Şimali Koreya haqda yazılanların çoxu yalandır – SƏFƏR QEYDLƏRİ

Şimali Koreya haqda yazılanların çoxu yalandır – <span style="color:red;">SƏFƏR QEYDLƏRİ
17 iyul 2017
# 21:00

Kulis.az Rusiyanın Perm şəhərindən olan Elnar Mansurovun Şimali Koreyayla bağlı səfər qeydlərini təqdim edir.

Kütləvi informasiya vasitələrində Şimali Koreya haqda yazılanların çoxu yalandır. Hətta Rusiya mediasında da bu ölkə haqda dolaşan informasiyalar ciddi təhrif olunur. Məsələn, mətbuat yazırdı ki, sentyabrın 9-da, müstəqillik günündə paytaxt Pxenyanda şəxsən Kim Çen İnin rəhbərliyi ilə hərbi parad keçirilib. Əslində isə həmin gün şəhərdə hərbi texnika olmayıb. Ümumiyyətlə, bu ölkədə bayramlar çoxdur və hər dəfə hərbi parad keçirmək əlavə xərc aparır. 9 sentyabrda meydanda ordunun “Əmək qoşunu” adlanan (bu nəsə ehtiyatda olan ordu kimi bir şeydir), yaxud da Koreya Xalq Demokratik Respublikasının fəhlə-kəndli qırmızı qvardiyası idi.

Mən özümü müharibələrdən bəhs edən filmlərdə hiss edirdim. Sanki Şimali Koreya döyüşçülərini müharibəyə yola salırdım. İçi hərbi formalı adamlarla dolu olan yüzlərlə “ZİL” maşını, Kalaşnikov avtomatı tutan qızlar, tibb bacıları, hərbi orkestr və damında böyük rəhbərlərin portretləri daşınan limuzinlər. Koreyalılar ağlayırlar, səmaya şarlar buraxırlar və süni gülləri hərbçilərə tərəf atırlar. Bu ölkədə təbii gül yoxdur, aeroportda da müşahidə etmişdim ki, insanlar yaxınlarını süni güllərlə qarşılayırlar.

Burdakı şəxsiyyətə pərəstiş, küçələrdə foto çəkməyin qadağan edilməsi, yollarda avtomobillərin yoxluğu haqda çox yazırlar. Dövr dəyişir, bu faktların çoxu mifə çevrilir. Məsələn biz bir dəfə Pxenyanda balaca bir avtomobil tıxacına da düşdük. Küçələrdə əsasən Çin istehsalı olan maşınlara, arada isə bizim UAZ və “Priori”lərə rast gəlmək olur. Kəndlərdə isə qazogenartorlarla işləyən əfsanəvi yük maşınlarına rast gəldik.

Bura səyahət edən zaman əvvəlki kimi telefonları müsadirə etmirlər. Əksinə, siz yerli mobil operatorun nömrəsini alıb rahatlıqla zəng edə bilərsiniz. Amma öz ölkənizə mehmanxanadan zəng etmək daha ucuz başa gəlir.

Əvvəl olduğu kimi, indi də hərbçiləri, hərbi obyektləri, işləyən insanları və bələdçinin göstərdiyi yerləri çəkmək qadağandır. Adi insanları çəkmək olar, amma bələdçilər xahiş edir ki, onları qorxutmayaq, icazə alıb çəksək daha yaxşı olar.

Mən bütün dünyanı ayı başı ilə (bloqqer səyahət etdiyi yerlərdə bu maskanı taxaraq şəkil çəkdirir – kulis.az) gəzirəm, amma burda onunla şəkil çəkdirməyə icazə vermədilər. Həmçinin rəhbərlərin heykəlləri ilə zarafatyana şəkil çəkdirmək də qadağandır. Belə fotoları silə bilərlər.

Şimali Koreyada kollektivçilik “ənənələri” və “işverənlik” çox güclüdür, donos sistemi dəqiq işləyir. Əgər siz mehmanxanadan, bələdçinizin yanından qaçsanız, sizi sadə insanlar tutub təhvil verəcəklər.

Bir dəfə restoranda nahardan sonra mən tramvay dayanacağına yaxınlaşıb yerlilərlə söhbət etmək istədim. Onlar dərhal uzaqlaşdılar. Növbəti gün bələdçi məndən soruşdu: “Elnar, siz niyə görə koreyalılarla ünsiyyət qurmağa cəhd etmisiniz? Başa düşün ki, onlar nadir hallarda turist görürlər”. Mənim dünən etdiyimi artıq bələdçiyə çatdırmışdılar.

Bizim avtobusun sürücüsü 25 il ərzində heç vaxt qəza törətməməyi ilə qürrələnirdi. Bəlkə də ona görə ki, 25 il ərzində yollarda maşın olmayıb. Yollar isə 6 və 8 zolaqlıdır.

İndi Pxenyan küçələrində taksilərə rast gəlmək olur, həmçinin şəxsi motosikletlər də var. Mümkündür ki, 10 ildən sonra Pxenyan boş şəhər yox, sıradan bir Asiya meqapolisi kimi səs-küylü olacaq.

Mənim üçün bu səyahət casuslarla dolu olan bir film kimi idi. Açığını deyim ki, bundan incimədim. Bəzən mən yol qeydlərimi telefonun diktofonuna yazıram. Bir dəfə bələdçi mənim telefonumda mikrofon işarəsini görüb bütün söhbətləri yazdığımdan şübhələndi. Mən gözləyirdim ki, geri qayıdanda aeroportda xüsusi xidmət orqanları məni yoxlayacaq, ona görə də telefonun yaddaş kartını gizlətdim. Amma yaxşı qurtardıq.

Ukraynadan olan İqorun bəxti elə də gətirmədi. O, lövhələrdə gördüyü şüarlarla zarafat edirdi. Amma koreyalılar bunu deyəsən başqa cür başa düşmüşdülər və onun Koreya dilini bildiyindən şübhələnirdilər. Mavzoleyi ziyarət edən zaman “çekistlər” onu saxladılar və KXDR-ə səfərinin “əsl məqsədi” barədə sorğu-sual etdilər.

Bir koreyalı qız bizi valeh etmişdi, onun adı Un Xa idi. O, digər turist qrupunda praktika keçən bələdçi idi. Dostumla mən bələdçidən xahiş etdik ki, o qızla görüşümüzü təşkil etsin. Zarafat-zarafat, bu görüş baş tutdu. Amma görüşdə dörd nəfər var idi. Dostumla mən, bələdçi ilə həmin qız. Başqa cür ola da bilməzdi. Dostum fransız şərabı (təsəvvür edin ki, qapalı ölkədə onun qiyməti neçəyədir), mənsə pivə götürdüm. Koreyalı xanımlar isə adi su içdilər. Biz ümumi mövzulardan danışdıq. Onlar internetdə olurlarmı, Rusiyaya gəlməyi planlaşdırırlarmı, bizim ölkədən bura zərərli turistlər düşürmü və s. 20 dəqiqədən sonra bizim monoton söhbətimiz bələdçini darıxdırdı və otağına getdi. Un Xa da dərhal onun ardınca getdi.

Həmin axşam səfərimizin başa çatmasını qeyd etmək üçün biz digər bələdçimiz Dzonu çağırdıq. Biz bütün səfər boyu onun xüsusi xidmət orqanlarından olduğunu düşünmüşdük. Digər bələdçimiz yoldaş Pak, əsl bələdçi idi, üçüncü isə praktikant Kim idi. Onun bilikləri hələ az idi, həm də dili pis bilirdi. Bütün bunları nəzərə alaraq Dzonun agent olduğunu düşünürdük. Həmin gecə də bizim “casus oyunlarımız” davam etdi. Belə qərara gəldik ki, hamımız qardaşıq və otağımıza viski içməyə getdik. Sən demə bütün otaqlarda dinləmə cihazları varmış. Buna görə də Dzo televizorun səsini verdi ki, söhbətlərimiz eşidilməsin. Bizim qrupumuzdan kimin “yaxşı”, kimin “pis” olduğun soruşdu, İqorun bura təsadüfən gəlmədiyini dedi. Biz rəsmi təbliğatdan yox, real vəziyyətdən, qadağan olunmuş kitablardan danışdıq.

Şimali Koreya haqda neqativ fonu dağıtmaq üçün çalışırlar ki, turistləri razı salsınlar. Mehmanxanada işıqlar sönmür, isti su gəlir. Turistlərin qidalanması da pis deyildi. Buranın limonadı və pivəsinə isə söz ola bilməz.

Ən yaxşı pivələri “Taedonggang” adlanır. Turistlər bu pivəni sevir. Əlavə qatqıları olmayan bu pivəni SSRİ-nin təmiz "Jıqulyevski" pivəsi ilə müqayisə etmək olar. Deyilənə görə İngiltərədə pivə zavodunu alıblar, söküb onu burda yenidən yığıblar. “Tendoqan” pivəsi isə dövlət televiziyasında reklam olunan nadir məhsullardan biridir. Bu pivənin hətta Cənubi Koreyada da satıldığını deyirlər.

Sadə koreyalıların gündəlik qida rasionunda it əti demək olar ki, yoxdur. Daha çox turistlər it əti yeyirlər. Bizim qrupun yarısı risk edib dadına baxdı. İt əti asanlıqla həzm olunan xeyirli zülallarla zəngindir və dadlı hesab edilir. Bizə sup gətirəndə bu fikirlə razılaşdıq.

Yapon dənizinin sahilləri və boş çimərliklər çox gözəl təsir bağışladı. Amma dəniz boyu tikanlı məftillər çəkilib ki, xain yaponlar bu ölkəyə keçə bilməsinlər. Əslində isə koreyalıların ölkədən qaça bilməməsi üçün bu addımı atıblar.

Şimali Koreyada internet çox qəliz məsələdir. Burda turistlər üçün ancaq bir oteldə fasilələrlə internet var. Onun da bir dəqiqəsi 1 dollardır.

Maraqlı bir faktdı da qeyd etmək istərdim. Koreyada miladi təqvimdən deyil, Kim İr Senin doğulduğu gündən hesablanan təqvimdən istifadə olunur.

Koreyalılar internetdə öz ölkələrində haqqında turistlərin qeydlərini ciddi şəkildə monitorinq edirlər. Qapalı ölkə olmasına baxmayaraq turistlərdən gələn gəlirə ehtiyacları var. Mən söz verdim ki, ancaq gördüklərimi yazacam. Viza verərkən biz KİV-də bu ölkə haqda yazı yazmayacağımız barədə yazılı iltizam vermişdik. Onu demək istəyirəm ki, koreyalılar çox qonaqpərvər və sadəlövhdürlər. Mən həqiqəti deyəcəm: çox gözəl ölkədir. Gözəl təbiəti, mənzərəli dağları və gölləri var.

Ən əsası odur ki, KXDR keçmişdən qalan son ölkədir. Soyuq müharibədən qalan qəlpədir. İstənilən an burdakı diktator rejimi dağıla bilər və turistlər tarixin bu abidəsini görməyə bilərlər. Ona görə də tələsin.

2015

# 1629 dəfə oxunub

Oxşar xəbərlər

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən vaz keçdi

Tarantino son filmini çəkməkdən vaz keçdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
“Nəşrlərin satın alınması müsabiqəsi”  elan edildi

“Nəşrlərin satın alınması müsabiqəsi” elan edildi

15:30 18 aprel 2024
# # #