Aqşinin yeni şeirləri - İLK DƏFƏ

<b>Aqşinin yeni şeirləri</b> - <span style="color:red;">İLK DƏFƏ
17 may 2017
# 15:24

Kulis.az Aqşin Yeniseyin yeni şeirlərini təqdim edir.

Uçurum

Uçurum – ucalığın infarktı, yoxuşun özünəqəsdi

Uçurum – göy üzünün zirzəmisi – içindəkilər oğurluq.

Uçurum – qayıdıb ayaqlarına yıxılmaqdı dərinliklərin

Uçurum – qaranlığın həbsxanası - burda cəzalar ömürlük

Uçurum – boşluğun diktaturası!

Uçurum – qanadsızların da uçmaq haqqı var.

Uçurum – torpağın ölü doğulmuş övladı, ya da heç doğulmamış

Uçurum – dibin ən böyük arzusu,

Uçurum – dibdəkilərin alın yazısı

Uçurum – aşağıdan baxsan bir qadın – məşuqunu gözləyən

Uçurum – yuxarıdan baxsan bir kişi – tərk edilmiş.

Uçurum – torpağa düşüb cücərmiş bir yara toxumu

Uçurum – ağrıyan başda geri dönüşü olmayan şüur axını

Uçurum – səssizliyin məzarı – amma çağırsan hay verər içindəki ölü

Uçurum – saxta seçki qutusu – bir səsi beş sayar

Uçurum – bəzən önündəki qaraltını seçməyən kor bir göz

Bəzən bir xalqı udan dişsiz ağız

Uçurum – göy üzünün sığındığı tərs qala – uçmaq üçün qanadlara gərək yox,

Təki uçmağı arzula!

Uçurum – soyuğun nəfsi – bəzən bir qar uçqunu çəkər,

Bəzən bir qar dənəsi.

Uçurum – dim-dik qara bir palto və içində kimsə yox.

Uçurum – yıxılmaq üçün artıqdır ikinci şəxs.

Uçurum – mətndə qaralanmış bir kəlmə - məna laxtası

(Hər yazı bir gerçəkliyin ölümünə səbəb olan qanaxması)

Uçurum – köçmüş bataqlıq - sirtindəki kollar - zəncirdə unudulan itlər

Uçurum – bir qaçqın ayağından düşüb qalan cırıq çəkmə

Ayaqlar çəkmədən daha fanidir!

Uçurum – möhtəşəm bir gor! İçində diri-diri çürüyür

Üstü torpaqlanmamış,

Zirvədəki diktator!

Azadlığın maya dəyəri

Yox, o deyil bətndəki təklik!

Yox, o deyil doğuşdakı gerçəklik.

Kişidə ac qadın, qadında tox kişi həsrətidi – o!

Şərabda tanrıdan gizlənən kafir cənnətidi – o!

Yox, o deyil küçədəki səy-küy,

Yox, o deyil izdihamın atası.

Pəncəsindən acizliyin qanını yalayan bir pələngdir – o!

Bir uşağın ağlaya-ağlaya arxasınca qaçdığı çərpələngdir – o!

Yox, o deyil təhqirdən güc alan müqəddəs!

Yox, o deyil qatır başlı firon!

O – adi bir ehtiyac, gündəlik və sonsuz.

Alsan – həyatın bahasına,

Satsan- çörəkdən ucuz!

Qaranlıq sərgi

Uzun və yaşanmış bir gündür ömür!

Nə isə...

Qulağıma uşaqlıqda eşitdiyim toy səsləri gəlir.

Uzaqdan.

Doğrudanmı, hələ də xoşbəxtdi keçmişdəkilər?!

Səninsə,

Qaranlıq bir sərgidi həyatın

Bayaqdan,

Əl fənəri ilə baxırsan

Ulduzlarla dolu bir şəklə...

Unudulan şahlar

Buğdadan soruşsan deyəcək:

Sabahı gözləyənlərindi torpağın altı.

Ağac işarə barmağıdı torpağın, qanadı olanlara yol göstərəcək

Gülü çağırsan, torpağın altından ildırım cücərəcək

Hər şey sabahı gözləmək üçün basdırılır torpağa;

Yalnız mən

keçmişə dönəcəyəm torpağa qarışınca.

Kirayənişinim olacaq buğda dənəsi.

Sonra xatirələrim gül, ümidlərim ağac kimi taxta çıxacaq ilk dəfə.

Hələ ki, güllərdə, ağaclarda, torpaqda - hər yerdə

Qeyb olan insanlara baxıram; keçmişin nökərlərinə,

Gələcəyin unudulan şahlarına...

Başsağlığısız

Atam öldü...

Heç bir saat dayanmadı,

Heç bir lampa sönmədi,

Heç bir ad əksilmədi,

Heç bir quyu qurumadı,

Heç bir nərdivan aşağı enmədi,

heç bir pul məni sevmədi,

heç bir yol geri dönmədi,

heç bir ümid onunla ölmədi...

Çox üzgünəm,

Düzü, heç birindən bunu gözləməzdim...

Totalitarizmə ağı

Həmişə belə olub; xain vətənin yaxşı övladları, yaxşı hökmdarın xain xalqı olub.

Həmişə belə olub; qan soran ağcaqanadlar tavanda, qan qusan şairlər zirzəmidə yaşayıb.

Həmişə belə olub; öz-özüylə danışmağa başlayıb insan susdurulunca

Və özünü öldürüb düşmənləri onu unudunca...

Həmişə belə olub; məmləkətindən bir it gətirib şair, yuxularında ulamağa

Bir gecə gətirib yuxusuz qalmağa, bir şəkil gətirib divardan asmağa

Kölgəsi doğranmış budaqlarının üstünə düşən bir ağac şəkli

Və bir ölüm gətirib, nə vaxtsa çiyninə alıb onu lal-dinməz geri qaytarmağa...

Həmişə belə olub; ey əliylə vurduğu düyünü dişiylə açan insan

Qürbət içindədir şairin, qurd tələyə azadlığından düşər, azadlığından...

Əcinnə

İkiayaqlı, yekəqarın qarışqaların

Əllərində yem, gözlərində qəm daşıdığı yuvalarıdı,

bu dar qapılı evlər

Gündoğandan, günbatanacan həmişə acdır içindəkilər.

Damları namusunu örtər, qapıları dost üzü gözlər

xəyanətə taybatay açılan qollarıdı pəncərələr.

Dəniz sahilindəki şəhər – gözəl və ötəri

Sakinləridi eybəcər talelər - eybəcər və gəldigedər!

Dəniz tanrının güzgüsü...

Yorğunluq və ümidsizlik dolu bir gəmi

uzaqdan əl eylər

Ehey... Salamat qalın, ümidsiz tüfeylilər! Axtarmaq üçün itkin düşməli...

İşıqları üzünə düşən fənərlərə acı-acı gülümsünür Əcinnə:

Sarılıq xəstəliyi kimi baxır, gözlərindən şəhər,

silsə ümidsizliyin rəngi çıxar əllərinə.

***

Külək küçə skripkaçısı,

toxunduqca sızlayır şalbanların çiynində nəhəng simlər,

Bir aclıq ulayır minarənin ucundakı ulduza.

Çörəyə çevrilir bütün unudulan sevgilər.

Paltosunu geri istəyir divardakı mıx

Dönüb evin yeni sakininə baxır Əcinnə,

Sonuncu sevgidən olan oğluna!

Yediyi peçenyenin yarısı ovcunda yatıb uşaq

Yəqin ürəyinə damıb, böyüdükcə yuxuda da acacaq.

Bütün bədəninin yerinə ağrıyır kürəyimdəki yara

Sanki, bir diktator xalqı düşünür, aram-aram.

Əliylə ürəyinin yerini axtarır Əcinnə,

ağrıyan tərəfində

yerində və içi qanla dolu,

üstündən heç içilməmiş!

birdən hönkürür paltosu,

evdəkilərin qəflətən necolduğunu bilməyən

uşaq kimi...

Dartınıb kökündən çıxmaq istəyir ağaclar onu görüncə,

Ciblərə silah çıxarmaq üçün girir zalım əllər.

Arxadan vurmaq üçün gözləyir onu qarşıdakı döngə,

Deyəsən, öz günahkarı üçün darıxıb qədim və müqəddəs işgəncə?

Gecədir... yer üzü bir küçədir!

Küçədə dayanıb Əcinnə, başının üstündə əyri-üyrü ay

Göy üzü uzaqda lampaları yanan bir kənd,

Ya da şamlarla bəzədilmiş yuxulu bir saray.

Hardasan əsəblərimin qulluqçusu, göz yaşımın kənizi?

Hardasan yastığımın sevgilisi, divarlarımın hərəmi?

Səhramın Məcnunu, atəşimin Kərəmi, hardasan?

Susur Əcinnə, başını qaldırmadan.

içkini düşmən qanı kimi içən bir şairdir o,

Ya da çırağından çıxıb geri dönə bilməyən bir cin

O qədər bədbin ki,

Ölsə, xəbəri olmaz yoxluğundan.

Əliylə ürəyinin yerini axtarır

Yerində və içi qanla dolu,

Üstündən heç içilməmiş!

Mövluda...

Qocalmaq necə olur ki?

Adını yazıblar balaca bir daşın üstünə.

28 il vaxt keçir, ürəyində oxuyunca.

Ucalmaq necə olur ki?

Şəklini vurublar balaca bir daşın üstünə.

17 mərtəbəli bina kimi görsənir, dayanıb baxınca.

# 3965 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #