İlk kitabı 40 yaşında çıxan şair

İlk kitabı 40 yaşında çıxan şair
11 may 2017
# 11:40

Kulis.az Nəriman ƏbdülrəhmanlınınRuh adam - Rafiq Hümmət” yazısını təqdim edir.

Bəzən ağlının qəbul elədiyini hissinə qəbul etdirə bilmirsən...

Amma bəzən inanmaqdan başqa bir çıxış yolun da qalmır...

Rafiq Hümmət 50 yaşın kürəyini yerə vuranda bu duyğuları yaşamışdım.

Tanrının verdiyi ömür möhlətinin bu sehrli və cazibəli rəqəmilə ölçülən qismində onun yaşantılarını, ağrılarını, itkilərini, İNSANLIQ və SÖZ mərtəbəsində qazandıqlarını yaddaşımdan keçirəndəsə heyrətim yox olub gedir, hələ görkəmcə cavan görünsə də, yetərincə həyat təcrübəsinin olduğuna inanıram...

***

Rafiqi nə az, nə çox, düz 30 ildi tanıyıram. Ömür yollarımız kəsişəndə mən mətbuatda özümə yer tutmaq ümidilə “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetilə əməkdaşlıq eləyirdim, Rafiqsə A.S.Puşkin adına Tbilisi dövlət Pedaqoji İnstitutunda (indiki S.S. Orbeliani adına Pedaqoji Unuversitetdə) oxuyurdu. O illərdə institutda çalışan tanınmış imza sahibləri Alxan Binnətoğlu və Valeh Hacılar, ünsiyyətdə olduğu bənzərsiz yaradıcı adamlar Lətif Mustafaoğlu, Eyvaz Əlləzoğlu, Allahverdi Təhləli heyrətamiz dərəcədə səmimi, sözə vurğun həmyaşıdları İlyas Məmmədli, Murtuz Fərhadoğlu, Cambul Məmmədli, Zakir İsmayılov..., təbii ki, könlü Sözə sarı dartınan Rafiqin həyatına Tanrı bəxşişi kimi daxil oldular.

Rafiqin – 19-20 yaşlı gənc şairin (elə onda özümüz də gənc yazıçı sayılırdıq, hələ də bu yarlığı ütümüzdən qopara bilməmişik) qələmindən çıxanları oxuyanda məni qədim-qayım SÖZÜN HAVASI və RAFİQİN ÖZ NƏFƏSİ vurdu. Onda əmin idim ki, poeziyaya məqsədsiz-filansız gəlməyə çalışan bəzi tay-tuşlarından fərqli olaraq, Rafiq Hümmətdə bu, ötüb-keçəri gənclik həvəsi deyil, qismətinə düşən TALE BƏXŞİŞİdi, bundan qaçmaq iqtidarında deyil.

Qaça da bilmədi, ALIN YAZISIna boyun əydi, həyatın rastına çıxardığı bir çox nemətlərdən SÖZ DEMƏK xətrinə əl çəkdi, SÖZÜN ABRInı saxlamaq üçün ağlagəlməz əzablara, mübaliğəsiz, mənəvi işgəncələrə dözdü. Son məqamda - indi, ömrün hesabat vaxtı yetişəndə bunu daha da əminliklə demək olar – itkilərlə də olsa, TALE DÖYÜŞÜndən qalib çıxdı...

***

Əlbəttə, əksəriyyətimiz kimi, Rafiq Hümmətin də ömrünün ən çətin illəri 90-cı illərin əvvəllərinə düşdü. Çalışdığı “Gürcüstan” və “Region” qəzetlərinin ağır günlər keçirməsi onun da taleyini dəyişdi. Onda bir parça çörək üçün cəlayi-vətən olub Bakıda sığınacaq tapdı, yaşamaq üçün başqa, çoxlarının getdiyi yolları bilmədiyindən qələmilə çörəkpulu qazanmaq əzabına qatlaşdı. Amma o yolun çətinliyini, illah da qələm adamının məhrəm yaradıcılığına nə qədər ziyan vurduğunu bilənlər bilir.

Amma Rafiq sınmadı, dözdü, yaşam qayğılarından vaxt tapıb görüşəndə əl boyda kağız parçalarına tanış xəttilə yazdığı duyğulu şeirlərini oxudu. Onda gördum ki, ŞEİR YAZMAQ - Rafiqdən ötrü şair olmağa çalışmaq, çap olunmaq, kitab çıxartdırmaq, AYB-yə girib nəsə ummaq, ya da böyük-böyük adamlarla şəkil çəkdirib qürrələnmək deyil, daha məhrəm bir işdi.

Rafiq Hümmətin daha bir xasiyyətinə də onda bələd oldum: mətbuatda tez-tez görünmək, ilbaşı kitab çap etdirmək, ədəbi aləmdə tez-tez görünüb tozanaq qaldırmaq onun xarakterində yoxdu. Bəlkə elə buna görədi ki, hələ yeganə olan “Salam, dünyanın yiyəsi...” adlı şeirlər kitabını az qala 40 yaşında, həm də dostlarının təkidilə (üstəlik də az tirajla) çap etdirdi.

Rafiq Hümmət 50 yaşına növbəti, çoxdan hazırladığı kitabını çap etdirməyə imkan tapmadan çatdı. Söz verənlər sözlərini unutdular, minnətli kəsləri özü yaxına buraxmadı, kreditlə kitab buraxdırmağı şəninə sığışdırmadı.

Amma o, bundan heç darılmır, bilir ki, YAZMAQ İSTƏDİYİ SÖZü yazıbsa, qalanı taleyin işidi, mütləq bir qapı açılacaq, həmin SÖZü məqamına çatacaq. Bilir ki, Tanrıdan minnət götürməyən kəsin bəndələrdən minnət götürməsi ağlabatmaz məsələdi, elə bu səbəbdən də QİSMƏTinə yazılandan başqa bir şey ummur.

***

1990-cı illərin çətin dövründə yaşam qayğılarını Rafiq Hümmət həmişə namusunu qoruduğu qələmilə yola verdi. Həmin illərdə bir çox mətbu orqanlarla, o cümlədən "Şərq", "Faktor", "Yeni Azərbaycan" qəzetlərilə əməkdaşlıq elədi, "Milliyət" qəzetinin baş redaktoru kimi çalışdı. Amma rastlaşdığı çətinliklər onu QƏLƏMə və SÖZə gəc baxmağa məcbur eləyə bilmədi. Qəzet-jurnallarda çap etdirdiyi silsilə şeirlərilə ədəbi aləmdə öz imzasını sevdirməyi, oxucularını qəlbində taxt qurmağı bacardı. O illərdə işıq üzü görən “Salam, dünyanın yiyəsi” adlı şeirlər toplusu Rafiqin yaradıcılıq yönümünü və miqyasını aydın göstərən bir fakt idi. Elə bu səbəbdən də 2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülən istedadlı qələm sahiblərindən biri də Rafiq Hümmət oldu.

Amma o, ruhu, dünyabaxışıyla fərqli mühitin yetirməsi olduğundan başqa ölçülərə söykənən Bakı mühitinə alışa bilmədi. O illərdəki ünsiyyətimizdə Rafiqin “hamı kimi olmaq” üçün nə qədər əziyyət çəkdiyinin şahidiydim, bunu bacarmadıını da açıq-aydın görürdüm. Təxminlərim səhv çıxmadı, Rafiq Hümmət 2004-cü ildə ruhən bağlı olduğu Gürcüstana qayıtdı, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçildi. Az müddət ərzində Gürcüstanın Azərbaycandilli ədəbi mühitində, sözün əsl mənasında, dirçəliş yaratdı, öz nüfuzu və təşkilatçılıq qabiliyyəti sayəsində sanballı uğurlara imza atdı. Bir müddət dilimizdə "Ədəbi Gürcüstan" adlı qəzet nəşr etdirdi, 2009-cu ilin yazında Tbilisidə "Varlıq" Mədəniyyət Mərkəzini və "Varlıq" həftəlik qəzetini təsis elədi. Həmin vaxtdan mərkəzin sədri, həm də qəzetin baş redaktorudu.

Bütün bunlarsa asanlıqla başa gəlmirdi. Rafiq Hümmət Mərkəzi və qəzeti saxlamaq, yaradıcı soydaşlarımıza Gürcüstan ədəbi mühitində layiq olduqları yeri qazandırmaq, Gürcüstan-Azərbaycan ədəbi və mədəni əlaqələrini yeni mərhələyə qaldırmaq üçün ağlagəlməz əziyyətə qatlaşdı. Elə bunu nəticəsidi ki, onun toplayıb nəşrə hazırladığı və 2007-ci ildə Tbilisidə nəşr etdirdiyi sanballı "Ədəbi Gürcüstan" toplusu ədəbi dairələrdə böyük maraqla qarşılandı. Bir neçə il sonra isə son 300 ildə Gürcüstanda yaranan Azətbaycandilli ədəbiyyatımızın daha bir sanballı nəşrini gerçəkləşdirməsini mədəniyyətimizə və ədəbiyyatımıza əsl ziyalı xidməti saymaq olar. Rafiq Hümmətin rəhbərliyi ilə "Koroğlu" eposu, "Min bir Azərbaycan bayatısı" və "Hekayələr və nağıllar" toplusu iki dildə - gürcü və Azərbaycan dillərində - hər biri ayrıca kitab şəklində nəşr olunun oxuculara çatdırıldı. Bununla yanaşı 30-a qədər qələm sahibinin kitablarını tərtib və redaktə elədi, işıq üzü görməsi üçün əlindən gələni əsirgəmədi.

Təbii ki, bədii tərcümə Rafiq Hümmətin yaradıcılığında da halal yerini tutdu. O, çağdaş gürcü və rus poeziyasından bir çox nümunələri dilimizə çevirib nəşr etdirdi. Ortaq dostumuz Nurafizin fədakarlığı sayəsində Rafiqin şeirlərindən seçmələr də gürcü dilinə çevrildi.

Hələ növbədə nə qədər planlar, neçə-neçə kitablar var...

Şübhəsiz, Rafiq Hümmət özünəxas təmkin və dözümlə həmin planları həyata keçirəcək...

***

Rafiq Hümmət mənim tanıdığım, bələd olduğum ən gözü-könlü tox, dosta-tanışa sədaqətli, ömrünü və imkanını hamıya səxavətlə paylayan adamlardandı. Bir şeirində bunu özü də deyib:

Nəyim varsa – mən payladım dostlara,

O dosta ki, onun yoxdu, mənim çox.

Hərdən-hərdən mən də umdum dostlardan,

O dostdan ki, onun çoxdu, mənim yox...

Əgər könlündə olan adamsansa, istədiyin vaxt Rafiq Hümmətin qəlbinin də, iş otağının da, evinin də qapısını ərklə döyə bilərsən, səni işıqlı təbəssümü, gözlərinin məhrəm parıltısı, ürəyinin yandırıb-yazan hərarətilə qarşılayacaq, ailə və iş qayğılarını bir kənara qoyub sənin dərd-sərinlə məşğul olacaq. Yox, könül dəftərinə yazılmamısansa, yenə nəzakətini göstərəcək, amma iş otağının, evinin qapılarını sənin üzünə açsa da, qəlbinin qapılarını açmayacaq. Bu, onun 50 yaşına gətirib çıxardığı yaşam tərzidir.

Rafiq Hümmətin illərlə formalaşmış, cilalanmış yaradıcılıq kredosu da var: yaşam şərtlərin necə olur-olsun, SÖZə qarşı namuslu davranmaq, kolunun ucalığını , saflığını saxlamaq. Şəxsi münasibətindən asılı olmayaraq, HAQQI olanın HAQQINI tapdamamaq, HAQQI NAHAQQIN YAĞINA VERMƏMƏK də yaşadığı ömrünün qanunlarından biridi.

“...Hər kəs öz sözü qədərdi. Söz özlüyündə hər zaman güclüdü. Ədəbiyyat sağlığında əsasən arsızların və piar bacaranların daha çox uğur qazana biləcəyi bir sahədi. Bizdə yüzillərlə bir fikri formalaşıb, şair uzun yaşamamalıdı, şair zəngin olmamalıdı, şair ehtiyac içində yaşamalıdı, şairin qiyməti öləndən sonra verilir... Axsaq sözdən axsaqlar yapışar. Çağdaş Azərbaycan ədəbiyyatında kifayət qədər dəyərli qələm ustaları vardı, amma axsaqların basabasında ona-buna sürtünmək və bəzi yerlərini zədələyib axsamaq məcburiyyətində qalmasınlar deyə, çox da nəzərə çarpmırlar. Onlar sadəcə sözlə və ehtiyacla qucaqlaşıb yavaş-yavaş ölürlər…”

Bu, Rahiq Hümmətin ağrıyla dilə gətirdiyi sözlərdi...

Bilirəm ki, o, yenə elə bu ağrını yaşaya-yaşaya şeirlərini qələmə alacaq, ömür borcu saydığı işləri görəcək...

10 may 2017

# 906 dəfə oxunub

Oxşar xəbərlər

Gəlin, fəlsəfələyək: Şər ölməzdirmi? – Video

Gəlin, fəlsəfələyək: Şər ölməzdirmi? – Video

11:32 18 aprel 2024
İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

11:30 18 aprel 2024
18 aprel  Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

11:14 18 aprel 2024
"Bitlz"ın varisləri yeni mahnılarını təqdim etdi

"Bitlz"ın varisləri yeni mahnılarını təqdim etdi

11:00 18 aprel 2024
Kino xidmətləri rəqəmsallaşacaq

Kino xidmətləri rəqəmsallaşacaq

10:30 18 aprel 2024
"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

18:30 17 aprel 2024
# # #