Ayxan Ayvazla Markesi nə birləşdirir?

 

Kulis.az Mirmehdi Ağaoğlunun “Ayxan Ayvazın “Buri”si haqqı” yazısını təqdim edir.

 

Dostumuz Ayxan Ayvazın sevimli yazıçısı var - Kafka. Hər sözünün əvvəli də odu, axırı da. Özü də deyəsən Kafkanın bütün əsərlərini oxuyub, məktublarını belə. Düzdür, Kafka Tolstoy kimi cild-cild əsər yazan yazıçılardan deyil – səbri çatmazdı, yarımçıq saxladığı romanlarından görünür – hər halda oxumağa bu qədər çox, Fərid Hüseyn təbiri ilə desək, ömüryetməz əsərlər varkən gücü ancaq Kafkaya vermək özünü çətinə salmaq olardı. Məsələn, mənim də sevimli yazıçım Markesdir, ancaq inandırım sizi, yazdıqlarının hamısını oxumamışam. Bunun da iki səbəbi var. Yeri gəlib deyim: Əvvəla, sevdiyim yazıçının bütün əsərlərini dalbadal oxuyub bütün ləzzəti birdəfəyə dadmaq istəmirəm. Sevdiyim yazıçının yaradıcılığına mütəmadi qayıtmağı xoşlayıram. Ki o ləzzət həmişə mənimlə olsun. İkincisi isə adam kiməsə bağlanıb, onun əsiri olmaq istəmir. Oxumalı, tanımalı müəlliflər o qədərdir ki, hərədən bir-iki vacib əsər oxumaqla da kifayətlənmək olur. Yoxsa başın oxumağa qarışaq, bir də görərsən heç nə yazmamısan.

 

Kafkadan niyə başladım? Nə yalan deyim, Ayxan haqqında yazı yazmağı düşünəndə məqsədim onunla Markesi müqayisə etmək idi, sadəcə mətləbə birbaşa keçmək yerinə istədim əvvəl Ayxanın sevimli yazıçısı Kafka ilə musiqiçilər demiş, ayaq verim, sonra da yazım ki, Markesin də sevimli yazıçısı Kafka imiş, hətta ilk hekayələrini də Kafkanın təsiri ilə yazırmış, burdan sonra da keçim Markesə. Lakin yazı elə alındı ki, istər-istəməz ilk cümlələrdəncə Markes hərflərin arasından əlini qaldırıb dedi: “Mənəm e, gəlmişəm.”

 

Eybi yox. Olacağa çarə yoxdu. Gəlin o zaman yazımıza davam edək, elə bu axarda. Markes ömrünün sonlarında qələmə aldığı “Anlatmaq üçün yaşamaq” adlı avtobioqrafik romanında yazır ki, Kafkanı oxuyandan sonra yazıçılığa başlayıb. Ona qədər şeirlər yazırmış. Lakin Kafka ilə tanış olandan sonra bir neçə hekayə yazıb. İnsafən hekayələr də normal imiş. Böyük istedadın cücərtiləri artıq növcəvan yazıçının ilk qələm təcrübələrində hiss olunurmuş. Nolsun ki, Kafkanın təsiri ilə yazılmışdı. Bunu ona Markesə yolgöstərən yaşlı qələm adamları, tənqidçilər də deyirlərmiş. Kafkanın təsirindən xilas olmayan gənc Qabo bir də yalnız doğulduğu torpaqlara – Arakatakaya – qayıdandan sonra anlayır ki, Kafkavari hekayələrdən qurtulmaq üçün necə və nədən yazmalıdır. Elə bu yerdə Ayxanı Markeslə müqayisə etmək, ona Markesi nümunə göstərmək istərdim. Lakin bu haqda bir qədər sonra. Hələlik yazımızın “baş sponsoru”ndan, yəni Ayxandan danışıq.

 

Ayxan Ayvazın bu yaxınlarda “Buri” (“buri” gürcü dilində çörək deməkdir) adlı kitabı çıxdı. Day çənədən boşluq eləmişəm, bir sirr də açım ki, Ayxan “Buri”ni ilk kitabı kimi təqdim etməyə cəhd etsə də belə deyil. İlk kitabı “Mən necə Polad Ələmdar oldum” romanıdır ki, ondan da müəllif imtina edib. Artıq orda nə yazıbmışsa...

