Nərmin Kamaldan hekayə: Soyuq

Nərmin Kamaldan hekayə: Soyuq
19 iyul 2021
# 16:30

Kulis.az tanınmış yazıçı Nərmin Kamalın “Soyuq” hekayəsini təqdim edir.

Mamedi işdən çıxartdılar, çünki işi bacarmırdı. O duruşlar ki onlar istəyirdilər, o duruşları cavan oğlan çətin durardı, o ki qala yetmiş iki yaşında qoca. Axırıncı gün “Yıxılan qoca” rəsmindən ötrü qırx beş dəqiqə bir ayaq üstə yarıbükülü saxladılar onu. Özü istəyirdi dözə, bədəni dözmədi. Əlini tərpətmə deyirdilər, əl tərpənirdi. Ayağını tərpətmə deyirdilər, ayaq qaşınıb dik atılırdı. Məktəbin çubuqla “Koka-kola” içən cavan uşaqlarının ondan heç nə soruşmadan gah yaxınlaşıb qolunu qaldırmalarına, gah çiynindən tutub çevirmələrinə baxırdı.

Bəzən köynəksiz oturmalıydı, bəzən bircə alt paltarında. Təzə başlayanda utanırdı, fikirləşirdi onun bədənini müzakirə eləyirlər. Sonra gördü müzakirə eləmirlər, eləcə çəkirlər. Əzələlərin bir-birinə necə birləşdiyinə baxırlar. Onda özü də bədəninə başqa gözlə baxmağa başladı. Bu işə gələnəcən gecələr pal-paltarlı yatar, gündüzlər əl-üzünü yuyub gedərdi ev satmağa. Bizim qəsəbənin gözəl, amma soyuq evlərini. Nəsə qatdılar o panel evlərə, elə bil nəyinisə çox, nəyinisə az qatdılar, nəfəs almır, əsnəmir, isitmək olmur o evləri heç cürə.

Güzgüyə baxanda ancaq saçına-başına baxardı. Bu işdə köynək-şalvarını çıxarıb partaların üstünə atandan bədənini gördü. Ağ tüklü sinə, qırış dirsəklər, qara dizlər, sallaq qarın, sallaq yanaqlar “Qocalıq və eybəcərlik” dərslərində hərəsi on manat qazanmağa başladılar. Evlər satılmayanda yetmiş il örtüb gündən gizlətdiyi yöndəmsiz bədəni onun çörək qazanına çörək qoydu. Başından da yaxşı.

Ancaq daha yoxdur o iş, elə bil heç olmayıb. Heç bir şey etmədən eləcə ayaq üstə dayandığına görə adama onluq verənlər olmayıb elə bil. Xatirəsi isə nə qədərmiş. Uzaqlaşdıqca asanlaşırdı iş Mamedin gözündə.

Axırıncı dəfə üzü kağız-kuğuz dolablarına, arxası divaraydı. Rəssam dolabın qapısını açıb kağız götürəndən sonra onu bağlamadı. Bir dəfə dedi bağlayın, iki dəfə dedi bağlayın onu. Qapının açıq, ya bağlı olmağının onun üçün təfavütü vardı. Divardan əyri asılmış şəkil gərək düz asılaydı, döşəməyə düşmüş qələm gərək qaldırılaydı, yarıörtülü qapı gərək kip örtüləydi. Öz yerində olmayan bu kiçik şeylərin böyük qüvvəsi nə yollasa əl atıb onun kürəyini qıdıqlayırdı. Kürəyi qaşımaq üçünsə əli tərpətmək lazım idi, amma bu işdə əli tərpətməmək lazım idi. O günü də elə oldu, kürəyi qıdıqlandı, gözündə qığılcım oynadı, qışqırıb qarşısındakı mizi aşırtdı, dirsəyiylə vurub şüşələri xıncım-xıncım elədi, tökdü yerə. Bunu görən süpürgəçi “Allah amansan” deməkdən başqa söz tapmadı.

Amma onu o an tutub saxlamaq istəyən gənc rəssamların gözlərinin altındakı göy hələ keçməmiş işinə qayıtmaq fikrinə düşdü. Kim idi qaytaran. Hələ heç kəsin səhvindən belə asanlıqla keçilməyib, hələ bu dünyada olmayıb belə şey.

O gün o yarıaçıq qapını dolab Mamedin bədəninin iyirmi natamam rəsmini də udandan sonra bağladılar. Rəsmlərin birində Mamedin qolu, birində qarnı, birində dalı qaldı. Bəyaz kağızlarda sadə qələmlə cızılmış qövslər Mamedə məxsus idi, başqa heç kəsin bədəniylə bu yarımçıq qövsləri tamamlamaq olmayacaqdı.

Rəssamlar üçün çətin oldu təzə bədənə keçmək. O bədəni uzun müddət unuda bilmədilər. Süpürgəçi də çox xatırladı Mamedi. Hər soruşana danışdı. Dedi, “itdər tökülüşmüşdü məktəbə. Ölən olmadı, salamatdıqdı”. Dedi, “natura birdən durduğu yerdə qudurub çıxdı özünnən, rəssamların ustollarını aşırtdı, şüşələri sındırdı, uşaqların kağız-kuğazını cırıb yelə verdi.”

“Natura” deyəndə çoxu elə bildi söhbət qadın xeylağından gedir. Cavan gözəl bir xanım gətirdilər gözlərinin qabağına. Həyasızka birdən qudurub. Ucundan-qulağından eşidənlərin çoxu elə sandı, elə bildi.

Üstündən bir həftə keçmiş polis gəldi, üçotaqlı mənzilə oxşayan maşınını Rəssamlıq məktəbinin qabağında saxlayıb düşdü, girdi müdirin otağına, beş-on dəqiqə nəsə danışdı, çıxıb getdi. Sənət həyatı öz sakit günlərinə qayıtdı.

Mamed yaxın vaxtlarda ordakı işinə qayıdacağına inanaraq, bir müddət öz köhnə ev işinə döndü. Soyuq evlərin qapılarını döyüb “Həmin maklerəm, bu dəfə sataceyam” dedi. Amma nəhəng kürə sürətlə günəşdən uzaqlaşmağında idi. Baharda yenə də aldanırlar, üzüpayıza, üzüqışa aldatmaq olmur heç kəsi. Evlər o saat yalanı çıxarır. Axırıncı ev kimi. Ora altmışıncı alıcını apardı bu gün. Qabaqcadan ev yiyəsinə tapşırdı əyinlərindəki paltoları çıxarsınlar. Qoy bayırın şaxtasından gələnə ev isti görünsün. Evdəkiləri qısaqol geyimdə görsələr, heç şübhələnməzlər. Özləri də heç nə deməsinlər, sakitcə dursunlar kənarda. Hiss etdirməsinlər sevindiklərini, göstərməsinlər qurtulmağa çalışırlar evdən. Qoy bilinməsin burda nəsə var. Evdi, gəzsinlər, baxsınlar. Nəsə soruşsalar, cavab versinlər. İki otaqdı? Bəli, iki. Hamamı, orası-burası işləyir? Bəli, şübhəniz varsa, keçin yoxlayın. İşıqlıdır? Bəli, necə buyurursunuzsa, elədir. Nəsə problemi var evin? Əsla. Qonşuları yaxşıdı? Bəli, çörəyin arasına qoy, ye.

Belə danışsınlar, sual, cavab, sual, cavab. Niyə satırsız? Pul lazımdı. İstiliyi var evin? Bəli, var. Lap yaxşı, bir sual da verək, bəs niyə danışanda ağzımızdan buxar çıxır? Ho, ho...

Birdən ev almağa gələnlər yenə əjdaha kimi püskürməyə başlayıblar. Deyəsən axı isinmir eviniz?! Ev yiyəsi “İndi gəlmişik, neçə gündü evdə yox idik” desə də, hiss ediblər gələnlər. Hiss ediblər burda nəsə var. Hər qış otaqlardan biri Sibir kimi donur, qapısını bağlayırlar baharacan. Qırxıncı otağın qapısı kimi kilidlənmiş qapının arxasından qış boyu küləyin öz neyində çaldığı sirli nəğmənin səsi gəlir. Evin uşaqları qulaqlarını bu qapıya dirəyib otaq mebelinin naməlum pıçıltılarını dinşəyirlər, onlar o əşyaların soyuqda dişini qıcırdayan, baharda genəlib çiçəkləyən canlı ağaclar olduğunu hiss ediblər. “Zamaska axtrırıq” deyən arığqol-arığqıç küçə uşaqları da bayır tərəfdən çörək bıçaqlarıyla düşüblər evin üstünə. Betonu toy çadırını deşən kimi deşirlər, tapdıqları qara yapışqanı bankə-balon qapaqlarına doldurub asfalt yolda yarışdırırlar. Onlara nə var, oynayırlar özləriyçün, bayır içəridən istidir. Evin altmışıncı müştərisi də bildi bunu. Keçən dəfə də belə olmuşdu, müştəri duyuq düşmüşdü ev soyuqdur. Onda Mamed dayı ev yiyəsinə söz vermişdi çalışacaq, bu qış olmasa da, baharda satacaq evi, hələ cavansız, gözləyin, bir qış nədi ki. Ordan çıxıb o biri iş yerinə getmişdi. İndi isə o biri iş yox idi.

***

Təzə kişini skripkaçı duruşunda dayandırdılar. Qolunu qaldırıb barmaqlarını bir birindən aşağı süzülmüş kimi alt-alta düzdülər. Amma heç yerə dirsəklənməmiş qolu havada saxlamaq asan olmadı. Təzə kişi baxdı ki, biri çəkir, biri çəkmir, biri silir, çəkib yenə silir, o biri buxar qatarı kimi tüstüləyir, hələ ən qabaqda oturan elə bil tamaşaya gəlib. Arvadı demişdi “o nə işdi, dözmiceysən. Əldə bir iskan su tutub içmək asandı, amma o suyu bir saat saxlamağ olmaz.”

- Tərpətmə!

Təzə kişini yuxu basır, gözləri yumulurdu.

- Tərpətmə!

Çeçələ barmağı qaşınırdı. Qaşımaq heç yaxşı fikir deyil, qaşısan, yenə qaşınacaq, bunu bilirdi. Əli avazıyır, qan yuxarı qalxmır, əl donur, donub əsməyə başlayırdı.

- Tərpətmə!

Nə üçün onlardan biri cəld, o birilər bu qədər ləng çəkir?! Təzə kişinin əli dözmür, düşüb cibinin isti dolanbaclarına soxulur. Rəssamlardan biri, necə də gəncdir, karandaşını yerə çırpır. Müəllim deyir, sakit olun. Təzə kişi becid-becid bayıra çıxır. Sinfə çaxnaşma düşür.

“Bircə sakit olun, səsinizi qaldırmayın, əsəb hüceyrələri öldümü, bərpa olmur, onu bilirsinizmi, bircə səbrinizi basın.”

“Akif dayı, a kişi, nə oldu sənə, bir gəl əyləş. Bir saat dözmüsən, bir saat da döz.”

“Çaydanı taxın orda. Fasilə!”

***

İş dəftərimdə bir mənzilin ünvanı var. Amma ünvana baxmadan gözüyumulu taparam o evi. Girəcəkdə liftin yanıq qapısını, yaşıl paslı poçt qutularını keçib beton pillələrə atıram ayağımı. Bir-birindən səssiz köhnə qapıları ötürəm, dördüncü mərtəbəyə çatıram. Pensilin iyli ağ qapısının üstünə “M.Mamedov” yazılıb. Ayaqqabılarımı üzərinə “Xoş gəlmisiniz” yazılmayan keçə ayaqaltına silib zəngi basıram.

Hansımız xatırlamırıq o illəri?! Hansımız unutmuşuq?! Hamımızın yadındadır “Baxın a, burda “yan” familiyalı adam yaşamır, qapımızı sındırmayın” - deməkdən ötrü soyadlarımızı yazmağa başladıq qapılarımıza. Mən də yazdırıb vurdurmuşdum qapımın üstünə: R.Tagıyev.

Qapını üzümə onun oğlu açır. Başını bulayıb öz otağına keçir. Mən paltomu soyunub asıram. Çamadanımı dəhlizdə görünməz bir yerə itələyirəm, sansın təcili yardım həkimi yox, dostu gəlib yanına. Mamed məni görən kimi deyir, “Gə-gə, gə bura, qapını vur.”

Yarıaçıq qapısını örtüb uzunsov otaqda onunla tək qalıram. Çarpayının ayaq başındakı tabureti başı bərabərinə çəkirəm. Yenə xırıltılı səsini alçaldıb oğlundan danışır: “Qoymur da öylənim. Yoxsa tez-tez əziyet verməzdim sənə, günüm başqa cürə keçərdi.”

İşığı yandırıram, gözlərini yumur. Çıxıb çamadanımı gətirirəm, qulaqlarımla onun ürəyi arasında öz cığırımı salıb əyləşirəm:

“Gup gup gup gup... Oğlum qoysaydı öylənməyə. O soyuq evlərin bir danasını sata bilsəydim. Təzədən məktəbə işə çağırseydilər. Ağrım kəsseydi...” - ürəyi üçüncü infarktın astanasında. Onu bir qədər dikəldirəm, əllərini əlimə alıram.

“Bəlkə səhər mektebə gedey, müdirnən danışasan?” – deyir.

“Mamed dayı, səhər gedib həll edəcəyəm o işi, necə rəssamlarnan işliyirdin, elə də işləyəcəksən” – mən şux-şux deyirəm.

O biri üç istəyinə kömək edə bilmərəm, bilir. Nə oğlunun fikrini dəyişə bilərəm. Nə soyuq evləri sata bilərəm. Nə də ürəyinin ağrısını kəsmək gəlir əlimdən. Bu ağrı ölümdür. Onun üçün heç bir çarə, heç bir dərman yoxdur. Ona qarşı yalnız təsəlli vermək olar, o təsəlli də inanmaqdır.

2016

# 13180 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
#
#
# # #