Ömrünüzün 336 saatı: Bu gün onun günüdür – SƏBUHİ MƏMMƏDLİ YAZIR

 

 

Nə antropoloqlar, nə tarixçilər, nə də filosoflar - heç kim hələ indiyə qədər müəyyən edə bilməyib: ilk dəfə kim kimi öpüb? Və ümumiyyətlə bu necə baş verib? Məlum olan isə təkcə budur; öpüş haqqında ilk dəfə 4 min il əvvəl fars yazılarında qeyd olunub. “Tarixin atası”, Herodotu deyirəm, yazırdı ki, farslarda görüş vaxtı ictimai vəziyyəti bərabər olan kişilər bir-birlərinin dodaqlardan öpürlər və bərabər olmayanlar isə — yanaqlarından.

 

Qədim dünyada farslardan başlayan bu ənənənin pik nöqtəsinə Romada çatmışdılar. “Əbədi şəhər”də hamı öpüşürmüş: kişilər, qadınlar, uşaqlar, qohumlar, tanışlar, hamı hər yerdə bir gündə bir-birini on dəfə görsə belə, öpüşürmüşlər. Hətta dodaqlara xüsusi ətirli pomadalar sürtülürdü ki, öpüşmək daha xoş olsun. Beləcə öpüşə-öpüşə dünya gəlib çıxdı 2017-ci ilin bu gününə.

 

Hə, 6 iyul Ümumdünya Öpüş Günüdür. Düz 1981-ci ildən. Məhz həmin il  BMT-nin Ümumdünya Sağlamlıq Komitəsi öpüşün araşdırılması ilə bağlı xüsusi direktiv qəbul etdi. O gün, bu gün iyulun 6-sı Öpüş günü kimi qeyd olunur dünyada. Keçən bu 36 il ərzində adıçəkilən komitə öpüşlə bağlı bəlkə də yüzlərlə layihəyə qrant ayırıb, neçə-neçə tədqiqat iş aparıb. Və təbii ki, müəyyən elmi nəticələr də var ortada. Məsələn, sübut olunub ki, öpüşmək stressə qarşı ən yaxşı məlhəmdir. Öpüşmə zamanı insulin və adrenalin artmasıyla, böyrəküstü vəzlərdə stress hormonlarının azalmasına səbəb olur. Ürək döyüntülərini artıraraq normal idman tempi sayılan dəqiqədə 110-a qaldırır. Ciyərləri gücləndirir. Adi halda dəqiqədə 20 dəfə nəfəs alırıqsa, öpüşən zaman bu say 60-a qədər qalxa bilir. Udqunmağa xeyirdir. Öpüş həm də qırışların düşmənidir. 3000-ə qədər əzələni hərəkətə gətirir ki, bu da dəriyə və qırışlara çox xeyirdir. Öpüşmək insanı həm də arıqladır. Təsəvvür edin ki, bir saat öpüşəndə 500 yüz kalori itirirsiniz. Öpüş peyvənd kimidir. İmmunitet sistemini gücləndirir. Bəlkə də çoxunuz bilmir ki, öpüşmək dişlərə belə xeyirdir. Öpüşmə zamanı tüpürcəyin dövranı sürətləndiyindən diş minası güclənir.

 

Çox adam fikirləşir ki, iki cür öpüşmək var: yanaqdan və dodaqdan. Amma professor Uilyam Kan öpüşün 25 növünü müəyyən edib. Kan təsadüfən öpüşməni araşdırmağa başlayıb. Bir dəfə sevgilisi ilə öpüşərkən gözlərini bağlamadığından şikayət edib. Kan kitabxanaya gedib, öpüşməyin metodları haqqında kitab axtarmağa başlayıb. Belə bir kitabın olmadığını gördükdə özü bu haqda araşdırmalar aparmağa başlayıb. Kan müəyyən edir ki, hər üç cütlükdən ikisi, öpüşərkən başını sağa doğru əyir. Sadə, ruhsuz bir öpüşmədə iki əzələ, ehtiraslı bir öpüşmə əsnasında üzdə 34 əzələ işləyir. Alim onu da müəyyən edir ki, dünyada barmaq izi, ya da qar dənəsi kimi bir-birinə bənzəyən iki dodaq yoxdur.

 

Alimin qənaətinə görə, bir adam ömrünün 336 saatını öpüşə xərcləyir. Və nəhayət, hər kəsin öpüşməsi fərdi xüsusiyyətlərini əks etdirir.

 

Əslində öpüşmək və buna oxşayan davranışlar heyvanlarda da var. Məsələn, şimpanzelərin insanlar kimi öpüşdükləri bəllidir. Delfinlər bir-birlərinin üzlərini ağızlarının içinə alırlar, canavarlar bir-birlərinin dodaqlarını, itlər sahiblərinin üzlərini yalayır. Deməli, öpüşmək canlıların bir-birlərini yaxşı hiss etməsinə səbəb olur. 

 

Yeri gəlmişkən, İngiltərənin Lids Universitetində aparılan araşdırmalarda belə nəticəyə gəliblər ki, öpüşmək təkcə romantizmlə əlaqədar deyil. Dodaq-dodağa öpüşmək qadınların immunitet sistemini gücləndirir və irəlidə daha sağlam uşaqlar dünyaya gətirən bir ana olurlar.

 

Öpüsməklə bağlı olduqca maraqlı faktlar var. Məsələn öpüşmə üzrə rekord amerikalı Aleks Volframa məxsusdur. O, 8 saat ərzində 8001 adamı öpüb. Kinoda ilk öpüş 1886-ci ildə Tomas Edisonun 30 saniyəlik “Öpüş” adlı filmində lentə alınıb. Heç bilirsinizmi, öpüş zamanı bir insandan digərinə 278 bakteriya keçir. Amma, xoşbəxtlikdən onların 95 faizi zərərsizdir. Orta əsrlərdə İtaliyada cəmiyyət qarşısında qadını öpən kişi mütləq onunla evlənməli idi. Öpüş prosesinin elmi adi filematalogiyadır.

 

Araşdırmalar zamanı məlum olub ki, əksər kişilərin öpmək arzusunda olduğu qadın Ancelina Colidir. Aparılan tədqiqatlar onu da sübut edib ki, işə gedərkən həyat yoldaşını öpən kişilər bunu etməyənlərə nisbətən daha çox pul qazanırlar.

 

Və nəhayət!

 

Tailandda ən uzunmüddətli öpüş müsabiqəsi keçirilib. Cütlüklərdən birinin öpüşü 46 saat 24 dəqiqə 9 saniyə davam edib. Və Ginnesin Rekordlar Kitabına düşüb. Qaydalara görə, iştirakçılara oturmağa icazə verilməyib. Onlar ancaq ayaqyolundan istifadə ediblər. Yarışa yalnız əsl sevgililər buraxılıb. Belə ki, rekord vurmaq istəyənlər ya evlilik şəhadətnaməsini göstərməli, ya da valideynlərindən məktub gətirməli idilər. Qaliblərə 1,6 min dollar dəyərində brilyant üzük və 3 min dollar pul mükafatı verilib.

 

Bax, belə…Di, öpüşün. Ziyanı yoxdur...

 

 

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017