Murad Köhnəqala: “Komputer açıq qaldı, bildilər, ayrılmaqdan başqa yol qalmadı” - MÜSAHİBƏ

Murad Köhnəqala: “Komputer açıq qaldı, bildilər, ayrılmaqdan başqa yol qalmadı” - <span style="color:red;">MÜSAHİBƏ
12 iyul 2017
# 10:15

Tarixini dəqiq xatırlamıram. Amma mən şair-publisist Murad Köhnəqala barədə illər boyu tənqid etdiyi yazıçı Anarın yanına gedib, onunla bağlı səhv etdiyini boynuna alandan, daha sonra prezidentdən ev istəyəndən sonra tənqidi bir köşə yazmışdım. Aradakı “ələkçinin qıl verənləri”ni nəzərə almasaq, Murad bəylə bu yazıya görə hər hansı ciddi dartışmamız olmamışdı. Bununla belə, Murad bəyin özü ilə hər zaman bir üzbəüz danışıb, fikir mübadiləsi etmək istəyirdim. Bu vaxta qədər müdafiə etdiyi dəyərlərdən necə əl çəkə bilmişdi, belə sürətlə necə dəyişmişdi deyə... Suallarım vardı çoxlu.

Və təkcə buna görə yox. 60-na nərdivan söykədiyi illərində ikinci baharını yaşayırdı adam. İlk həyat yoldaşından, iki uşağının anasından ayrılıb, özündən 30 yaş kiçik bir qadınla, Şəlalə xanımla evlənmişdi. Və bir oğlu da dünyaya gəlmişdi, dünən 1 yaşını qeyd edirdi sevinə-sevinə. Bax, belə, film kimi bir həyat...


İş yerində, hazırda redaktorluğunu etdiyi “Kirpi” jurnalında bütün bu mövzulardan eninə-uzununa danışdıq. Çox səmimi, komplekssiz, rahat... Əsl jurnalistə, yazara yaraşan tərzdə...

- Murad bəy, söhbətə keçmədən öncə... İncik deyilik? Küsməmisiz məndən...


- Yox, əşi. Nə inciklik? Mənim xarakterim elədir ki, küsülülük olmaz. Özü də yazarlar öz fikrini ifadə edir, bunda da sərbəstdir. Həmkar barədə də yazmaq olar.


- Əla, sevindim. Bəs maraqlıdır, mən o yazını yazıb, sizi tənqid etdiym, sizin ev istədiyiniz vaxtdan bu günə nə dəyişib həyatınızda?


- Mənim həyatımda heç bir şey dəyişməyib. “Kirpi.info”da baş redaktor təyin olunan vaxta qədər lent.az saytı ilə əməkdaşlıq edirdim. Burda böyük dəyişiklik yoxdur. Daha böyük dəyişiklik odur ki, uşaqları kəndə yola salmışam. Oğlumun bu gün 1 yaşı tamam olub. Mən onları kəndə yola salanda oğlum iməkləyirdi. İndi deyirlər ki, iməkləməyin başını buraxıb, yeriməyə başlayıb (gözləri dolur, üzündə qəribə, utancaq bir fərəh var-S.T).

-Murad bəy, neçə yaşınız var?


-58.


-58 yaşınızda uşağınızın iməkləməyindən sevinirsiz, kövrəlirsiz. Klassik azərbaycanlı modelində belədir ki, bu yaşda siz nəvənizin iməkləmə hekayələrindən danışmalı idiz..


-Yox, bu, mənim taleyimdir. Mənimçün çox xoşdur. Bu gün səhər facebooku açıb gördüm ki, 1 il öncə belə yazmışam: “dostlar, çox xoşbəxtəm, qəribə hisslər keçirirəm”. Həmin gün ata olmuşdum. Bu uşaq mənim sayca üçüncü övladımdır. Çox xoşbəxt oldum onun dünyaya gəlişinə. Bizim əvvəldən uşaqla bağlı planımız yox idi. Qəfil oldu. İndi yoldaşım rayondan zəng edib deyir ki, “uşaq evdə qaçır, nadinclik edir, ağlayır. Hiss olunur ki, səni axtarır”.


-Niyə neçə aydır ailənizdən ayrısız ki? Onlar rayonda, siz Bakıda. Təkcə yay olduğu üçün?


-Açıq hava olduğu üçün. Qapalı mənzildə nə qədər qalmaq olar? Anasına o qədər bağlanıb ki, bir otaqda adam adamı nə qədər görər? Hamımız kirayədə yaşamışıq. Kirayə ev ürəyincə olmayan, minimal şərtlər daxilindədir. Özüm işdən qopa bilmirəm deyə Ramazan bayramı ərəfəsində kəndə apardım.

-1 yaşlı oğlunuzdan danışıb, onun anası ilə evlənmə hekayənizdən keçmək olmaz. Çox nadir hallarda Azərbaycan kişisi 20 illik ailəsini, uşaqlarını sevdiyi qadına görə dağıdır, uşaqlarının anasını tərk edib, sevgilisi ilə evlənir. Bizdə daha çox “paralel dünyalar-paralel həyatlar” prinsipi üstünlük təşkil edir – ailə öz yerində, sevgili öz yerində. Bu halda sizin etdiyiniz çox da öyrəşmədiyimiz davranışlar silsiləsindən, hətta “məişət inqilabı” deyə bildiyimiz hərəkətlər kateqoriyasından idi...

-Mən 18 yaşım tamam olandan sonra Azərbaycandan çıxmışam. Rusiyada qulluq etmişəm. Moskva Ədəbiyyat İnstitutuna qəbul olmuşam, 6 il orda yaşamışam. Mənim dünyagörüşümü Rusiya cəmiyyəti formalaşdırıb. Mənim düşüncəmə görə, bir kişi bir qadınla yaşayanda uyğun gəlmirsə, ayrılmalıdır. Buna basqı olmur, olmamalıdır. İnsanlar qismən azaddır. Mən də evlənənəndə bu ağılda olmuşam.


-Birinci dəfə sevib evlənmisiz?


-Mən təsadüfən evlənmişəm. 37 yaşımda gəlmişəm Azərbaycana. Sənədlərim itmişdi. Tanrı başımdan döyə-döyə gətirmişdi Azərbaycana (gülür). Evlənmək fikrim-filan yox idi. Məni anam məcbur elədi. Evləndiyim xanım da təssadüfən olub. Heç tanışlığım olmayıb. Bütün azərbaycanlılar kimi. Ya da ölkənin 80 faizi kimi. O fikirdə olmuşam ki, xarakterlərimiz tutuşmasa ayrılacağıq. Sən demə, Azərbaycan cəmiyyəti buna hazır deyil. Tayfa əlində yaba-toxa hücum edir, qəbilə təfəkkürü... Bunları bilmirdim. Uzun müddət ayrılmaq istəyim olub. Baxıb gördüm ki, xaraktercə tutmuruq. Gözəl insan, fədakar ana, təmizkar qadındır, amma yaradıcı adamı anlayacaq biri deyildi...


-Deyəsən bir yazınızda oxumuşdum ki, 8 martda birinci xanımınıza gül alıb aparmısız. Cavabı belə olub ki, bu gülə pul verəcəyinə uşaqlara corab alaydın, corabları yoxdur...


-Kitabımda gedib, hekayəmdir. Azərbaycanda evə əlində güllə gedən bir azərbaycanlı kişisi biabırçılıqdır. Hətta gül alan da gizlədir. Halbuki ət almaq, yağlı, kabablıq ət almaq, meyvə dolu torbalarla evə getmək daha qəbul olunandır.


-Və sizdən gül yox, uşaqlara corab istəyən qadından ayrılmağa qərar verdiz... İnqilabi qərar...


-Bu, təsadüfən açıldı. Biz gizlində saxlamaq istəyirdik hər şeyi. Amma elektron məktublaşmalarımız açıldı, üzə çıxdı.


-Necə? Evdə?


-Bəli, təsadüfən kompüter açıq qalmışdı. Onlar da bildilər. Ayrılmaqdan başqa çarə, yol yox idi.


-Murad bəy, gerçəkdən elə böyük eşq, sevgi var həyatda? Uğruna ailədən, uşaqlardan keçiləcək qadın mənə çox maraqlıdır, onu tanımaq istərəm, desəm?


-Hər bir azərbaycanlı kişisinə, qadınına evləndiyi adamla xoşbəxt deyilsə, ayrılmağı arzulayıram. Ayrılsınlar, yenidən öz yarılarını tapsınlar. Avropada necə yaşayırlar? Öncə vətəndaş nikahında yaşayırlar. Hər şeyləri üst-üstə düşməlidir. Tutmursa, alınmırsa, aralanırlar. Öz ikinci şanslarından istifadə edirlər. Mən İsveçdə gördüm. 90 yaşlı qadındır, 100 yaşlı kişini “kolyaska”da aparır, amma məhəbbətlə. Üzündə heç bir əzab yoxdur. Bilirəm ki, bunlar bir-birini əvvəl-axır, bəlkə də ömürlərinin son illərində tapıblar və bir-birlərindən əl çəkmirlər. Bu yaşlarında, səhhətlərinin bu halında belə. Xoşbəxt insanları, qocalmış cütlükləri mən Avropada gördüm. Vicdan haqqı. Yan-yana velosiped sürən qarı-qocanı da görmüşəm, kitabxanaya gəlib, kitab seçən yaşlıları da. O soyuq yerlərdə oynaq xəstəlikləri çoxdur. Kişilər adətən qadınlardan yaşlı olur. Amma qadınlar onların qolundan necə tutur. Bizim də aramızda 30 yaş fərq var. Kim dansa da, yaş fərqi ondan xəbər verir ki, sevgi əlbəttə var. Biz bir-birimizi tapmışıq. Mən onunla çox rahatam. Arada Gəncədə yaşadıq, Tovuzda yaşadıq. Orda lent.az üçün yazılar yazırdım. Tovuzda yaşayan dostlarım zəng edirdilər ki, gəl arada çay içək də, bütün gün bir evdə, onunla darıxmırsan? Deyirdim, yox. Onunla çox rahatam.


-Biz həmkarınız olaraq sizin keçmişinizi bilirik. Daim içki məclisləri, dostlar-filan. Bəlkə indi yaş öz sözünü deyir? Düzdü, siz sevgi faktorunu qabardırsız...


-Yox, nə yaş? Bu saatın özündə də o xarakterlərim yerindədir. Bir də görürsən, kiminləsə dalaşıram, əlbəyaxaya çıxıram. Yəni, bütün xasiyyətlərim öz yerində qalıb. Yaşlanmışam, evdə qalmışam, tərpənmək istəmirəm...? Yox, belə deyil. Bax, indi o adam yanımda deyil. Mən heç evə getmək istəmirəm. Amma evdə olsa, mən ancaq onun yanında olmaq istəyərəm. Çünki mənə onunla çox rahatdır.


-Neçə ildir bərabərsiz?


- 5 ildir...


-Müəyyən müddətdən sonra sevgi də bitir, həyəcan da azalır, hər şey rutinə doğru gedir. Bu perspektiv sizi qorxutmur? Bu sevginizin də adiləşəcəyi, bir öncəki evliliyinizə bənzəyəcəyi...


-Qadın da öz qadınlığını bilməlidir. Öz qadın sirləri olmalıdı. Kişinin də həmçinin. Qadın kişini yormamalıdır. Insan bir-birindən yorulmaması üçün sevgiyə kənar köməklərdir bunlar. Hər ikimizdə bu var ki, biz bu münasibəti davam etdiririk. Sevgi işində də istedad olmalıdır.


-30 yaş ciddi fərqdir. Bu, klassik yaşlı kişi-cavan qadın münasibətini xatırladır ilk baxışda. Qadınlar daim daha yaşlı, dünyagörmüş kişilərə meyl edir, yaşıdları onlara maraqsız görünür. Kişilər isə, üzr istəyirəm, cavan bədənə meyl edir... Siz həmin klassikadan uzaqsız?

- Şəlalə xanım mənə Facebookda dostluq göndərib. Anası kitabxanaçıdır. Mənim yazılarımı, şeirlərimi 9-cu sinifdən oxuyub. Sonra Facebookda danışdıq, müzakirələr apardıq. Tələbə idi, qiyabidə idi. Sonra yazdı ki, mənimlə görüşmək istəyir. Bir neçə dəfə görüşdük. Sonra gördük ki, çox uyğunuq. Qərar verdik ki, heç ayrılmayaq, daim bir ətrafda olaq. Sonra bu adam Bakıda yaşayası oldu. Kirayə ev tutdum, birgə yaşadıq. Dəli bir sevgi. O qədər dalaşmışıq, özü də çox pis. Amma 15 dəqiqə sonra barışmışıq.


-O zaman siz sevgini 50-dən sonra tapanlardansız...

- Biz tanış olanda onun 22, mənim 52 yaşım var idi. Nə olub ki? İnsan orta hesabla 80 il normal yaşayır. Fast food cavanlarından söhbət getmir e. Köhnə adamlar üçün 50 yaş nədir ki? 50 yaş 80 yaşın cavanlığıdır. Bayaq ailədən ayrılma dediz. Mən yoldaşımdan ayrılmışam, amma uşaqlarımla görüşürəm, onlardan imtina etməmişəm. Düzdü, uşaqlar əvvəlcə başa düşmürdülər. Elə bilirdilər ki, onları da atmışam. Amma sonra başa düşdülər ki, belə deyil. Hər zaman onlara demişəm ki, mən onunla dolana bilməsəm də, o, çox gözəl insandır, ananızı sevin. Məni də başa düşün. Sizi sevirəm, hər zaman atanızam. Bütün imkanlar daxilində hər şeyi etməyə hazıram. Mənə bu həyatda uşaqlarımdan başqa nə lazımdır ki? Dərviş adamam...


- Sizə ev lazımdır... Mən demirəm, özünüz istəmisiz...


- Lazımdır? Evi də verəcəm uşaqlara. Mən neynirəm evi? Onlarla birgə yaşayım. Mənə bir künc versinlər. Heç vaxt dəbdəbə dalınca gedən olmamışam. Bahalı maşın, dəbdəbəli ev arzulamamışam.. Belə arzularım olmayıb.


- Bəs niyə yaşınızın bu vaxtında ev üçün ağız açdız?


- Mən yoruluram e, bilirsizmi? Sürünə-sürünə qazandığım o qonorarı nə qədər kirayələrə vermək olar? Bu nə sualdır ki, niyə ev istəyirsiz? Niyə istəməyim ki?


- Baxın, Murad bəy. Mənim sizinlə bağlı yazdığım yazıda da o məqam vardı. Mən sizi “bizim komandadan” bilirdim. Nə olursa olsun, ev üçün, rahatlıq üçün heç kimə müraciət etməyən, öz gücünə nəyisə həll edən, prinsipi olan...


- Sizin eviniz var axı.


- Mənim evim indi var. Amma evimin olmadığı, çox pis şəraitdə yaşadığım günlər olub. Amma ev üçün müraciət etməmişəm, öz gücümə etmişəm. İstəsəm edərdim. Dediyim odur, fikrim çatır?


- Mənə evi verirlər tutaq ki. Sonra deyirlər ki, get filan şeyi belə yaz. Bircə cümlənin təmənnasını etsələr, mən o evi istəmərəm. Azərbaycanda jurnalistlər əsasən kənddən gələn uşaqlardır. Kənddə evləri var, o ayrı. Bizim kəndə getmək üçün bir gün vaxt lazımdır. Amma bir həkim öz rayonunda yaşayır, öz evində də yaşayır. Azdan-çoxdan həkimlər, müəllimlər öz evlərində, öz kəndlərində yaşayıa bilirlər. Jurnalist kəndinə, rayonuna dönmək istəsə, gərək yığışıb gedə, çobanlıq edə və sair.


- Axı siz nə qədər kitabın, yazıların müəllifisiz, yaxşı işlərdə çalışmısız, qəzetlərdən hamımız kimi yüksək qonararlar almısız zamanında. İstəsəz pul yığar, borca girər, şəxsi evə sahib ola bilərdiz...


- Yox. (başını bulayır) Mənim hardan imkanım olsun? Siz təsəvvür edin ki, mənim kitabım 300 tirajla çıxıb. “Azadlıq” qəzetində yazırdım, o da pulsuz. 2009-cu ildən 2012-ci ilə qədər də “Yeni Müsavat”da yazmışam.

- (zarafatla) Yeri gəlmişkən, sizin “Yeni Müsavat”la “Azadlıq” qəzetində işləmək arasındakı fərqlə bağlı bir maraqlı tezisiniz var. Bilənlər bilir.


- Hər həftənin 3-cü günü “Yeni Müsavat”da qonarar günüdür. Bir dəfə Zamin Hacıya dedim ki, Qənimətlə Rauf Arifoğlunun fərqi nədir, bilirsənmi? Onlar bizim çobanlarımız, biz onların qoyunlarıyıq. Fərq isə ondadır ki, Qənimət bizi samanlıqda otarırdı, Rauf Arifoğlu çəmənlikdə. Zamin də dedi ki, çəmənlik yaxşıdı e, bu, ümumiyyətlə yoncalıqdır. (gülür) Vallah, “Azadlıq” qəzetində stabil qonorar yox idi. Kimsə nə vaxtsa deyirdi ki, gəl sənə pul verim.


- 90-cı illərdə, kimsə sizə desəydi ki, gəl sənə ev verim... cavabınız nə olardı?

Davamı olacaq

musavat.com

# 875 dəfə oxunub

Oxşar xəbərlər

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

16:30 23 aprel 2024
Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

16:00 23 aprel 2024
#
#
# # #