Ziyalı necə olmalıdır? – İradə Musayeva yazır

 

Kulis.az İradə Musayevanın “Azadlıq zamanının əsir ziyalıları...” yazısını təqdim edir.

 

                                              

Heç kimə sirr deyil ki, Azərbaycan Cümhuriyyətinin ideya ataları və aparıcı

qüvvələri milli ziyalılarımız idi.

(V.Quliyev)

 

Yazmaq olmur... Yazmamaq da olmur... 

 

Bütün xalqların tarixinin həlledici məqamlarında, taleyüklü dönəmlərində sosial təbəqələr arasında adı şərəflə çəkilən, məsuliyyət daşıyıcısı, xalqın gözünün nuru, ürəyinin təpəri, dilinin dilmancı olan bir özəl status sahibləri olub ki, insanlar onlara çox inanıb, çox güvənib. Bu şərəfli status sahibləri ziyalılardır! Milli ziyalılar!

 

Dəyərli ziyalımız Vilayət Quliyevin Ə.Ağaoğludan tərcümə etdiyi “Bəs bizim ziyalılarımız haradadır?” adlı məqaləsinə yazdığı ön sözdə onun maraqlı yanaşması ilə tanış olduq: “Cümhuriyyət süquta uğrayınca ilk hesab verənlər də onlar oldular - kimi erməni terrorçularının hədəfinə gəldi, kimi bolşevik cəza maşınının çarxları arasına düşdü, kimi mühacirət yolunu tutub son nəfəsinə qədər milli dövlətçilik uğrunda mübarizəni davam etdirdi. Cümhuriyyətlə, onun qurum və institutları ilə bu və ya digər şəkildə bağlılığı olanların sonuncu nümayəndələri isə 1937-ci ilin “böyük terrorunda” aradan götürüldülər”.

 

Qəribə parodoksallıqdır, cümhuriyyəti yaradanlar, onun süqutunda cavabdehlik daşıyanlar və hətta cəza alanlar... Bir xalqın tarixində, ölüm-qalım mücadiləsindəki mübarizə prosesində bu qədər ağır yükün altına girib bütün cəzalara, qəzalara, məşəqqətlərə və hətta ittihamlara, dar ağaclarından belə millətinin üzünə ləyaqətlə boylana bilmək prometeyliyinə yalnız və yalnız onun ziyalıları tab gətirə bilərdi... Amma əsil ziyalıları, şöhrətə, vara, titullara əsir ziyalıları yox!

 

Bizim min dəfələrlə ölüb-dirilmiş, yenidən doğulub yenidən ölmüş və yenə səməndər quşu kimi yanıb-yanıb kül olduqdan sonra belə öz külündən od yaradıb yenidən doğulmuş xalqımızın tarixində qəhrəmanlar çox olub. Qılıncı ilə böyük ərazilər, böyük ordular, cah-calal, səltənət qazandıranlar da olub bu xalqa, hünəri, malı-mülkü, canı-qanı ilə millətinin millətlər içində var olmasına xidmət  edən fədailər də...

 

Bu xalqın tarixinə bir də “cümhuriyyət qəhrəmanları” deyilən bir şərəf salnaməsi də yazılıb. Cümhuriyyət ziyalıları...

 

114 il öncə Əhməd bəy Ağayev “Bəs bizim ziyalılarımız haradadır?” (“Kaspi” qəzeti, 1903-cü il, dekabr) “adlı məqaləsində  bir az əsəbi, bir az ittihamlı, bir az yanğılı intonasiya ilə üzünü ziyalılara tutub onları meydana çağırdı. Ə.Ağayevin çağırış ünvanı konkret idi, o ziyalıları öz adı ilə səsləyirdi. Onunla eyni missiyanı yerinə yetirən, eyni coşqu ilə milli kimlik sualını tale məsələsi kimi düşüncəsində, fəaliyyətində və elmi-siyasi, bədii-publisistik yaradıcılığında əks etdirən digər mütəfəkkirlərimiz də oxşar məzmunlu çağırışda idi. XX əsrin əvvəllərinin ictimai-siyasi, sosial-mədəni mühitinin mahiyyəti bu çağırışların nəticəsi kimi ortaya çıxdı. Azərbaycan tarixinin ən şərəfli və ziddiyyətlərlə dolu zamanının (XX əsr) müstəqil olmaq əzmkarlığını ifadə edən ilk 20 il Azərbaycan xalqının milli mövcudluq qüdrətini  ortaya qoydu. Və bu qələbə, bu qalibiyyət ilk növbədə onun ziyalılarının təntənəsi oldu. Bir cəmiyyətin ziyası, işığı, nuru kimi əks-səda verən ziyalıları beləcə onun taleyinə azad, özgür, müstəqil millət olmaq tarixini yazdı...

 

Bu xatırlatmadan birbaşa günümüzə dönmək istəyirəm. Həmin sualla... Ə.Ağayevin 114 il öncə verdiyi “Bəs bizim ziyalılarımız hardadır?” –sualına...

 

Bu sual öz aktuallığını itirmədi. Bu sual bu gün daha tez-tez və daha ucadan səslənməlidir, əslində... Amma bu bizə sərf etməyəcək. Çünki, bu sualı əl fənəri kimi üzünə tuşlayacağımız kəslər çoxdan meydanı tərk edib, ya da statusunu dəyişib. Bu gün barmaqla sayılacaq kəslər qalıb ziyalı mövqeyində. Bəs bu “Ziyalı” dediyimiz qüvvənin, gücün təsəvvür və yaddaşımızdakı, təxəyyülümüzdəki obrazı necədir? Bütün zamanlara şamil oluna biləcək ziyalılıq anlayışının yaxın tarixinə nəzər salaq. Milli ziyalılıq xarakterini, cümhuriyyət yaradıcılarının əzəmətli obrazını rus-sovet sadizmi məhv etdi, sonra “milli” təyinini adının qarşısından silmək üçün yaddaşını, azad düşünə bilmək, danışmaq, yazmaq qabiliyyətini silməyə çalışdı. Əvəzində “Azərbaycan-sovet ziyalısı” obrazı yaradıldı. Bolşevizmin proqramı manqurtlaşmış sovet əsgəri kimi sovet ziyalısını da istədiyi vaxt danışdırdı, istədiyi vaxt susdurdu...  Bu cür əsir, qul edilmiş sovet ziyalılarının yazdığı tarixləri, şeirləri, himn və marşları, şüarları əzbərləyə-əzbərləyə böyüdük. Amma içimizdə bir qəhrəman, xilasedici Xızr kimi gözlədiyimiz Ziyalı həsrəti ilə həm də... Onu lap ağ atlı oğlan kimi nağıl qəhrəmanına çevirdik xəyallarımızda... Milli ruhumuzu, azad düşüncəmizi bizə qaytara biləcək əsil ziyalılarımızın yolunu çox gözlədik, bəlkə 70 il... XX əsrin əvvəllərində qılıncdan keçirilmiş, didərgin salınmış ziyalıların nəsli tam kəsildimi?

 

Biz artıq məlum 90-cı illər faciələrinin (həm yanvar, həm də Qarabağ) üstündən adlayıb salamat qaldıq, ya da sovet tanklarının cismimizlə yanaşı düşüncəmizi də bir az zədələyən təkərləri altından diri çıxdıq və müstəqil olduq... İndi haqqında danışdığımız müstəqillik illəri ziyalılarının obrazını səciyyələndirmək olar, artıq. Azad, suveren bir məmləkətin səsi, ziyası olan aydınlarımızı düşünək. Kimdir onlar? Hardadılar?  Ümumiyyətlə, bu gün ziyalı deyəndə kimlər nəzərdə tutulur? Bu bir peşə, sənət, elmi dərəcə nişanı kimimi qavranılır, ya bəlkə populist çıxışları, ritorik natiqliyi hesabına qarşısında cəm etdiyi auditoriyanın sevimli qəhrəmanı portreti gəlir göz önünə? Bəlkə çoxlu kitabları, elmi dərəcəsi, elmi adları olan adamladır ziyalılar? Millət vəkilləri, rektorlar, akademiklər... Bəlkə ictimai-siyasi sahələrin fikir, düşüncə “tənzimləyiciləri”, siyasi partiya başçıları olan siyasətçilərdir günün ziyalı şəxsi?

 

Yəqin ki, bunların heç biri... Xalqın yanında olan, onun ağrıları ilə ağrıyan, heyi, hərəkəti kəsilmiş məzlumların səsini yüksək tribunalara çıxaran, öz şəxsi problemləri, ailəsi, tayfası naminə deyil, ali milli dəyərlər naminə cihada qalxan,  ümumi inkişaf məramnaməsini hər şeydən üstün tutan fədailər, nəcib, gözütox, elmli, mədəniyyətli, əxlaqlı insanlardır əsil ziyalılar. H.Zərdabi, Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə, C.Məmmədquluzadə, H.Cavid kimi...

 

Bəlkə biz problemsiz və xoşbəxt cəmiyyətik, bizim uğurumuzda çalışmaq missiyası bitib? Bəlkə Qarabağ boyda dərd, intiharlar statistikasının artan rəqəmləri, deqradasiyalarla müşahidə olunan tənəzzül şkalasının göstəricisi bizə yaddır? Bəlkə təhsilimiz, səhiyyəmiz, elmi-mədəni tərəqqimiz inkişafın pik həddini aşıb? Bu qədər problemləri olan cəmiyyətin ziyalısı necə ola bilər ki, var gücü ilə öz adını titullarla bəzəmək işinin xidmətkarı olsun?

 

Elm, tədqiqat, yeni araşdırmalar, dünyaya çıxa biləcək kəşfləri olmayan institut və digər müəssisələrin hesabat qovluqları yalanlarla şişir, insanlar yalana əl çalır, riyakarlığa, saxtakarlığa dərəcə, titul, məqam bağışlayır. Və ən pisi-bu gedişatın icraçıları çox hallarda özünü ziyalı adlandıran insanlar olur...

 

Həqiqi sözün ərazisi işğal olunan yerlərdə ziyalı müdaxiləsinə ehtiyac duyulmazmı?  Sözü sərhəd-sərhəd bölüb ona başçı təyin edilir və cilov da o başçıların əlinə verilirsə, bu Söz-elm, ədəbiyyat, sənət çərçivədə hara qədər böyüyə bilər? Belə qəliblənmiş formatların içindəki cırtdan ziyalıların xalqa faydası olacaqmı?

 

Yaltaqlıq yarışmasına start verilib sanki və təriflənənlərin böyük əksəriyyəti isə özlərini ziyalı hesab edən insanlardır. Vücudlarını kreslolara zəncirləmiş, təriflərdən xumarlanan bu şişirdilmiş fiqurlar ziyalı missiyası anlayışından belə xəbərsizdir.  Bu cür  insanları əzizləməkdən, tərifləməkdən, onların maddi rifahını öz durumundan qat-qat yuxarı vəziyyətlərə rəva görməkdən çəkinməyən xalq, cəmiyyət də günahkar deyilmi, bu məqamda?

 

Bizə ziyalı lazımdır. Şəxsi, fərdi, subyektiv firavanlıq arzularını boğub ictimai mövqeyi, milli təəssübkeşliyi, işıqlı düşüncələri ilə xalqının yanında olan ziyalı! Ümumi inkişafda iyerarxik fəaliyyət ierarxik yarınmalarla əvəz olunub, bunun qarşısını da ziyalılar və ziyalılıq, ziyalı aristokratiyası, intellektuallığı ala bilər... Yenə böyük ziyalımız, millət fədaisi Ə.Ağaoğlunun müraciətinə qayıdıram. Çünki bu yanğı 114 ildir ki, soyumaq bilmir: “Amma çevrilib ətrafınıza baxın - üzülmək, qüssəyə dalmaq üçün nə qədər əsas, nə qədər səbəb var!  Ürəyin, qəlbin istəkləri yerinə yetməyəndə, qarşıya qoyduqları məqsədə çatmayanda onlar həqiqətən də ağrıyır. Gəlin açıq danışaq: ziyalılarınızın yaşadıqları mühit özünü ziyalı adlandıran adama azacıq da olsa məmnun qalmaq, həzz almaq üçün hər hansı  imkan verirmi? Kütlənin dərin, sonsuz cahilliyi, ailənin və cəmiyyətin bərbad vəziyyəti, ictimai həyatın ən kiçik işartısının belə mövcud olmaması - məgər bütün bunlar hətta ən iddiasız ziyalını da narahat etməyə, narazı salmağa yetərli deyilmi?  Əgər narazılığa bu qədər əsas varsa, o zaman ziyalılarınız nə üçün bu şəraitlə mübarizə aparmırlar? Nə üçün yarıtmaz həyatın əsaslarını zövq və tələblərinə uyğun şəkildə yenidən qurmağa can atmırlar? Daim bu çevrədə dolaşdığımdan mənə elə gəlir ki, zövq və tələblərinin acı  gerçəkliklə qarşı-qarşıya gəlməsi, toqquşması ziyalıların ürəklərində, beyinlərində bir an da olsun toxtaqlıq tapmayan ağrı yaratmalıdır. Elə isə nə üçün susurlar? Nə üçün fəaliyyətsiz dayanırlar? Nə üçün ətrafda baş verənlərə münasibət bildirmirlər?

 

- Bəlkə onlar sadəcə gücsüzdülər?

 

- Nə? Gücsüzdülər? Nədə? Cahilliklə, ictimai mühitin yaramazlıqları ilə mübarizədə? Qarşınızda cəsarət göstərib əminliklə söyləyə bilərəm ki, fikriniz qətiyyən həqiqətə uyğun deyil. Yaxşı, lütfən mənə deyin, ziyalılarınız fərqli düşündüklərini elan etmək, etirazlarını bildirmək üçün  nə vaxtsa kiçicik də olsa bir cəhd, bir təşəbbüs  göstəriblərmi?”

 

Bəli, xalqın rəğbəti, sevgisi böyük olduğu kimi hiddəti də böyük olur. Onun etimadını itirən, ona xəyanət edən, onun yorulmuş, tükənmiş halından, laqeydliyindən, biganəliyindən sui-istifadə edən “ziyalı” statuslu məmurlarını heç vaxt əfv etməyəcək. Çünki bütün cəmiyyətlərin siması onun ziyalılarının mənəvi-intellektual səviyyəsi, fədakar vətəndaşlığı ilə obrazlaşır. Bizi bu eybəcər portretimizdən xilas edin, əziz ziyalılar!

 

21 iyun 2017

LENT

22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017