Onu alim saymır, lağa qoyurdular, amma... – ANIM

Onu alim saymır, lağa qoyurdular, amma... – <span style="color:red;">ANIM
31 iyul 2017
# 16:32

Kulis.az tənqidçi Atababa İsmayıloğlunun “Qulam Məmmədli fenomeni” məqaləsini təqdim edir.

Qulam Məmmədlinin Azərbaycan Dövlət Mərkəzi Ədəbiyyat və İncəsənət Arxivində saxlanan fondunda bir tarixi sənəd var: o zaman Respublika Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışan Zahid Xəlilovun SSRİ ali və orta ixtisas təhsili naziri Yelyutinə məktubunun surəti. Məktubda nazirdən tədqiqatçı alim Qulam Məmmədliyə istisna hal kimi elmlər namizədi alimlik dərəcəsi almaq üçün imtahanlara buraxılmasına icazə xahiş olunur. Məktubun konkret cavabı fondda yoxdur. Amma cavab aydındır. O dövrdə, elə indinin özündə də nəinki ali təhsilli, heç orta təhsili də olmayan bir şəxsin elmlər namizədi alimlik dərəcəsi adını alması formal cəhətdən mümkün deyildi. Əslinə qalanda məktubun cavabını nazirin göndərəcəyi cavabda deyil, respublikada humanitar elm sahəsində çalışanların 60-cı illərin sonundan başlayaraq Qulam Məmmədlinin yaradıcılığı ətrafında yürütdüyü mübahisələrdə axtarmaq lazımdır.

Respublikanın bir çox fəxri adlarını daşıyan tədqiqatçı-jurnalist Qulam Məmmədlinin adı elm aləmində 60-cı illərdən başlayaraq çəkildi. Qəribə orasında idi ki, həmin illərdə onun haqqında fikirlər çox ziddiyyətli idi. İllər ötdükcə bu təzadlı fikirlər, ziddiyyətli rənglər daha da qatılaşırdı. Qulam Məmmədlinin tərəfdarlarından bir neçəsi onun elmlər doktorundan da artıq bir iş gördüyünü söyləyirdilər. Hətta bəziləri Qulam Məmmədli bir institutun, bəziləri isə bir neçə institutun işini görür deyirdilər. Bu yaşda ixtiyarın arxivdə işləmək səbrinə, inadına həsəd aparır, özlərində onun qədər səbr, güc olmamasını etiraf edirdilər.

İkinci qrup elm adamları Qulam Məmmədlini bir alim kimi qəbul etmək istəmirdilər. Onların fikrincə, o, adicə bir tədqiqatçı, ən yaxşı halda, salnaməçidir. Bu alimlərin baxışlarına görə Qulam Məmmədli elm aləmindən uzaq, nəzəri mülahizələr söyləməyən, tədqiqatlarını ümumiləşdirməyən bir peşə sahibidir. Onun obrazını olsa-olsa hansısa alimin əlinin altında material toplayan bir köməkçi səviyyəsində görürdülər.

Mübahisələr davam edir, illər bir-birini əvəz edirdi.

Amma humanitar elm aləmində bu mübahisələrə, dedi-qodulara biganə qalanlardan biri də Qulam Məmmədli özü idi. O, nə elmi ad, nə də fəxri kürsü haqqında fikirləşirdi. Görünür, akademik Xəlilovun nazir Yelyutinə yazdığı məktubu da çoxdan unutmuşdu. O, Qulam Məmmədli ki, gecə-gündüz arxivlərdə çalışır, hətta arxiv, kitabxana işçilərini təngə gətirirdi.

Arxiv və ya kitabxanada işçiləri onu görən kimi – yenə gəldi, - deyir, qara günlərini qablaşdırırdılar. Demək, o günü, necə deyərlər, işdə zəngdən-zəngə kimi qalacaqdılar. Qulam Məmmədliyə yanlış məlumat vermək, onu başdan etmək, - filan material yoxdur, - söyləmək baş tutan deyildi. Əvəzində kitablar bir-birinin ardınca nəşr edilirdi: “Hüseyn Ərəblinski”, “Cahangir Zeynalov”, “Molla Nəsrəddin”, “Azərbaycan teatr salnaməsi” (sonradan Qulam müəllim bu kitabın ikinci hissəsini də hazırladı), “Nəriman Nərimanov”, “Gizli imzalar”, “Üzeyir Hacıbəyov”, “Cavid ömrü boyu”... Hətta bəzən mübahisələri yumşaltmaq, yaxud başqa bir məqsəd üçün Qulam Məmmədli deyirdi: “Mən ərəb əlifbası ilə yazılan dövrü işləyirəm. Qoy bu əlifbanı bilməyən alimlərə kömək olsun”.

O zaman kitab çap etdirməyin necə çətin olduğunu hamı yaxşı bilir. Arxivlərdə itib-batmış tozlu qovluqları tapıb üzə çıxarmaq, yüzlərlə qəzeti vərəqləmək... kimlərdənsə minnətlə Moskvaya, Leninqrada, Kazana... ezamiyyət almaq... Bir sözlə, hər kitab təkcə yazmaq zəhmətilə başa gəlmirdi. Sonra bu kitablar neçə-neçə mərhələdən keçməli idi. Mərkəzi Komitə, Mətbuat Komitəsi, nəşriyyatlar, “Qlavlit”... öz rəyini bildirməli idi.

Bəs, Qulam Məmmədlinin yaradıcılığı ətrafındakı mübahisələrdə kim haqlı idi? Doğrudanmı tədqiqatçının hazırladığı kitablar hansısa bir alimin yazacağı əsər üçün yalnız bir material səviyyəsində idi? Belə olan halda Qulam Məmmədlinin yaradıcılığı üsyankarcasına danılmazdı.

Qulam Məmmədlinin əməyini yüksək qiymətləndirən Əziz Şərif, Abbas Zamanov, Əziz Mirəhmədov, Mirəli Seyidov kimi alimlər belə Qulam Məmmədlinin opponentləri ilə, onu istəməyənlərlə höcətləşmək istəmirdilər. Niyə? Çünki bu səpkili alimlərlə mübahisəyə girmək, əsl həqiqəti demək, əslində onlarla, yüzlərlə “alim”in iç üzünü açıb göstərmək, ordan-burdan bir neçə material tapıb, elmi iş yazan (bəzən də yazdıran), sonra alim olub ali məktəb auditoriyalarında bir konspekt dəftəri ilə dərs deyən, bəzən kafedra müdiri, ali məktəb rəhbəri səviyyəsinə yüksələn, yaxud elmi idarələrdə o dövr üçün az olmayan əmək haqqı alıb, həftədə bir-iki dəfə işə gedib, özünə isti yuva tapan... neçələrinin qəzəb obyektinə çevrilmək idi. Hətta bəzi yaxşı vəzifələrdə çalışanlar da dar gün üçün özlərinə elmi iş yazdırıb, başlarının altına qoymuşdular. Neyləmək olar ki, indi elmi atmosfer əvvəlkindən də betərdir.

Əslinə qalarsa, tək-tək işlər istisna olunarsa, bütün elmi işlər dövrün, zamanın “tələbi” ilə yazılırdı. Həmin əsərlərdə tarixi, tədqiqat obyektini olduğu kimi deyil, istədikləri kimi tədqiq edirdilər. Əsərlər əsasında əsərlər yazılır, xronoloji səhvlər bir kitabdan başqasına köçürülür; arxivdən götürülmüş az-çox cəsarətli faktlar belə şərhlərlə, dövrə uyğun, sovet elmi səviyyəsində verilir, zamanın siyasi konyukturasına uyğunlaşdırılırdı. Kimi də arxivdən kiçik bir qeyd tapanda onu mətbuat səhifəsində təmtəraqlı təqdim edir, ətrafında gurultulu fikir mübadiləsi yaratmağa nail olurdular. Qulam Məmmədlinin kitablarında belə sənədlər minlərlə idi. Azərbaycanın ən ləyaqətli oğullarının anadan olduğu gündən ömrünün sonuna kimi bütün sənədlər xronoloji ardıcıllıqla toplanır, heç nə gizlədilmir, heç nə qarışdırılmırdı. Onun kitablarında Üzeyir bəy Hacibəylini, Hüseyn Cavidi, Cəlil Məmmədquluzadəni özləri kimi görürük. Halbuki o dövrdə Azərbaycanın klassik yazıçıları belə dövrə sərf etdiyi kimi təqdim olunurdu. Bir misal; Hətta Şeyx Nizami yaradıcılığında ateizm axtarılırdı.

Image result for qulam məmmədli

Xalq, oxucu həqiqət acı idi. Qulam Məmmədlinin kitablarında bəzən “Qlavlit”in gözündən qaçan sənədlərə də rast gəlmək olar. Qulam müəllimin kitablarında o zaman üçün qadağan olunmuş şəxslərin adları ilə rastlaşırsan. M.Ə.Rəsulzadə, M.Y.Mehdiyev, M.B.Məhəmmədzadə və s. O dövrün termini ilə desək, “müsavat tör-töküntüləri”. Bəs necə olurdu ki, bu adlar “Qlalit”in gözündən yayınırdı. Qəribə orasında idi ki, on illər boyu bu adların qadağan olunması, bu şəxsiyyətləri yeni nəslə unutdurmaq məqsədi daşıyırdı. Elə yeni nəsil də həmin adları unutmuşdu. “Qlalit”ə yeni işləməyə gələnlər haradan bilərdilər ki, M.Ə.Rəsulzadə elə Məhəmməd Əmin Rəsulzadədir. O zaman onlar ağıllarına belə sığışdıra bilməzdilər ki, adı istisna hallarda, o da lənətlə çəkilən Məmməd Əmin Rəsulzadə gözəl qələm sahibi, tədqiqatçı, araşdırıcı, tərcüməçi, teatr xadimidir. Elə düşünürdülər ki, adı kitabda ötəri keçən bu Rəsulzadə başqa birisidir.

Yaxud haradan biləydilər ki, Mirzə Bala Məmmədzadə, Mir Yaqub Mehdiyev kimi ziyalılar, ədəbiyyatçılar xaricdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan görkəmli şəxsiyyətlərdir.

Əlbəttə, Qulam müəllimin kitabının çıxmasında əməyi olan Əziz Mirəhmədov, Abbas Zamanov kimi şəxsiyyətlərin bu adamlar haqqında müəyyən məlumatları vardı. Amma onlar özlərini görməzliyə vurur, ürəklərində düşünürdülər ki, heç olmasa bu adamların adları çəkilsin. Şübhəsiz ki, dar ayaqda gözümüzdən qaçıb deyəcəkdilər. Qəribə orasıydı ki, Qulam Məmmədli arxivlərin yasaq fondlarına əl yetirə bilirdi. Quşun quşluğu ilə keçə bilmədiyi sərhədləri yarırdı. Tədqiqatçı təqaüdə çıxandan sonra bir-iki arxivdə işə götürülmüşdü, özü də məsul vəzifələrə.

Məgər o zaman təqaüdçü Qulam Məmmədlinin əvəzinə başqaları işə götürülə bilməzdimi?.. Yuxarı dairələr arxivdən elə sənədlər, arayışlar istəyirdilər ki, onları lazımi səviyyədə yalnız Qulam Məmmədli hazırlaya bilərdi. Əslinə qalarsa, 1897-ci ildə anadan olmuş, möhkəm hafizəli Qulam müəllim çoxunun bilmədiyi sənədlərin yerini bilirdi. Belə bir anda bağlı qapılar Qulam Məmmədlinin üzünə açılırdı. Tədqiqatçı fürsəti əldən vermirdi. Həm yuxarı dairələrin tapşırığını yerinə yetirir, həm də əsərləri üçün lazımi sənədlər toplayırdı. Əski əlifba ilə sürətlə oxuyurdu. Kitabxanaçıların, arxiv işçilərinin özlərinin belə yerini bilmədiyi qəzetlərin, sənədlərin harada olduğunu söyləyirdi.

Belə bir hadisənin şahidi olmuşam. O zaman “Rza Əfqanlı” adlı monoqrafiya üzərində çalışırdım. Bilirdim ki, Rza Əfqanlı Aşqabadda işləyib. Amma aktyorun bu dövrdəki yaradıcılığı haqqında əlimdə heç nə yox idi. Öyrəndim ki, o zaman Aşqabadda Azərbaycan dilində “Zəhmət” adlı qəzet çıxıb və Aşqabaddakı Azərbaycan teatrı haqqında yazılar çap edib. Respublikamızda olmayan bu qəzetin Aşqabadda da tapılacağına ümid yox idi. Soruşmadığım tədqiqatçı, baxmadığım kataloq qalmamışdı. Nəhayət, Qulam müəllimə üz tutdum. Səhəri gün Teatr Cəmiyyətinə — işə gələndə heyrət məni bürüdü. Dağdan ağır kişi məni kitabxanaya aparmaq üçün gəlmişdi. Axundov adına kitabxanaya getdik. Məni özü ilə birlikdə kitabxananın zirzəmisindəki arxivə apardı, “unudulmuş” qəzetlərin yerini mənə də, kitabxana işçilərinə də göstərdi.

Qulam Məmmədlinin hazırladığı kitabları bu gün salnamə, elmi əsər, yoxsa sənədlər toplusumu adlandırmaq çətindir. Amma bir oxucu kimi mənə o aydındır ki, Üzeyir bəy Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun, Hüseyn Cavidin ömrü, həyatı bu əsərlərdə daha aydın görünür, nəinki onlara həsr olunmuş müdafiə işlərində.

Göz açandan Üzeyir bəy haqqında eşitmişik. Onun obrazı ilə sənədli, bədii filmlərdə rastlaşmışıq.

Bəstəkarın həyat və yaradıcılığı haqqında nə qədər elmi, bədii kitab, məqalə yazılıb. Ən yüksək fəxri adlara layiq görülmüş Üzeyir Hacıbəyli sovet dövründə əzabsız-əziyyətsiz həyat yolu keçmiş insan kimi təqdim olunurdu. Əslində isə... Bunun üçün Qulam Məmmədlinin “Üzeyir Hacıbəyov” kitabını oxumaq kifayətdir. 1938-ci ilə “Koroğlu” operasının Moskvada göstərilib, Stalinin bəyəndiyi vaxta kimi Üzeyir bəyin çəkdiyi ağrı-acılar göz önündə canlanacaq. Bəstəkarın başı üzərində asılmış Demokl qılıncını görəcəyik. Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin həyatında da mütləq belə məqamlarla rastlaşacağıq. Bu gün (mən müstəqillik illərini nəzərdə tuturam) tədqiqatçılar siyasi quruluşun bu insanlara edilən haqsızlıqdan ağızdolusu danışır, guya onları müdafiə edirlər. Amma Qulam Məmmədlinin onlara haqsızlıq etmiş siyasi quruluşa onların öz əməllərini göstərirdi. Özü də elə göstərirdi ki, necə deyərlər, “nıq” da edə bilmirdilər.

Tədqiqatçının iki cildlik “Azərbaycan teatr salnaməsi” əsəri əsas verir ki, səhnə sənəti tariximizə dair araşdırmalara, kitablara yeni gözlə baxılsın. On illər boyu quraşdırılmış yanlış kitablar, “elmi” işlər Qulam Məmmədlinin tədqiqatları ilə müqayisədə cılızlaşır. Əslinə qalarsa, onun barmaqla sayılan müdafiəçiləri bunu çox yaxşı bilirdilər. Amma zəmanələrinin boz sifətini görmüş bu şəxslər hər şeyi açıb-ağartmırdılar. Axı, onlar da Qulam Məmmədli tədqiqatlarının alt-üst elədiyi “sovet elmi”nin yaradılmasında birbaşa ya da dolayı yolla iştirak etmişdilər. Daşıdıqları yüksək vəzifələrlə bu elmi “təşkilati” cəhətdən yaratmış, ya da kimlərinsə xahişi ilə elmi rəhbər olduqları, rəy verdikləri “alimlər”i yetişdirmişdilər. lakin onların nəcibliyi orasında idi ki, Qulam Məmmədlinin şəxsində həqiqətin susdurulmasına dözmürdülər. Elə Qulam Məmmədli özü də məqalələrində, söhbətlərində özünü təmkinlə aparır, heç kimin dəyirmanına su tökmürdü.

Azərbaycan Teatr Cəmiyyətində keçirilən belə görüşlərin birində: “Siz təqaüdə çıxdıqdan sonra belə kitabları nə məqsədlə hazırlamısınız?” – sualına, 1937-ci il hadisələrinin şahidi olmuş, neçə-neçə həmkarını itirmiş bir şəxsin cavabı qısa oldu:

- Çörək pulu qazanmaq üçün.

Əslinə qalarsa, bu səpkili suallara başqa cavab vermək olmurdu.

Mənim, Qulam Məmmədlinin teatrşünas Ədilə Əliyevanın rus dilində çıxan “Hüseyn Ərəblinski” kitabı haqqında yazdığı tənqidi rəy yaxşı yadımdadır. Qəzetlərin hamısı bir bəhanə ilə həmin yazını başdan edirdilər. Bu sahənin onların profili olmadığını iddia edirdilər. Nəhayət, məqalə bu sahədə yeganə professional qəzet olan “Ədəbiyyat və incəsənət” qəzetində çıxası oldu. Özü də tənqid olunan şəxsin – Ədilə Əliyevanın cavabı ilə bir yerdə. Teatrşünas Qulam Məmmədlinin bir faktını belə təkzib edə bilmirdi. Əvəzində vaxtilə Dövlət Universitetini əlaçı bitirməsindən, ərəb əlifbasını bilməsindən, elmi adı olmasından danışırdı. Yazının tonunda Qulam Məmmədliyə istehza və nifrət özünü göstərirdi.

O zaman Qulam Məmmədli Yazıçılar İttifaqının Şüvəlandakı yaradıcılıq evində dincəlirdi. Ə.Əliyevanın həmin məqaləsinə cavab məktubu hazırladım. Amma şübhəsiz ki, heç yerdə nəşr olunmadı.

Qulam müəllim istirahətdən gələndən sonra onunla görüşdüm.

– Cavaba ehtiyac yoxdur. Mən həqiqəti ortaya qoymuşam. İndi kim nə deyirsə, özü bilər, - dedi. Amma ondan sonra Qulam müəllimi bu məsələ ilə bağlı sözdə müdafiə edənlər də bu işin altını çəkdilər. Belə çəkişmələr vaxt apardığından, çoxlarını lərzəyə saldığından, tədqiqatçı yalnız dözə bilmədiyi nadir hallarda belə mübahisəyə girişirdi.

...Bu gün zaman dəyişib. Qulam müəllimə istehza ilə yanaşanların əksəriyyətinin əsərləri, yazdığı elmi işlər gülüncləşib. Bəlkə bu müəlliflərin neçəsi də öz yazdıqlarından xəcalət çəkir. Qulam Məmmədlinin yazdığı kitablar isə dünən necə lazım idisə, bu gün də elə gərəklidir.

...Qulam Məmmədli 1960-cı ildə ittifaq əhəmiyyətli təqaüdə çıxınca uzun həyat yolu keçmişdi. O, Təbrizdə dünyaya göz açmış, uşaq yaşlarından fəhləlik etmiş, mətbəədə mürəttib işləmişdir. İstedadını aktyorluq və tədqiqatçılıq sahəsində sınayan Qulam Məmmədli Sovet hakimiyyəti illərində jurnalistlik sahəsində uğurlar qazanmışdır. O, Azərbaycan mətbuat tarixində “Kəndli qəzetəsi”nin, “Azərbaycan kolxozçusu”, “Yeni yol” qəzetlərinin, “Kirpi” jurnalının redaktoru kimi qalmışdır...

Yaxşı yadımdadır, 90-cı illərin əvvəllərində — ölkədə iqtisadi böhran tuğyan edəndə qocaman ədib 97 yaşında yatağa düşmüşdü. Artıq bir vaxtkı mənəvi sıxıntılardan yox, canı ağrıdığından əzab çəkir; dava-dərman arayırdı. Gəlib-gedəni yoxdu... Tək bircə təsəllisi var: vicdanla yazılmış səhifələr.

O zaman mən “Vətən” Cəmiyyətinin sədri işləyən, xalq yazıçısı Elçinə müraciət etdim. Məhz Elçin müəllimin işə qarışmasından sonra Azərbaycan Teatr Cəmiyyəti həkimlərin resepti əsasında dava-dərmanlarını aldı.

Çox keçmədi ki, Qulam müəllim dünyasını dəyişdi. Onun dəfnindən sonra qonşusu öz evində kiçik çay və halvadan ibarət kiçik ehsan süfrəsi açmışdı. Süfrənin ətrafında cəmi 5-6 adam vardı. Mğnim tanıdığım insanlardan orada bir rəhmətlik Maarif Teymur idi, bir də Rafael Hüseynov.

Görünür əldəqayırma alimlər Qulam Məmmədlinin ölüsündən də qorxurdular.

Image result for atababa ismayıloğlu

# 1144 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #