Sərdar Cəlaloğlu: “Qarabağı Vaqif satıb” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Qarabağı Vaqif satıb” - <span style="color:red;">MÜSAHİBƏ
2 avqust 2017
# 11:00

Kulis.azın “İşdən kənar” layihəsinin budəfəki qonağı Azərbaycanın Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılır.

- Sərdar bəy, fəaliyyət olaraq özünüzü hansı sahəyə aid edirsiniz?

- Mən elə orta məktəbdən oxuyanda da, fənləri ayırmamışam. Bütün fənləri əla oxumuşam. Şeir də yazmışam. Misal da etmişəm.

- Yox, mən indi əsas fəaliyyət sahəsi kimi deyirəm.

- Siyasətçi.

- İxtisasınız?

- Məhkəmə həkimi.

- Tibb, siyasət, elm... Fəaliyyətinizlə müxtəlif sahələrə toxunursuz. Bu da qıcıq yaradır, qeyri-ciddi qarşılanır. Sizi narahat etmir?

- Yeniliyin yaratdığı narahatlıqdır. Cəmiyyətə yeni ideya verəndə onlarda innovasiya xəstəliyi yaranır. Yeniliyə uyğunlaşma qabiliyyətləri zəifdir, ona görə mənim ideyalarım qıcıqla qarşılayırlar.

- Toplumun formalaşmasında dəyər hesab olunan kult şəxsiyyətlər var ki onlar haqda neqativ fikir qıcıq yaradır-bu da normaldır. Sizin Füzuliyə dediyiniz kimi.

- Eynşteyn nisbilik nəzəriyyəsilə sübut edib ki, bir hesablama sistemindən o birinə keçəndə ölçü dəyişir. Cəmiyyət də bir statusdan o birinə keçəndə ölçü dəyişir. Biz asılılıqdan müstəqilliyə keçmişik. Bu zaman dəyərlər sistemi də dəyişməlidir. Bunu Nitsşe nihilizm nəzəriyyəsilə sübut edib. Əvvəlki dövrün dəyərləri dağılır, yeniləri isə yaranmır. Bu nihilizm dövrüdür. Bizdə indi müstəqil dövlətdirsə, fərqli dəyərləri bölüşməlidir. Siyasi dəyişmələr cəmiyyətin ölçü sistemini dəyişməlidir. Biz də böyük şəxsiyyətlərimizi daha çox “eleşdirməliyik”.

- Bunun hansı faydası olacaq cəmiyyətə? Məsələn, Füzuli. İrfan ədəbiyyatının nümayəndəsi kimi mənəvi dəyərləri təbliğ edir. Sizin ona kafir deməyinizlə nə fayda yaranır?

- Bir dəqiqə. Mən nə demişəm ki, Füzuliyə? Demişəm, sufistik yanaşması ilə Quran haqda yanlış təsəvvürlər yaradır. “Mətlə-ül etiqad” əsərindən danışmışam mən. Həmin əsərdə Füzuli deyir ki, Allah-təala su üzərində olarkən dünyanı yaratdı. Sonra da deyir ki, bu Falesin də dediyinə uyğun gəlir. Fales də deyir, öncə su yaranıb. Fales metafizikdir. Dünyanın başlanğıcını dünyada axtaran adamdır. Quransa deyir, dünyanın başlanğıcı dünyadan kənardadır. Mən Füzulinin Falesin metafizik fikirləri ilə ilahi-teoloji fikirləri eyniləşdirməsinə qarşıyam.

Ya da fələklərlə bağlı... Astroloqlar düşünür ki, ulduzların ruhu var - insanlara təsir edir. Astroloji proqnozlar da buradan yaranıb. Quran belə şeyləri qadağan edir. Füzulisə fələklər ideyasını oradan götürür. O dünyanı astroloji baxışlarla izah edir.

- Yəni, Füzuli “fələklər yandı ahımdan” deyəndə dindən çıxır?

- Bənzətmə kimi deyə bilər. Mən dini əsərini tənqid edirəm. Orada o, Quranı yanlış anlayır. Füzuli böyük şair ola bilər, amma zəif bilir dini. Belə demişəm mən. Burada nə var ki?

Almanlarla Brest sülhü imzalanandan sonra Moskvada alman səfiri öldürülür. Leninə deyirlər ki, alman səfiri öldürülüb, müharibənin qarşısını almaq üçün gedib başsağlığı verməlisən. Deyir, mənə deyin də, bunu. Mən haradan bilim? Guya inqilabın rəhbəri olan Lenin hər şeyi bilirdi?

Əgər kimsə Füzulinin ədəbiyyat sahəsindəki nailiyyətini nəzərə alıb dini fikirlərini də qəbul edirsə, o adam batil elmlərin təsirindədir.

Götürək elə Səməd Vurğunu. Səməd Vurğun texnika baxımından, qafiyə düzmək, sözlərin nizamı baxımından Azərbaycanda bənzərsiz şairdir. Amma ədəbiyyat elə qafiyə tutmaq deyil ki. “Vaqif” dramında Səməd Vurğun Qacarı fars kimi, qaniçən işğalçı kimi təqdim edir, Vaqifi isə xalqın böyük bir şairi, xilaskarı kimi. Halbuki, Vaqif Qarabağın Azərbaycandan qoparılması məsələsində vasitəçilik edib. Yekaterina ona görə ona qızıl əsa da bağışlayıb. Qacarsa siyasi separatizmin qarşısını almaq üçün gəlib, Azərbaycanı birləşdirmək fikri ilə gəlib və o, gələndə burada bir nəfərin də burnu qanamayıb. Qacarlar türk tayfalarından biridir. İndi bir adam Qarabağı, torpağı birləşdirmək, rusdan almaq üçün vuruşur, axırda da öldürülür, o biri vətəni rusa satır. Səməd Vurğun torpağı satanı qəhrəman kimi verir, Vətən yolunda vuruşanı qaniçən zalım kimi... Yaxşı, şairsən, lap qafiyələrin də düzdür, bəs mən sənə necə münasibət göstərməliyəm? İdeyan ziyanlıdır axı? Heç “Komsomol” poemasını demirəm. Guya Şaumyanın ürəyi bizim xalq üçün yanırdı. Amma biz bilirik axı 31 mart qırğınını törədən Şaumyandır. Götürək Cəfər Cabbarlını. “Od gəlini”ndə o qız deyir ki, mən Quranı yox, dar ağacını təbliğ edirəm. Bizsə bu gün məscid tikirik. İndi götürək bu əsəri də təbliğ edən gənclərimizə ki, azərbaycanlılar Qurandansa dar ağacını üstün tutur. Bax belə əsərləri təbliğ etmək olmaz, bu ziyanlıdır.

- Axı sizin yanaşmanız da bir ideologiyadır sonucda. Bundan yanaşanda o səhvdir, ondan yanaşanda bu. Tamam. Qəbul etmirsiz. Amma ideyadır da, plüralizm olsun istəmirsiz?

- Əgər Cəfər Cabbarlı onu öz müstəqil düşüncəsi ilə yazsaydı, siz deyən idi. Səməd Vurğunun əsərləri Mərkəzi Komitənin plenumunun qərarları əsasında yazılan əsərlərdir. Birini kollektivləşməyə görə yazıb, o birini mədəni maarifçiliyə görə... Siyasi institutdan asılı əsərlərdir. İndi o siyasi institutlar yoxdur, amma əsərlər qalıb ortada. Bir şair yazanda ki, ey layka, sən göydə edəndə ham-ham, mən yerdə səndən alıram ilham - bu xalqımıza başıaşağılıq gətirmir?

Amma Bunin, Kuprin, Soljenitsin, Pasternak Rusiyadan çıxıb getdilər. Ölkəni tərk etdilər. Bizdə də Almas İldırım, Müşfiq, Cavid kimilər oldu. Bunlar etmədi, öldürüldü, sürgün olundu, ölkədən getdi, onlar da zamanın tələbinə əyildi. Biz xeyri şərdən ayırd etməliyik sadəcə.

- Ümumiyyətlə, ədəbiyyata hansı meyarlarla yanaşırsız?

- Ədəbiyyat bir vasitədir - siyasətin bir vasitəsidir.

- Bəs o zaman niyə Səməd Vurğunun yazdıqlarını pisləyirsiz?

- O, sovet ideologiyasına vasitəçilik edir də. Biz də deyirik ki, müstəqil Azərbaycana vasitəçi olsun.

- O zaman müstəqil Azərbaycan yox idi axı...

- Siz erməni yazıçısızsa, Qarabağı erməni torpağı, Androniki də erməni qəhrəman hesab edirsizsə, mən o yazıçını öz yazıçım bilməliyəm indi?

- Ona görə də ədəbiyyat vasitə deyil, öz məqsədləri var.

- Nədir də məqsədi ədəbiyyatın?

- Bəşəri ideyaların tərənnümü deyək.

- Təbii ki, elə əsərlər var: Heminqueyin Nobel mükafatı almış “Qoca və dəniz” əsəri. Cek Londonun “Həyat eşqi” kimi əsərlər var ki, o, siz deyən ümumi insani dəyərləri təbliğ edir. Bunlar ümumi ədəbiyyatdır. Nizami, Füzuli də ona görə bu ədəbiyyata daxil oldu ki, onlar bir dövlətə, bir siyasətə xidmət etmir. Amma söhbət Səməd Vurğun kimi sinfi şairlərdən gedir. “Partiyamızdır” yazıb ideologiyaya xidmət edib. Bəxtiyar müəllim sağlığında özü danışırdı mənə. Ona deyiblər ki, Leninə bir poema həsr elə, sənə SSRİ-nin Xalq Şairi adını verək. Deyir, çox sıxışdırdılar, mən də Əlcəzair haqda poema yazdım, amma Rəsul Rza yazdı... Ancaq məsələn, Aşıq Ələsgər bu kateqoriyalarda deyil. Bu adam təsvir yazır - bədii rəssamdır.

- Siz bir ideologiyaya görə o birini tənqid edirsiz. Dindəki ehkamçılığı qəbul edirsiniz, amma ədəbiyyatda yox.

- Din mütləq həqiqətdən gəlir. Ədəbiyyat nisbi həqiqətdir. Quranın verdiyi biliklər ehkamdır, çünki yaradan göndərib. Çatır fikrim? Hermenevtika bir mətnin arxasındakı gizli mənaları aşkara çıxarmaq haqda elmdir. Məsələn, yazıçı əsər yazıb, bu elm aşkar edir ki, adam yazanda oğlu ölüb, acıyla yazıb, ona görə belə dramatik yazıb. Hermenevtik təhlil edəndə bir çox məsələlər aydın olur. Məsələn, Homerin “İliada” əsəri... Məlum olub ki, Homerin zamanında güclü zəlzələ olub. Homer də təbiətin insanlara yaşatdığı faciəni, insanların insanlara yaşatdığı faciələrlə paralelləşdirib belə bir əsər yazıb.

Qurani-Kərimin özündə qissələr var. Bu qissələr daha ciddi bilgiləri çatdırmaq üçün dərin qatlı əsərlərdir. Ədəbiyyat belə dərin qatlı əhvalatlar yarada bilməz. “Leyli və Məcnun”da heç elə bir dərin məna yoxdur, iki adamın sevgisidir. Tema-reması uyğundur bir birinə.

- Temanı bildik, rema nədir ki?

- Tema mövzudur, rema məzmun. Siz qulaq asın. Qurandakı “Yusif və Züleyxa” əhvalatı bir qadın, bir kişi teması deyil. Daha dərin qatları var. Məsələn, orada yeddi rema var. Züleyxa Yusifin əlaqəsi əslində, əksliklərin əlaqəsidir, göylə yerin əlaqəsidir, axirətlə bu dünya, canlılar aləmi və s. Ədəbiyyatda belə şey yoxdur.

- Niyə ki? Hər hansı ortabab bədii əsərdə belə mürəkkəblik, dərin qatlar tapa bilərik. Hətta filmdə də bir kadr onlarla məna ifadə edir. Çoxqatlı kadr orada da var.

- Elə deyil. Quranda bir cümlə bir neçə fikri ifadə edir. Ədəbiyyat elə deyil. Olsa-olsa, iki məna olar. Quran ehkamdır, bunun fəlsəfi, elmi, bədii nəzəri mənası var.

- Quranın izahı ilə məşğul idiniz... Kitab çıxaracaqdınız...

- Bu asan məsələ deyil. Günah tərəfi var. Allahın adından yanlış söz demək günahdır. İkincisi, çətin məsələdir. Bir milyon ədəbiyyat var Quran haqda. Gərək heç kim sən yazdığına bir söz deməsin. Üçüncüsü də ki, mən izah yazıram. Yəni, ilahi elmi əqli elmlərlə izah edirəm.

- Necə edirsiz? Məsələn, təkamülü...

- Allah-təala deyir ki, gümanların bəzisi günahdır. Güman nəzəriyyə deməkdir. Darvinin təkamül nəzəriyyəsidir, Lomonosovun enerjinin saxlanması qanunudur, bu kimi bir çox nəzəriyyələr günahdır. Darvin deyir ki, insan insanabənzər meymundan əmələ gəlib. Allah deyir ki, altıncı gün çıxanlar, yəni insanlar, meymuna çevrildi, sonra donuza çevrildi. Quranda insan iki canlıya çevrilir eyni vaxtda. Təkamülə görə bir canlı başqasına çevrilmir. Həqiqətin bir meyarı var, o da təcrübədir. İndi baxın ki, bir meymun dönüb insan olurmu? Amma həqiqətən elmi şəkildə sübut olunub ki, meymunun davranışları, donuzun da daxili orqanları insanla üst-üstə düşür. Fəlsəfə deyir ki, fərqliliklər bir-birinə keçir, amma oxşarlıqlar keçmir. Fəlsəfə ümumi qanun olduğuna görə biologiya da, fizika, da, kimya da ona tabe olmalıdır.

- Nəsr yazmısız?

- Bir hekayə yazdım. “Hürriyyət” qəzetində başqa imzayla dərc etdirdim. “Xoşqədəmin “Səni axtarıram” verilişinə baxıb təsirləndim. Amma mənim hekayəm “Səni axtarmıram” adlanır. Vallah, mən yazsam, ədəbiyyatda mənə heç çatan olmaz. Amma elm daha vacibdir, həm də o sahədə boşluq var indi.

- Müasir yazıçı-şairləri oxuyursuz?

- Yox. Axırıncı dəfə “Alatoran” jurnalını oxumuşam. Postmodernizmi-zadı yamsılayırlar, biz indi gərək müstəqil Azərbaycanın ədəbiyyatını yaradaq. Kimsə xaricdə postmodernist əsər yazırsa, onu bura gətirməklə, postmodern əsər edə bilmərik. Həm də bu uşaqlar sovet təfəkküründən çıxmayıblar. Həmid Herisçi baxırsız ki, sosialistdir. Orada bir qız da yazırdı... Açıq-saçıq şeylər... Elə oxuduğum onlardı. Bilirsiniz, gərək əsər adamı çəkə...

Mən Taqordan Balzaka qədər, Mopassandan Dikkensə qədər ən görkəmli şəxsiyyətlərin hamısının bir-iki əsərini oxumuşam. Özüm də təzə bir elmin əsasını qoymuşam. Metafizika haqda kitab yazmışam. Üçüncü kitabım da tərəqqinin metafizikasına həsr olunub. İnsanlıq yaranandan qiyamətə kimi bəşər tarixində baş verənləri ümumiləşdirərək bir suala cavab axtarmışam ki, insanlığın məqsədi varmı və nədir? Bu, üç cild kitabdır. Burada heç kimin aşkar etmədiyi qanunauyğunluqlar aşkar etmişəm.

İnkişaf haqda sxemlər də çəkmişəm, amma çap etdirməmişəm. Çox pul istəyirlər çapa. Fizika, kimya və biologiyada həll olunmamış məsələlər deyə bir anlayış var. Müasir elm onlara cavab verə bilmir. Bu məsələlərlə bağlı elmi nəzəriyyələr işləmişəm. İki işimi Nobelə göndərmişəm. Biri kosmik dəyişmələr haqdadır. Bu işlə mən Nobelin gizli səsvermə mərhələsinə qədər yüksəldim, amma axırda mükafatı amerikalılara verdilər. Belə deyək ki, mən ikinci yerə çıxdım, onlar birinci yerə. O biri işimdə virtual fizikadan Kvant fizikasına keçid haqdadır. Maddənin halı haqda nəzəriyyələrim də var.

Layihənin digər yazıları:

İqbal Ağazadə: “Nizami Gəncəvinin bədbəxtliyi ondadır ki...”

Fazil Mustafa: “Axundovun islama nifrəti anlaşılandır”

Keçmiş səfir: “Füzuliçilik bizi boğaza yığıb”

Zərdüşt Əlizadə: “Çingiz Abdullayevin yazdıqları ədəbiyyat deyil

# 2279 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
#
#
# # #