Atası ilə xalası eşqbazlıq yaşayan qızın ruhi xəstəxanaya düşməyi

 

Kulis.az “Naməlum kino” layihəsində Kəmalə Rzayevanın “Şəbəkə” və Alina Abdullayevanın “Çalış nəfəs alma” filmlərini təqdim edir.

 

“Şəbəkə” filminin süjeti: Əhvalat ruhi xəstəxanada baş verir. Mərkəzdə pasiyentlərdən birinin Gülzarın (Nargilə Qəribova) taleyi dayanır. Onun həkimi Fəridə (Həcər Ağayeva) əmindir ki, Gülzar ruhi xəstə deyil. O, bunu digər həkim yoldaşına (Əhməd Salahov) və Gülzarın özünə də sübut etməyə çalışır. Fəridənin müşahidələrinə görə Gülzar sadəcə uşaqlıqda travma almış, bu səbəbdən də özünə qapanmış birisidir. Amma gənc qız həkimlə ünsiyyətə getmir. Həkim Gülzarın qəlbinə yol tapmağa çalışır, onunla birlikdə palataları gəzərək xəstələrlə arasındakı fərqi göstərməyə çalışır.

 

Nəhayət, Fəridə çıxış yolunu onun atası (Əbdül Mahmudov) ilə danışmaqda görür. Bu görüşdən sonra o, Gülzarın travmasının səbəbini anlayır.

 

 

Məlum olur ki, onun anası şəbəkə düzəldirmiş. Anasının vəfatından sonra atası xalası (Mehriban Xanlarova) ilə yaşayır. Fleşbeklərdən görünür ki, Gülzar anasının düzəltdiyi şəbəkələrlə oynayır və rəngli şüşələrdən baxarkən atasının xalası ilə eşqbazlıq etdiyini görür. Sanki bu şüşələrdən baxış həm də onun vəfat etmiş anasının nəzəridir. Ona görə də rəngli şüşələr onda ağrılı xatirələr oyadır...

 

Janrına görə film psixoloji dramdır. Hərçənd, psixoloji qat səthi işlənib. Filmin mərkəzi fiquru Gülzar olsa da onun fonunda digər qadınların da taleyi göstərilir. Ruhi xəstələrdən biri uşağını itirmiş gənc qadındır. O həmişə qarnında balaca döşəkçə gəzdirərək hamilə olduğunu imitasiya edir. Başqa pasiyent nə vaxtsa uğursuzluq yaşamış aktrisadır. Fəridənin də öz yaraları var, o, öz nişanlısını sevmir və onunla vaxt keçirməmək üçün günün çox hissəsini xəstəxanada olur.

 

Bu yan xətlər əsas süjetdən sadəcə ötəri, bədii həlli dolğun olmayan detal kimi keçir. Finalda Fəridə Gülzarla anasından qalan şəbəkələri torpağa gömür və bununla da yaralı keçmişi ilə vidalaşır.  

 

 

Filmin ssenari müəllifi Səbinə Hüseynli, operatoru Rövşən Quliyev, bəstəkarı Firudin Allahverdi, baş prodüseri Zemfira Babayevadır.

 

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran" müsabiqəsi çərçivəsində çəkilib.

 

2011-ci ildə çəkilən filmin istehsalat konsepsiyası Gənc Film İstehsalçıları Assosiasiyasınındır.

 

Filmin texniki təchizat və post-prodakşn məsələlərini “Butafilm” kino şirkəti həll edib.

 

Alina Abdullayevanın 2006-cı ildə ekranlaşdırdığı “Çalış, nəfəs alma” filminin qəhrəmanı gənc qız (Dilarə Kazımova) və orta yaşlı kişidir (Fəxrəddin Manafov). Kişi astma xəstəliyindən əziyyət çəkir, onun nəfəs almaqla bağlı ciddi problemləri var. O, bu xəstəliklə yaşamaqdan usanır və xəstəxanadan qaçaraq vağzala gəlir.

 

 

Paralel olaraq gənc qız göstərilir, dostları onun doğum gününü qeyd eləmək üçün mənzilinə yığışıb. Ziyafətdən sıxılan qız vağzala gəlir. O, astmadan əziyyət çəkən sevgilisiylə vağzalda görüşür. Qız özünü sevgilisi kimi hiss edə bilmək üçün nəfəsini saxlayır. Onlar vağzalda yanaşı oturub kim daha çox nəfəsini saxlaya biləcək kimi təhlükəli oyun oynayırlar. Və dərindən nəfəs alaraq donurlar.

 

Təsvirlərinə görə daha çox yuxu, xəyal təəssüratı yaradan film janrca poetik dramdır. Dialoqlardan az istifadə olunub. 

 

Filmin istehsalçıları İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin "Avanti" proqramı, Mədəniyyət və Turizm Nazirliyi və  Dərviş Prodüser Mərkəzidir.

 

 

2006-cı ildə Bakı VI Beynəlxalq Audiovizual Festivalında “Ən yaxşı prodüser” işinə layiq görülüb. 2008-ci ildə isə Salentoda (İtaliya) Salento Finibus Terrae Beynəlxalq Qısametrajlı Filmlər Festivalında “Ən yaxşı rejissor” işinə görə mükafat alıb.

 

Ssenari müəllifi Alina Abdullayeva, operatorları Rövşən Quliyev və Əli Həsənzadə, baş prodüseri Aynur Mustafayevadır.

LENT

25 İyul 2017
24 İyul 2017
23 İyul 2017
22 İyul 2017
21 İyul 2017