Gecə elə tərləyirdim ki... – BİRCƏNİN ROMANI

Gecə elə tərləyirdim ki... – BİRCƏNİN ROMANI
21 iyul 2017
# 11:09

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

İki-üç gündən bir ya bir ananın, ya da bir uşağın öldüyü çirkli xəstəxanadan artıq bezmişdim. Evə getmək istəyirdim, di gəl, səhhətim əl vermirdi. Mənə elə gəlirdi yaxşı-yaxşı çimib qüsullansam, özümə gələrəm.

Yenə ayaqlarım belimi çəkib apara bilmirdi. Döşlərim yaman gündəydi, körpə hər üç saatdan bir əmdikcə döşümün gilələrindən qan damırdı. Tikişlərim hələ sökülməmişdi. Bu neçə gündə balama elə bağlanmışdım ki, canımın yara-xorası da məni körpəmi bağrıma basmaqdan daşındıra bilməzdi. Onu güc-bəlayla əmizdirirdim, tibb bacısı əlimdən alıb aparandan sonra qalırdım palatayla uşağın yatdığı otağın arasında. Körpəmin balaca beşiyinin qabağında saatlarla durmaqdan bezmirdim, usanmırdım. O əmib doyandan sonra mışıl-mışıl yatırdı, mənsə onun yatışına tamaşa eləməkdən doymurdum. Qaşı, kirpiyi bilinməyən qıpqırmızı balaca varlıq mənim bütün varlığımı, qanımın, hüceyrələrimin tərkibini dəyişmişdi. Onun hələ bir şəkil almamış üzünə baxanda qollarıma fil gücü gəlirdi, elə bilirdim dağı dağ üstə qoyaram.

Sən demə qadını qadın eləyən, kamilləşdirən, xanımlığa çatdıran ərdən də çox övladmış. Bəli, onu duymağa başlayan gündən mən əsl qadın olmuşdum – yetkinləşmişdim, gözəlləşmişdim, hələ üstəlik ağlım da artmışdı. Bu dəyişikliyi, yenicə dadmağa başladığım duyğuları dönə-dönə yaşamaq üçün onu tez-tez görməyə can atırdım. Divin canı şüşədə olan kimi artıq mənim də canım körpəmin şüşə təki incə, şəffaf, kövrək vücudundaydı. Ondan azca ayrı düşəndə həyəcandan titrəyirdim, elə bilirdim tez-tez gözümə görünən, məni doğmalarımın səsiylə çağıran uzunsaqqal, uzundırnaq, uzundiş cinlər güdükdə durublar, gözümdən yayınan kimi canımı oğurlayıb aparacaqlar, aparıb daşlara vurub çilikləyəcəklər...

Ayaq ucumda Nüşabə adlı qarabəniz, suyuşirin bir gəlin yatırdı. Çox danışmazdı. Nüşabənin qızı olmuşdu. Arabir:

- Qudamsan, neyləsən də qızımı oğluna verəcəm, - deyib ürəkdən gülürdü.

Nüşabənin acı baxışlı, qaraqabaq bir qaynanası vardı. Pəncərənin o üzündən arvadın sifətini, alnına doğru dartılmış qaşlarını görəndə məni az qala vahimə basırdı. Hərdən özünə də deyirdim:

- Ay Nuşu, qaynananın baxışlarından yaman qorxuram.

Deyirdi:

- Gör onda mən nələr çəkirəm eyyy... Üstəlik də qız doğmuşam, Allah bilir başıma nə oyun açacaq.

Mən düşündüklərimi hərdən o da dilinə gətirirdi:

- Ayrı yaşasaq, ərimlə yaxşı yola gedərik. Qaynanam qoymur evdə mehribançılıq olsun.

Min arvadın təsəllisinə möhtac olan mən buna təskinlik verirdim:

- Fikir vermə, hər evdə belə söz-söhbət olur...

O biri gəlinlər diz qatlamır, otaq-otaq gəzirdilər, bu yazıq bütün günü otururdu mənim dizimin qırağında. Gözlərindən kədər əskik olmurdu, düşünürdüm bəlkə də canındakı ağrılardandı...

***

Səs-küydən, üfunətdən, can ağrısından, qan qoxusundan başımı-beynimi qorğanıb dərin yuxuya gedə bilmirdim. Bir gecə bilmirəm necə oldusa ölü kimi yatdım. Kərim adlı bir seyid vardı, yuxuda onu gördüm.

Mən uşaq olanda seyid Kərim at belində kəndimizə tez-tez gələrdi. Kimin undan-dəndən, geyimdən-paltardan, yağdan-pendirdən, puldan-paradan nəziri olardısa bu qocadan əsirgəməzdi. Kişinin qarnı o qədər yekəydi ki, onu at belində görən elə bilərdi qoynunda qarpız gəzdirir. Sonralar bildik ki, seyidin yırtığı varmış, ona görə yəhərdə oturanda qarnı dağara dönürmüş. Seyid Kərim atının ayağına gələn nəzirləri alıb xurcununa basdıqca kəndin uşaqları:

- Kərim baba, qucağındakı nədi? - deyə qışqıra-qışqıra kişini ələ salardılar.

O da hər dəfəsində:

- Nənənə girən, - deyib əlindəki şallağı onların başının üstündə oynadardı.

Nənəmin bir sınağı vardı, deyərdi ki, Kərim yuxuma girdisə kənddə ölü düşməlidi. Özü də bunu o qədər əminliklə deyirdi ki, mən o kişinin atını yolda-rizdə görəndə qaçıb gizlənirdim, elə bilirdim bu balaca, yekəqarın, xırdagöz qoca can alan Əzrayılın özüdü. Vaxt ötdü, Kərim baba da öldü, nənəm də öldü, seyidlə bağlı qorxulu xatirələr yaddaşımın bir küncünə çəkilib toz bağladı. İndi bu qışın soyuğunda, bu xaraba xəstəxanada, bu yarımcan halımda o kişi hardan gəlib mənim yuxuma girmişdi, bilmirəm.

...Gördüm Kərim baba yenə at belində gəlir. Həyətimizin küncündə bir cır gavalı ağacımız vardı, özü də o ağacı heç kim əkməmişdi, özü bitmişdi. Nənəm nəyə görəsə ona “çaqqal gavalısı” deyirdi, meşə zoğalı irilikdə şirin meyvələr gətirirdi. Yuxuda nənəm mənə bir aşsüzən verib dedi:

- Get o çaqqal gavalısından yığ, apar ver Kərim babaya.

Mən qaça-qaça gedib bir dolu aşsüzən gavalı yığıb qayıtdım, ayaqlarımın ucunda dikəlib meyvəni kişiyə uzatdım. Qoca aşsüzəni əlində tutub diqqətlə baxdı, gavalıdan birini götürüb kalafaya oxşayan ağzına atdı, qalanını mənim başımın üstündən yerə səpdi, aşsüzəni üstümə tullayıb atını çapıb getdi...

Yuxudan qaranəfəs oyandım. Elə bildim yerimə su töküblər, ya da döşəyimi islatmışam. Üst-başımı diqqətlə yoxladım, gördüm yox, tərləmişəm. Yeri gəlmişkən bunu da deyim, doğuşdan sonrakı iki ay ərzində gecələr elə tərləyirdim ki, şəklim döşəyimə həkk olunurdu. Çəmənə düşən şeh kimi qollarımı tər basırdı. Tərləmək məni həm halsızlaşdırır, həm də mənə ləzzət verirdi; canımdan tər açıldıqca sanki ikinci nəfəsim də açılırdı. Səbəbini indi də bilmirəm, amma o tərləməyin mənə daddırdığı həzzi sonralar ömrümün heç bir anından ala bilmədim. Öz tərimdə çox çimdim, çox xəstələndim, ancaq bir də o cür ləzzətli tərləmədim.

...İndi sümüyü sürməyə dönmüş o qoca bu xəstəxana divarları arasında hardan yol tapıb gəlib yuxuma girdi? Nənəmin qorxusu illərin üstündən adlayıb gəlib canıma doldu. Yatağımda irəli-geri sürünüb birtəhər dikəldim. Tər canımda buza dönmüşdü, içim-çölüm əsim-əsim əsir, çənəm şaqqıldayırdı. Bir əlim belimdə, bir əlim qarnımda ayaqlarımı sürüyə-sürüyə özümü körpələrin yatdığı otağa saldım: kimisi yuxudaydı, kimisi çığırırdı. İçəridə bir qoyma-haray, bir vur-çatlasın vardı, gəl görəsən.

Mənim balam yatılıydı. Yaxınlaşıb əlimi onun dəsmalın altından görünən balaca alnına qoydum. Tibb bacısına yalvardım:

- Nolar, ver bunu aparım yanıma.

Qadın üzümə acıqlı-acıqlı baxıb dedi:

- Olmaz, çıx get yerinə!

Suyum süzülə-süzülə palataya qayıtdım. Səhər hələ açılmamışdı. Otaqdakıların kimisi yatmışdı, kimisi yemək yeyirdi, kimisi də baldızını, qaynanasını qarğıyırdı. Nüşabə çarpayısında sakitcə oturub onlara baxırdı. Nənəmin neçə il bundan irəli dediyi o söz qulağımdan getmirdi, elə bilirdim Kərim babanı yuxuda görmüşəmsə mütləq kimsə ölməlidi. İçimdə vahiməli yellər əsirdi, balamın körpəcə başına bir iş gələcəyindən qorxurdum. Günortaya kimi yuxumla əlləşdim, günorta yuxumun qara dumanı bir az seyrəldi. Çarpayıda uzanıb gözlərimi yummuşdum, Nüşabə üstümə əyilib qulağıma pıçıldadı:

- Tibb bacısıyla danışmışam, uşağı da əmizdirmişəm, bir saatlığa evimizə gedirəm. Həkim məni soruşsa, deyərsən o biri palatadadı. Ərim Moskvadan indi gəlib, məni görmək istəyir.

Mat-mat çiyinlərimi çəkdim. O, əliylə xəstəxananın pəncərəsindən görünən evləri göstərib:

- Qorxma, uzağa getmirəm, - dedi, - o görünən evlərin birinə dəyib qayıdacam. Gələndə sənə isti peraşki gətirəcəm.

Nüşabə içəridən çıxanda mən:

- Heç olmasa doyunca çim, - dedim.

Mənim bu – xahişimə deyim, tövsiyəmə deyim – ikimiz də ürəkdən güldük. Qaragöz Nüşabə elə xəstəxana xalatındaca qapını eşikdən örtüb getdi. Mən gecəki yuxumun epizodlarını beynimdə varaqlaya-varaqlaya çarpayının isti qucağında yeni bir yuxuya daldım.

***

Nə müddət keçmişdi, bilmirəm, mən ayılanda hamı Nüşabəni axtarırdı. Onun körpə qızının səsi bütün xəstəxananı başına götürmüşdü. Sanitarlar, tibb bacıları palataları, tualeti, iynə vurulan otaqları ələk-vələk eləyirdilər. Sağa-sola şütüyən ağxalatlılara bir xeyli key-key baxandan sonra birdən ayıldım:

- Nüşabə evlərinə getdi.

Elə bil xəstəxanaya bomba düşdü. Hamı bir-birinə dəydi. Mən qızı satdığıma peşman oldum. Həkim Nüşabəgilin evini tanıyan sanitarlardan birini tələsik onun dalınca göndərdi. Az sonra sanitarın gətirdiyi xəbər hamını ilan kimi çaldı: “Nüşabə özünü asıb!”

Elə bildim məni götürüb top kimi divara vurdular. Axı mən isti peraşki gözləyirdim, ölüm xəbəri yox! Bir də axı körpə ətcəbalasını burda ağzıayrıq qoyub bu gəlin özünü niyə assın ki?!

Sorğu-sual başlandı: gedəndə kimə nə dedi, onu evə hansı tibb bacısı buraxdı, niyə buraxdı?.. Axtarışların qızğın yerində dikdabanlı gəlin barmağını mənə tuşladı:

- Çıxanda əyilib bunun qulağına nəsə dedi.

Mən də danmadım:

- Dedi bir saatlıq icazə almışam, gələndə də sənə peraşki gətirəcəm. Vəssalam.

O gecə səhərəcən Nüşabənin körpə qızı kirimədi. Əl boyda uşaq elə bil duymuşdu ki, anası bu insafsız dünyada onu tək qoyub gedib...

Səhəri günü xəstəxanaya iki milis işçisi gəldi, baş həkimin otağında məni xeyli sorğu-suala tutdular. Mən Nüşabənin dilindən eşitdiklərimi, gedəndə mənə dediklərini bircə-bircə onlara danışdım. Baş həkimin otağından çıxanda dünən gecə gördüyüm yuxu beynimdə bir də canlandı. Nənəmin sınağı bu səfər də düz çıxmışdı – Əzrayıla fəhləlik eləyən o yöndəmsiz qoca bu dünyadan bir diri can da oğurlayıb aparmışdı...

Sonralar bildim ki, Nüşabənin bütün mahala səs-küy salmış intiharına görə onun ərini də, qaynanasını da tutublar. Qaynananı tez buraxdılar, amma ərinə 15 il iş verdilər. Belə danışırdılar ki, xəstəxanadan evə qaçdığı aralıqda Nüşabənin onlarla mübahisəsi yaranıb, canından usanan gəlin əri, qaynanası baxa-baxa özünü asmağa qalxıb. Bunlar da analı-balalı onun qabağına durmaq əvəzinə oturub bu dəhşətli mənzərəyə tamaşa eləyiblər...

Körpə balasını ağlar qoyub gedən 26 yaşlı nakam gəlinin intiharı – yox, buna intihar deməzlər – bu cür soyuqqanlı qətli məni üsyana qaldırdı. Ancaq bu üsyan kiməsə qarşı deyildi, həyatın özünə qarşıydı – həyatdan iyrəndim. Elə iyrəndim ki, dünyanın havasını-suyunu da içimə buraxmaq istəmirdim. Üç gün canım cəhənnəm qızdırmasında yandı. Gecələr bilmirdim başımı-qulağımı hara soxum ki, onun körpəsinin səsini eşitməyim. Uşaq da elə hey ağlayırdı.

Ta bir-iki gün əvvələcən gecələr mənim döşümün südü az olanda Nüşabə oğlumu əlimdən alıb sinəsinə basırdı. Onda elə bilirdim mənə dünyanın ən qiymətli bəxşişini verir. Bilmirdim ona necə minnətdarlıq eləyim, onun borcundan nə təhər çıxım – saçımdan sancağı açıb, ya da çantamdakı yarımçıq ətiri çıxarıb ona uzadırdım. O da gülə-gülə əlimi itələyib deyirdi:

- Dəlisən, mən döşümdən axıb gedən südü satacam sənə? Bir də yad deyil ki, gələcək kürəkənimdi dəə...

İndi də gözüm qalmışdı xəstəxana pəncərəsində - Nüşabənin ölümə getdiyi gün əliylə mənə nişan verdiyi binadan gözümü çəkə bilmirdim. Gecələr o binanın işıqlı pəncərələrini gözlərimlə bircə-bircə yoxlayırdım, elə bilirdim diqqətlə baxsam o pəncərələrdən hansınınsa içəri üzündə o bəxtikəm gəlinin sallanmış ayaqlarını görəcəm.

Bu hadisədən sonra özümə qəti söz verdim: nə olursa olsun, başıma nə oyun açırlar açsınlar, məni nə qədər incidirlər incitsinlər, heç vaxt körpəmi yad əllərdə qoyub özümü öldürməyəcəm!

...İllər keçdi, uşaq xəstəxanasında Nüşabənin qızıyla bir dəfə də rastlaşdım. Yeri-məqamı gələndə bu əhvalatı da nağıl eləyəcəm.

ardı var

# 1580 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #