Face-dəki dinozavrlar

Face-dəki dinozavrlar
7 sentyabr 2011
# 23:05
Surranın “quru bəy”ləri

Bizim rayonda Surra adlı bir kənd var. Oranın camaatına “quru bəylər” deyirlər.

Kasıb olsalar da özlərini varlı-hallı göstərməyə çalışdıqları, zağar olduqları üçün bu adı alıblar.

Quru bəyliklə bağlı ən maraqlı əhvalatlardan biri:

Keçən əsrin ortalarından sonra rayonlara da televiziya ayaq açmağa başladı. Amma televizor almaq hər ailənin büdcəsinə uyğun olmadığı üçün təzə-təzə bu cihaz ancaq kolxoz sədrlərinin, mühasiblərin, məktəb direktorlarının evində oldu.

İndi də kənd yerlərində görərsiniz, televiziya antenasını həyətdə uca boru basdırıb onun başına bənd edərdilər.

Bir gün “Şaumyan” kolxozunun sədri, Sosialist Əməyi Qəhrəmanı Nuruş Əliyev (sovetlər dağılanda kolxoz onun adını aldı) Salyan rayonuna iclasa gedəndə görür ki, Surra kəndində hər həyətdə bir antena borusu yüksəlib. Sədr buna çox təəccüb edir. Onun kolxozu respublikada planı artıqlaması ilə yerinə yetirən qabaqcıllardan biri olduğu halda necə olur ki, kəndlərində cəmi iki-üç adamda, o cümlədən onun evində televizor olur, amma Surrada hər qapıda.

Sürücüsünə tapşırıq verir ki, iclasdan qayıdana kimi bunun sirrini öyrənsin.

Kolxoz sədri iclasdan qayıdanda yolda sürücü ona məruzə edir: “Kənddə cəmi iki adamın evində televizor var, qalanları isə ondan ötrü antena quraşdırıb ki, qoy desinlər onların da evində televizor var”.

Gəl, Face-də danışaq

21-ci əsr özünün çağdaş texnologiyaları ilə dinamik şəkildə həyatımıza daxil oldu. İndi Facebook təkcə virtual aləmin bir ünsürü deyil, o ünsiyyət vasitəsi, insanların dünyagörüşlərinin, xoşbəxtliklərinin, bədbəxtliklərinin paylaşma mərkəzidir.

Dostlar görüşmədən də Facebook-danca bir-birlərindən xəbər tuta bilirlər.

Gələcəkdə bir-birlərini axtarmaq, aramaq ehtimalları olmayan qrup yoldaşları, əsgər yoldaşları sosial şəbəkələrdən tapışırlar.

Kompüteri yandırıb-söndürməyi öyrənənlər yeni öyrənənlər Facebook-da profil yaradırlar.

Yaşlı nəslin nümayəndələri də internetə biganə deyillər.

Dəyərli şairimiz Vaqif Səmədoğlunun da Face-də profili var və mən yazını yazanda onun dostlarının sayı 4719 idi.

Facebook-dan iş prosesində də faydalanan Qan Turalının isə 3526 dostu var.

Can sağlığı arzuladığımız şairimiz yaşlı vaxtında gündə nə qədər adamla ünsiyyət qura bilərdi ki, Facebook olmasaydı.

Bütün bunlar müasir rabitə vasitələrinin, geniş miqyasda internetin həyatımızda nə qədər vacib rol oynadığını bir daha təsdiqləyir. Bu axının qarşısında heç bir bənd duruş gətirə bilməz.

Mən Robinzon, sən Cümə, gəl çəkilək internetə

İnternetin imkanları isə hüdudsuzdur. O təkcə xəbər izləməklə, filmə baxmaqla, mahnı dinləməklə, oyun oynamaqla, sosial şəbəkələrdə takılmaqla yekunlaşmır.

Bir neçə il əvvəl bu cür təcrübə aparılmışdı. İki nəfər bir neçə ay evdən çıxmadan internet vasitəsi ilə bütün ehtiyaclarını ödəyə bilmişdilər. Yemək sifarişlərindən tutmuş, kommunal ödənişlərə qədər.

36 deyil, bircə ədəd kart

Ölkəmizdə də on-line ödəmə sistemlərinə keçilib. Artıq internet vasitəsilə mobil operator, kabel televiziyası, kommunal ödənişlər həyata keçirə, alış-veriş edə bilərsiniz.

Daha telefona danışıq pulu yükləmək üçün mağaza-mağaza gəzib kart axtarmaq lazım deyil. Bunu gecənin bir yarısı yatağınızda noutbuku dizinizin üstünə qoyub da edə bilərsiniz.

“Sən mağaradan yeni çıxmısan, biz neyləyək” deyənlər də tapılacaq. Onlar on-line ödəmələrdən yararlananlardırlar. Amma bu kütləvi hal almayıb.

Çoxumuz Facebook-da laqqırtı vurandan sonra evdən çıxıb kommunal ödəniş etməyə gedirik.

Artıq dünyada nağd pul öz gücünü itirib.

Daha cibdə pul gəzdirmək dəbdə deyil.

Plastik kartlar daha əlverişlidir.

Bunun üçün bir bankdan virtual, ya kredit kart almaq, bəd ayaqda əlinizdəki ixtiyari visa kartdan istifadə etmək olar.

İnternetdə alış-veriş etməyə risk edirsiniz, e-bay-la aldığınız məhsulun Amerikadan bura qədər gələcəyinə inanmırsınız tamam, amma ölkə daxilində ödəmə etməyə nə deyirsiniz?

Risk edib telefonunuza bir manat yükləyin. Faydasını görəcəksiz. Kişisəl gəlişim kitablarının məşhur cümlələri kimi: “Mən də bu işə bir manatla başladım, amma indi sizin qarşınızdayam, bu yazını yazıram”.

Mənim növbəm çatmadı?

Evində oturub işıq pulunu, qaz pulunu, su pulunu ödəmək yaxşıdır, yoxsa bunun üçün idarələr gəzmək, növbələrdə gözləmək?

Danışıq kartı alıb, əziyyətlə onun üstündəki qoruyucu qatı pozmaq yaxşıdır, yoxsa müvafiq saytda bu ödənişi on-line həyata keçirmək?

Vaxtdan şikayət etdiyimiz zamanda vaxtımızı niyə ərincək idarə işçilərinə xərcləyək?

Bir az düşünək. Facebook-dayam, interneti bilirəm deyib keçməyək.

İnternetin verdiyi bütün imkanlardan yararlanmağı öyrənək. Yuxarıdakı əhvalatı ancaq gülmək üçün yazmadım. Quru bəylik etməyək. İşin içinə girək.
# 1964 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #