Kameraya baxmağa utanan kişi - Sevda Sultanova yazır...

Ötən həftə aktyor Hikmət Rəhimov  çəkdiyi “Qara dəlik” qısametrajlı filminin sənət adamları üçün nümayişini keçirdi.

 

Bu kamera filmi kiçik məkanda - ata, ana və qızcığazdan ibarət bir ailənin sosial-məişət problemlərinin məngənəsində cırpınmasından danışır.

 

Hikmətin göstərdiyi ailə yaşam tərzi, ünsiyyət çətinliyi problemiylə cəmiyyətimizdə oturuşmuş ailə modelidir: işsiz, məsuliyyət daşımağa gücü yetməyən, gücsüzlükdən acısını siqaretdən çıxaran ata,  ərini məsuliyyətsizliyinə görə qınayan, hər mübahisədə onun sosial və valideyn müstəvisində kişilik keyfiyyətini dartışan (“sən də özünə kişi deyirsən...” ) ana və olanlardan  əziyyət çəkən uşaq...

 

Ailədəki  anlaşılmazlığın, çətin münasibətlərin kökündə sosial-iqtisadi problemlər dayansa da rejissor onları qabatrmır. Buna ehtiyac da yoxdur. Çünki onsuz da o problemlər fonda açıq görünür. Müəllif bizə bu problemlər fonunda ailə düzümünün pozulmasını, qarşılıqlı  hörmətin itməsini, ünsiyyətin mənəvi çətinliyini, ruhsal olan hər şeyin məhv olduğunu göstərir.

 

“Qara dəlik” ailə həyatından bir fraqmentdir. Və bu fraqmentlə belə seyrçi ailənin bioqafiyasını tamamən oxuya bilir.

 

Image result for Qara dəlik filmi prime.time

 

Əhvalat dramatizminə onda çatır ki, ata azyaşlı qızını banka satmağa göndərir və onun puluna siqaret almağı tapşırır. Ana evdə bankaları görməyəndə, ərinin qızı banka təhvil verməyə göndərdiyini biləndə isə söyüş, təhqirlərlə dolu ənənəvi mərəkə qopur.

 

Hər gün saytlarda cinayət xronikasında  ailə - məişət dramları haqda oxşar məlumatlar oxuyuruq. Bu faciələr qismən sürreal, qismən absurd motivlərdən doğur: arvadının yuxuda ona xəyanət elədiyini görən ər onu qətlə yetirir. Və ya televizorun səsini çox verdiyinə görə arvad ərini bıçaqlayır. Burda da mübahisə bankadan başlayır. Daha doğrusu bu cür sıradan, əhəmiyyətsiz detallar sadəcə, zaman-zaman gərginləşən münasibətlərdə partlayış üçün bəhanədir. Vacib, ağrılı mövzuya toxunmaqla rejissor çeşidli səbəblərdən nevroz vəziyyətində yaşayan, ən xırda şeylərdən hər an  partlayışa hazır, qarşılıqlı anlayışın itdiyi  mühitimizə güzgü tutur. 

 

“Qara dəlik” sosial dramdır, o, sual qoymur, çıxış yolu təklif eləmir, o, daha çox düşüncələri qıcıqlandırmaq üçündür.

 

Elşən Rüstəmov bizi atanın gücsüzlüyünə, Selcan Müseyibova qızcığazın əzabına inandıra bilir. Ana rolunun ifaçısı Münəvvər Əliyevanın oyunu isə teatral, texnikidir. Aktrisa obrazının bədii, plastik həllini heç bir vəziyyətdə tapa bilməyib. Bir epizodda göz yaşlarını ancaq monoloqunu bitirəndən sonra rahatlıqla silməsindən bəlli olur ki, konkret  bu vəziyyəti sırf texniki qurub, heç onu intuitiv səviyyədə belə oynamağı bacarmayıb.

 

 

Halbuki, konkret onun obrazına münasibətdə sözdən az yararlanmalı,  daha çox təsvirə üstünlük verilməli, iri planlarla vurğular edilməməliydi.  Bu vurğular dramatizm yaratmaq əvəzinə filmi sönükləşdirir. Elşən Rüstəmovun mizanları, rakursları isə daha doğru seçilib, biz film boyu atanı daha çox yandan, arxadan və orta planlardan görürük.  Səssiz oynayan Selcan isə iri planlarda belə realdır, səmimidir, o, yaşananlardan dolayı ağrısını ötürə bilir. Əhvalatda fokus uşağa olduğundan yaxın planlada yalnız o, göstərilməliydi. 

 

Ümumiyyətlə, bizdə rejissorlar uşaqlarla daha yaxşı işləyirlər: İlqar Nəcəfin “Buta”sında da, Cavid Təvəkkül və Rafiq Əliyevin “Dərs”ində, hətta Mirbala Səlimovun “Qırmızı bağ”  filmində belə.

 

Finalda ana ayrılmağa qərar verir, ata qızından kimlə qalamaq istədiyini soruşur, o  isə birbaşa kameraya baxır, sonra isə həzin notlarda onun banka satmağa getməsi kadrı gəlir. Titrlər gedəndə hiss olunur ki,  seyrçilər Selcanın baxışlarından, filmin ötürdüyü atmosferdən təsirlənərək alqışa geçikirlər.

 

“Qara dəlik” Hikmətin rejissor kimi ilk işidir, müəyyən qüsurlarına rəğmən bu, “Azərbaycanfilm” kinostudiyasının isethsalata buraxdığı çox filmdən fərqli olararaq həyatımıza, düşüncülərimizə toxunur və əsas odur ki, onun təsvir duyumu  var, başqa cür desək o, görməyi bacarır.

 

“Aranfilm” Yaradıcılıq Mərkəziində istehsal olunan filmin ssenari müəllifi də, rejissoru da Hikmətdir. 

 

Filmin operatoru Rafiq Əliyev, prodüseri İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviç, səs rejissoru Azər Hacıəsgərli, montaj Samir Kərimoğludur.

 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017