Cəbiş müəllimin çamadanı, Qatır Məmmədin qandalı... – REPORTAJ

Kinostudiyadan bir az yuxarıda, pavilyonun qapılarının baxdığı həyətdə hündür və müasir görünüşlü bir bina var. Bu binada - Dövlət Film Fondunda milli təfəkkürümüzdə xeyli rol oynamış yaddaş - Azərbaycanın kino xəzinəsi qorunur.

 

Yağışın əlindən qurtulub binaya daxil oluruq, girişdə bizi qarşılayan Rəşad Qasımovla görüşürəm. Onunla bir fakültədə paralel qruplarda oxumuşuq. Rəşad kinoşünaslığı bitirib. Dövlət Film Fondunun baş mütəxəssisidir. Bizi Fondla o tanış edəcək.

 

Fotoqrafı gözləyərkən, Rəşad foyedəki maketləri izah edir. Hövsələsizcə iri bir kinokameraya yaxınlaşıram. Obyektivə sarı əyiləndə Rəşad peşəkarca eksponatı mühafizə edir: “O kameraya toxunmağı məsləhət görmürəm. Üstünüzə aşıra bilərsiz. Ağırlığı 300 kq-dan artıqdır. Baxın, bu biri kamera ilə “Bizim Cəbiş müəllim” filmi çəkilib...”

 

Dekorasiya eskizlərinin, kinokameraların altındakı izahedici lövhələri oxumağa başım necə qarışırsa, Rəşadın getdiyini qəfil hiss edirəm. Çox gözləmirəm, az sonra tələbə yoldaşım əlində bir topa açar bizə sarı addımlayır. İlk dəfə açarların çoxluğu insan övladının gücünü, imkanlarını yox, dünyanın, tarixin qarşısında çoxsaylı cəhdlərini göstərir. Maşın açarı, ev açarı, var-dövlət açarı deyil ki, bunlar...

 

Dəhlizlə addımlayırıq. Rəşadı gözləmədən ilk açıq qapıdan boylanıram. Otaqlardan birində kino mühəndisi Rafael müəllim səs yazısı üzərində çalışır; Film Fondunun bir işi lentlərin qorunmasıdırsa, ikinci işi onların bərpasıdır. Ümumilikdə, Film Fondunda 64 min ədəd saxlanma vahidi arxiv materialı qorunur. Bunlardan 18 mindən çox mini kino lenti, 20 minə qədəri foto arxivdir.

 

 

Filmlərin saxlanma bokslarına qalxdıqca Rəşad bizə izah edir:

 

- Zamanla kinolentlər “xəstələnir”. Temperatur və rütubət onların müxtəlif bakteriyalara, göbələklərə yoluxmasına səbəb olur. Rənglər kənar təsirlərdən pozulur, dəyişilir, lent eroziyaya uğrayır. Biz həm də onların yuyulması, bərpası işlərini görürük. Bunun üçün xüsusi avadanlıqlar var. Məsələn, Harmony adlanan avadanlıqda rəng balansını düzəldirik. Bundan sonra yenidən rəqəmsal daşıyıcılara köçürürük. Bütün formatlarda köçürmə edirik.

 

- Rəşad, yəqin, rəqəmsal daşıyıcılar daha uzunömürlüdür?

 

- Yanılırsız. Rəqəmsal daşıyıcılar qarantili deyil. Uzağı on il saxlaya bilərsiniz. Axı rəqəmsal texnologiya ilbəil yenilənir. Yadınızdadırsa, bir vaxtlar disketlər vardı. İndi hanı? Lakin kinolenti lazımi şərtlərlə yüz il də saxlaya bilərsiniz.

 

- Hansı şərtlərdir onlar?

 

- İndi sizi qorunma bokslarına aparacağıq. Özünüz hər şeyi görəcəksiniz.

 

“Əl vurma, yoluxdurarsan!”

 

Beşmərtəbəli “Filmfond”un binasının iki mərtəbəsi saxlanma bokslarından ibarətdir. Rəşadın söylədiyinə görə, təkcə lentlərin qorunması üçün lazım olan rütubət və temperatur rejimini təmin etmək üçün 6 nəfər üç növbə işləyir:

 

- Cəmi 60 işçimiz var və təkcə 18 nəfər növbətçi operatordur. əksəriyyəti texniki işçilərdir.

 

 

İçəridəki temperatur lentlərin vəziyyətindən, bayırdakı havanın temperaturundan asılı olaraq 0-10 dərəcə arasında dəyişir.  Qapıdakı cihaz içəridə 8 dərəcə olduğunu göstərir. Amma Rəşad bizə qalın gödəkçələr verir:

 

- Belə 8 dərəcə olmağına baxmayın, xüsusi sistem rütubəti çəkir deyə, ora daha soyuqdur, xəstələnə bilərsiniz.

 

Qapıda hazır asılmış kürkləri geyinib içəri daxil oluruq. Saxlanma bokslarına çoxdəhlizli labirintvari otaqlardan keçdikdən sonra çatırsan. Bu temperaturun tədricən dəyişməsi üçündür:

 

- Lenti birdən otaqdan çıxara bilmərik. Soyuqdan qəfil istiyə düşən lent tərdən korlana bilər. Bu otaqların hər birində temperatur fərqlidir. Lenti çıxarmaq üçün hər otaqda 2 saat saxlayırıq ki, normal otaq temperaturunda istifadə edə bilək – deyə Rəşad izah edir.

 

 

İçəri həqiqətən soyuqdur. Rəşad içəridə 2 dəqiqədən artıq qalmağı məsləhət görmür. Əlimi lentin dəmir qabına toxundurmaq istəyirəm - Rəşadın davam etməsi ilə tez əlimi geri çəkirəm:

 

- Lentlər tək temperatur və rütubət kimi münbit şəraitdən yox, xarab olmuş başqa lentlərdən də bakteriyaya yoluxa bilər. Ona görə də başqa yerdən lent gətirəndə əvvəlcə mütləq onu yuyuruq.

 

Fondda qorunan ən vacib lent milli kino tarixinin əsası sayılan  kinolentdir. Bu lentlər fransız operator Mişonun çəkdiyi, Balaxanıda və Bibiheybətdə neft yanğınından bəhs edən xronikaların nüsxəsidir. Amma bədii film olaraq Fondda qorunan ən köhnə kinolent 1927-ci ildə çəkilən “Qız qalası” filmidir.

 

 

Sovet dövründə Azərbaycanda istehsal olunmuş filmlər SSRİ Dövlət Kinematoqrafiya Komitəsinə, televiziyanın sifarişi ilə çəkilmiş filmlər isə SSRİ Teleradio Fonduna təhvil verilirdi. Yəni, əksər filmlərin neqativləri Moskvada saxlanılır. Fondda qorunan lentlərin çoxu pozitiv lentlərdir. Qaldı ki, montaj olunub kəsilən epizodlar elə filmin istehsal prosesində bunlar ləğv olunub. Fondda belə filmdən kənar lentlər yoxdur.

 

“Şəkil olmaz!”

 

Otaqlardan birinə yaxınlaşırıq. Rəşad şübhəylə üzümüzə baxır:

 

- Buradan şəkil çəkməzsiz. Bu otaqda filmlər kinolentdən istənilən rəqəmsal daşıyıcıya - formata köçürülür. Əslində, bu, bizim Fondun gördüyü işdir. Görünməsini də istərdik. Amma bu bahalı aparatdır. Görənlər bizdən şəxsi xahişlər edib bizi yorurlar. Biz dövlət müəssisəsiyik, kənar işlər görə bilmərik.

 

 

İri yaddaşlı, böyük nüvəli kompüterlərin, 32 terabaytlıq serverin, kabelləri qarışmış iri texnikaların qarşısında özümü keçmişin qalığı, ən yaxşı halda gələcəyə daşınmalı nüsxə kimi hiss edirəm. Ya da mən bu rəqəmsal dünyanın adamı deyiləm.

 

Otaqdan çıxırıq. Rəşad filmlərin mərhələli şəkildə rəqəmsala köçürüldüyünü deyir. Atıq 100 dən artıq bədii, 400 dən artıq sənədli film restavrasiya olunub və rəqəmsala köçürülüb.

 

Daha bir otaqda Rəşad bizə kinolentin yuyulması üçün lazım olan avadanlığı göstərir. Kimyəvi məhlul qatılmış su plastik borularla iri bir cihazın içindən keçir. Daha bir aparat isə lazer şüalarının vasitəsilə deformasiya olunmuş, qurumuş-əyilmiş lentləri restavrasiya edir. Lentin yuyulacağına, yoxsa lazerlə restavrasiya olunacağına mütəxəssislər qərar verir.

 

“Tarix budu e, student qardaş!”

 

Foyedən başqa otaqlarda da muzey eksponatları var. Bunlar bəlkə Film Fond ziyarətinin ən həyəcanlı məqamlarıdır. Şüşənin altında kinorejissor Həsən Seyidbəylinin eynəyi, Qatır Məmmədin qandalları, Azərbaycanın ilk qadın rejissoru Qəmər Almaszadənin üzüyü, Cəbiş müəllimin çamadanı, Sehrli xalat...

 

Bütün səssiz filmlərimizin çəkildiyi kinokamera isə tən ortada dayanıb lal baxışlarla bizi izləyir. “İsmət” filminə çəkilən, əlimizə gəlib çatan ən qədim kinoafişa divara vurulub.

 

 

“Filmfond” həm də filmlərin fotoşəkillərini, afişalarını, sənədlərini, protokollarını qoruyur. Bunun üçün ayrıca otaqlar, hava keçirən şkaflar var.

 

Bir anda ilk baxışda cansız görünən tarix, kinoşünas Aydın Kazımovun Bakı ləhcəsiylə danışdığı faktlar auditoriya cansıxıcılığından, soyuq eynək şüşələrinin arxasından dirilib əlimizlə toxunub hiss etdiyimiz bir şey olur. Və ən yaxşısı da odur ki, Film Fondu öyrənmək, araşdırmaq istəyən hər kəsin üzünə açıqdır.

 

Film Fondunun kino zalına düşürük. Burada kino xadimlərinin yubileyləri, anım günləri, kino konfransları keçirilir. Ötən əsrin əvvəllərində kinoteatrlarda səssiz filmlərimizi müşayiət edən piano Film Fondunun kino zalının bir küncündə qoyulub və hələ də işlək vəziyyətdədir. Görəsən, o səssiz filmləri müşayiət edən musiqiləri kim seçirmiş - rejissor, ya kinoteatr işçisi, ya piano ifaçısı özü?

 

Rəşad Çarli Çaplindən danışır. Piano susur. Fotoqraf gözləyir. Bayırda hələ də yağış yağır...

 

LENT

22 Avqust 2017
21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017