Qaranlıq pıçıltılar

 

Əsmər İsmayılova

 

 

“Həyatın bizə qurduğu tələlər

son nəfəsimizi verdiyimiz

an bitmiş olacaq.”

 

Uçurum kənarında dayanmış bir qız əllərini qaldırır Tanrıya və dilənir ölüm əlifbasının kor hərflərindən ölümü. Qəlbi dəfələrlə ayaqlar altına qalıb, əzilməsinə baxmayaraq hələ də dimdik ayaq da durmağa çalışan bir qızın hekayəsi bu. Dizlərinin qanayıb ayaqda durmağa taqəti qalmayan bir qızın hekayəsi.

   

Əcəlin laylası, həyatın qışqırığına qarışdı. Və qız ruhunu bir çərpələngin ucuna bağladı.

 

***

 

Qaralmağa üz tutmuş tutqun hava, gecənin yaxınlaşdığını bəyan edirdi. Küləyin vıyıldayaraq əsdiyi küçədəki tək səs ağaclardakı qurumuş yarpaqların xışıltısı idi. Yerə tökülmüş saralıb, qurumuş yarpaqlar küləyin təsiriylə kiçik burulğan əmələ gətirdikdən sonra küçənin digər tərəfinə qədər uçub yerə səpələndilər. Və budur, evin önündəki iri, qoca ağacda məskən salmış bayquş, öz səsiylə gecəyə ürküdücü bir abu-hava qatmağa başlamışdı. Pəncərəni bağlayıb pianinonun qarşısına keçib əyləşdikdən sonra gözlərimi yumub dərin bir nəfəs alıb verdim. Və barmaqlarım Bethovenin “Silence” sonatasını ifa etməyə başladı. Bu musiqini çalmağı da, dinləməyi də, dinləyərək hiss etməyi də sevirdim.

 

Piano həqiqətən mənim üçün bir həyatdır. Barmaqlarımın toxunduğu hər bir notada bir nəfəs gizlidi. Duyğu sıxlığı çox olan yerlərdə notalar sürətlənir, eynilə nəfəs alış-verişinin tezləşməsi kimi. Piano çalmaq bir ehtirasdır.

 

***

 

Günlər beləcə keçib gedirdi. Hər yeni bir gün dünəndə ilişib qalmış, dayanmadan onu təkrar edirdi. Dəyişən bir şey var idisə o da təqvimdəki aylar, günlər, illər idi. Bu qədər. Sadəcə bu...

 

Rəfdəki bütün kitabları ən azı 2-3 dəfə oxumuşdum. Artıq yeni kitablar almalı idim. Almaq istədiyim kitabların siyahısını yazdığım kiçik vərəqi cibimə sıxışdırdım. Təbii ki, siyahıdakı kitabların hamsını almaq mümkün deyildi. Aynanın önünə keçib uzun qara saçlarımı əlimlə səliqəyə saldıqdan sonra geyimimi nəzərdən keçirdim. Qara cins şalvar, qara köynək, qara dəri pencək, qara botlar. İlahi! Bu qaraltı içində bəyaz əllərim və üzüm lap cəsədinkinə bənzəyirdi. Yəqin bir ölüdən fərqim dolğun dodaqlarımın canlı rəngə sahib olmasıydı. Çox gözəl deyildim, amma çirkində sayılmazdım. Bəs insanlar məni niyə sevmirdi?

 

Bu düşüncə bitib-tükənmiş qəlbimin itkin düşmüş guşəsinə ağır yara törətdi. Aynadakı əksimdən gözlərimi qaçırdım, lakin aynadakı əksimin gözlərini zilləyib iynəliyici baxışlarla məni süzdüyünü bilirdim. Bunu həmişə hiss edirdim.

 

Qısa səssizliyin verdiyi narahatlığın ardından anamı səslədim. "Ana, mən gedirəm." Anam otaqdan çıxıb yanıma gəldi. "Hara gedirsən yenə?"

 

"Yenə? Axrıncı dəfə üç gün bundan əvvəl mağazaya getmişdim sadəcə. Ahh, nəysə... Kitab almağa gedirəm. Tez gələcəm."

 

"Atan bilsə ki, pul yığıb kitab alırsan dəli olacaq. Az xərclə pulu gic-gic şeylərə."

 

Susdum. Deməyə bir söz tapa bilmədim. Mən heç vaxt bu yaşam tərzinə alışmayacaqdım. Heç nə demədən qapını örtüb çıxdım evdən. Amma anamın "Tez gəl. gecikmə" dediyini duydum. Sadəcə hava almaq üçün, sıxıntıdan çölə çıxmağa haqqım belə yox idi. İstənməyən, sevilməyən bir övladım. Başqa nə gözləyirdimki? Anlayış? Sevgi? Sayğı? Ya da bir az qayğı? Hə, pis olmazdı.

 

Beynimi ələ keçirən qaranlıq fikirlər bir sarmaşıq kimi uzanıb, çoxalırdı. Bundan yorulmuşdum. Artıq gecələr yata bilmək işgəncə halını almışdı. Daima məni izləyən, arxamca gələn qara, iri kölgədən adam vardı. O hər zaman arxamca gəlirdi. İndi olduğu kimi. Varlığını hiss edə bilirdim. İlk başlarda ondan qorxsam da, artıq öyrəşmişdim.

 

Şiddətli əsən külək məni tamamilə buza döndərmişdi. Soyuqdan donmuş əllərimi pencəyin cibinə salaraq cəld addımlarla ilərləməyə davam etdim. Sonunda kitapçıya gəlib çatdığımda içəri keçib kitabları gözdən keçirməyə başladım. Kitablara xüsusi bir eşqlə bağlı idim. Yeni bir kitab yeni bir həyat demək idi mənim üçün. Hər kitabda başqa bir dünya, başqa bir sirr var. Sən artıq öz həyatından uzaqlaşıb kitabın içinə daxil olursan. Kitablar mənə öz həyatımdan uzaqlaşmağım üçün uyğun açarı önümdə sallayırdı. Məndə o açar vasitəsilə fantastik dünyamın qapısını açaraq içəri daxil oluram. Başıma gələcəklərdən bixəbər...

 

Qulaqlığımda çalan Debussy “Clair de lune” musiqisinin sədaları altında kitab rəfləri arasında gəzişirdim. Az öncə bir cizgi romanı ayaqüstə  oxuyub bitirmişdim. Gözüm rəfin yuxarısındakı kitaba sataşdı. Qulaqcığımın birini çıxartdım və barmaq ucumda qalxıb kitabı götürəcəkkən başqa bir əl məndən öncə davrandı.

 

"Hüqo?" dediyi an geriyə döndüm. "Yaxşı bir seçim." deyə əlavə də etdi. Məndən bir xeyli hündür olan oğlan mənasızca gülümsəyərək kitabı mənə uzatdı. Ruhsuz baxışlarımı oğlanın gözlərinə zilləyib "Təşəkkürlər." dedim. Və dərhal yanından uzaqlaşmağı düşünürdümki, qoluma toxunub məni dayandırdı. Bu qaşlarımın çatılmasına səbəb olmuşdu. Oğlan əlini qolumdan çəkib saçlarına daldırdı.

 

"Sən bizim universtetdə oxumursan?" deyə soruşdu.

 

"Mən oxumuram." dedim ciddiliyimi qoruyaraq. Bu sözü deməkdən bezmişdim.

 

"Hım... Anladım." dedi. Deyəsən xəyalqırıqlığına uğramışdı. Məndə oxumadığım üçün hər gün xəyalqırıqlığı yaşayıram.

 

Kitabın pulunu ödəyib çölə çıxdığımda leysan yağışla qarşı-qarşıya qalmışdım. Saçlarım su olub üzümə yapışmışdı. Yağışa lənətlər yağdırdıqca sanki daha da çoxalırdı. Yağışın dayanmasını gözləyəcək quru bir yer tapdım. Və bir xeyli yağışın dayanmasını gözləməli oldum. Qaranlıq, boş, səssiz küçələr məni öz cəfəng fikirlərlə dolu labirintinə salıb azdırmağa çalışırdı. Hər zaman məni təqib edən qozbel, qara kölgə yenə arxamda idi. Ondan qorxmalıyammı, yoxsa varlığını sevib, öyrəşməliyəmmi bilmirdim.

 

Səssiz küçələrdə dərimə işləyən, məni titrədən soyuq ilə birlikdə yeriyirdim. Anama tez gələcəyimi desəm də yağışa görə gecikməli olmuşdum.

 

Evə gəlib çatdığımda bloka girib pilləkənlərdən yuxarıya çıxdım. Qapını döysəm gəldiyimi eşidib bir xeyli danışacaqlarını bildiyimdən çantamdan açarı tapıb, qapını yavaşca açdım. İçəri səssizcə girdiyimdə qapını əziyyətlə də olsa səs çıxarmadan bağlaya bilmişdim. Ayaqqabılarımı çıxartdıqdan sonra barmaq ucumda yeriyərək otağıma keçdim. Otağa yenicə girmişdim və islanmış geyimimi çıxardacaqkən atam birdən qapını açıb danışaraq daha çox qışqıraraq içəri girdi.

 

"Hardan gəlirsən bu vaxtı hə? deyə üstümə qışqırdığında diksinmişdim. Ağzımı açıb danışmağa macal tapmadan "Utanmırsan? İndidə başımızı aşağa salamağa çalışırsan?" dedi və çiynimə vuraraq məni itələdi. Axmağa hazır olan göz yaşlarımı, qəlbimi deşən qorxuyu göz ardı etməyə çalışdım. Və özümü ələ alıb "Yağışın dayanmasını gözləyirdim." dedim. Səsim fısıltıdan fərqsiz çıxmışdı.

 

"Bəhanəsinə bax hələ bunun." deyib məni təkrar itələdiyində yatağıma yıxılmışdım. Mənə bir yer əskisi kimi davranır, iyrənirmiş kimi baxışlar yollayırdı. Baxışlarında həm də yersiz nifrət və öfkə var idi. Amma bunun üçün ortada səbəb görmürdüm. Bəlkə də həqiqətən problem məndə idi. Çölə çıxmamalıyam, kitab almamalıyam, yağış yağdığında islansamda tez evə gəlməliyəm. Gülməməliyəm, səsimi çıxartmamalıyam, məni təhqir edərkən cavab verməməliyəm...

 

"Az..." deyə qışqırdı geriyə çevrilərək." Gəl soruş da bu küçük harda sülənirdi bu saata kimi." Anam otağa gəldiyində qorxaraq yanıma oturdu. Səsini çıxartmırdı.

 

"Kitab almağa getmişdim." dedim oan qarşı olan öfkəmi sakitləşdirməyə çalışaraq. Dedikləri, beynində qurduqları o qədər iyrənc idi ki, düşündüklərini mən də düşündüm və işləmədiyim qəbahətlərə görə özümdən iyrəndim.

 

"Buna bax da, mən o pulları sən gedib kitablara xərcləyəsən deyə qazanıram?" dediyində susdum. Susmağa çalışdım. Demək istədiklərimi qəlbimdəki qaranlıq məzarlığa bastırdım.

 

"Cavab ver!"

 

Bir anda qulaqlarımı dolduran bərk səs, yanağımdakı yanma hissi, dodağımın kənarında hiss etdiyim ilıq maye və ağrı, eyni zamanda burnuma dolan metalımsı qoxu bütün mənliyimi alt-üst etdi.

 

Bir damla qan bəyaz xalıya damlayaraq, onu gözəlliyindən məhrum edib kirlətdi. Bu böyük bəyaz xalı balaca bir qan damlası ilə kirlənə bilirmiş.

 

Başımı qaldırdım və qəlbimdəki məzarlığa basdırdığım bütün sözləri oradan çıxardım.

 

"Şillə?" deyə qışqırdım və kinayəli gülüşümə əngəl ola bilmədim. Gülərkən gözümdən bir neçə yaş yanağımdan axaraq boğazıma qədər getdi.

 

"Şillə... Sən sadəcə busan ata! Bax bu!" dedim yanağımı və dodağımdan axan qanı göstərərək."

 

"İtin balası!" deyib təkrar vurduğunda qışqırmışdım. Bu qışqırıq acı dolu fəryad idi əslində.

 

"Bəsdi artıq! Sənin mənə toxunmağa belə haqqın yoxdu! Sən kimsənki, mənə vurursan?! Sən mənə atalıq etmisən? Atasan sən? Bircə dəfə belə olsun bu saçlara sığal çəkmisən? Bir dəfə belə olsun məndən “Necəsən qızım, yaxşısanmı?” deyə soruşmusan heç? Hansı ildə, hansı gündə doğulduğumu xatırlayırsan?" deyərək ayağa durdum və düz qarşısında dayandım. Və tüpürdüm bir damla qan ilə kirlənən xalıya. "Sən mənim atam filan deyilsən." dedim və otaqdan çıxıb ayaqqabılarımı tez geyinərək çıxdım evdən.

 

Silmədim. Nə göz yaşlarımı, nə də dodağımdan axan qanı silmədim.

 

Nəfəs almağa davam edən bədənim ruhuma əzab çəkdirməkdən başqa bir şey etmirdi. O qədər ağır idi ki bunlar, bu günə qədər yaşadıqlarım hamısı çox ağır idi. Yeriyə bilmədim və pilləkənlər üzərində oturaraq ağlamağa başladım. Acı tam boğazımda düyünlənib qalmışdı.

 

Mənə yenə vurmuşdu, təhqir etmişdi və düşündükləri... Bir insan öz qızı haqqında bu cürmü düşünərdi? Bu qədərmiyəm mən?

 

"Allahım yardım et mənə" deyə içimdən yalvardım başımı qaldıraraq.

 

Yaş olan geyimim içində donurdum amma o evə getməyəcəkdim. Əlimin tərsi ilə göz yaşımı, dodağımdan axan qanı sildim və ayağa qalxaraq pilləkənlərdən tez-tez düşdüm. Boş və qaranlıq küçələr məni övladları bilib mənimsəmişdilər. Cəhənnəmi yaşayırdım sanki. Kiməsə bir pisliyim dəymədiyi kimi əksinə yaxşılıqlar etdiyim halda cənnətin qapıları üzümə əbədi olaraq qapanmışdı.

 

Arxamda hiss etdiyim qaranlıq kölgə artıq məni qorxutmurdu.

 

"Yenə burdasan" dedim içimdən. Heybətli varlığı qorxunc olsa da, o həmişə burada, arxamda idi.

 

Az öncəki hadisələr film lenti kimi gözümün önünə gəlir, heç dayanmadan təkrar etməyə davam edirdi. Sözlər qulaqlarımı cingildədirdi. Yeriməkdən ayaqlarımın ağrıdığını hiss edirdim. Hər şey acı reallıq kimi özünü təkrar edirdi. Bezmişdim... Tükənmişdim...

 

Mən getmişdim amma indi anamın başı dərddə idi. Düşünməməyə çalışdım. Bəlkə heç nə etməzdi anama.

 

Soyuq qarşısında aciz qalmışdım. İliyimə qədər işləmişdi soyuq, çox üşüyürdüm. Necə gəlmişdim bura bilmirəm amma deyəsən acı düşüncələrim içində qeyb olmuşkən ayaqlarım məni uçurum kənarında gətirmişdi.

 

Soyuq külək burada daha şiddətli idi. Vəhşi dalğaların sərtcə qayalıqlara vurarkən çıxartdığı səs gecənin ecazkarlığına mirvari bir boyunbağı ilə bəzəyirdi sanki. Qaranlıq idi və ayağımın altını tam şəkildə görə bilməsəm də irəliyə doğru getdim bir az. Dəniz və göyün birləşib zülməti baş tacı etmələrinə baxdım və ikisi də qaranlığın böyük şalı ilə üzərini örtmüş, mənə əslində layiq olduğum yer üçün bir dəvətnamə yollayırdılar.

 

Qaranlıq kölgə arxamda idi və heybətliliyini artırmışdı sanki. Uzun qollarını göyə qaldırdı və məni öz içinə doğru çəkməyə başladı. Məni qaranlığına qəbul edib pıçıldamağa başlamışdı. Qolları ilə məni çox sıx tutmuşdu.

 

Boğulma təhlükəsini gözə alaraq atlayacağım bu dəniz artıq mənim məzarım.

 

Qaranlıq dayanmadan mənə ölümün cazibəliyini pıçıldayırdı.

 

***

 

Uçurum kənarında dayanmış bir qız əllərini qaldırır Tanrıya və dilənir ölüm əlifbasının kor hərflərindən ölümü. Qəlbi dəfələrlə ayaqlar altına qalıb, əzilməsinə baxmayaraq hələ də dimdik ayaq da durmağa çalışan bir qızın hekayəsi bu. Dizlərinin qanayıb ayaqda durmağa taqəti qalmayan bir qızın hekayəsi.

   

Əcəlin laylası, həyatın qışqırığına qarışdı. Və qız ruhunu bir çərpələngin ucuna bağladı.

 

LENT

22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017