Kafkanın azərbaycanlı oxşarı

Kafkanın azərbaycanlı oxşarı
26 iyul 2017
# 16:00

Mən Kafkanın oxşarı ilə nə vaxt tanış oldum, dəqiq yadımda deyil. Bir o yadımdadır ki, qəhrəmanımızın hekayəsi çap olunmuşdu və mən oxuyub heyrət eləmişdim. İlahi, bu oxşarlıq təkcə zahiri deyilmiş, həm də iç dünyasındaymış...

Tənhalıqla dolu hüznlü gecələrin birində mənə yazanda təəccübləndim:

“Salam. Necəsən? Görüşək sənlə bir...”

Rəsmiliyi kənara atmağı, səmimiyyəti xoşuma gəldi.

Tanış olun, Kafkaya oxşayan qəhrəmanımız gənc yazar Müşfiq Şükürlüdür. Sizə yalan demirəm. İnanın, onu ilk dəfə yaxından görəndə elə bildim Kafka XXI əsrdə zühur eləyib.

Mən Kafkanı çox sevirəm. Bu sevgi təkcə onun əsərləri ilə bağlı deyil. Kafkanın gələcək qorxusu mənə onu həmişə sirli eləyib.

- Kafka, salam.

Özümdən asılı olmadan Müşfiqə beləcə də dedim. Gülümsündü. Bakı Dövlət Universitetinin bufetində qarşı-qarşıya oturduq. İnanın, o görüşdən yadımda heç nə qalmayıb. Bircə o yadımdadır ki, Müşfiq qəribə suallar verirdi. Baş aça bilmirdim ki, nə istəyir məndən.

Müşfiq Şükürlü gənc yazıçıdır, Yazıçılar Birliyinin üzvüdür, Prezident təqaüdçüsüdür. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hekayələr yazır, yazıları dövrü mətbuatda çap olunur. Hazırda “525-ci qəzet”də işləyir.

Qəribədir ki, bu gənc yazıçının hekayələrində də Kafkanın əsərlərindəki ab-hava hiss olunur. Müşfiqin xasiyyətində də Kafka kimi tənhalığa meyllilik, hər adamla ünsiyyət qura bilməmək, bəzən tamamilə tərki-dünya olmaq var.

Arıq, çəlimsiz də uşaqdır, amma qolundan yapışanda elə bilirsən kəlbətinə yaxalanmısan. Məni görüş boyu dartışdıra-dartışdıra qalmışdı. Sonra sağollaşdı. Sağollaşmağı da qəribə oldu. Necə deyim, əl uzatmadan, heç bir sağollaşma ritualına əməl eləmədən.

Və Müşfiq mənim yaddaşımda qaldı. Kafkanın kitabını əlimə alanda gözümün qabağında Müşfiq dururdu. Hərdən danışdıqlarından nələrsə xatırlayırdım. Qızlarla problemləri vardı deyəsən, tanış olmaqda çətinlik çəkirdi, yaxşı pul qazana bilmirdi.

Və içməyi... Onun bu arıq bədənlə içdiyi pivələri gözümün qabağına gətirəndə özüm keflənirəm.

Müşfiq qəribə sualları ilə həmişə qarşındadır:

“Səncə, niyə qadınlar xəyanətə meyllidir?”

“Sən heç fahişəni sevərsən?”

“Görəsən, biz dünyanı dəyişə bilərik?”

“Azad seksə razı olarsan?”

Bu suallar ədəbi mühitdəki tanımış yazıçılarımıza da ünvanlanıb. Və hamı bu suallarla bir yerdə Müşfiqi sevib. Biri elə Murad Köhnəqala. Hərdən Müşfiqə zəng eləyir, deyir, sənin üçün darıxmışam. Zarafat deyil e, o boyda canlı klassik hələ ədəbiyyatda ilk addımlarını atan gənc üçün darıxır.

Bəzən Murad onu parodiya da eləyir. Müşfiq kimdənsə “xatalı” söz eşidəndə, ya da ona kimsə ilişəndə qəribə tərzdə əllərini dizinə çırpıb: “Ay məllim, yaxşı da...” deyir. Bu komik mənzərəni Murad ustalıqla parodiyaya çevirə bilir.

Müşfiqin hekayələri soyuq, qaranlıq, qəribə, qorxulu. Bütün hekayələrində Müşfiqin həyatı anlamağa çalışmaq cəhdləri var. Bəzən mənə elə gəlir ki, Müşfiq elə həmişə insanlara qəribə suallar verəcək:

“Niyə dünya kürə formasındadır?”

“Yatanda nə xəyallar qurursan?”

Müşfiqin sual dünyası hüdudsuzdur. Özü sual verir, ancaq cavablamır. Müşfiq danışanda heç nə başa düşmürsən. Kafkanın anlaşılmazlığına bənzəmir bu? Bənzəyir.

Sizə bir qəribəlik də deyim: Müşfiq Kafkanı heç bəyənmir. Dəfələrlə Kafkadan danışanda ağzımdan vurub:

“Niyə şişirdirsiniz e, onu?”

Kafkanı görən gözü yoxdur. Hətta bəzən ona “Kafka” deyəndə əsəbiləşir. Elə bilir, onu ələ salıram. İnanın, Kafkaya bənzədiyini desəniz sizdən küsə bilər, salam-kəlamı kəsər, bir də görüşməz. Başqası olsa Kafkaya oxşadığı üçün fəxr eləyərdi, hələ bununla öyünərdi, özünü qabağa çəkərdi. Müşfiq isə milçək qovan sayaq Kafkanı özündən uzaqlaşdırır. Burda “milçək” sözünün yerinə böcək də ola bilər...

Gələcəyin böyük yazıçısı olacaq Müşfiq Şükürlünün Kafkaya oxşamasında bir mistikanın olduğuna əminəm. Və güman edirəm, Müşfiqin də Maks Brod kimi bir dostu olacaq... Onun əsərlərini yandırmayacaq, bütün dünyaya yayacaq.

Mən Azərbaycanın Kafkasına bütün qəlbimlə inanıram.

O, gənclərin içində nəsr yaza bilən tək-tük adamlardan biridir.

Kafka kimi də tənhalığa meyllidir. Amma bilsin ki, Kafka bizə tanıdılan kimi deyil, o da həyatın dadını çıxarıb.

Kafka qorxusu isə əbədidir. Müşfiqin də qorxuları var. Arıq bədənində gəzdirir o qorxuları... Və həyata ürkək gözlərlə tamaşa edir. Baş aça bilmir insanlardan. O zaman içində baş qaldıran sualları sadəlövhcəsinə pivə aldığı həmkarından soruşur. Həmin adam da key-key ona baxır, baxır, sonra da uğunub gedir.

Mən əziz dostumun qulağına əyilib pıçıldamaq istəyirəm: “Qorxma, həyat dərinlərdə kədərli olsa da yaşamaq çox gözəldir. Kafka haqqı, düz deyirəm!”

# 1088 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #