İtləri gözüylə ovsunlayan şair – BAĞDAN REPORTAJ

<b>İtləri gözüylə ovsunlayan şair – <span style="color:red;">BAĞDAN REPORTAJ </b>
29 iyun 2017
# 09:00

Bağ mövsümü başlayıb. Başını götürüb gedəsən bir bağ evinə, həyətində oturub pürrəngi çay içəsən, dostları yığasan başına, şeir deyəsən, kef edəsən səhər-axşam. Yenə o bağ ola, yenə yığışaraq biz deyək-gülək, şənlənək. Bəs kimin bağ evinə qonaq gedəsən? Gərək o da hal əhli ola, sənin arzularına həmrəylik edə...

Yolumuz Mərdəkanadır...

Tanınmış şair Çingiz Əlioğlunun bağ evinə...

“Əhmədin dükanı” deyilən yerdə düşürük, “Qaranquş” sanatoriyasına gəlib çıxırıq. Ora-bura göz gəzdirə-gəzdirə gedərkən qəfil siqnal səsi eşidirəm. Bir nəfər qara paltarlı adam qəfil düşüb uzun silahla atəş açaraq ikimizi də - fotoqrafla məni yerə sərir.

Zarafat edirəm, təbii, yoxsa bu yazını kim yazacaqdı?

Çingiz müəllimin qara və zəhmli “Cip”idir siqnal verən. Özü də qara eynəkdə sükanda oturub gülümsünür.

- Elə olur noyabra qədər burda qalıram. Mərdəkanın havası xoşuma gəlir. – Çingiz müəllim maşını hərəkətə gətirib dillənir. – Bu “Qaranquş” sanatoriyası və mənim bağ evim, ümumən bu ərazilər Hacı Zeynalabdin Tağıyevin olub.

- Sərindi yaman. – hiss edirəm ki, şəhərin boğanaq havasından xilas olmuşuq.

- Hə... Görmürsən, kurtka geyinmişəm? Gecələr lap sərin olur.

Maşının yan pəncərəsindən qala divarı görünür, bu divar yol boyu bizi izləyir, arxamızca gəlir. Çingiz müəllim baxışlarımdan qalanı fərq etdiyimi dərhal hiss edir:

- Şıx qalasıdır. Mərdəkanda iki qala var. İndi gedək göstərərəm. Evdən də görünür bu qala. 13-cü əsrdə tikilib.

Özümü köhnə əsrlərə düşmüş macəraçı kimi hiss edirəm. Eynən Vudi Alenin “Parisdə bir gecə” filminin qəhrəmanı kimi...

Bağ evinin qabağında durmuşuq. Darvaza ağır-ağır açılır.

- Nə yaxşıdır, Çingiz müəllim. Heç kiminsə gəlib açmağına gərək yoxdur, öz-özünə açılır.

Məmnunluqla gülümsünür.

Maşından düşən kimi ətrafa göz gəzdirirəm və gözlərim möhtəşəm bağ evinin üzərində dayanır. İlahi, bu nə gözəllik! Nağıllardan çıxıb gəlmiş imarətdir sanki.

Çingiz müəllim üzündə təbəssüm bizi bağla tanış eləyir. Qazonun üstü ilə yeriyirik. Ağaclar gəlişimizi görüb sevinclə yellənir.

- Tutdan yeyin...

Böyük, qollu-budaqlı tut ağacıdır, üstündə iri-iri tut, özü də bal kimi...

Nar ağacları daha çoxdur. Özü də hər növündən. Çingiz müəllim bizi ağaclarla bir-bir tanış edir, əl tutub söhbətləşirik. Mələz narı yekəxana tövrlə baxır. Ona görə Çingiz müəllim onun yanından saymazyana keçərək səmimi duruşu ilə seçilən gavalı ağacını bizə təqdim edir:

- Çox qıryatdı ağacdı! – qeyrətli yəni...

Gözümü döydüyümü görüb izahat verir:

- Həmişə vaxtlı-vaxtında bar verib.

Ağac bu tərifdən xoşhal olub gülümsünür.

O biri tərəfdə də gavalı ağacı görürəm, amma onun üstündəki gavalılar dəyməyib, gömgöydü.

- Bu yəqin etibarsızdı... – deyirəm. – Yaxşı bar vermir.

- Yox, bu da etibarlıdı. – Çingiz müəllim ağacın küsəcəyindən ehtiyatlanıb onun tərəfini tutur – Sadəcə, meyvələri gec yetişir.

Ağac köksünü ötürüb üzünə təbəssüm qonduranda gözümə iri, yumyumru bir daş sataşır, hətta gözümdən qabaq ayağım ilişir, Çingiz müəllim qolumdan tutmasa yıxıla bilərəm.

- Çingiz müəllim, bu çaxır daşı deyil ki?

- Hiss olunur, Tiflisdənsən! Necə də bildin!

Deməli, üzüm salxımları həmin bu daşın üstünə qoyulur, döyülür, sıxılmış suyu turba ilə gedib çıxır o biri daşın üstünə və orda çaxır süzülür, sonra onun qıcqırma dövrü gəlir.

- Mən içkilər haqqında traktat yazmışam. Bakıda içki kolleksiyam var. Həmin kitabda mən bütün içkilərin necə yarandığını, necə hazırlandığını və tarixini yazmışam.

Biz danışa-danışa külək də bizi yavaşca döyür, burnuma xoş qoxular gəlir. Burda nə qədər güllər var. Gülün ömrü az olar, amma Çingiz müəllim burdakı güllərin ömrünü uzatmağı bacarır.

Hələ quşlar... Çingiz müəllim deyir, quşlar bağa rejimlə gəlirlər. Yəni hərəsinin öz enmə vaxtı var.

- Birinci qaratoyuqlar gəlir, aşağıdan uçurlar. İkinci şanapipiklər. Onlar divarın dibiynən uçurlar. Bilmirəm orda nə axtarırlar. – gülür – Sonra da humay quşları gəlir, onlar da çəpərə düzülürlər. Bir dəfə yaşılbaş ördək gəlib şam ağacına qonmuşdu.

- Sonra nə oldu?

- Heç nə. Vurası deyildim ki onu? Uçdu getdi.

- Bəs pişik?

- Bir həyasız pişik gəlirdi bura. Qovdum getdi.

Gülürük.

- İt də saxlamırsınız...

- Neyləyirəm iti? Lazım gələndə özüm itin işini görürəm.

Gülüşmə...

- Saday Budaqlının hekayəsindəki kimi oldu lap. Orda yazıçı yazır ki, onun arvadı pişikləri sevirdi, o da hərdən pişik olurdu.

- Sənə bir şey deyim. İtlər məndən qorxurlar. Ən vəhşi itlər belə.

- Necə yəni?

- İnsanda qorxunu ifraz edən adrenalin olur, itlər də bunu hiss edib cumurlar üstlərinə. Görünür, məndə o qorxu yoxdur.

- Qəribədir...

- Deməli, bir dəfə dostlarla məclis qurmaq fikrimiz var idi. Mağazadan lazım olanları alıb məzarlıqdan keçirdik. Qəfil itlər üstümüzə cumdu. Hamı qaçıb maşına doluşdu – gülür – İnan həqiqətdi! Hamısı sağdı. Soruşa bilərsən. Deməli, qabaqda qara, yekə bir it gəlirdi. Mən düz üstlərinə getdim. İti qucağıma alıb atdım qəfəsə.

- Aaa... – təəccübdən donub qalıram. Fotoqraf dostumuzun da əlindəki aparat donur. Biz donmaqda olaq, siz Çingiz müəllimin ikinci “Qorxan it” hekayəsinə qulaq asın:

- Bir dostum var idi, yemək vermədiyi üçün iti buna qəzəblənmişdi, hürürdü, yaxına qoymurdu onu. Mənə göstərəndə güldüm ki, budu təriflədiyin it. Və yavaş-yavaş itin üstünə gedirəm. İt də sahibinə hürür, gözləri də qıpqırmızı. Mən yaxınlaşdıqca arxa-arxaya getdi, axırda divara dirənib dayandı. Gəlib itin çənəsindən tutdum, üzünü üzümə söykədim. Dostum dəli olmuşdu.

Bu vahiməli əhvalatdan sonra çəkinə-çəkinə Çingiz müəllimin arxasınca düşürük. Trenajor alətlərini görüb maraqla soruşuram:

- Yəqin nəvələriniz, oğullarınız üçündür.

- Özümə nə gəlib? Qocalmışam bəyəm? Cavan oğlanam e...

Və o trenajor alətlərindən birinin üstünə çıxıb bizə idmanın sirlərindən danışır. Əllərimi ağ bayraq kimi havaya qaldırıram:

- Çingiz müəllimi çək. – fotoqraf dostuma deyirəm. – Qoy hamı onu cavan görsün.

Bu ara nəvələrin velosipedi gözə dəyir. Bir də balaca bir qum təpəsi görürəm.

- Bu nədir belə?

- Nəvələrim gələndə oynasınlar deyə qum tökdürmüşəm.

- Bağbanınız da var deyəsən. Amma gözə dəymir.

- Bir səhər gəlir, bir də axşam. Qazonlara qulluq eləmək çətin məsələdir. Gözəl görünüş yaradır, həm də nəvələrim onun üstündə qaçmağı sevirlər.

Evin içində bizi Çingiz müəllimin həyat yoldaşı Südabə xanım qarşılayır. Qayınanası xəstəhaldır, onu pəncərənin arxasında divanda oturmuş görürük.

Söhbətimizi söndürülmüş televizorun qarşısındakı divanda eləyirik.

- Bağ mənim üçün nostaljidir həm də, keçmiş günlərə qayıtmaqdır. – deyir Çingiz müəllim. - Burda ağaclar, böcəklər, quşlar, bir sözlə təbiət sənə yaxındı. Və mən özümü təbiətdə çox rahat hiss edirəm. Həm də mənim üçün belə hava daha əlverişlidir. Şəhər hərc-mərcliyindən uzaqda. Mən ömrü boyu dövlət qulluğunda olmuşam, şəhərdə yaşamışam. Şəhər ovqatından, ab-havasından doymuş adamam. Təbiət etibarı ilə, belə adamam ki, gərək gün ərzində üç-dörd saat özümlə tək qalam.

- Yaradıcılıq tənhalığı?

- Təkcə yaradıcılıqdan bağlı deyil. Mən çox şeirlərimi yol gedə-gedə yazmışam. Səyahətdə olanda şeir yazmıram. Səyahətdə olanda o təəssüratlar ki, var, mənim beynimin alt qatına yığılır. Və məxsusi səyahət şeirləri yazmamışam. Mən düşünürəm ki, hissiyyat hər şeyin əsasıdır. Böyük ədəbiyyatın, poeziyanın da əsası hissiyyatdır. Ümumən yaranışın əsasıdır. O səyahətin təəssüratından hansısa işarəmi, sözmü mənə şeir yazdırır, şeir yazdırma mexanizmini işə salır. Ona görə çox zaman şeirin hardan yarandığını bilmirəm. Sovet vaxtı yağı, pendiri xardal kağızlarına bürüyüb satırdılar. Cavan olanda üstümdə kağız olmayanda Sahil bağında o kağızlardan alıb şeir yazmışam. Mənim üçün şeirin yaranması necə olur? Baxırsan dənizə, görürsən ki, sakit-sakit axır. Bir az keçəndən sonra fikir verirsən, orda ada zühur eləyib. Bax o ada şeirdir.

- Çox pozitiv, gümrah görünürsünüz və bu halınız qarşı tərəfə sirayət edir. Bu, çox yaxşıdır.

- Biz özümüzü nə qədər müsbət emosiyalarla yükləyiriksə, həyatda da onun qarşılığını alırıq. Özünü sevməlisən, yüksək hörmətlə yanaşmalısan. Bu eqoizm deyil. İnsan özünün ali məqamını bilməlidir və öz duyğularının aliliyinə çatmalıdır. Belə olan təqdirdə sənə sevgi ilə yanaşacaqlar.

Bu yerdə Çingiz müəllim masaya gətirilən mer-meyvələrə, şokoladlara baxıb deyir:

- Gördükləriniz xalq təsərrüfatı sərgisi üçün deyil, buyurub yeyə bilərsiniz.

Gülüşmə.

- Çingiz müəllim, bu bağa hansı tanınmış şair və yazıçılar gəlib?

- Bilirsən, Ayxan, mən yetərincə qapalı həyat keçirən adamam. Mənim bir xüsusiyyətim də insanları müəyyən məsafədə saxlamaqdır. Çox yaxına buraxanda insanın xarabı çıxır. Şair dostlarımdan bircə Vaqif Bəhmənli olub burda. Başqa dostlarım var, ədəbiyyatdan kənar. Ömrüm boyu rəssamlarla oturub-durmuşam. Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı ilə ailəvi dostluğumuz var. Kənar yazıçılarla yaxınlıq eləmirdim.

- Sabir Rüstəmxanlı gəlib?

- Yox, o da gəlməyib.

Fotoqraf dostumuza göstəriş verir: “O qoğallar dadlıdır. Mərdəkanda hazırlayırlar”.

- Paxıllıq, qısqanclıq var bizim mühitdə. – sözünə davam eləyir. - Ona görə kənar adamlarla görüşürəm. Ən çox dostluq elədiyim rəhmətlik Qafar Seyfullayev idi. Çox böyük rəssam, rəngkar idi.

Çingiz Əlioğlunun bağdakı hər günü adi insanlarınkına bənzəyir. Deyir, şair şeir yazanda şairdi, qalan vaxtlar sıradan bir insan: “Biz şairliyi çox fetişləşdiririk. Şair də adi insandır. Olsun ki, daha həssasdı, kövrəkdi. Sərtlik məndə kövrəklikdən çoxdur. Lazım gələndə daha çox məqamlarda daha çox sərt oluram”.

Şair səhər durur, yuyunur, saqqalı təraş edir, sonra da bağda gəzişir: “Durum deyim ki, ağaclarla söhbət edirəm, yalan olar, elə dərinliklər yoxdu məndə. Tut ağacından dəymişlərindən ,yerə düşənlərdən bir-ikisini atıram ağzıma, baxıram ağacların vəziyyəti necədir. Bağbana müəyyən tapşırıqlar verirəm. Sonra səhər yeməyini yeyirəm. Səhər yeməyim bir qədər uzun çəkir. Telekanallar çağırırlar tez-tez. Şəhərə getmək istəmirəm. Hərdən görürsən yazıram. Ən çox elmi kitablar oxuyuram. Qayınanamla söhbətləşirəm. İndi bir az xəstəhaldır. Saçını sığallayıram, alnından öpürəm”.

- Bəs nəvələr nə vaxt gəlir?

- 6 nəvəm var. Ən gözlənilməz hallarda gəlirlər. – gülür – Nəvələr gəlsəydi, biz burda rahat söhbət edə bilməzdik. Adamın başına çıxırlar. Xüsusən də Sunurçin adlı nəvəm. Bu adı mənim gəlinim qoyub. İkinci oğlumun yoldaşı. Gəlib mənə dedi ki, uşağın adını qoyuram Çinsunur. Niyəsini soruşdum. Dedi, Çin Çingiz, Su onun atası Sürətin adı və mənim xanımım Südabənin adı ilə bağlı. Nur da Nurlana, anasının adı. Dedim, çox yaxşı fikirdir. Sunurçin eləyək, qoy mənim adım axırda olsun, amma yaxşı səslənsin.

- Çingiz müəllim, sizin həyatınıza aristokratik həyat demək olarmı?

- Qətiyyən! Hər kəs bacardığı kimi yaşayır. Mən əslində burda kəndçi həyatı yaşayıram. 67-yə yaxın kitabım çıxıb mənim. Təkcə 2015-ci ildə 5 kitabım çıxıb. Demək istəyirəm ki, bütün ömrü boyu zəhmət çəkmişəm. Zəhmət çox vacibdir. Uşaqlarım səhər durub görürdülər ki, masa arxasında işləyirəm. Mənə dörd saat yatmaq kifayətdir. Arada olub ki, üç gün yuxu yatmamışam. 30-dan artıq təcümə kitabım çıxıb. Mədəniyyət Nazirliyi bu yaxınlarda mənim tərcüməmdə iki cildlik dünya ədəbiyyatı antologiyasını çap edib. 250-yə qədər müəllif var o kitablarda. Birinci kitab poeziya, ikinci nəsrdir. 7-ci əsrdən 21-ci əsrə qədər. İndi o kitabın 3-cü 4-cü nüsxəsi təxminən hazırdı. Güman edirəm ki, ilin sonunda, ya da gələn il çap elətdirəcəm. Bu titanik bir işdir. Eyni zamanda dövlətə qulluq eləmişəm. Pensiyaya dövlət müşaviri ranqında çıxmışam. Bu pensiyanı elə-belə vermirlər. Ona görə də indi yaxşı pensiya alıram. Mən uşaqlıqda evimizdə anama iş görməkdə köməklik edirdim. Odunu doğramaq, suyu daşımaq və s. Anamı çox istəyirdim, istəmirdim əziyyət çəksin. Bax o səriştə, hər şeyi özün etmək bacarıq və qabiliyyətini sona qədər qorudum. Oğluma ilk öyrətdiyim söz “özün” olub. Özün eləməlisən. Mən həmişə deyirəm ki, insan bir şeyi özü üçün məqsəd qoyursa ona çatacaq. Bunun üçün real şeylərlə başlamalısan. Məsələn, sən divanda uzanıb tavana tüpürərək ağzınla milçək tuta-tuta deyəsən ki, kaş mən Bahreynin sultanı olardım. Bu mümkün olan şey deyil.

- Buddizmə münasibətiniz necədir?

- Buddist ehramında olmuşam. Çox maraqlıdır. Xanımımla kilsədə bilmədiyimiz macar dilindəki moizəyə də qulaq asmışıq, şam da yandırmışıq, sinaqoqlarda da olmuşuq, ürəyimizdə öz Allahımıza da dua eləmişik. Bütün səmavi kitablara hörmətlə yanaşıram.

- Buddizm təbiətlə harmoniyadır, insan təbiətlə bir yerdə yaşayır və təbiətə qayıdacaq. Siz də bağda yaşayırsız. Həm də düşüncələrinizdə hiss elədim ki, buddist çalarlar var.

- Mənim Buddayla bağlı şeirlərim də var. Amma mən bu bağda müsəlman kimi yaşayıram. – gülür – Nə dərəcədə mümkündürsə. Səhətimə görə oruc tuta bilmirəm. Baxmayaraq ki, Məşəddə, Kərbalada olmuşam, ayələri əzbərləyə bilmədiyimdən namaz qılmıram. Əsl din böyük varlığa, yaradana inam və etiqaddır.

- Bağda ağac əkmisiniz?

- Bu bağda gördüyün 50-ə yaxın ağacı özüm əkmişəm. Əvvəlki bağım Bilgəhdə idi, onda daha çox işləyirdim. Cavan idim, ürəkli idim, var gücümlə işləyirdim, tərləyirdim, Bakı küləyi də bala-bala məni məhv eləyirdi. Sonra məndə radikulit yarandı. Ona görə daha o cür işləyə bilmirəm.

- Nə qədər ağac olar burda?

- 150-yə yaxın... Şam ağacları çoxdu, nar çoxdu, əncir çoxdu, tut çoxdu.

- Bağda içki içirsiniz?

- İndi istəyirsən viski açım – gülümsünür.

Və qalxıb viski gətirir. Stəkanlara süzə-süzə deyir:

- Mən yaxşı içkilər içirəm. Az içəndə xeyirlidi.

Sonra bir maraqlı əhvalat danışır. Deməli, bir məclisdəymişlər. Çingiz müəllimin cavan vaxtlarıdır. Məclisdə Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli də var. Təklif olunur ki, masadakı şampan butulkasını bir nəfər dişi ilə qaldırıb o vəziyyətdə sona qədər içəcək.

- Bəs kim bacardı?

- Hamı bir-bir elədi, alınmadı. Mən dişimlə qaldırıb axıra qədər içdim.

- Hamısını?

- Hə. – gülür – İnanmırsan Sabirdən soruşarsan...

Beynim dumanlı bağdan çıxanda Çingiz müəllimlə Şıx qalasına baxırıq.

- Bu qala mənə əminlik verir. Tarixlə üz-üzə qalmaq gözəl hisdir.

Darvazanın arasından görünən ağaclara baxıb soruşuram:

- Ən çox sevdiyiniz ağac hansıdır?

- Mənim ağacım çinardır.

P.S. Bu gün həm də Çingiz Əlioğlunun doğum günüdür. Onu ürəkdən təbrik edir, can sağlığı və yeni yardıcılıq uğurlar arzulayırıq.

# 1434 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
# # #