Yazarlar balaca Zəhradan nələr yazdılar? - AĞRI

Yazarlar balaca Zəhradan nələr yazdılar? - <span style="color:red;">AĞRI
5 iyul 2017
# 16:15

Kulis.Az Zəhra haqqında yazılanları təqdim edir.

Vaqif Bəhmənli

Alxanlı kənd sakinləri Sahibə xanımın, balaca Zəhranın, Sərvinaz xanımın dünən şər qarışan vaxtda, evinin içində gülləboran edilməsi faciə yox, fəlakətdir. Bu vəhşət bütün dünyanı sarsıtmalıdır.

Zəhranın mələk ruhu bizi yalnız o zaman bağışlayar ki, xalqımız sinəsi yaralı anamız Qarabağı son qarış torpağına qədər azad etsin, erməni cəlladlarını iti qovan kimi qovsun!

Baş vermiş fəlakətə görə Alxanlı və bütün Füzuli camaatına Allahdan səbir diləyirəm. Qoy böyük yaradan dünyanın ən az yaşlı, ən balaca şəhidinə uca dərgahında yer versin...

Aliyə

Bir Suriyalının Əsədə qarşı sübut kimi topladığı topları, mərmiləri sonra uşaqlar üçün oyuncağa çevirdiyi barədə xəbər hazırlamışdıq. “Top oynamaq üçündür, partlamaq, mərmiyə çevrilmək üçün yox” deyirdi bir vaxtlar qisas arzusu ilə yaşayan bu kişi.

Böyüklər də top-top oynayır. Amma o toplar pis toplardır, partlayır. “Əslində, böyüklər oynamağı bilmirlər” - deyir onun düzəltdikləri. Dünən erməni ordusunun atdığı top mərmisindən 2 yaşlı Zəhra öldü. Deyəsən bundan o tərəfə heç nə yoxdur....

Şəhriyar Del Gerani

Mən bilmirəm kimdən soruşum ki, Xocalı daha neçə uşaq davam eləyəcək?

Kəramət Böyükçöl

Bir müddət uşaqlarımızın şəklini paylaşmağa əlimiz gəlməyəcək.

Ulucay Akif

Bir sual

(Zəhra üçün)

Zəhra,

uşaqlar ölmür, bilirəm.

uşaqlar oynamaq üçün

daha gözəl yer tapır,

Dünyadan daha gözəl bir yer.

Sən də ora getdin, bilirəm.

Musiqisi quşların səsi,

Sözləri uşaq gülüşü olan

Bir mahnı bəstələmədik,

ona görə küsüb getdi bizdən

Qarabağda Zəhra, Suriyada Leyla.

Getdi bütün körpələr uzaqlara,

nə günəş yandırmır onları orada,

nə də ki, dəniz boğmur sularında.

Zəhra, sənə bir sualım var.

Sadəcə bir sual:

- bağışlamamaq nədir?

bilirsənmi ki, bizləri də bağışlamayasan?

Ömər Xəyyam

Zəhranın yerinə mənim qızım da ölə bilərdi, sənin bacın da.

Zəhranın yerinə mənim qızım da ola bilərdi, sənin bacın da.

Zəhranın yerinə mənim qızım da olacaq, sənin bacın da.

Zəhranın yerinə mənim qızım da öləcək, sənin bacın da.

Emin Piri

Düşmәn susduruldu,

mәrmilәrә atılan

Ana fәryadıyla...

Azad Qaradərəli

Bu gün özümə yer tapmıram. Özümü belə aciz, gərəksiz adam kimi hiss edirəm. Qələmə, kompüterə də yaxın düşə bilmirəm. Balaca Zəhranın şəkli məni məhv etdi. Tərs kimi siqaret də çəkmirəm neçə illərdir. Ürəyimin hələ belə siqaret arzuladığı olmamışdı.

Nəhayət, günortadan xeyli keçmiş özümə gəldim və balaca şəhidimiz Zəhranın özü kimi balaca bir hekayə yazıldı.

BİZƏ İKİ QƏBİR QAZIN...

Balaca Zəhranın xatirəsinə

O nə səs idi elə? Göylər bir anda qəzəbləndi. İşıqlı, odlu-alovlu dolular yağdı başımıza. Dolu işıqmı saçar, ay ana? Nənə, ay nənə, sənə nə oldu? Bəs həmişə mənə qorxma deyirdin, niyə qışqırırsan? Qorxma e, ay nənə, qorxma. Göy guruldayır. Allah baba qəzəblənib, başımıza dolu tökür... Amma bilmirəm ki, bu dolular niyə işıq saçır?

Mən niyə dura bilmirəm? Üzüm aşağı axan nədir? Qandır? Bəs niyə istidir? Yandırır e üzümü... Bəlkə şəkil çəkəndə rəng bulaşıb üzümə? Hə? Niyə bəs yandırır?

Ana, ay ana. Niyə qışqırırsan? Ata, sizə nə olub? Deyəsən axı mən ölmüşəm? Nənəm də ölüb? Ölmək belə olur? Hamı ayaq üstə, təkcə sən yerə uzanmısan. Özü də ha qışqırsan da, səni eşitmirlər. Eeee... Bu nədi e üstümə örtüblər? Nəfəs ala bilmirəm axı, götürün bunu...

Nənə, ay nənə! Barı sən məni eşit! Biz ölmüşük? Ermənilər öldürdü bizi? Əgər biz ölmüşüksə, erməninin əsgərləri bizi öldürübsə, onda niyə bu adamlar ağlaşırlar? Niyə hücuma keçmirlər?.. Amma yox, hücuma keçsinlər, erməninin uşaqlarını öldürməsinlər... Axı uşaq hər yerdə uşaqdır... Özü də günahsız... Mən bir azca böyüsəydim, əlim qələm tutsaydı, bütün dünyanın uşaqlarına məktub yazardım, bütün uşaqları birliyə çağırardım! Hamımız ölkələrimizin sərhədlərinə yığışıb müharibəyə etiraz edərdik... Eheyyyyyy! Dünya uşaqları! Siz məni eşidirsiniz???

Bu nədir? Bizi hara gətirirlər?

Hə. Anladım. Bir dəfə eşitmişdim ki, ölüləri torpağa dəfn edirlər. Bizi də nənəmlə burada – qəbiristanda dəfn edəcəklər yəqin? Dayan, dayan... Qəbirin biri yekə, biri balacadır. Lap əl boyda... Yəqin o balaca yerdə məni dəfn edəcəklər. Yox, e, yox. Olmaz axı! Birdən ağac kimi, ot kimi torpağın altında bitdim, kök atdım, böyüdüm? Bəs onda mən bu balaca əl boyda qəbirə necə sığaram?

Olmaz, e, olmaz. Mən axı burda tək qorxaram! Nə olar, nənə, atama de, qoy məni sənin qucağında dəfn etsin... Qorxuram o dar qəbirdə təkcə...

...Eheyyyyyyy! Dünya uşaqları! Siz məni eşidirsiniz!? Sizi də böyüklər güllə ilə öldürəcəklər! Ananızdan ayırıb əl boyda balaca qəbirdə basıracaqlar! Qoymayın, qışqırın! Deyin ki, ya müharibələri dayandırın... ya da heç olmasa bizə iki qəbir qazın: birində də arzularımızı dəfn etmək üçün...

Emin Akif

Zəhra taleli uşaqlara...

uşaqlar partlamış və tərsinə çevrilmiş maşında,
yellənir.
evlər eynilə öz adamları kimi
şikəst,
və bir vətənpərəst çıxır ortaya,
qışqırır,
"düşmənə ar olsun, atəş!"
meyidlər susur ki,
atəşkəs!

sülh gətirən göyərçinlər
vuruldu göydə,
torpağı qan udan bu yer
adam bitirmir.

anası aldadır uşağı
atan gizlənib gələcək,
gözlərini yum!
xəlvəti atasını axtaran
uşağa torpaq qışqırır
"buuuummm! "...

# 878 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
# # #