Özünü Meşə şahzadəsi adlandıran səfil qadın – REPORTAJ

Özünü Meşə şahzadəsi adlandıran səfil qadın – <span style="color:red;">REPORTAJ
6 iyun 2017
# 12:00

Kulis.az "Həyatın içindən" rubrikasından ilk yazını təqdim edir.

Onun adı Meşə şahzadəsidir. Altı ildir küçələrdə yaşayır. Bu altı ildə görmədiyi yer, gecələmədiyi küçə qalmayıb. İndi son dayanacağı dağıntılar arasındakı binanın qırağındakı qazondur. Zeytun ağaclarının arasında yaşayır.

- Gözəl insan, bizə bir kömək elə də... – mənə deyir gülümsünərək.

Diqqətlə baxanda görürəm ki, qadının üzündə illər əvvəlin təravəti, gözəlliyi qalıb.

- Kafedə saqqallı oğlan var. Mənə yemək gətirməliydi... – kömək uman gözləri ilə mənə baxır.

Yanında bir kişi var, ağ saç kişi. Onu sonradan tanıyacağıq.

Dağıntılar arasından qaça-qaça gedib kafedəki oğlanı çağırıram. Ancaq çifayda! Oğlan yağlı çörək olub göyə çəkilib. Yaxınlıqda bir dönər satan gözümə dəyir. Qadın üçün bir dönər alıb təzədən eyni dağıntının qırağı ilə yola düzəlirəm.

Qadın da bu dağıntılar kimidir. Onun duruşunda da dağıntının izləri var.

Fotoqraf dostum onu çəkəndə yanındakı kişi: “Nöş çəkirsən, ala?” – deyir.

Qadın isə gülümsəyir: “Qoy çəksin ey... Mən onsuz da bütün günü efirdəyəm”.

Əlini-əlinə vurub mahnı oxuyur, bir az içib, kefi sazdı.

- Bu əvvəllər bilirsən kim olub? Eh... - ağsaç kişi deyir.

- Mən hardan bilim, dayı?

- Eee... Varlı bir qadın idi, bacılarına da ev almışdı. Axırda onu evsiz qoydular. Bacısı evi satdı. O gündən küçələrdədir...

Ağsaç kişi qadının çoxdankı tanışıdı, uzun illərdir bir-birilərini tanıyırlar. Nə üstündəsə türməyə düşən kişi azadlığa çıxanda qəfil qadınla rastlaşır, şok olur, bu cür evi-eşiyi olan tanışının küçədə qalmasına inana bilmir:

- Elə mən görəndən küçələrdədi...

- Adınız nədir, xala? – çömbəlib qadından soruşuram.

- Xala nədir, ala? - əlinin birini yuxarı qaldırır, gülümsünür. – Mən meşə şəhzadəsiyəm e... Nə hərləyirəm e dünyanı?

Tez-tez bu cümləni təkrarlayır: “Nə hərləyirəm e dünyanı?” Bu cümlə hər danışığın sonunda mütləq özünü göstərir.

- Solmazdı mənim adım.... – handan-hana dillənir. – İnternatda böyümüşəm. Nərimanovda... Bu var e... Bu kişi... Mənim dostumdu... Əvvəl saçı uzun idi, kəsdirdi.

Kişinin adı Mübarəkdir. Sən demə, “Neftçi” klubunun keçmiş oyunçusu olub.

- Mən hücumçuydum. Əlimə top keçəndə bilirdilər ki, qoldu. Banişevskinin vaxtında oynamışam e...

- Hə... Öldü də Banişevski... Sən də saçlarını kəsdirdin. Saçların uzanmasa danışmayacam sənlə... Solmaz xala yenə əlini-qolunu sallaya-sallaya danışır. - Nə hərləyirəm e dünyanı? –

- Əlbəttə, xala. Sən nə hərləyirsən e dünyanı? – mən deyirəm. – Özün də cavansan, kef elə.

- Nə cavan, ala? Mənə cavan deyir e... – Mübarəkə çönür. – Mən səni dünyalar qədər sevirdim...

Mahnı oxuyur yenə, kefi buludlardadır.

- Uşaqlarımdan xəbər yoxdu. Bir qız, bir oğlandılar e... Sənnən böyük olar oğlum. Bəlkə nəvələrim də var.

- Necə yəni? Nə vaxtdı itiblər?

- Nə bilim. 1994-cü ildən yoxdular. Xəbərim yoxdur heç.

- Bəs əriniz?

- Əşşi daş düşsün onun təpəsinə... Narkomanın biriydi. Zülm verdi mənə... - əlini yelləyir.

- Oğlun evli olar hə? – Mübarək soruşur. – Yəqin də...

- Olar, hə... Uşaqları da var deyəsən. Mənim nəvələrim... Ala, mən meşə şəhzadəsiyəm e...

Yenə mahnı oxuyur öz-özünə.

- Xala!

- Əşşi xala nədir? Demirəm, meşə şəhzadəsi...

Ləzzətlə gülür.

- Baş üstə! Meşə şəhzadəsi!

- Ay sağ ol!

- Yayı bildik, küçədə qalmaq problem olmaz. Bəs qışı?

- Ala, mən vəhşiyəm e, vəhşi. Qışda da qalmışam da, qalacam da. Mən heç nə istəmirəm e. Mən bundan sonra bağlı yerdə qala bilmərəm. Mənimki bax budur. Ağaclar, ağaclar... Ehey... Nə hərləyirəm e dünyanı? Düz döyül? Meşə şəhzadəsiyəm e mən... Hər dili də bilirəm. İngilis, rus, fransız... Mahnılar da... Gəl, qaytar eşqimi, o sənə gərək deyil... Həri... Dünya kef yeridir e mənim üçün...

Araq şüşəsi gözə dəyir bu vaxt. Aldığım dönəri də yeyə bilmir Meşə şahzadəsi.

- O ancaq sulu yemək yeyir. Bir də tərəvəz. – Mübarək deyir. – Ona görə belə gözəl qalıb da...

- Yaxşı görək, ala... Məndə nə gözəllik? Nə hərləyirəm e dünyanı.

- Valla... Bir az bəzəyib-düzəyib səni bəlkə ərə verdik...

- Ala, sən get saçını uzat. Yoxsa danışmayacam sənlə. Özü də nə hərləyirəm e əri... Sən canın yadıma salma da...

Qəfil Meşə şahzadəsi hönkürür. Əli ilə alnını tutur.

- Meşə şahzadəsinə nə oldu? – kişi soruşur. – Vecinə alma heç nəyi! Bax mənim də pulum-param vardı, indi çöllərdəyəm.

- Ala, mən vəhşiyəm e... Mənə heç nə olmaz.

Arıq əlləri dizlərini qucaqlayır. Arağı əlinə alıb silkələyir: “Kefdi e dünya...”

Sonra mahnı oxuyur...

Sonra çəpik çalır...

Sonra gülə-gülə qol qaldırıb oturduğu yerdəcə rəqs eləyir...

Sonra iki köhnə tanış araqlarını toqquşdurub vururlar.

- Ordan şaftalı ver görüm. – Mübarək deyir. – Şaftalı!

- Get saçını uzat, ala...

- Yaxşı, cənab meşə şəhzadəsi... – kişi aristokratlar sayaq qadının qabağında ehtiramla əyilir. – Mənə bir şaftalı verə bilərsiniz?

- Ay sağ ol! Ala, nöş vermirəm? Mən Meşə şahzadəsi deyiləm bəs?

- Alça yox... Şaftalı...

Sonra yenə Meşə şahzadəsi mahnı oxuyur, bir az kövrəlir, bir az da gülür...

Bir manat çıxarıb verirəm:

- Mən dilənçi deyiləm. Siz nə edirsiniz? – onun bu cür mədəni danışmağına heyrətlənirəm. – Sizdən heç nə istəmədim.

- Dilənçi demədim ki, sizə. Sadəcə ürəyimdən keçdi...

- Bu belə oğlandı bax! – Kişiyə əla işarəsi göstərir. – Amma sən get saçını qırxdır.

Arxasınca da o məşhur ifadəsi işə düşür:

“Nə hərləyirəm e dünyanı?”

# 1487 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #