Toydan əvvəl bir yerdə olmaq

Necə oğlandır? Necə olacaq, evi-eşiyi, maşını, işi-gücü. Evlənmək üçün daha nə lazımdır ki?

 

Bəs insanların bir-birinə uyumu, münasibəti, hörmət-izzəti, sevgi-sayğısı? Bunlar olmadan necə ev-eşik qurmaq olar? İki adam bir-birini yetərincə tanımasa, bir ömür boyu bir yerdə ola bilərmi? Mentalitet dediyiniz şey budurmu?

 

Ailə məsələlərindən bəhs edən bir tədbirdə iştirakımı xatırlayıram. Mütəxəssisi deyirdi ki, Avropada ailələr daha sağlam qurulur, çünki cavanlar bir neçə il bir evdə yaşayır, bir-birilərinə bələd olur, çox şeyin üst-üstə düşdüyünə əmin olanda evlənməyə qərar verirlər.

 

- Bəs milli mentalitet? - kimsə yerdən replika atdı.

 

- Mentalitet cavanların toya qədər bir yerdə yaşamasına icazə vermədiyi üçün alternativ yollar tapmaq olar, - mütəxəssis əminliklə söylədi.

 

İstədim deyəm, ay rəhmətliyin nəvəsi, bizim mental dəyərlər heç evlənən gənclərin fikri ilə hesablaşmır, o ki qaldı toyaqədərki münasibətlərə rəvac verə.

 

Heç kimə sirr deyil ki, çox zaman ailələr tapışıb anlaşır.  Hər kəs istəyir ki, gəlini, ya kürəkəni tanıdığı, imkanlı, ad-sanlı ailədən olsun, cavanların xarakteri, bir-biri ilə yola gedib-getməyəcəyi isə heç kimi maraqlandırmır. Sanki cavanlar vizual olaraq nikaha girir, əsas “evlənən” ailələrdir.

 

“Mən şəkillə ərə getmişəm!” - bəzən fəxrlə belə sözlər deyilir.

 

Şəklə baxaraq evlənmək olarmı? Axı mebeldən deyil, canlı insandan söhbət gedir! İnsanlar öz həyatlarına necə belə laqeyd yanaşa bilirlər? Yəni bir ömür sürəcəyi insanın xarakterinin, özəlliklərinin onun üçün heç bir əhəmiyyəti yoxdur? Yəni mentalitetin sinonimi cəhalətdir?

 

Ailələrin təkidiylə evlənən cavanlar öz həyatları ilə yaşamırlar. Onları ailələri idarə edir. Yemək-içmək, uşağın məsrəfləri və s. böyüklər təyin edir. Gəlin də istər-istəməz qaynanasına və qaynatasına tabe olur. Bu yerdə Nəsibə xanımın replikası yada düşür: “Gəlin mənim süpürgəmdir, harda qoysam, orda da duracaq!”

 

Vay o gündən ki, gəlin qaynanasının onu qoyduğu yerdə durmaq istəməsin. Onda gəlinin günü göy əskiyə düyüləcək.

 

Söz vaxtına çəkər, keçən il yay ayları rəfiqələrimin biri ailə qurmaq ərəfəsindəydi. Rəfiqəm 25 yaşlarında, təhsilli, ağıllı-kamallı bir qızdır. Təşəbbüs oğlanın valideynlərindən gəlirdi. Qızın ailəsi kifayət qədər imkanlı idi və görünür, oğlangil bu imkandan faydalanmağı düşünürdülər.

 

Xoşbəxtlikdən oğlanla qız öz aralarında dil tapmışdılar və hər şey yaxşı gedirdi. Amma oğlanın valideynlərini bir məsələ açmırdı; onlar gedişatdan anlamışdılar ki, yeni qudalarından lazımınca faydalana bilməyəcəklər. Oğlanın anası işi belə görüb bir-birinin arxasınca müxtəlif bəhanələr gətirməyə başladı. Əsası olmayan bəhanələr iki ailə arasındakı münasibətlərə soyuqluq gətirdi və nişan pozuldu. Halbuki rəfiqəm nişanlısına isinişməyə başlamışdı və özünü xoşbəxt hiss edirdi.

 

“Axı nişanlımla aramızda problem yoxdur, biz niyə ayrılaq ki?” - qız təəccüblə deyirdi. Anlaya bilmirdi ki, bura Avropa deyil, burda gənclər deyil, ailələr bir-biriylə anlaşır. Və bir-birlərinə təmənnalı yanaşır. “Biz sizin qızınızı alırıq, amma siz də öz növbənizdə mənzil, maşın və s. alacaqsınız”.

 

Bir çox ailələr müəyyən səbəbdən razılaşır, bəzi ailələr isə normal olaraq razı olmur, əvəzində günahsız insanlar mənəvi ziyan çəkir. Qızın adına dedi-qodular çıxır, təmiz adına xələl gəlir, artıq o bir müddət nişanlı qalmış qızdır, ehtiyatlı davranmalıdır və s.

 

Təmənnalı ailənin qurbanına çevrilmiş rəfiqəm indi başqa cür düşünür. O, indi oğlanı deyil, onun ailəsini yaxından tanımaq istəyir. “Əsas ailədir, – deyir - əgər oğlanın anası ilə dil tapsam, oğlanla da anlaşa bilərəm.”

 

Rəfiqəm indi belə düşünür.

 

Çünki başına gələn başmaqçı olar.

 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017