Söyər o qadın məni... – Orxan Bahadırsoydan YENİ ŞEİRLƏR

Söyər o qadın məni... – Orxan Bahadırsoydan YENİ ŞEİRLƏR
12 iyun 2017
# 17:45

Kulis.Az gənc şair Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.

Məndə it vəfası var

Bir avqust yağışıyam çatlamış torpaqlara,
buxar-buxar yayılan torpaq qoxuluyam mən.
Gəlsən, ehtiyatlı gəl, çətir al, palto götür,
sinəmdə işıq sınır, bir az qorxuluyam mən.

Mən dərdə oynayırdım şaqraq gülüşlərimlə,
hüznlü mahnılardır indi qulaq asdığım.
Açıq qalan pəncərə, buz bağlayan içkilər,
yenə boğaz ağrısı, yenə çobanyastığı...

Gəlsən, ehtiyatlı gəl, bir torba dərman gətir -
birin soyuqdəyməyə, birin zəhərlənməyə...
bir də yuxu dərmanı gətir ovuc dolusu,
içib yataq, birdənəm, bəlkə kədərlənməyək!

Ağrıyır əl-ayağım, ağrıyır gözüm-başım,
bu sərsəm ağrıların yox çarəsi, ağrıyır.
Məni dindirmə qəti... boğularam ordaca...
o qədər qışqırmışam, daha səsim ağrıyır.

Gəlsən, ehtiyatlı gəl, taleyinə təslim ol.
Bəlkə səni bir ömür xoşbəxt edə bilmərəm!?
Gəlsən, bil ki, qoymaram bir də çıxıb gedəsən,
məndə it vəfası var, səndən gedə bilmərəm.

Sənin çatışmazlığın

Yarasa korluğumsan
görə bilmirəm səni.
Olduğun uzaqlardan
eşidirəm səsini.

Təpədən dırnağacan
o qədər narahatam,
ən yaxşı həkimlər də
dərdimi bilmir, adam.

Səs qısıq, sümük zəif,
gözlər düşdü çuxura...
Nə vərəmdir, nə taun,
nə yaradır, nə xora...

Əllərim buz dərdinə,
sinəm sancıya düşdü.
Nə qulaq ağrısıdı,
nə boğazdı, nə dişdi!

Nə ilik dərdidi bu,
nə də ki, qan azlığı...
Hamısından betərdi
sənin çatışmazlığın!

Ürək, böyrək çatışmaz,
köçürərlər uzağı.
Mən səni taleyimə
necə köçürüm axı?

Evim

Gücüm yox qeydinə, qayğına qalam,
qapısı, divarı toz basan evim.
Damına quşlar da qonmağa qorxar,
masası, divanı toz basan evim.

Olmaz məndən sonra sənə sığınan,
mən həm zülmətinəm, həm işığınam.
Kimin gözü dəyər tənhalığına,
bağlı qapısına nal asan evim?

Səndə bir adam var, hər gün deyinər...
dili aha düşər, qaşı düyünə.
Baxıb qonşuların xoşbəxtliyinə,
özü öz içinə qan qusan evim.

Çöküb söykənmisən boz dirəklərə,
heç boyun da çatmır təpəliklərə.
Bir milçəyin yoxdur hörümçəklərə...
daha bu yoxluqdan bez, usan, evim!

Bir kimsə qaynamaz, qarışmaz sənə.
Qaçar qarışqalar, daraşmaz sənə.
Min rəngə bürünsən yaraşmaz sənə.
Dərdinə oxunar hər əzan, evim!

Ağrıma, ağrıma, evim, ağrıma!
Sev məni, öp məni, bas öz bağrına!
Daha qısılma bu həya-abrına,
tanrıya dərdini de, susan evim.

Gözləmə nə vaxtsa qapın döyülə,
kimsə sığal çəkib tozunu silə.
Sənə əzab verən bu adam ölə,
səni siçanlara qalasan, evim!

Səfil

Unudub ağlamağı, küsülüdür gülməyə...
yollardan solfet yığır yaraların silməyə...
usanıb yaşamaqdan, gücü çatmır ölməyə...
ölə də bilmir səfil!

Öz-özünə danışır, öz-özünə hirslənir.
Hamıdan qorxub qaçır, dalanlarda gizlənir.
Yağışlarda yuyunur, üz-gözü təmizlənir,
sevinmir, gülmür səfil!

Qırışlarda itirib bütün gözəlliyini.
Məhv edib tüstü-tüstü tütün gözəlliyini.
Sevir e... bir pişiyin, itin gözəlliyini,
amma sevilmir səfil!

Baxıb göyün üzündə ulduzlarla danışır.
Yolundan çəkilməyən heykəllərlə dalaşır.
İlahi, bu adama səfillik də yaraşır,
demə səfildir, səfil!

Elə ki, səhərlərin günəş yeri ağarır,
əzan səsi eşidir, sevincindən çığırır.
Yükünü yığıb deyir:
- Allah məni çağırır!
Yenə də ölmür səfil!

Ömür duası

Bir ölüdən danışıb,
dedilər sözarası:
- O rəhmətlik filankəs -
ömrü səninçün qalsın!

Nə vaxt eşitsəm bunu,
donuram, duruxuram.
Bu həyasız duadan
uşaq kimi qorxuram.

Mən öləndə heç kəsə
belə qarğış etməyin.
Məndə üzü dönükdür,
üzü sərtdir taleyin.

Mənə ömür yazanın
xətti ilan-qurbağa...
Bir eynək də vermədi
bu ömrü oxumağa.

Torpağı bəhər verməz,
şaxtalıdır iqlimi.
Yaşatmaz adam kimi,
öldürməz adam kimi.

Aydın günlərdən qaçıb,
gecələrə qısılıb.
Bu ömrün girişində
"qorxuludur" yazılıb.

Kimə versən çırpacaq
ora-bura ömrümü.
Tanrı, heç kəsə vermə
qara-qura ömrümü.

Kim etsə bu duanı,
nolar, tanrı, eşitmə!
Bu səhvi məndə etdin,
məndən özgədə etmə.

Heç kəsin ömrü belə
təhlükəli olmasın.
Məndən söz düşsə, deyin
- Ömrü sənə qalmasın!

Adamam e, adamam…

Adamam e, adamam...
əlim var, ayağım var.
Baxma ki, yerimirəm,
sürünürəm, birdənəm.
Bu ilan taleyidir -
bir adama yazılıb.
Hər fəsil təzə dərdə
bürünürəm, birdənəm.

Adamam e, adamam...
sinəsi toz qoxulu.
Dilim ağzımda haça,
zəhərim yox sancmağa.
Bu elə taledir ki,
uçmaram, tullanmaram.
Beş addımlıq gücüm var,
o da sənə qaçmağa.

Adamam e, adamam...
mehriban, gülərüzəm.
Elə qayğıkeşəm ki,
dərd də dönür başıma.
Bu sürüngən taleyim
utandırdı hamını.
Vallah, yazığım gəlir
dostuma, qardaşıma.

Adamam e, adamam...
sən də məndən utanma.
İndi qonaq düşürəm
sənin qollarıngilə.
Bu ilan taleyini
birdəfəlik atıram.
Məni xoşüz qarşıla,
köçürəm son mənzilə.

Biri varmış, biri yox

Daha məni tək qoyub
yatma, yuxusu şirin.
Sənə nağıl danışım,
yuxun ərşə çəkilsin.

Bütün nağıllar kimi,
biri varmış, biri yox...
Bir səfil adam varmış,
gözü kor, əlləri yox.

İçdiyi içkiləri
sinəsinə qusardı.
Bütün arzularını
divarlara yazardı.

Taleyindən sevinci,
sevgisi uzaq adam...
Qoluna burun silən
qocalmış uşaq adam...

Bu adam güzgülərə
baxmağa qorxan adam.
Çeşməsindən bulanmış
su kimi axan adam.

Soyuqlara donmadı,
çuxurlara dolmadı.
Arx gəzdi qovuşmağa,
nə etdisə, olmadı.

Yatağı daş səkilər...
nə taxtdı, nə divandı!
Dərdlərini çinləsən
günəşə nərdivandı.

Bir ömür yaşadı ki,
nağıldı da bu ömür.
Elə silkələdilər,
dağıldı da bu ömür.

Burda bitsin nağıl da:
biri varmış, biri yox...
Səndən başqa kimsənin
bu ömürdə yeri yox.

Taksofon

Qaranlıq küçələrdə yeriyirəm, əzizim,
yolları yuxusundan oyadır ayaq səsim...
Önümdə bir köşk də var, yatıb satıcı oğlan.
Taksi sürücüsü də mürgü döyür bayaqdan.
Səkiləri süpürür bir yorğun, yaşlı qadın.
Bilmədiyim ünvana gedirəm addım-addım.
Yaxın evlərdən gəlir körpə çığırtıları,
o körpələr yuxuda nə görüb gecəyarı?
Telefonu götürüb axtarıram nömrəni,
telefonda yaddaşa "dərdim" yazmışam səni.
Zəng edirəm, bir qadın titrək səsiylə deyir:
- Bağışlayın, bu nömrə nə vaxtdır ki, işləmir!
Deyirəm ki:
- Nömrəni boş ver, gəl söhbət edək!
Darıxıram, insafsız, danışaq da sübhədək!
Bağışla, gecə vaxtı yuxuna haram qatdım...
…deyəsən, onu şirin yuxusundan oyatdım!
Bu qadın telefonu lap üzümə söndürür!
Külək qopur, üstümə ağac yarpaq tüpürür!
Bu küçənin sonunda bir köhnə taksofon var,
belə vaxtda adama dost olur taksofonlar.
Qaçıram ona sarı, götürürəm dəstəyi,
yenə həyasız əlim səni yığmaq istəyir.
Qorxuram ki, bu dəfə söyər o qadın məni,
bircə fürsəti olsa, döyər o qadın məni.
Bu sarsaq zənglərimlə bezdirmişəm onu da,
bezdirmişəm nömrəmi, lap bu telefonu da.
Bəs axı mən neyləyim? Kim var ki...? Axı kim var?
Axı kimə deyim ki, sənin boyda dərdim var?!
Bütün qəpiklərimi taksofona atıram,
kimi yığıram, deyir:
- Əl çək məndən, yatıram!
İlahi, danış mənlə, danış mənlə bu gecə.
Bu axmaq tənhalıqdan kül olaram indicə.
Danışmağa bir adam... qəfil düşür yadıma...
axı niyə bayaqdan yığmıram bu adama?
Məni ondan savayı kim anlaya bilər ki?
Mən özümdən didərgin, o özündən didərgin...
Bir telefon uzaqda, bir taksofon yaxında,
o da dərddən anlayan bir adam sorağında...
Beləcə yavaş-yavaş yığıram on rəqəmi,
taksofon ekranında görürəm öz nömrəmi.
Cibimdəki telefon zəng çalır uca səslə,
sevincək öz-özümlə danışıram həvəslə...
- Alo!
- Salam!
- Necəsən?
- Yaxşıyam, sən necəsən?
- Mən də belə - birtəhər... darıxıram, deyəsən...

Mənə şeir yazdıran

Səndən sonra çürüdü,
səpdi... səpdi əllərim...
Daha daş-divarları
öpdü... öpdü əllərim...

Özümü səfil kimi
yollara yuvarladım.
Gözüm qorxdu hamıdan,
it-pişik tumarladım.

Yoxluğundan incidi,
qabıq tökdü də dərim.
Elə boğuluram ki...
spazmadı hər yerim.

Bu axmaq səpgilərə
hər gecə yod çəkirəm.
Mən özüm öz başıma,
kül səpib, od tökürəm.

Qoxladığın saçlarım
qocaldılar, üzülmə.
Ağrıma şeir yazdım,
əl çaldılar, üzülmə.

Qınıma qısılmışam,
anam üzümə həsrət...
Heç kəs bilmir qalmışam
mən də özümə həsrət.

İndi daha daşam, daş,
adımı heykəl qoyun!
Mənə şeir yazdıran
adama heykəl qoyun!

# 1788 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #