Telefonla danışan laborant müdirini necə aldadır?

 

 

Kulis.az “Naməlum kino” layihəsində Cəmil Quliyevin 1985-ci ildə çəkdiyi “Bayramda yağış” filmini təqdim edir.

 

Süjet: Filmin qəhrəmanı İbadov (Arif Qasımov) “Sağlamlıq sahəsi” müəssisəsində laborant işləyir. O, müəssisədə yaşlı adamların sağlamlaşdırması məqsədilə terapiya keçir. Onun təbiət terapiyasına gələn təqaüdçülər cürbəcür gülləri qoxlayır, maqnitofon lentinə yazılmış müxtəlif quşların səsini dinləyir, qablara doldurulmuş suya baxıb dənizi təsəvvür eləyirlər. Hərçənd, onun terapiyası bəzən əks effekt verir. Təqaüdçülərdən biri gülü qoxlayandan sonra ürəyində problem yarandığını deyir. Reallıq hissini itirən, xəyal dünyasında yaşayan İbadov isə onların problemlərini önəmsəmir.

 

O, vaxtaşırı müəssisə müdirinin (Tələt Rəhmanov) otağından zəng vurmaq üçün icazə istəyir. Guya o Elmlər Akademiyasına zəng vurub hansısa məşhur akademiklə özünün kəşf elədiyi yeni növ kaktus barədə danışır. Telefon danışığı zamanı özünü elə göstərir ki, sanki onun yeni kaktus növünü elmdə səs-küyə səbəb olub. Əslində isə o telefonda kimsəylə danışmır. O, danışdığı müddətdə dəstəyin o başından sadəcə məşğul səsi eşidilir.

 

Müdir isə onun telefon danışıqlarına əhəmiyyət vermir.

 

İbadov yağışlı günlərin birində evə qayıdanda yolda gənc bir qızla (Həmidə Ömərova) tanış olur. Yağışdan islanan qızın avtobusu gəlmədiyindən onu evinə dəvət eləyir. Ona şam süfrəsi hazırlayır, şampan şərabına qonaq edir, sonra sərxoş halda qızdan onunla bir evdə dost kimi yaşamasını diləyir. Qızın yaraşığı olmayan kişiyə bütün söhbət boyu istehzası hiss olunur.

 

Səhər oyananda isə qızın getdiyini görür...

 

Natiq Rəsulzadənin eyni adlı povestinin əsasında çəkilən (qeyd edək ki, ssenari də müəllifindir) filmdə kiçik, uğursuz insanın həyatı ilə tanış oluruq. O, fiziki də təkdir (tək yaşayır), mənən də tənhadır. Dərdini bölüşə biləcəyi dostu belə yoxdur.

 

 

İbadovu kimsə ciddiyə almır, o isə özünü lazımlı, faydalı adam kimi hiss etmək istəyir. Bunun üçün o xəyallar qurur, xəyalları isə ancaq yuxularında gerçəkləşir. Telefonla guya akademikə zəng vurmaqla müdirinə özünün lazımlı adam kimi göstərməyə çalışır. Müdir isə onun oyunundan xəbərdar olsa da, yalanını üzünə vurmur. 

 

Cəmiyyətdə sayılıb-seçilən seçilən, nüfuzlu adam statusunda olmaq arzusuyla yaşayan, gerçəkliklə xəyal dünyası arasında vurnuxan qəhrəman əslində özü də faciəsini anlayır.

 

Epizodlardan birində onun səmimi monoloqu günümüzlə çox səsləşir:

 

“Bu, adi kaktusdur, xüsusi nəsə yoxdur. Bəzən elə istəyirsən ki, sənə hörmət eləsinlər. Heç nəyə, hansısa xidmətlərinə görə yox, sadəcə insan kimi. Hə, mən məşhurlaşmaq istəyirəm. Bəzən o qədər xəyallara qapılıram ki, elə bilirəm mən doğrudan nəsə kəşf eləmişəm, nəsə yetişdirmişəm. Adi kişi xatakteri. Direktorun da başını piyləyirəm ki, mənə heç olmasa insan kimi hörmət eləsin. Onun kimilər insanlara elə-belə hörmət eləmir”.

 

Qız isə onu biganəliklə dinləyir. Onun qızı yatağında yatızdırıb özünün isə quru yerdə büzülərək bomj kimi yatması filmin ümumi ideyasının uğurlu bədii həllidir.

 

İlk epizodda bir fotoqrafın məşhur fransız aktyoru Lui de Fünesin şəkillərini qurutmaq üçün zivədən asmasından mesaj ötürülür ki, bu, komediyadır. Əslində bu, komediya elementlərinin də yer aldığı insan dramıdır.

 

"Debüt" Studiyasında lentə alınan filmin operatoru Adil Abbasovdur.

 

Film Cəmil Quliyevin diplom işidir.

LENT

25 İyul 2017
24 İyul 2017
23 İyul 2017
22 İyul 2017
21 İyul 2017