 

Özünün deməyinə görə Ayxanın kitaba saldığı əsərlər səksənə yaxın hekayənin içindən xilas olanlarıdır. Kitabda oxucunun tanış olmadığı hekayə demək olar ki, yoxdur. Zənnim məni aldatmırsa hamısı mətbuatda çıxıb. Bununla belə o hekayələri ikinci dəfə oxumağa ərinmirsən, “Onsuz filan saytda oxumuşam” demirsən. Çünki Ayxan mətnin içində cümlələrlə “tryuk” göstərir. Cümlələr bir-birinin ardınca elə rahat düzülür ki, lap axırda səni “uçurum”a da aparıb çıxarsa yenə oxumaq istəyirsən, çünki sakit, təmkinli üslubu var. Ayxanı oxumaq yormur, təhkiyəsi həzindir. Gözəl bir mahnını təkrar-təkrar dinləmək necə zövq verirsə Ayxanın mətnləri də eyni həzzi yaşadır. Bəlkə buna görə kitabdakı hekayələrin bəziləri (“Sevgi məktubları”, “Uşaqlar günü”) hekayə kimi tam alınmasa da və ya bəzi qüsurları görünsə də (mənim qənaətimcə) oxumaqdan doymursan. Mətn deyir ki, məni oxu. Hekayəni oxuyandan sonra ola bilsin hansısa mənaya vaqif ola bilmirsən, mesaj qaranlıq qalır, bağlar tam oturmur, ancaq mətnin musiqisi elə bil qulağında səslənməyə davam edir və hələ uzun müddət əks-səda verir.

 

“Monoton” isə kitabın ən uğurlu hekayəsidir. Ayxan bu hekayədə həqiqətən xarüqə yaradıb. Hekayə sanki tərəzi kimi qurulub, bütün obrazlar, hadisələr bir-birini tamamlayır və harmoniya yaradaraq səni öz sehrinə salır. “Monoton”u çəkinmədən dünya ədəbiyyatının ən gözəl hekayə nümunələri ilə yanaşı qoyardım. “Monoton” sevimli şairinin şeirləri kimidir, arabir götürüb varaqlamaq, oxumaq istəyirsən. Adətən təkrar-təkrar oxumaq istədiyimiz hekayələr az olur. Çünki şeirdən fərqli olaraq prozada süjeti, əhvalatı bilmək çox vaxt mətnlə aranda sədd yaradır, təkrar o mətnə qayıtmağa lüzum görmürsən. “Monoton” isə dediyim kimi o hekayələrdəndir ki, dəfələrlə oxusan da usanmazsan.

 

“Sevgi məktubları”, “Kağızda ölmək” və “Kökənin dadı”ndan başqa kitabda yer alan qalan hekayələrin mərkəzində Ayxanın ailəsi, yaşadığı məlum faciə və ya faciədən qabaqkı xoşbəxt günlərin xatirələri dayanır. Kitabın ilk hekayəsi olan “Evimizdən gecə reportajı”ndan başlamış sonuncusu - “Atamın Nobel nitqi”nə qədər yuxarıda adlarını çəkdiklərimdən hamısının mərkəzində sırf ailə mövzusu dayanır. Müəllif ya anasını, ya atasını, ya da faciəyə qədərki xoşbəxt günləri xatırlayır, valideynlər istər-istəməz hekayənin baş qəhrəmanına çevrilir. Buna görə də hekayələri oxuyanda müəllifin faciəsindən xəbərdar olan oxucuların beynində həmin hadisələrə fokuslanma yaranır. Müəllif həmən hadisələrə toxunmasa belə oxucu eynən müəllifin bu hekayələri yazarkən yaşadığı hisslərin, duyğuların oxşarını yaşayır. Əlbəttə bu yerdə Ayxan mənə irad tutaraq İsa Hüseynovla bağlı bir əhvalatı xatırlada bilər. Bir gün Mehdi Hüseyn İsa Hüseynova deyir ki, atandan yaman çox yazırsan. İsa Hüseynov da cavab verir ki, çünki atamı yaxşı tanıyıram. Ayxan da bu cavabı özünə qalxan edə bilər. Lakin “atasından yazmaq” Ayxana daha geniş mövzulara açılmağa imkan vermir, öz şəxsi faciəsinə aludəçilik qorxuram axırda onu əhvalatçıya çevirsin. Və bu mövzuda dəfələrlə qayıtmaq çeynənmiş mətnlər ortaya çıxara bilər.

 

Məncə elə bu yerdə Markesi xatırlamağın məqamı gəlib. Böyük Kolumbiya yazıçısı deyir ki, təzə-təzə yazmağa başladığı günlərin birində anası ilə doğulduğu şəhərə gedəsi olur. Şəhərin küçələri, baba yurdu, köhnə qonşular yazıçının uşaqlıq xatirələrini oyadır və başa düşür ki, mövzuları yayı dözülməz dərəcədə isti keçən, gözəl günlərini banan kompaniyasının məhv etdiyi şəhərində gizlənib. O, məhz burdan Arakatakadan - ədəbi adı Makondo – yazmalıdır. Məhz bundan sonra ilk baxışda avtobioqrafik görünməyən “Polkovnikə məktub yoxdur”, “Gözlənilən bir qətlin qısa tarixçəsi”, “Düşən yarpaqlar” “Vəba dövründə eşq” əsərlərini və bəlkə də Markes yaradıcılığının ən avtobioqrafik əsəri “Yüz ilin tənhalığı”nı yazır. Ola bilsin kimsə fikirləşər, axı maqik realist əhvalatlar həyatda necə baş verə bilər? Bu sualın cavabı da elə Markes ustalığında gizlənib. Əgər o real, özünün başına gələn və şahidi olduğu hadisələri avtobioqrafik məzmunundan sıyırıb çıxarmasaydı, ona maqik realizm əlavə etməsəydi indi nəinki dünya, heç Arakatakada da Markesi xatırlamazdılar. Markesin özünün də dediyi kimi yazdıqları avtobioqrafikdir, bax, Qabo əsərlərində nə qədər avtobioqrafik görünürsə o qədər avtobioqrafik yazmaq lazımdır.

 

Bir az Ayxanın kitabından danışdıq, bir az da Kulisdəki fəaliyyətindən danışaq, saytın mətbəxindən. Onsuz sirr aça-aça gedirik, qoy bu da olsun. Bir-birindən maraqlı reportajları öz yerində (Markes də Kolumbiyada qalmaqal yaradan, gəmi qəzası barədə yazdığı “Mənim macəram haqqında həqiqətlər” reportajı ilə məşhurlaşmamışdımı, hətta yazılara görə təqib olunmuş, Avropaya qaçmışdı), amma qəfildən bir yazı lazım olsun, Ayxana tapşır, on dəqiqəyə yazacaq. Ayxanın sinəsi sözlə doludur, yazmağa mövzu axtarır. Dəfələrlə olub, qəfildən bir mövzu çıxıb ortaya heç mövzunun təri soyumamış bir də görürsən ki, budur, Ayxanın yazısı hazırdır. Məhsuldardır, şair demiş hər gün bir yeni yazı, hər gün bir yeni materialla gəlir planlaşmaya. Vallah, tapşırsan onca dəqiqəyə hekayə də yazıb verər. Ona nə var! Markes kimi adamdır. Yeri gəlmişkən Markes “El-Espektador”da müxbir işlədiyi zamanlarda qəfildən qəzetin boş səhifələrini doldurmaq üçün yazı lazım olurmuş və o, bir neçə saatın içində hekayə yazıb redaktora təqdim edirmiş. “İtin mavi gözləri” kimi gözəl hekayə ortaya bu cür çıxıb. Ayxan bu barədə də Markesdən geri qalan deyil, tapşırsan bir saata hekayə də yazar, üzə düşsə roman da.

 

Markesin adını yazıda hər dəqiqəbaşı çəkməyim təsadüfi deyil. Mənə elə gəlir ki, Ayxan Ayvaz özünün bu istedadı, ədəbi duyumu, bacarığı, ən əsası zəhməti ilə böyüyüb-böyüyüb Markes olacaq. Və bir-birindən gözəl əsərləri ilə oxucularını sevindirəcək. Mən buna inanıram. Və düşünürəm ki, “Buri” kitabını oxuyan hər bir oxucunun içində də bu inam var. Çörək haqqı. /”Ədəbiyyat qəzeti”/

 

  

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017