə oğlunun yuxusuna girir tez-tez. Dedalın əynindəki jaketin qolunun ağzı didilib, tiftiklənib, çürüyüb tökülür sanki. Dənizə gözlərini dikir, körfəzlə üfüqün dairə cızdığı halqaya çevrilmiş dəniz yaşıl bir maye kütləsini çevirirdi. Bu “yaşıl maye kütləsi”, “tiftiklənmiş paltar qolu” onun anası ölüm yatağında olarkən az qala bağrı yarıla-yarıla qusduğu “yaşıl maye”yə bənzəyir. Qara ciyəri parça-parça anasının ağzından gəlirdi, çürüyən qara ciyərini “yaşıl bulanıq” şəklində keramik kasaya qaytarırdı... Buck Mulligan ona boz şalvar bağışlayır, Stiven Dedal, “boz rəngdədirsə, geyə bilmərəm”-deyir. “Geyə bilməz, adam anasını öldürür, amma boz şalvar geyə bilmərəm-deyir”-Buck Mulligan Stiveni anasının ölümündə günahlandırır. Stiven Allaha inanmır. “Anan ölüm ayağında sənə onun üçün diz çöküb Allaha yalvarmanı istədi, etmədin, tükün belə tərpənmədi, səndə uğursuz bir şey var”-deyir, güzgüyə baxa-baxa, sanki özüylə danışır...

Stiven Dedalın anası ilə bağlı acısı sonrakı detallarda da davam edir. Stiven çox çirkin, nazikboğaz, “kirpisaçlı” şagirdi Stepenə tapşırığı həll etmək üçün kömək edərkən xəyala dalır. Bu uşaq ona özünün keçmişini xatırladırdı. Başı üstündə dayanmış bu “keçmiş”ə toxunmaq istəyir, toxunmur... Düşünür ki. bu qədər eybəcər bir insanı yenə də bir qadın sevmiş, onu qucağında və ürəyində daşımışdı. Əgər o qadın olmasaydı, bütün dünya onu sümüksüz bir həşəratı əzərcəsinə, ayaqlarının altında çığnayıb keçərdi. Ona öz bədənindən qan vermişdi... O zaman həqiqət budurmu? “Yoxdur artıq anası... Anası onu ayaqlar altında çığnanmaqdan qurtarmış, sonra da gəncliyini belə yaşamadan bu dünyadan köçmüşdü. Cənnətə gedən zavallı bir ruh...”

Mətnin girişində “Dublində adı çəkiləndə az qala hər kəsin üzünü turşutduğu” Buck Mulliganın istehzalı replikalarında, davranışlarında düşüncədəki qəliblənmiş “tarixi dəyər”lərə də bir maraqlı yanaşma hiss olunur. Qəflətən əlini köynəyinin altına salıb: “On ikinci qabırğam yox oldu, üstinsanam mən!”-deyib haray qoparan Buck Mulligan dostuna tarixi detal kimi qorunub saxlanan bir qab haqqında sual verir: “Xatırlayırsanmı dostum, Groqan ananın çay və çiş qabı “Mabinogion”da idi, yoxsa “Upanişadlar”da? (Müəllif burada hinduizmin əsasını qoyan fəlsəfi yazılara işarə edir- İ.M) Və ya digər söhbətdə həmin istehza ilə Buck Mulligan dostundan soruşur: “Bir xidmətçi qadının çatlaq güzgüsü İrland sənətinin simvoludur, demişdin, bu söz məni çox tutdu”. Tarixə fərqli münasibət Stiven Dedalın dərsində şagirdləri ilə Prussiya müharibəsi haqqındakı sual-cavabda da özünü göstərir.

Elə həmin söhbətin gedişində müəllif çoxlu düşündürücü mesajları bir-iki cümlə ilə, ötəri, sözgəlişi deyilmiş fikir kimi ortaya atır. “Məncə də doğrusu bu, -dedi yaşlı qadın, - özüm irlandca bilmədiyim üçün utanıram. Bilənlərin dediyinə görə çox gözəl dilmiş.

- “Çox gözəl” də sözdür, “qeyri-adi”demək lazımdır - dedi Buck Mulligan”.

Buck Mulliganın hər şeyə və hər kəsə istehzası, ironik, əyləncəli yanaşması maraqlı fikirlər yaradır. O həm özünün, həm də Stivenin adına lağ edir, “köhnə yunan sərsəmləməsindən qaynaqlanır, adımız”- deyir, dostunu Hamletin nəslindən olan biri kimi Hainesə təqdim edir. Mahnı kimi mızıldadığı sözlərdə də də bu istehza açıqca görünür. “Mənim kimi hamıdan üstün bir qərib dəliqanlı tapılmaz. Anam yəhudi mənim, babamsa bir quş. Marangozun Yusiflə başım deyil xoş”.

Image result for jeyms Joys

Əsərdə çoxlu terminlər, elmi-fəlsəfi, dini mövzuları əhatə edən adlar, ifadələr işlədilir. Müəllifin unikal intuisiya və erudisiyası təəccübləndirir. Mənalandırma, yozma oyunları müasir anlamda izah istəyir və postmodern estetikanın klassik şəkli ilə tanış oluruq. Ciddiliklə qeyri-ciddiliyin, ədəb-əxlaq, millilik, hətta didaktika, öyüd-nəsihət, səliqəli dillə tərbiyəvi diktə mətnin mahiyyətində xüsusi qütb kimi görünmür. Dağınıq, saymazyana dillə söylənilən məişət əhvalatları belə ümumi ahəngə qarışıb şüurun, dünyanı seyrin obrazını yaradır...

“Yoxsullardan oğurlayan, kasıbları talan edən kəslər Tanrıya hesab verir”- belə demişdir Zərdüşt...” Romanın bir parçası var ki, Coys məhz “Belə demişdır!”- formalı cümlələrlə qurur mətnini, dil strukturunu. Bu da əslində ədəbiyyat tarixindəki şekspirvari pafos üslubuna, qəliblənmiş ədəbi dil intonasiyasına istehza jesti idi.

Haineslə Stiven Dedalın gah İsa, gah Yusif peyğəmbərin adının çəkildiyi misraları mahnı kimi dodaqaltı mızıldanan Buck Mulligan haqqında “sözləri küfrdən ibarətdir”- desələr də, din və Allah haqqında özlərinin mühakimələri daha sərt səslənir.

“Sən tanrıya inanmırsan elə deyil? –deyə soruşdu Haines. Yəni sözün hərfi mənasında desək, mömin deyilsən. Heç yoxdan yaradılış, möcüzələr və “Tək Tanrı” sözünün sadəcə tək mənası var kimi gəlir mənə... Ya inanırsan, ya da inanmırsan, elə deyil? Mən şəxsən “TəkTanrı”fikrini həzm edə bilmirəm. Əminəm ki, sən də qəbul edə bilmirsən bunu, hə?

- İçimi görürsən,- Stiven son dərəcə təşvişlə dedi, - özgür düşüncənin iyrənc bir nümunəsi...”

Beləliklə, onların söhbəti dini yöndən siyasi istiqamətə yol alır. “İki əfəndiyə xidmət edirəm, - dedi Stiven. - Biri ingilis, o biri italyan.

- İtalyanmı? - dedi Haines. Çılğın bir kraliça, yaşlı və qısqanc. Diz çök önümdə!

- Üçüncüsü də var. - deyib gözlədi Stiven. - Əl-ayaq işləri gördürmək istəyirlər mənə.

İtalyanmı? - dedi, yenə Haines. - Nə demək istəyirsən?

- Britaniya imperatorluğu,-deyə Stiven dilləndi. Üzü qızardı. –Müqəddəs roma və papalıq kilsəsi...

- Səni başa düşürəm, - sakitcə dedi. Bir irlandiyalının belə düşünməsi təbiidir. Biz də, İngiltərə də sizə çox haqsızlıq etdiyimizə inanırıq. Məncə bunun günahkarı tarixdir.

- Təbii, mən ingilisəm, -dedi Haines, - duyğularım bir inglisinki.

- Ölkəmin alman yəhudilərinin əlinə düşdüyünü də görmək istəmirəm. Təəssüf ki bizim keçmiş nəslimiz, tariximiz bu durumdadır”.

Coys XX əsrin əvvəllərində dünya siyasətində milli, bəşəri, məhəlli və bir də bunların hamısının üstündən baxa bilən fövqəl düşüncə sahiblərini danışdırır romanında. Məktəbdə söhbət edən Mister Deasyla Stivenin dialoqu adi mətləblərdən uzaqdır əslində. Stiven Dedalla Mister Deaysın mükaliməsi romantika ilə reallığın, hisslə düşüncənin paradoksallığı fonunda həqiqətin, mövcud, yaşadıqları zaman kəsimində ictimai, tarixi, sosial gerçəkliyin ifadəsidir. Amma təkcə “bir qısa zaman kəsimi” mahiyyətində yox, həm də “əbədi”...

Deasy gücü pulda, səlahiyyətdə görür. “Üç nəsil görmüşəm”-deyir və Stivendən soruşur:

“ - Bir ingilisdən eşidəcəyin qururlandırıcı, fəxrlə söylədiyi fikir, cümlə bilirsənmi nədir?

- İmperatorluğumuzda Günəş əsla batmaz!

- Yoox! –deyə qışqırdı Deasy. İngilislər deyil, bunu fransız Kelti söyləmişdir. Deyimmi, nə deyirlər? Onlar deyir ki, bu dünyada kimsəyə borclu deyilik, bir kimsəyə borcumuz yox!”

“Uliss” əsərində zaman və məkan kontekstində hərəkət və fikir, düşüncə irəliləyişi, söhbətlərin məzmunu müəllifin məqsədli şəkildə dağınıq, sistemsiz kimi göstərməyə çalışdığı, amma əslində maraqlı kompazisiya quruluşu fonunda cərəyan edir. Stivenlə Deasy müasir tarixin, yaşadıqları zamanın problem epizodlarından söz açır. Məkan dekorasiyasında isə elə hey “keçmiş”, “tarix”, “dünən” məzmunlu detallar, yaddaş assosasiyası baş qaldırır. Qədim simvollu detallar, döyüş silahları, məişət əşyaları, müharibə təsəvvürlü səhralar, düzənliklər, qalalar və s. Sinif otaqlarında, küçələrdə, dəniz kənarlarında-hər yerdə əşyalar, atributlar, simvollar sənə tarix danışır. İnsan şüuru öz tarixi ilə, keçmişi, indisi və gələcəyi ilə mücadilədədir. Ruh-keçmiş canlılardan sənə ötürülən və səndən də başqalarına köçərək dünyanı dolaşır və bunu şüur, nitq potensialı hesabına ifadə edirsən. İnsan şüuru sərhədləri dağıda bilir, fəqət yenə hansısa müəmmalı, qaranlıq, labrintli, sirli döngələrdə ilişib qalır. O - şüur hələ də öz yolunu tam şəkildə bula bilməyib.

Coysun əbədi suallarından biri də bu idi. Millət və böyük ərazilər sahibi olmaq üçün müharibə, dava, qan, ölüm! Getsinmi? İman və din, etiqad yolunda mütilik, sözsüz boyunəymələr, çox hallarda inanc kultu donunda cahilliklər, mənasızlıqlar... Razılaşsınmı? Ailə sədaqəti, sevgi özgürlüyü və xəyanət təslimçiliyi-üçbucağında özünəsadiqlikmi, yoxsa başqalarının baxışı, ictimai rəylə hesablaşma? Nə etsin? Bu romanda bizim də bir insan kimi içində çabaladığımız, içərisində bir böcək kimi düşüb qaldığımız problem suallar bataqlığı ilə rastlaşırıq... Stivenin xəyal və düşüncələri daha kədərlidir bu mənada. “Oyun meydançasında oğlanların kəskin qışqırıqları yüksəldi, bir də uğuldayan bir zurna. Yenə: Bir qol. Mən onların arasındayam, vuruşan nəhəng gövdələrinin... Ölüm-qalım döyüşü. Yəni, zəif, xəstəhal görünən bu əyriayaqlı ana quzusumu? Döyüşənlər... Zamana qarşı mübarizə, müqavimət... Heyrət, yenə heyrət! Döyüşənlər, bataqlıq dəryası və vuruşanların vəlvələsi... boğazlananların, yaxalananların donmuş ölü qusmağı, sivri uclarındaymış kimi qanlı insan bağırsağı taxılmış mizraqların danqıltısı...”

Mister Deasy Stiven Dedala bir yazıdan bəhs edib deyir ki, ayaq və ağız xəstəliyi haqqında yazdım, sənin mətbuatla, ədəbiyyat adamlıarı ilə əlaqən var, bu yazını diqqətlə oxu və ünvanına çatdır. Onsuz da bu məsələ ilə bağlı başqa mülahizələr, fikirlər qaneedici olmayacaq, istəyirəm ki, bu məqalə çap olunsun, oxunsun və əks-səda versin. Iribuynuzlu mal-qara xəstəliyi baş alıb gedir, səsimi eşidən yoxdur, hər tərəfim əngəlli, süründürməçi adamlarla doludur. Qohumum Avstriyada yaşaylır və o yazmışdı ki, burada bu xəstəliyi sağaldan həkimlər var. Hökumətin onları bura gətirməyinə çalışıram ... “Ayaq və ağız xəstəliyi haqqında. Diqqətlə oxu. Onsuz da bu məsələ barədə başqa mülahizə qəbul edilə bilməz. Qiymətli qəzet sütunlarınızı bu yazı ilə tuta bilərəmmmi?

Tariximizdə tez-tez baş verən, təkrarlanan bu iqtisadi böhran qanunnları... İribuynuzlu heyvan ticarətimiz. Tamam keçmiş sənayenin vəziyyəti. Qalvay limanı layihəsini tənəzzülə uğradan Liverpool dəstəsi. Avropada qızılca qiyaməti....”

Daha sonra söhbət yenə siyasi müstəviyə gəlir: “Yadında saxla bu sözümü, Mister Dedalus! İngiltərə yəhudilərin əlindədir. Bütün yüksək məqamlarda: maliyyəsi, mətbuatıyla... Bu vəziyyət bir millətin zavala gəlməsi deməkdir. Yerləşdikləri hər yerdə millətin varlığını silib-süpürürlər. İllərdir ki, bunun başımıza gələcəyini bilirdim. Adım kimi bilirdim, əmin idim... Yəhudi tüccarları bu anda bizə sitəm etməkdədir. Qoca İngiltərə can verir...”

“Uliss” romanında təsvirlərin, xüsusən məişət təsvirlərinin dili nə qədər sadə, real cizgili olsa da, siyasi və daha dərin, fəlsəfi söhbətlərdə təsvir və dialoq, mükalimə, mühakimə dili obrazlı səciyyə daşıyır. Yəni, məsələn, siyasi hadisələrin izahı daha rəsmi, publisistik üslub normaları tərzində deyil, poetik, məcazlı dillə şərh edilir. Məsələn, İngiltərə bir dövlətdən daha çox bir canlı insan obrazında portretləşir. “Can çəkir, -dedi - təkrar. Əgər canı çoxdan çıxmayıbsa belə... Qoca İngiltərənin kəfənini toxuyur küçəbəküçə gəzən zorakılıqlar... Gözlərini iri-iri açaraq ortasında dayandığı günəş şəfəqlərinin içərisindən diqqətlə baxdı.

- Tüccar dediyin, - dedi Stiven, ucuz alıb baha satanlardır, istər yəhudi olsun, istər olmasın, elə deyilmi?

- İşığa qarşı günah işlədilər, - Mr.Deasy təmkinlə dedi. Gözlərindəki zülməti görə bilərsən... Bu günə qədər dünyanı başıboşcasına gəzib-dolaşmalarının da səbəbi budur”.

Mr.Deasyla Stiven Dedalusun söhbətində həm də “asi” və inanclı insan görüşlərinin qarşılaşması əks olunur.

“- Hər kəsdə belədir, deyilmi?- dedi Stiven.

- Nə demək istəyirsən?-deyə soruşdu Mr. Deasy.

...

- Tarix, - dedi Stiven,- mənim oyanaraq qurtulmağa çalışdığım bir kabusdur. Oyun meydançasında oğlanlar bir hay-küy qopardılar. Vızıldayan bir zurna: Qool.

- Bəs o kabus səni arxandan itələyərsə?

- Yaradanın işləri heç də bizim işlərə bənzəməz, -dedi Mr.Deasy. Bütün insanlıq tarixi tək bir niyyətə, qayəyə doğru irəliləməkdədir, Tanrının təzahür etməsi...

- Stiven baş barmağını pəncərəyə tərəf uzadaraq dedi: Tanrı budur, bax! Yaşşa! Heyy! Hoop!

- Nə? - deyə soruşdu Mr. Deasy.

- Küçədəki bir çığırtı, - işarəsini verdi Stiven çiyinlərini çəkərək.

Mr.Deasy gözlərini aşağı dikərək, barmaqlarının arasında sıxdığı burun qanadlarını bir müddət saxladı. Yenə yuxarıya baxaraq burnunu buraxdı.

- Mən səndən daha çox xoşbəxtəm. Lap çox xətalarımız var, lap çox günah işləmişik. Bu dünyaya günahı bir qadın gətirib. Günahı, eybi ilə tanınan bir qadın. Menalusun onu tərk edən qadını Yelena uğrunda yunanlılar on il müddətində Troyada savaşdı. Yadelliləri bu sərhədlərə gətirən sədaqətsiz bir qadın... MacMurroughnun arvadıyla arvadının dostu Breffni prensi O.Rourke getmişdi. Parnelli gözdən salan da bir qadın olmuşdu. Lap çox xəta, lap çox qüsurlar var. Amma həm də bircə günah belə yox...

Həyatımın bu son günlərində mücadiləm yenə davam edəcək. Olsun... haqq üçün sonuna qədər mübarizə aparacam. Uster savaş verəcək, Uster haqqa yetəcək...”

Stiven söhbətdən yayınmaq istəyir və məktuba baxa-baxa düşünür ki, hər şeyə bəzək qoşan Buck Mulligan bu işdən xəbər tutsa ona yeni ad qoyacaq: “Sığırsevər şair - Mr.Dedalus!”

Mr Deasy qapıdan çıxmaqda olan Dedalusa deyir:

“- Bir də onu demək istəyirdim, deyirlər ki, İrlandiya yəhudilərə heç zülm etməyən yeganə ölkə şərəfinə sahibdir. Bunu bilirdinmi? Yəqin ki, yox... Səbəbini bilirmisən? Parlaq gün işığında qaşlarını əsəbiliklə çatdı.

- Nədən əfəndim?-deyə gülümsəyərək soruşdu Stiven.

- Çünki onları heç vaxt içərilərinə buraxmamışlar- Mr. Deasy bir az da ciddiləşərək dedi”.

Romanda insanın ana bətnindən dünyaya gəlişi haqqındakı poetik-fəlsəfi düşüncələri çözdükcə Azərbaycan klassik ədəbiyyatındakı sufi görüşlərinin, Nəsimi, Füzuli irfanından qaynaqlanan şərq fəlsəfi düşüncə intellektuallığının izlərini görürük. M.Füzulinin “Leyli və Məcnun” əsərində Qeysin dünyaya gəlişi ilə bağlı bəşəri anlamda izah və təsəvvürləri xatırlamalı oluruq. C.Coysdan 4 əsr öncə yaşamış M.Füzuli sufizmini...

Qeysin atası övladı olmadığı üçün ah-fəğan edirdi. Nəsili-kökü kəsiləcək, varidatı, adı-şanı varissiz, xələfsiz qalacaq deyə əndişədə idi. Nəzir-niyaz, dualar, yalvarışlar… Amma Qeys bu dünyaya gəlmək istəmirdi. Onu zorla, dizin-dizin sürünə-sürünə, Allaha yalvara-yalvara gətirdilər yer üzünə. Amma Qeys bu səslənişdən, çağırışdan məmnun deyildi. Sanki cənnətdən cəhənnəmə düşdü, azadlıqdan (ədəmdən) məhbəsə, yer üzünə, qəm evinə atdılar. Ana bətni qaranlıq bir dünya oldu ona... Adəmdə azad idi, ana bətninin qaranlığında isə məhkum, yer üzünə enəndə isə əsir düşmüş hesab edir özünü.

Ol dəm ki, bu xakdanə düşdü,

Halını bilib fəğanə düşdü.

Axır günün əvvəl eyləyib yad,

Axıtdı sirişkü qıldı fəryad,

Yəni ki: Vücud, dami-qəmdir;

Azadələrin yeri ədəmdir.

Məlum olur ki, o özüylə gəldiyi məkandan bircə Eşq gətirib və sona qədər də ona sadiq qalacaq. Haqdan eşqlə qopub gəlib, Haqqa da eşqin ölümcül zərbəsilə qovuşacaq. Və düşdüyü qərib məkanda imdadı da həmin eşqdən istəyir. İstəyir ki, bu dünyanın rəzalətinə gözü bağlı olsun. Bu örtük isə onun eşqi ola bilər:

Ey eşq, qəribi-aləm oldum,

Avareyi-vadiyi-qəm oldum,

Tədbiri-qəm etmək, olmaz oldu,

Gəldim, geri getmək olmaz oldu,

Səndən dilərəm mədəd ki, daim

Təmkinim ola sən ilə qaim.

“Uliss”də isə oxuyuruq: “Qaranlıq bir günah bətnindəydim mən də, vücuda gətirilməmişdən”.

Qeys dünyaya gəlməyi “dünyaya əsir düşmək” kimi qələmə verir və bu əsirlikdə hamıya səbir arzulayır:

Hər kim ki, əsir olur bu damə,

Səbr etsə gərək qəmi-müdamə.

Beləcə, insanın yaradılışı, günahı, yer üzünə enmə səbəbi və içindəki narazılığı, kin-küdurəti haqqında düşüncələrə dalmalı oluruq. Özü də Füzuli bunu əhvalat və macəra donunda yox, fəlsəfi-elmi, dini mühakimə və analitik təhlillərlə poetikləşdirir.

“Uliss”də oxuyuruq: “Heçlikdən yaradılış. Çantasında nə vardı? Qırmızı yun parçalara bükülmüş, ucu görünən bir göbək kəndiri ilə dünyaya gəliş, yerə enmə…. Hər kəsin ipək kəndirləri uc uca keçmişə bağlanır… Alo! Kinch danışır, məni Həvvakəndə bağlarmısan? Əliff, alfa: sıfır, sıfır, bir. Adəm Kadmonun zövcəsi və həyat dostu… Həvva, çılpaq Yeva… Göbəyi yoxdur onun. Heyrətlə bu vücuda dalmaq... Qüsursuz bir qarın, ipiri hamilə… Günah bətni… Qaranlıq bir günah bətnindəydim mən də, vücuda gətirilməmişdən”.

İnsanın günaha köklənməsini qadından başlayan fikirlər səslənir əsərdə: “Çılpaq qadınlar! Çılpaq qadınlar! Buna nə deyirsən, hə? Nə deməliyəm? Başqa nə üçün icad edilmişdi ki, onlar?”

Əsərdə bir “günah” məhkəməsi sindromu ilə yaşama kompleksi var. Günahın izinə düşmə, yaradılışında qüsur arama, ruhu sarmış, insanı rahat yaşamağa qoymayan qorxu, suçluluqdan savunma mücadiləsi... “Ruhlarımız günahlıarımızın utancıyla yaralı, gənə kimi yapışır bizə. Sevgilisindən yapışan bir qadın kimi... Yenə, yenə, yenə...”

27.07.2017.

# 1469 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #