Atam öldü, çox sevindim – Azad Qaradərəlidən YENİ HEKAYƏ

Atam öldü, çox sevindim – <span style="color:red;">Azad Qaradərəlidən YENİ HEKAYƏ
10 iyul 2017
# 21:00

Kulis.az yazıçı Azad Qaradərəlinin “Atamın ölümü” hekayəsini təqdim edir.

Atam öldü, çox sevindim.

Dizlərimi yerə qoyub üzümü qibləyə tutdum, allaha dua edə-edə o ki var ağladım... Kəndimizdən çıxalı ilk dəfə idi, adam kimi ağlayırdım... Heç bilmirəm, bu hissimi sizə necə anışdırım?

***

Biz kəndimizdən çıxan ili başımıza o qədər işlər gəldi ki, Novruz bayramının nə vaxt gəldiyini belə bilmədik. Bayram hayında olmasaq belə, bir ayin vardı ki, hamı kimi biz də ona mütləq əməl eləməliydik: ilaxır çərşənbədən qabaqkı cümə axşamı – qara bayram günü hamı qəbiristana üz tutur. Kimi təzə ölüsünün qəbrini ziyarət edir, kimi ata-babasının məzarlarının yan-yörəsini təmizləyir, kimi də mollaya pul verib ölüsünə Yasin oxutdurur.

Arvadlar da bir-birinə qoşularaq başlarına qara şal örtüb bir-bir qəbirləri gəzir, ağı deyib ağlayır, göz yaşları ilə yanıq könülləri suvarardılar....

“Bəs biz hara gedək? Qəbrimizmi var? Qəbiristanlığımızmı var? Nə ölümüzdə urvat qaldı, nə dirimizdə... Erməni qəbirlərimizi verdi buldozerin ağzına, kürüdü hamısını... Oh-oh! Yandım ay allah!” Bunları anam deyib ağlayır, ozalanır. Sonra da “allah sənə rəhmət eləsin, ay Zal, nə yaxşı səni qoymadım o xarabada basıralar” deyib özünü toxdadır.

Dayım oğlu Zal enlikürək, hündürboy bir cavan idi. Tay-tuşları ilə güləşəndə kimsə hələ arxasını yerə vura bilməmişdi. Qızların da ən gözəli Zeynəb sevdi onu. Elə toylarından bir həftə keçməmiş ermənilər qonşu kəndin fermasını gecəynən yandırdı. Mal-qara cəhənnəmə, içəridə üç sağıcı, iki çoban da yanıb kül olmuşdu. Bir çox cavanlar kimi Zal da o günü silah götürüb cəbhəyə getdi. Düz üç il erməni saqqallıları ilə döyüşdü. Bir neçə dəfə ağır yaralansa da, silahı yerə qoymadı. Şuşa gedən gecəsi dəstəsilə erməni kəndi Şeşkirdə hücum edib evləri yandırdı, əhalisini pərən-pərən saldı, mal-qarasını qabağına qatıb gətirdi. (Elə o mal-qaranın da güdazına getdi – biz bunu düz beş il sonra bildik. Mal-qaranı bölüşmək üstündə komandirlə araları dəymişdi. Gecə subaşına çıxanda komandir onu arxadan vurub aradan çıxmışdı – guya ki, axşamdan Bakıya gedibmiş. Batalyonda bunu hamı bilsə də, susmuş, “erməni snayperinin gülləsinə tuş gəldi” demişdilər. )

“Şeşkird əməliyyatı”na görə Zalın adı dillərə düşdü. Dayımın ailəsinin etirazına baxmayaraq, anamın da razılığı ilə meyidini aparıb Bakıda Şəhidlər Xiyabanında dəfn etdilər. Haqqında qəzetlərdə yazdılar, film çəkdilər, kitab çıxartdılar... Bunlar öz yerində, amma nə yaxşı ki, onun qəbri Bakıda idi. Anam da daxil, kəndimizin arvadları ağlamağa qəbir tapmayanda Şəhidlər Xiyabanına gedir, Zalın məzarının başına komalaşıb ağı deyib ağlayırdılar... Özü də hiss edirdim ki, biz o qəbiri ziyarətə gedəndə elə bil arxalanırdıq. İçi anam qarışıq, hələ bir az forslanır, hökumət adamına, ya qeyrisinə ötkəm cavab-zad da qaytarırdıq: Zal bizi şəhid ailəsi eləmişdi... Az sonra Zala görə dayıma evinin yanında bir budka açmağa icazə verdilər ki, ayın-oyun satıb başını girələsin. Hələ anamın təhsil nazirliyinə şikayətindən sonra biz qonum-qonşunun məskən saldığı Sulutəpə tərəfdə üç gözdən ibarət bir uşaq bağçası da tikdilər. Qabağında da yazılmışdı: ŞƏHİD ZAL ƏMİROV ADINA UŞAQ BAĞÇASI. Anam indi də orada müdirədir.

***

Bir beş iləcən “allah qoysa altdakı il qayıdırıq” kimi boğazdan yuxarı sözlərlə özümüzü aldatsaq da, yavaş-yavaş orda-burda əl atınca torpaq axtaranların, ev alanların da olduğu bilinəndə anam əlini əlinə vurdu: day evimiz yıxıldı getdi, kəndi alsalar da, ora çətin ki, qayıdan ola. Bə nədi? Qızını yerli adama verən, oğlunu bakılıyla evləndirən, Bilgəhdə, Maştağada, elə bizim Sulutəpədə torpaq alıb ev tikən, bağ salan hara qayıdır, ə?! Zırt qayıdar!.. (Sonuncu sözü dilinin altda deyir – anam qaçqınçılıqdan sonra söyüş-zad da söyür.)

Amma o da deyilmiş. Qaçqınlar ilk gəldikləri çağlarda ölülərini “amanat” dəfn edir, qayıdan kimi özləri ilə çıxardıb aparacaqlarından dəm vururdular. Amma indi... Beş-altı il sonra nəinki “amanatı” qozuna alan yoxuydu, hələ Yanardağda ayrıca Qaçqınlar qəbiristanı da salmışdılar...

...Atam qara fəhlə idi. Fəhlə də yox, nə təhər deyim axı; kolxozçu, rəncbər, suçu, qarovulçu, əkən, biçən... Kəndli nə edə bilərdisə, atam eləmişdi. İki gözlü evimiz vardı. Çoxlu mal-davarımız, toyuq-cücəmiz, it-pişiyimiz vardı... Beşindən aşağı olsaq da, beşindən yuxarıydıq. Öz tükümüzün üstündə dolanardıq. Anamın gözəlliyini çıxsaq, bizim ailənin problemi yoxuydu.

Hə, anam çox gözəl qadın idi. Elə gözəl ki, kolxoz sədrləri, sovet sədrləri, təhkimçilər, rayonun aktivləri anamı görəndə özlərini itirir, bu kəndə niyə gəldiklərini unudurdular. Hətta bir dəfə pambıq yığınına görə Bakıdan gəlmiş bir şair anamı görəndə özünü ələ ala bilməmiş, elə tarladaca bədahətən anama şeir qoşmuşdu:

Hüsnünə oxudum min ayə burda,

Məni bəndə saldı Minayə burda.

Sevgi badəsindən olmuşam sərməst,

Allah məni saldı xataya burda...

Minayə anamın adı idi. Elə o şeirdən sonra babam anamı yaxın qohumuna – kolxozun ən fağır işçisinə ərə verib. Şairə də xeyli tut arağı içirdəndən sonra Mincivandan qatara mindirib Bakıya yola salmışdılar. Yalançılar sözü, deyirdilər ki, o şair elə bizdən gedəndən sonra canına qəsd eləyib. Minayə adında uzun bir poeması da qalıbmış özündən sonra...

Anam oxumuş qız olub. Atası onu Şamaxıda pedməktəbdə oxutsa da, qız müəllim işləməyib. Elə kəndimizdəki bağçada müdirə kimi çalışıb uzun illər. Yəni anamın gözəlliyi gizlədiləsi şey deyildi. Əvvəla, o yüzə yaxın uşağın, onacan işçinin cəm olduğu bir idarənin müdiri idi – hər gün süslənib-püslənib işə gedirdi. İkincisi, anamın gözəlliyi təkcə qadın gözəlliyi deyildi ki! Anamda bir ayrı şeydi bu... Bizdə deyərlər ki, kişi olan bəndə, ana-bacısını, bir də arvadını tərifləməz. Ona görə, yaxşısı budur, kəndimizin ən luğablı söz danışanı Hürnüsə arvadın diliynən tərif edim anamı: “Minaya ayrı cuvanəzəndi. Onun gözəlliyi təkcə zənənə gözəllik dəyil. Bırda bir şafaqətlilik də var. Mən qadınnığımnan Minayəylə qabaq-qənşər gələn günü işim irast olur. Həmən günü hamıya yaxşılıx eləmək istiyirəm. Allah ona bəsdideyincən hüsn verib, bircə ər sarıdan yarımadı. İrasul onun adamı dəyildi...”

Atam yazıq yaxşı adam idi vallah. Nə ölüncən dilinə içki vurdu, nə siqaret çəkdi, nə anama güldən ağır söz dedi. “Əmiqızı, qadan alım, özünnən muğayat ol”, “Əmiqızı, saa gələn maa gəlsin, irayona gedəndə maa o dalıqırmızı siqaretdən bir başqa alarsan, bir dişimi dəyişim”, “Əmiqızı, bu axşama bir cücəli pilav dəmlə...” Atamın sözləridi bunlar. Anamı belə sevər, belə oxşayardı... Di neynirsən? Üzə vurmasa da, anam atamın bu tavrından narazı idi. Hətta bir dəfə rayon mərkəzindən gələndə araq da alıb gətirmişdi kişiyə. Qulağımın şahidiyəm: ayağını dirədi ki, mən istəyirəm, məclislərdə sən də o adıbəlli kişilər kimi stəkan toqquşdurasan, sağlıq deyəsən, piyan olasan, lap dava da salasan...

Atam o arağı açdı, ağzına aparıb iylədi və bağımızın qabağından axan arxa atıb hirslə dedi:

- Mən irəhməttiy əmimə söz vermişəm ki, sənin qızıa əl qaldırmıyacam, söymüyəcəm, döymüyəcəm... O hax dünyadadı, biz nahax dünyada... Əmiqızı, sən məni püsdən-təvərədən çıxartma... Mən suçuyam, kümçüyəm, pambıqçıyam, odunçuyam, çobanam, çoluğam... Mənnən istəkan döyüşdürən çıxmaz... Mən... Mən... Heş sənin ərin də olmuyum istiyirsən... Eləcənə, əminoğlu olum. Amma maa o pis təklifləri eləmə... Məni yoldan çıxartma...

Bir müddət atamla anam küsülü qalmışdılar. Küsülü deyəndə ki, atamın dediyi kimi, ər-arvad deyildilər, əmiqızı-əmioğlu idilər sanki...

Bizdə həmişə anamın sözü keçib. Oğul evləndirəndə də, qız köçürəndə də, nar bağımıza konserv zavoddan müştərilər gələndə də, bir dananı satanda da atam anama baxıb gülümsünürdü. Yəni “əmiqızı, nə deyirsən, nə eliyək?” Əvvəllər anamın buna da acığı tuturdu – camaatın kişiləri nə təhər eləyir, sən də elə elə. Ayıbdır, camaat nə deyər? Məni kişi işinə qatma...

Amma yavaş-yavaş anam evin söz sahibinə çevrildi. Elə oldu ki, atam el hüzürünə axırda xeyir-dua verdi. Vəssalam...

***

Heç yadımdan çıxmaz. İkidəmi, üçdəmi oxuyurdum. Anam yan otağımızda corab hördüyü dəmir milləri ocağa qoyub qızdırır, saçlarını burub gözünün üstünə salırdı. Sonra da xalam onu yerə uzadıb qoşa sapla üzünün tüklərini alırdı. Bu vaxt atam içəri girdi. Xalam özünü düzəltsə də, anam heç qımzanmadı da. Kişi arvadına şövqlə tamaşa edib gülümsündü.

- Nədi, ay Rəsul, sözdü adama oxşuyursan?

Atam şaşqınlıqla anamı süzüb-süzüb yenə gülümsündü.

- Əmiqızı, nəydisə, yadımdan çıxdı... Səni belə görüncə...

Kişi qayıdıb çölə çıxdı. Xalam yenə anamın üstünə uzandı. Anam başladı ozalanmağa:

- Dədəmizi ordan da o yana getsin... Qoymadı, mən də öz tay-tuşumnan evlənəm... O şairə getsəydim, allah bilir indi haralardaydım... Demişdi ki, səni ali məktəbə də qoyduracam...

- Eeee... Səni allah bəsdi, ay Minaya! Şairlər piyaniska olurlar...

- Ölmürəm piyanıska kişidən yana!? Ode, o dəfə özüm bir potulka aldım, əlimnən gətirdim ki, aç, iç... Sən də ol kişi... maa nə desə yaxşıdı?! “Əmimə söz vermişəm...” Sənin əminin də, zəminin də...

Bu vaxt atam təzədən qayıtdı içəri.

- Hə, əmiqızı, qadan alım, düşdü yadıma... Sədri gördüm səhər tezdən... Dedi Minaya xanıma deynən, əbed vaxtına bir süfrə hazırlatsın, irayonnan qonaxlarımız var... O nədi, o qarnıyoğun müdür var e... Əmirov...

- Maarifin müdürü?! – Anam tapança kimi açıldı. Yerindən dik qalxıb xalamı geri itələdi.

- Hə, hə, o maarif müdürü... gələceymiş sahələri gəzməyə... təhkimçiymiş...

- Bıy sənin əvin yıxılsın, gədəmnən qırax yerə! Ə, bəs bını niyə maa vaxtında demirsən?! Gün qalxıb günortanın yerinə... Ay allah, sən maa ölüm ver! Məni saa ürcah eliyəni ordan da o yana getsin!.. Get sakkar toğlunu kəs, soy. Beş çolpa kəs... Tükana özüm gedəcəm... İçki-filan almalıyam...

Atam yazıq-yazıq arvadının dalınca gileyləndi:

- Mən nağayrım axı? Yadımda qalmır dana... Bir də əmimə söymə, o söyməli kişi dəyildi axı...

***

Anam atamdan on yaş kiçik idi. Bəlkə ona görə belə cavan qalmışdı. Azalıb əlli səkkiz olsun yaşı, tü-tü-tü... heç verməzsən. Gözəlliyi üstündədi. Düzdü, özünə baxıb həmişə. Yaxşı yeyib, yaxşı geyib. Atam da onu incitməyib... Amma yox e, yox. Anam öz yaşıdlarıynan müqayisədə yaxşı qalıb. Hələ kənddə olanda anam qaşlarını alanda, rayon mərkəzində saçlarını düzəltdirəndə, dodaqlarına pomada çəkəndə arvadlar dalınca danışar, kişilər isə hədyan deyərdilər. Daldada “lotu Minayə” çağırırdılar anamı. Amma pox yeyirdilər. Biz bilirdik ki, paxıllıqdandır. Anam axı səhər bağçaya gedir, axşam evə gəlirdi. Ayda bir dəfə də rayon mərkəzinə “atçota” gedirdi. Bir də deputat kimi hərdən rayona çağırırdılar. Yazıq anamın görüb-görəcəyi elə atamdı, bizdik. Daldada hürənlər anamın gözəlliyini özlərinə dərd edənlər, bir də atam Rəsulu anama yaraşdırmayanlar idi...

(Gəlib qapımızda boyun burur, yalvarırdılar: “Minayə xanım, nə olar, oğlum maşınnan adam vurub, təcili beş yüz manat borc lazımdı”, yaxud, “ay Minayə xanım, qadan gözlərimə gəlsin, qızın həyini verdik, cehizə pulumuz çatmır, beşcə yüz bizə əl yetir, barama pulunu alanda qaytaracayıx”, ya da belə: “Minayə xanım, əl mənnən, ətək sənnən, gədəmi şərə salıblar, katibə ağız açsan, bəlkə buraxalar”... Anam da ki ürəyi yuxanın biriydi. Heç kimi qapımızdan naümid yola salmazdı. Diləyə gələnin istədiyini tapıb verərdi. Adam var ki, illərdir bizə borcu var... Rayon sovetinin deputatı kimi kimə desən ağız açar, sözü keçərdi... Di gəl ki, qapımızdan uzaqlaşmamış deyərmişlər: əlacımı allah kəsdi, Lotu Minayənin qapısına getdim, kömək elədi...)

Heç mən də anama layiq oğul ola bilmədim. Pul gücünə Müstəqil Azərbaycan Universitetinə qoydu, oranı da bağladılar, heç diplomumu ala bilmədim. Bir proflaktoriya açdırıb mənə, iki də gözəllik salonu. Aybaay gedib pulumu qəpiyinəcən alıram. Amma o istəyirdi ki, mən alim olum, diplomat olum, ya da heç olmasa şairdən-zaddan olum. Neyniyim axı... Atam kimi korafəhiməm. Burda deyilən, burda yadımdan çıxır... Anam ayrı şeydi, vallah! Səməd Vurğunun “Vaqif” pyesini əzbərdən desin səninçün, özüm ölüm... (Hərdən fikirləşirəm ki, bu şəhərlilər zor adamdılar vallah. Burda “lotu” kişi adama deyirmişlər. “Lotu Bəxtiyar”, “Lotu Quli”... Yoxsa bizimkilər kimi... “Lotu”ynan, ayıb olmasın, “qəhbə”nin vərqi yoxdu biadə. O cürən arvada ayama taxıblar “Lotu Minaya!” Allah başınıza daş salar e... O sizin umud yerinizdi... Nə bilim vallah... Belə şeylər mənnik deyil, yeri gəldi dedim... Allah anama min can versin!)

Hə, atama baxanda anam çox cavan görünürdü. Atam isə get-gedə geriləyir, orasını-burasını tuturdu. Bir gün isə evimizdən bir az aralıdakı bağımızda işləyib qayıdandan sonra başını tutub ufuldadı və yerə çökdü. (Burda anam altı sot torpaq almışdı mənə, ev tikəm, amma mən qaçqınlara verilən bina evindən mənzil alandan sonra oranı atam bir bağ-bağata çevirmişdi ki, eynən kəndimizdəki kimi – növbənöv almalar, hadrut armudu, yapon əzgili, xirnik, karalyok, ağ şanı, qara şanı, tumsuz əncir, ağ tut, xar tut, gilas, gilənar... Kişinin əlləri qızıl idi vallah!) Başağrı dərmanı, noşba da kömək eləmədi. Axırda həkim çağırdıq. Elə ilk diaqnozdaca cavan həkim insult dedi. Kişinin gözləri ağara-ağara qalmışdı... Heç bircə gün çəkmədi.

Ən çətin iş qəbir yeri məsələsi idi. Anam məni çağırıb “maşını xodda” dedi. Özü də oturdu, Yanardağa sürdürdü. Qaçqınlar qəbiristanının ən yaxşı yerindən üç adamlıq yer götürdü. Burdan qazdır dedi. Pulunu da qabaqcadan ödəyib geri qayıtdıq...

Atam ölən axşamı mən çox sevindim. Anamı deyə bilmərəm, amma mən, doğrudan da sevindim. Niyəsini bilmirəm. Amma sevindim. Özü də çox sevindim. Dizlərimi yerə qoyub üzümü qibləyə tutdum, allaha dua edə-edə o ki var ağladım... Kəndimizdən çıxalı ilk dəfə idi, adam kimi ağlayırdım... Heç bilmirəm, bu hissimi sizə necə anışdırım?

Atamı dəfn edib geri qayıdanda ilk qabağımıza çıxan anam oldu. Gözəlliyi solmuşdu. Ənliksiz-kirşansız surəti qocalamışdı. Başını sinəmə qoyub hönkür-hönkür ağladı. Baxdım ki, anam da sevinir... Bu sevinməkdən çox arxalanmaq idi. Zalın qəbrinin üstünə gedəndə arxalandığımız kimi...

# 2921 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #