Əsgərə məktub

Əsgərə məktub
24 iyun 2017
# 16:30

Kulis.az Sabir Rüstəmxanlının əsgərə məktubunu təqdim edir.

Əziz əsgər!

İnsan bəlli bir yaşa çatandan sonra xalqının bütün gənclərini, bütün yeni nəsli öz övladı bilir. Mən də sizin hamınıza bir gözlə baxır, sizi bir-birinizdən və indi hərbi xidmətdə olan nəvəm Nihaddan ayırmıram.

Mənim uşaqlığım ucqar və kasıb bir dağ kəndində keçib, kiçik yaşlarımdan ata-anamın köməkçisi olmuş, həyatın bütün çətinliklərini görmüşəm.

Tələbəlik illəri də mənə çox şey verib, həm oxuyub, həm işləmiş, çoxlu dostlar qazanmış, universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Lakin bir illik əsgər həyatında yeni bir universitet keçmiş, dünyanın yeni bir üzünü görmüş, çiynimdəki paqonun da ali məktəb diplomu kimi dəyərli bir kimlik bəlgəsi olduğuna inanmışam.

Siz fəxr etməlisiz ki, Müstəqil Azərbaycanın ordusunda xidmət edirsiniz.

Biz kitablarımızla, yazılarımızla, Meydan mübarizələrimizlə, parlamentdəki fəaliyyətimizlə bu müstəqilliyi qazandıq. Onu qorumaq vəzifəsi Sizin boynunuza düşür.

Əziz əsgər! Özünə sayqı göstərən bir millət torpaqlarının düşmən işğalında olmasına dözməz. Nə qədər ki, erməni Dağlıq Qarabağda at oynadır bizim gözümüzə yuxu getməməlidir! Hərbi xidmət bir gün başlanır, bir gün bitir. Lakin bizim xidmətimiz Qarabağ torpaqları azad olunana qədər bitməməlidir. Çiynimizdə paqon olsa da olmasa da!.. Xilası kənarda axtarmayın, xilas Sizin özünüzsünüz!

Siz xoşbəxtsiniz ki, yad ellərdə yox, doğma Azərbaycanda qulluq edir, Azərbaycan bayrağına and içir, əmrləri Azərbaycan dilində eşidirsiniz.

Bizim vaxtımızda başqa cür idi. Sovet ordusu bizə ögey baxırdı. Lakin indi ordu da, onun adı da, gücü də, şərəfi də sizindir, bizimdir!

Vətənimizi sevirsinizsə ordumuzu sevin, əyninizdəki əsgər mundirini sevin! O zaman xidmətiniz toy-bayrama çevriləcək.

Qəhrəmanları tarixdə axtarmayın. Hər biriniz qəhrəman olun!

Güclü ordumuz olmasa – güclü Vətənimiz olmaz!

Siz şərəfli bir Millətin övladısınız! Bu şərəfi qoruyub öz övladlarınıza ötürmək borcunuzdur.

Məktubumu əsgər olduğum vaxt yazdığım bir şeirlə tamamlayıram!

Əsgər mahnıları

Çöllərdən,

İllərdən ötüb keçərək

Qırıb sərhədləri,

yorub yolları.

Əsgər addımları dəmir mizrabtək

Çalıblar

sim kimi tarım yolları...

Min səsin qaynağı bir igid səsdən

Dağlar silkələnib,

çöllər dinibdir.

Ən cəsur mahnılar

torpağın üstə

Əsgər addımıyla bəstələnibdir.

Döyüşdə gözünə çilənsə də qan,

Təmizdir,

ləkəsiz zirvə qarıdır.

Mahnılar əsgərin güllə batmayan

Alınmaz, basılmaz qalalarıdır!..

Hər çöldən bir hava,

hər eldən bir səs,

Gör necə həsrətdən doğulubdur o.

Əsgər mahnıları qocalıq bilməz,

Gəncliyin qanıyla yoğrulubdur o.

Allah sizi və Vətənimizi qorusun!

Hər birinizi bağrıma basıb öpürəm.

Sevgi və sayqılarla

Sabir Rüstəmxanlı

Azərbaycan Xalq Şairi.

Qeyd: Siz də Azərbaycan əsgərinə ürək sözlərinizi yazmaq istəyirsinizsə, esgeremektub.com saytına daxil olun və məktubuzu yazın. Məktublarınız 26 iyun – Silahlı Qüvvələr Günündə əsgər və zabitlərimizə çatdırılacaq.

# 5095 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #