Sevgilidən necə ayrılmalı?

Sevgilidən necə ayrılmalı?
31 iyul 2017
# 10:48

Bu günlərdə bir əcnəbi filmə baxırdım. İnsanlar, konkret kişi və qadın arasındakı münasibətlər məni valeh etdi.

Gənc qadın yaşlı bir professorla bərabər yaşayır, onlar eyni evi, eyni duyğuları bölüşürlər. Növbəti kadrda professor mühazirə oxuyur, həmin gənc qadın isə şövqlə onu dinləyir.

Az sonra məlum olur ki, onlar daha bir yerdə deyillər, professor başqa bir gənc qıza aşiq olub. Amma qəhrəmanımız heç nəyə baxmayaraq, onun mühazirələrini heyranlıqla dinləməkdə davam edir.

Təsəvvür edirsiniz, onun nəzərlərində kin və qəzəb yoxdur!

O, professorun qərarını normal qəbul edib və keçmiş sevgilisinin şəxsiyyətinə olan heyranlığı şəxsi münasibətlərinə zərrə qədər də təsir etməyib. Qadın professorun mühazirələrinə gəlir, xəstə olduqda ona baş çəkir, qayğısına qalır və s.

Və belə bir münasibət onun öz şəxsi həyatına da müsbət təsir edir. Kin-küdurət duymadan həyatına davam edən qız başqa insanlarla tanış olur, hətta həyatının əsl sevgisini tapır, ən əsası isə bu münasibətlər elə səmimi axarda baş verir, anlayırsan ki, həyatda daha vacib şeylər var.

Məsələn, dostluq və insanlıq kimi...

Ayrılaraq dost qalmaq çox çətindir. Bizim mühitimizdə bu demək olar ki, mümkün deyil.

Necə ola bilər, evli cütlük boşansın və normal münasibətlərinə davam etsin? Tərəflərdən biri heç cür ayrılığı həzm eləyə bilmir; ya sevdiyini itirmək istəmir, ya tərk edildiyini qəbul eləyə bilmir, ya da kiminsə ondan daha üstün və daha yaxşı ola biləcəyi ehtimalı onu az qala dəli edir. Halbuki bəsit bir aksiom var - əgər vəziyyəti dəyişmək iqtidarında deyilsənsə, onunla barışmalısan.

Tutaq ki, bu vəziyyətlə barışmaq istəmirik. O zaman bizi nə gözləyir? Belə bir nümunə təqdim edək.

Rəfiqələrimdən biri ayrıldıqdan sonra sevgilisini unuda bilmirdi, gecə-gündüz onun haqqında düşünürdü. Bu düşüncələr həyatını iflic etmişdi. Nə işə gedir, nə normal gündəlik həyatını yaşaya bilirdi. Müəyyən bir vaxtdan sonra sevgi intiqam hissinə çevrildi. Artıq rəfiqəm intiqam haqqında fikirləşirdi, adamı yeni sevgilisindən ayırmaq üçün cürbəcür planlar qururdu.

İnsaf üçün deyək ki, planının bir hissəsini həyata keçirdi də. Amma rəfiqəm artıq tükənmişdi, psixoloji durumu stabil deyildi. Nəhayət psixiatra müraciət etməli oldu, sakitləşdirici dərmanlar qəbul etdi. Bir müddətdən sonra normal həyata qayıtdı.

Sevgilisini unutmuş və bəlkə də bağışlamışdı, hər halda onu birdəfəlik həyatından çıxarmışdı. O adamla bağlı xatirələr də artıq ona bəsit və maraqsız görünürdü, köhnə sevgilisinin əvvəllər görə blmədiyi qüsurlarının fərqinə varır və anlaya bilmirdi ki, bu adamı vaxtilə necə sevib.

Deməli, bu kritik situasiyanı qadın özü yaratmışdı və istəsəydi, bu çətin mərhələni dəf edə bilərdi. Biz əksər hallarda məhz unutmaq istəmədiyimiz üçün unuda bilmirik. Razılaşın ki, bəzi insanlara özlərini qurban kimi qələmə vermək və ah-vay etmək hətta xoş gəlir. Amma gəlin həyata real nəzərlərlə baxaq. Bizdə sadəcə olaraq ayrılmaq mədəniyyəti yoxdur.

İnsanlar tanış olur, görüşür, sevgi hissləri yaşayır və ayrılırlar. Heç kim heç nədən sığortalanmayıb. Heç nə əbədi deyil. Sevgi də o cümlədən. Nağıllardan bizə tanış olan hisslər real deyil. Psixoloqlar sevginin ömrünü 2 il hesab edirlər. Əgər münasibətlər 2 ildən çox çəkirsə, demək sevgi alışqanlığa, yaxud başqa hisslərə çevrilib.

Münasibətlər evliliyə çevrilmirsə, deməli nəsə kifayət deyil. Bu həm mənəvi, həm də maddi ola bilər. Unutmayın ki, çağdaş günümüzdə maddi umacaqlar daha çoxdur, nəinki mənəvi.

Evliliyə çevrilən münasibətlər də əbədi deyil. Əgər evlilik həyatında nəsə qənaətbəxş deyilsə, ər-arvad iki mədəni cütlük kimi ayrıla bilər. Amma biz nə edirik? Biz ayrılıq məqamının gəlib yetişdiyini duyduğumuz anda onu iqnor edirik. Guya belə bir şey gözlənilmir. Əslində, ayrılıq məqamını vaxtında hiss edib düzgün qərar vermək çox önəmlidir. Bu vaxt tərəflər daha az zərər çəkir.

“Sən daha yaxşısına layiqsən”. “Sən bir gün öz həqiqi sevgini tapacaq və xoşbəxt olacaqsan”.

Bu sözlər artıq dəbdən düşüb. Ya da romantik Hollivud filmlərində o qədər işlənib ki, artıq təsir gücünü itirib. Məncə sözlər ürəkdən gəlməli və həmin insanın hisslərini ifadə etməlidir. Ayrılmaq istəyirsiz? Və bu zaman üz-üzə münasibətləri aydınlaşdırmaq sizin üçün ağırdır? Belə bir variant təklif edirik.

Ayrılmaq istədiyiniz insana kiçik bir məktub yazın. Qeyri-adi sözlər işlətməyə ehtiyac yoxdur, önəmli olan sizin nə dərəcədə səmimi ola bilməyinizdir. Fikirlərinizi sadə və aydın ifadə edin. Niyə ayrılmaq istədiyinizi izah etməyə çalışın. Qətiyyən aqressiv olmayın və qarşı tərəfi suçlamayın. Çünki insan onu suçlayanda istər-istəməz hücum taktikasına keçir. Hər halda dəyərli vaxtınızın belə bir müharibə şəraitində keçməsini və yaddaşınızda xoşagəlməz iz qoymasını istəməzsiniz. Onsuz da ayrılıq ağrılı bir prosesdir. Və hər iki tərəf istər-istəməz travma alır.

Münasibətlər nə qədər pis olursa olsun, içində mütləq xatırlanmalı şeylər olur. O anların xatirinə nifrət etməyə hazırlaşdığınız (adətən ayrılma prosesində belə olur) insanı bağışlamağa çalışın.

# 2190 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #