Markesin Kortasar haqqında essesi

 

Kulis.az Qismətin tərcüməsində Qabriel Qarsiya Markesin Xulio Kortasar haqqında yazdığı “Özünü hamıya sevdirən argentinalı” adlı essesini təqdim edir.

 

Axırıncı dəfə Praqaya on beş il bundan qabaq Karlos Fuentes və Xulio Kortasarla birgə getmişdim. Parisdən qatara minmişdik, çünki üçümüzün də təyyarə qorxusu vardı. Parçalanmış Almaniyadan, ucsuz-bucaqsız çuğundur tarlalarından və azman fabriklərin arasından keçərək, müharibənin xarabalıqlarına və sevginin sərhədsiz gücünə şahidlik edə-edə bütün gecə söhbətləşmişdik.

 

Yatmaq vaxtı gələndə Fuentes birdən Kortasarı sorğu-suala tutdu: Necə, nə vaxt, kimin təşviqi ilə caz orkestrində piano çalmağa başlamısan? Fuentes sualı elə-belə vermişdi, konkret tarix istəyirdi, bir də kimin vasitəçi olduğu bilmək, vəssalam, amma Kortasarın cavabı iri pivə şüşələri, sosiska və buz kimi soyumuş kartofların müşayətilə dan yeri ağarana qədər çəkdi. Dediyi hər sözü ölçüb-biçməkdə mahir olan Kortasar, tarixi və estetik çərçivə kontekstində usta bir cavab verdi və səhər günəşin ilk şüaları ilə birgə inanılmaz rahatlıq içində Teloni Monk haqqındakı homervari nitqini yekunlaşdırdı. Yadıma gəlir, ancaq fırıldaqçı bir cüvəllağıdan çıxa biləcək pəs səsilə sümüklü iri əllərini oynadaraq yaman danışmışdı. Nə Fuentes, nə də mən o bənzərsiz gecədə yaşadığımız heyrəti unutmadıq.

 

On iki il sonra Xulio Kortasarı Manaqua parkında izdihama səslənərkən gördüm, gözəl səsindən və ən mürəkkəb hekayəsi olan “Yağlı gecə”dən başqa silahı yox idi. Bu hekayədə gözdən düşmüş bir boksçu birinci şəxsin dilindən Buenos-Ayresin şəhəryanı bölgələrindəki jarqonlarla öz həyatını danışır; bu hekayə andeqraund jarqonuna heç olmasa ucundan-qulağından bələd olmayan fanilər üçün tamam qapalı idi. Buna baxmayaraq, platformanın üstündən işıqlı və böyük parka toplaşmış izdihama səslənən Kortasarın oxumaq üçün seçdiyi məhz bu hekayə bu idi; dinləyicilər arasında tanınmış şairlərdən işsiz inşaat fəhlələrinə, inqilab komandanlarından onlara müxalif olanlara qədər hər təbəqədən insan vardı.  Bu da başqa bir heyrətamiz  təcrübə idi. Sözün düzü, hekayənin sujetini izləmək həmin jarqondan xəbərdar olanlara üçün belə asan deyildi, amma hamımız Mantekilla Napolisin rinqdəki tənhalığında yediyi zərbələrin ağrısını hiss edirdik, onun pərişan halına və itib getmiş xəyallarına təəssüflənirdik; çünki Kortasar dinləyicilərlə elə simpatik ünsiyyət qurmuşdu ki, sözlərin mənası heç kimin vecinə deyildi; otların üstündə oturan kütlə bu dünyaya aid olmayan bir səsin sehri ilə az qala ilahi bir lütfkarlıq içində göy üzünə yüksəlmiş kimiydi.  

 

Kortasar haqqında mənə dərindən təsir edən bu iki xatirə, fikrimcə, onu yaxşı xarakterizə edir, şəxsiyyətinin iki qütbünü əyaniləşdirir. Təkbətək münasibətlərdə Praqaya gedən qatarda olduğu kimi, bəlağəti, şən-şaqraq əlləməçiliyi, millimetrik yaddaşı, dərin yumor hissi, köhnələrin müsbət mənada işlətdiyi kimi, müdhiş intellektualığı ilə insanların qəlbini fəth edə bilirdi. Cəmiyyət içində (performans sərgiləməyin əleyhinə olsa da) həm təsirli, həm də qəribə olmaqla yanaşı, təsirindən qaçılması qeyri-mümkün olan metafizik varlığı ilə dinləyicisini məst edirdi. Hər iki məqama görə tanıdığıma üçün fəxr etdiyim ən önəmli insanlardan idi.

 

1956-cı ilin hüznlü bir payız günü tanış olmuşduq; ara-sıra küncdəki masada yazmaq üçün getdiyi – eynilə Sartrın 300 metr aralıda barmaqlarını mürəkkəbə bulaşdıraraq yazdığı kimi – adı ingiliscə olan bir Paris kafesində.

 

Hekayələr toplusu olan ilk kitabı “Bestiario”nu Lans de Barrankilada əlli pesoya alıb aşağı maaşa işləyən beysbolçuların və fahişələrin qaldığı bir oteldə oxuyanda, birinci səhifədən başa düşmüşdüm ki, böyüyəndə bu cür yazıçı olmaq istəyirəm. Kimsə mənə demişdi ki, Sen-Jermen Bulvarındakı “Old Navi” adlı kafedə oturub yazır, həftələr boyu həmin kafeyə gedib gözlədim, nəhayət bir ruh kimi içəri girərkən gördüm onu. Ağlınıza gələ biləcək ən uzun adam idi, sifətində dəcəl uşaqlıq yağırdı, əynindəki ucsuz-bucaqsız palto daha çox dul qadınların geyindiyi uzun yas paltarlarına oxşayırdı; aralarında xeyli məsafə olan öküz kimi gözləri vardı, o gözlərin ətli-canlı bir adama aid olduğunu bilməsəniz, deyərdiniz ki, o şəhla və parıltılı gözlər şeytanın gözləridir.

 

İllər sonra artıq dost olanda belə onu həmin gün gördüyüm kimi görürdüm, çünki ən yaxşı finalı olan hekayələrindən birində – “El otro cielo” – maraqla edam olunmağını gözləyən Latın Amerikalı adsız bir personajda özünü yenidən yaratmışdı. Elə bil, güzgüylə üzbəüz dayanmışdı. Kortasar onu belə təsvir etmişdi: “Üzündə uzaqlara dalmış, həm də qəribə şəkildə sabir bir ifadə vardı. Onu ayıq vəziyyətə qaytaraq addımı atmağı rədd edən yuxulu, donuq üz ifadəsi.” Eynilə Kortasarı birinci dəfə görəndəki kimi, vücudu qara və uzun bir libasa sarılı halda yeriyirdi; fəqət təhkiyəçi ondan kim olduğunu soruşmağa cəsarət etmirdi, bu sualdan doğa biləcək soyuq qəzəbdən çəkinirdi. Qəribədir, o gün eyni qorxu ucbatından “Old Navi”də mən də Kortasara yaxınlaşmağa cəsarət edə bilməmişdim. Həmin gün düşünmək üçün fasilə vermədən, təxminən bir saatdan artıq yarım stəkan mineral sudan başqa heç nə içmədən yazmışdı. Küçələrdə qaş qaralanda qələmi cibinə qoydu və lisey tələbəsi kimi dəftərini qoltuğunun altına dürtüb, get-gedə dünyanın ən sısqa insanına bənzəyən görüntüsü ilə çölə çıxdı. Sonrakı illərdə görüşəndə yeganə dəyişən şey gur və tünd saqqalı idi, belə ki, saqqal buraxmağından iki həftə öncəsinə qədər eşitdiyim əfsanəyə görə, əvvəllər heç saqqal saxlamamışdı. Bunun düz olub-olmadığını soruşmağa heç vaxt cəsarətim çatmadı, 1956-cı ilin o hüznlü payızında onu gördüyümü, “Old Navi”də oturduğu küncdə onunla danışmağa cəsarət edə bilmədiyimi də ona heç vaxt demədim, ki əminəm, indi getdiyi yerdə anama utancaqlığımdan danışır.

 

Kult yazıçılar sayğı, heyranlıq, sevgi və əlbəttə ki, qısqanclıq yaradır. Azsaylı yazıçıda olduğu kimi, Kortasar da çoxunda bu hisləri oyadırdı, ancaq bir fərqlə, hamı bilirdi ki, o özünü ədəbiyyata ən içdən, ən səmimi şəkildə həsr edib. Argentina bəlkə özü də bilmədən özünü dünyaya sevdirdi. Hərdən düşünürəm ki, insan iki dəfə ölə bilsəydi, Kortasar onu yenidən öldürən dünyanın içindəki qorxuya görə utanıb ölərdi. Ölümündən sonra veriləcək cənazə mərasimindən heç kim onun qədər qorxmurdu, nə real həyatda, nə də əsərlərində. Həmişə belə düşünmüşəm ki, ölüm ona həmişə çirkin bir şey kimi gəlirdi. “Səksən planet ətrafında bir gün” adlı kitabında bir qrup dost ortaq bir dostlarının ölümün gülünclüyünə məruz qalmağına gülə bilmir. Buna görə də, onu tanıdığım və sevdiyim üçün Kortasarın adına başlayan ağılara və cənazə mərasiminə qoşulmayacam. Onu öz istədiyi kimi xatırlamağı daha doğru sayıram – mümkün olan ən böyük nəşə içində, onu tanımağın bəxtiyarlığı ilə, dünyaya qoyub getdiyi o gözəl və ədəbi xatırlanacaq yarımçıq külliyyatına minnətdarlıq hissi ilə. /sim-sim.az/   

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017